Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik.[1][2]
Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir:
XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür. Onların irəli sürdüyü əsas müddəa Yer kürəsində mövcud olan canlı formaların iqlimin və relyefin dəyişməsinə uyğun olaraq dəyişməsi olsa da bu ideyanın mexanizmlərini elmi cəhətdən əsaslandıra bilmədilər. Faktiki olaraq təbiətşünaslıqda təkamül təliminin formalaşması, özünə yer tapması Çarlz Robert Darvinin adı ilə bağlıdır. Biologiyada təkamül ideyalarının formalaşması zamanla ictimai elmlərə də öz təsirini göstərir. Məhz bu ideyaların təsiri altında antropologiyada, sosiologiyada, psixologiya və digər ictimai elmlərdə xüsusi bir paradiqma — təkamül təlimi ortaya çıxır. Təkamül təliminin ən mühüm müddəalarından biri də müasir dövrdə primitiv cəmiyyətlərin öyrənilməsi vasitəsilə bəşər tarixinin bərpa edilməsi mümkündür olmasıdır. Yəni təkamülçülər müasir cəmiyyətlərdə müşahidə olunan mədəni qalıqların mahiyyətinin araşdırılması vasitəsilə bəşər tarixinin ilkin mərhələlərinin əsas xüsusiyyətlərinin dərk olunmasına inanırdılar. Ümumiyyətlə, təkamülçülər insan fəaliyyətinin nəticəsi kimi mədəniyyətin çox sadə elementlərdən mürəkkəb strukturlara qədər inkişafını müxtəlif istiqamətlərdə tədqiq etməyə çalışırdılar.
Təkamülçülərin əsas ideya və prinsiplərini bu şəkildə qeyd etmək olar:
Təkamül təlimi müxtəlif ölkələrdə geniş yayılmışdır. Əsas nümayəndələri Böyük Britaniyada Con Ferquson Mak-Lennan, Con Lebbok, Eduard Taylor, Ceyms Freyzer; Almaniyada Adolf Bastian, İohan Yakob Baxofen; ABŞ-də Lüis Henri Morqan və başqalarıdır.
1861-ci ildə Sürixdə İohan Baxofen in "Ana hüququ" əsərinin nəşr olunması ilə rus etnoqrafı Alekseyeviç Tokaryev məhz bu əsərlə antropologiyada təkamül təliminin əsasının qoyulduğunu bildirirdi. Baxofenə qədər insan ailəsinin tarixi bir problem kimi qoyulmurdu. Çünki, fikirləşirdilər ki, bəşəriyyət mövcud olduğu vaxtdan ailə, nikah da mövcud olmuşdur. Baxofen ilk dəfə olaraq həmin əsərində göstərirdi ki, insan cəmiyyəti yarandığı gündən ailə mövcud olmamış və istər insan ailəsi, istərsə də nikah formaları zaman keçdikcə dəyişmişdir. Bununla da Baxofen insan ailəsinin formalaşmasında bir neçə mərhələ müəyyənləşdirirdi. Təqribən Baxofenlə eyni vaxtlarda bu ideyaları Adolf Bastian irəli sürməyə başlayır.
Adolf Bastian Teodor Vayts və Yulis Lippertlə birlikdə Almaniyada təkamülçülüyün əsas nümayəndələrindən biri hesab olunur. Təhsilinə görə həkim olan Bastian dünyanın müxtəlif bölgələrində həkimliklə məşğul olmuş və zəngin etnoqrafik materiallar toplamışdır. Bunların əsasında o, Berlində xalqşünaslıq muzeyi yaratmış və bəşər tarixinin ümumi inkişaf xəttini müəyyənləşdirməyi qarşısına məqsəd qoymuşdur. Bastianın əsas əsəri 8 cildlik "Tarixdə insan" əsəridir. Əsərin birinci cildində (1860) Bastian müxtəlif təbiət hadisələrindən bəhs edir və insan mədəniyyətinə toxunmurdu. O, sonrakı cildlərdə bəşər cəmiyyətinin və bəşər mədəniyyətinin inkişaf xüsusiyyətlərini tədqiq etməyə başlayır. Bastian burada təkamülçülük ideyalarından istifadə etməklə yanaşı təbii-elmi metoddan yararlanmağa çalışmışdır. Əsasən neyrologiya ilə məşğul olan Bastian psixoloji metoddan da istifadə etmiş və psixologiyanı gələcəyin elmi kimi qəbul etmişdir. Bastian "Tarixdə insan" əsərində belə bir yarımbaşlıq vermişdir: "psixoloji dünyagörüşünün əsaslandırılmasına dair". O, burada bəşər tarixində psixoloji xüsusiyyətlərin inkişaf dinamikasını açmağa çalışmışdır. Bastian insan psixikasının vahidliyini insan mədəniyyətinin bütün fərqli çalarlarına baxmayaraq ümumi olmasının əsas şərti hesab edirdi. O göstərirdi ki, hər bir xalq müəyyən ideyalar yaradır. Bu ideyalar bütün cəmiyyətlərdə mövcud olan mədəni ünsürlərin əsasında dayanır. Xalq təcrid olunduğu müddət ərzində onlar dəyişməzdir, lakin digər etnik toplumlarla ictimai, mədəni və s. əlaqələr yeni ideyaların və fəaliyyət formalarının yaranmasına və tərəqqiyə gətirib çıxarır. Bəşəriyyətin ilkin mərhələsində yaranmış ideyalar demək olar ki, bütün xalqlarda eynidir və onların inkişafı müxtəlif səbəblərdən müxtəlif mədəniyyətlərin yaranmasına gətirib çıxarmışdır. Faktiki olaraq Bastian insan mədəniyyətinin bütün müxtəlifliyini bir neçə ilkin sadə elementlə əlaqələndirirdi. Mədəniyyətin inkişafının əsas amili kimi isə insanın əqli inkişafını və ətraf mühitlə qarşılıqlı əlaqələrini götürürdü. Bastian eyni zamanda irqçiliyin əleyhinə idi və göstərirdi ki, fizioloji quruluşundan asılı olmayaraq insanların əqli düşüncəsi, yaradıcılıq qabiliyyəti arasında elə bir fərq yoxdur və bu fərqlərin olmaması ən qədim zamanlardan özünü göstərir. Bastian antropologiyanı təbiət elmləri sırasına aid edir və göstərirdi ki, antropologiya cəmiyyət hadisələrini, mədəniyyət ünsürlərini, mədəniyyət artefaktlarını məhz təbiət elmləri kimi dəqiq metod və üsullarla tədqiq etməlidir. Bununla da Bastian ilk belə metodologiyanı özü irəli sürmüşdür. İnsanın mənəvi aləminin bioloji qanunlar tərəfindən idarə olunmasını irəli sürməsi isə onun nəzəri ideyalarının zəif cəhətlərindən idi.
Bastianın ideyaları Teodor Vayts tərəfindən "Təbii xalqların antropologiyası" əsərində inkişaf etdirilmişdir. Marburq universitetinin professoru olan Vayts Bastiandan fərqli olaraq kabinet alimi idi. Teodor Vayts 6 cildlik "İnsanlığın mədəni tarixi" əsərində göstərirdi ki, antropologiya bir elm kimi insanlara dair bütün təsəvvürləri özündə ehtiva etməlidir və onu da iki yerə bölürdü. Belə ki, psixologiya, insanın fiziologiyası, anatomiyası və s. antropologiyanın bir bölməsini təşkil edir. Digər bölməyə isə insanların fəaliyyətinin nəticələri, insan mədəniyyəti, insanların birgəyaşayış qaydaları, insanlararası münasibətlər və s. daxildir. Vayts eyni zamanda antropologiyanın tərkibində xüsusi bir sahə — etnologiyanı da ayırırdı. Etnologiya antropologiyanın tərkib hissəsi kimi ayrı-ayrı xalqların, qəbilələrin inkişafını, onlar arasındakı qohumluğu və onların müasir səviyyəsini öyrənməlidir. Vayts ümumiyyətlə xalqların, irqlərin qeyri əqli bərabərliyi haqqında olan ideyaları rədd edirdi. O, insanlığın, bəşəriyyətin bütün tərkib hissələrinin əqli və psixoloji xüsusiyyətlərinə görə fərqlənmədiklərini, mədəniyyətdə fərqlərin yaranmasını isə tarixi inkişaf və təbii şəraitin təsirinin nəticəsi olduğunu əsaslandırırdı. Vayts tədqiqatlarında fiziki antropoloji xüsusiyyətlərin öyrənilməsinə daha çox diqqət yetirir.
Təkamül təliminin digər nümayəndəsi Yulis Lippertin tədqiqatları da bu alimlərin tədqiqatlarından bir o qədər də fərqlənmirdi. Onun "Bəşəriyyətin mədəniyyəti", "İnsanlığın mədəni tarixi" və digər əsərlərində faktiki olaraq eyni ideyaları irəli sürürdü. Ümumiyyətlə Almaniyada əsas diqqət yetirilən problemlər bilavasitə mədəni inkişaf, xüsusən də maddi mədəniyyətin inkişafı problemi və insanların psixoloji xüsusiyyətlərin fərqliliklərinin araşdırılması məsələsi olmuşdur.
Təkamül cərəyanının əsas inkişaf etdiyi ölkələr isə Böyük Britaniya və ABŞ olmuşdur. Böyük Britaniyada təkamül cərəyanının banilərindən biri Mak Lennandır. 1865-ci ildə o, "İbtidai nikah" əsərində ailə-nikah münasibətlərini mədəniyyət müstəvisində tədqiq etməyə çalışmışdır. Əgər ki, Baxofen bilavasitə nikahın bağlanma formalarını və onlardan doğan münasibətləri tədqiq edirdisə, Mak Lennan ailəni və nikahı insan cəmiyyətinin doğurduğu fenomenlər kimi tədqiq edirdi. O göstərirdi ki, heç də bəşər tarixində həmişə ailə və nikah olmamışdır. Müəyyən bir tarixi dövr olmuşdur ki, bəşər tarixində ümumiyyətlə nikah olmamışdır. Həmin dövrü o, heterizm dövrü adlandırırdı. Daha sonrakı dövrlərdə nikahın müxtəlif formaları mövcud olmuşdur. Ümumiyyətlə, Mak Lennan insan ailəsinin və nikah münasibətlərinin müxtəlif formalara malik olduğunu əsaslandırmış, və onların tarixi inkişaf prosesində bütün etnik birliklərə xas olduğunu göstərmişdir. O, "İbtidai nikah" əsərində ilk dəfə olaraq ailə-nikah münasibətləri sistemində müxtəlif nikah formalarını tədqiq etmiş, qrup nikahı, ekzoqamiya, endoqamiya, poliqamiya kimi terminləri antropologiyaya gətirmişdir. Mak Lennan ekzoqamiya və endoqamiyanın yaranmasını ibtidai cəmiyyətlərdə mövcud tarixi gerçəkliklərlə əlaqələndirmişdir. O göstərirdi ki, bəşər tarixinin ilkin pillələrində ekzoqamiya insanlararası münasibətlərin yoluna qoyulmasında daha mühüm rol oynamış və universal xarakter daşımışdır. Həmin dövrdə kifayət qədər məlumat olmadığı üçün Mak Lennan ekzoqamiyanın yaranma səbəblərini düzgün səciyyələndirə bilməmişdir. Belə ki, o, ekzoqamiyanın yaranmasını qadınların azlığı ilə, qadınların azlığını isə ibtidai dövrdə təzə doğulan qız uşaqlarının öldürülməsi ilə bağlayırdı. Eyni zamanda həmin dövrdə nəslin qadın xətti ilə hesablanmasını, qadınların üstün mövqeyə malik olmasını da qeyd edirdi. Bu isə təzad yaradırdı. Mak Lennan həm də ilk dəfə olaraq avankulat kimi adətləri tədqiq etmişdir. Bu adətə görə nəslin hesablanmasında əsas mövqe dayıya məxsus idi. Mak Lennan ailə-nikah münasibətləri ilə yanaşı antropologiyada ilkin dini inamların tədqiq olunması sahəsində ilk fikirləri söyləmişdir. Onun "Heyvanlara və bitkilərə etiqad" (1880) adlı əsəri ibtidai dini inam formalarının öyrənilməsinə təkan verən mühüm əsərlərdən hesab olunur. Əsərdə göstərilir ki, müasir dövrdə mövcud olan dini inam formalarının kökündə məhz heyvanlarla, bitkilərlə bağlı olan inamlar dayanır.
Antropologiyada təkamül cərəyanının banilərindən və əsas nümayəndələrindən biri kimi ingilis antropoloqu Eduard Taylor götürülür. Çox zaman onu birinci professional antropoloq adlandırırlar. Çünki, o, antropologiyanı tədris vasitəsinə çevirmişdi. Məhz ilk antropologiya kafedrasını da Taylor yaratmışdır. Baxmayaraq ki, onun bu sahədə təhsili yox idi. 1855-ci ildə Amerikaya müalicə olunmaq üçün gedən Taylor burada yaşayan hinduların həyatı ilə maraqlanmış və sonrakı həyatını antropologiyaya həsr etmişdir. Vətənə qayıtdıqdan sonra 1865-ci ildə "Bəşəriyyətin qədim tarixi sahəsində tədqiqatlar" əsərini nəşr etdirmiş və burada özünün ilkin təkamül ideyalarını ifadə etmişdir. Onun əsas əsərləri 1871-ci ildə nəşr etdirdiyi "İbtidai mədəniyyət", 1881-ci ildə "Antropologiya" və 1888-ci ildə "Təsisatların inkişafının tədqiqi metodları haqqında" əsərləridir. Taylor 1886-cı ildə Oxfordda açılan antropologiya kafedrasına başçılıq etmiş, 2 dəfə London Kral Antropologiya İnstitutunun prezidenti seçilmişdir. Əsas əsəri olan "İbtidai mədəniyyət" əsərində Taylor bəşər mədəniyyətinin tərəqqi yolu ilə inkişafı ideyasını əsaslandırmağa çalışmışdır. Taylor həmin dövrdən müəyyən dini krelikal dairələr tərəfindən irəli sürülən bəşəriyyətin deqredasiyası (inkişafın ləngiməsi) fikirlərinə qarşı çıxaraq onları kəskin tənqid edirdi. O qeyd edirdi ki, bəşər tarixində yalnız tərəqqi yox, müəyyən eniş dövrləri də olub, lakin insanlığın inkişafının əsas xətti tərəqqidir. Deqredasiya yalnız müəyyən tarixi və təbii amillərlə bağlı olan ikinci dərəcəli prosesdir. Bioloji və ictimai inkişaf qanunlarının oxşarlığına əsaslanan Taylor hesab edirdi ki, insan mədəniyyətinin maddi ünsürləri, adətlər, ənənələr, inamlar canlı aləmin, yəni heyvanların, bitkilərin növləri kimi yaranıb, inkişaf edib, məhv olurlar. Antropoloq bioloq kimi mədəni elementlərin yaranması və təkamülü xətlərini sistemləşdirməyi bacarmalıdır. Onun fikrinə görə insan mədəniyyətinin hər bir elementi ən sadə formalardan müasir dövrdə mövcud olan mürəkkəb formalara qədər inkişaf yolu keçmişdir. O, yazırdı ki, hətta ən vəhşi qəbilələrin müasir mədəni xalqlarla müqayisəsi zamanı biz görürük ki, mədəni cəhətdən geri qalan xalqların mədəniyyəti addım-addım müasir inkişaf etmiş səviyyəyə yüksəlməyə qadirdir.
Taylor irqi ayrı-seçkiliyə də qarşı çıxırdı və ümumiyyətlə irqçiliyin müxtəlif formalarını qəbul etmirdi. Taylorun nəzəri irsində əsas istifadə etdiyi metod elmi-təbii metoddur. Onun fikrinə görə bu metod sayəsində insan mədəniyyətində mövcud olan istənilən elementin ibtidai formalarını aşkar edib, inkişaf xəttini müəyyənləşdirmək mümkündür. Taylor insan mədəniyyətini əmək alətləri, silah, müxtəlif texniki vasitələr, ayinlər, adətlər və inamların məcmusu kimi qəbul edirdi. Bu elementlərin hər birinin təkamülünü digərlərindən təcrid olunmuş şəkildə götürürdü. Bu onun metodunun ən zəif cəhətlərindən idi.
Taylorun ideyaları içərisində ən mühüm yeri tutan fikirlərdən biri də "ictimai tərəqqi" ideyasıdır. O bildirirdi ki, biz ictimai tərəqqidən bəhs edərkən yalnız inkişafı nəzərdə tutmamalıyıq. İnkişaf və tərəqqi tamamilə fərqli anlayışlardır. İnkişafın əsas göstəricisi artımdır, lakin tərəqqi artımsız da baş verə bilər. Məsələn, o göstərirdi ki, Fransa burjua inqilabı mövcud qayda qanunları məhv etdi və cəmiyyətdə bir xaos yaratdı, lakin son nəticəsdə bu inqilab inkişafa gətirib çıxardı. Bir sözlə tərəqqi o demək deyil ki, həmişə inkişaf getməlidir. Tərəqqi ümumiyyətlə insanların həyat səviyyəsinin, insanların maddi durumunun, əxlaqi keyfiyyətlərinin və insanların əldə etdikləri mədəni dəyərlərin dəyişməsi prosesidir, lakin bu dəyişmənin özü inkişaf formasında yoxsa, qeyri-inkişaf formasında getməsi önəmli deyil.
Taylorun antropologiya tarixində irəli sürdüyü iki mühüm nəzəriyyə daim mübahisə doğurmuşdur: "mədəni qalıqlar" və "animizm". Taylor göstərirdi ki, mədəniyyət tarixində bu və ya digər formalaşmış hər hansı bir ünsür dəyişmədən qalmır. Zaman keçdikcə onlar dəyişir, yox olur və yaxud qala bilirlər. Mədəniyyət daim inkişaf edir və bunun sayəsində də müxtəlif dəyişikliklər özünü göstərir. Taylor qeyd edirdi ki, müasir ən inkişaf etmiş xalqların həyatında belə onların inkişafının keçmiş mərhələlərinin izləri qalır. Bu elementləri o,"mədəni qalıqlar" adlandırırdı. Taylora görə insanların mədəni elementləri sistemində mövcud olan bu qalıqlar keçmişin canlı şahidləridir. Taylor müasir avropa xalqlarının həyatında mövcud olan çoxlu belə mədəni qalığı misal gətirirdi. Məsələn, evin bünövrəsinin qoyulması zamanı qurban kəsilməsi, pulun atılması, suda boğulanların dirilməsinə qarşı insanlarda olan qorxu və s. Bunlarla yanaşı insanların asqırarkən "sağlam ol" deməsini misal gətirə bilərik. Müasir dövrdə asqırmaqla həmin "sağlam ol" arasında heç bir əlaqə yoxdur, lakin bu yarandığı vaxtlarda insanlar düşünürdülər ki, insanların bədənindəki ruh asqırılan vaxt bədəndən çıxır. Ona görə də tez "sağlam ol" deyərdilər ki, ruh bədənə qayıtsın. Hazırda isə həmin məna itmişdir.
Taylorun elmi yaradıcılığında əsas diqqət etdiyi mövzulardan biri mənəvi mədəniyyət, xüsusən də dini inamlar və onlarla bağlı olan ayinlərdir. O, belə hesab edirdi ki, ibtidai icma dövründə mövcud olmuş inanclar, dini inamlar özünəməxsus ardıcıllığa və məntiqə malikdir. Belə ki, dini inam formalarının yaranmasını Taylor qədim insanlar tərəfindən yuxu, yuxu görmə, ölüm, huşunu itirmə və s. kimi təbii proseslərin mahiyyətini dərk etmə, qavrama səylərində görürdü. Bunun nəticəsində onun fikrinə görə qeyri maddi substansiya olan və insanların bədəni ilə bağlılığı olmayan ruh haqqında təsəvvürlər yarandı. Bu təsəvvürləri Taylor animizm məhvumu ilə ifadə etdi. O, göstərirdi ki, ibtidai qəbilə və tayfalar ruhun bədənlə bağlı olmadığını, bədən daxilində və xaricində mövcud ola biləcəyini qəbul edirlər. Ruhla bağlı inamlarla insanlar ölüm, müxtəlif xəstəliklər kimi xüsusiyyətləri izah etməyi bacarırlar. Ona görə də bu inam forması ilkin inanc formasıdır. Taylorun animizm nəzəriyyəsi adını almış bu baxışlarına görə hətta təbiət hadisələri, qeyri-canlı və canlı aləmin müxtəlif tərkib hissləri də ruhlara malikdir. Taylor göstərirdi ki, ruhlara inam axirət dünyasına inamın formalaşmasına, o da öz növbəsində fövqəl-təbii qüvvələrə inam və son nəticədə ali varlığa inama gətirib çıxarmışdır. Animizmi o, dinin minimumu hesab edirdi və göstərirdi ki, istənilən dini görüşlər sistemində animizmin izləri var. Taylorun animist nəzəriyyəsi faktiki olaraq XVIII əsrin sonları və XIX əsrin birinci yarısında mövcud olan dinin yaranmasının mifoloji nəzəriyyəsini elm səhnəsindən çıxardı, lakin XIX əsrin sonlarında etnoqrafiyada toplanmış materiallar Taylorun animizm nəzəriyyəsində müəyyən məntiqi səhvlərin və çatışmazlıqların olduğunu göstərdi. Belə ki, bir çox qəbilələrdə dini inamların elə dərin izləri aşkar olunmuşdu ki, onları animizmlə birbaşa əlaqələndirmək mümkün deyildi. Onlar hətta animizdən də əvvəl yaranmışdı. Bunları ifadə etmək üçün ingilis dinşünası Maret "preanimizm" terminini elmə gətirdi. 1899-cu ildə o, yazdığı "Preanimistik din" əsərində göstərirdi ki, dinin ilkin formaları inanclarla deyil, ayinlərlə və hərəkətlərlə bağlı yaranmışdır. Ən qədim insanlar mövcud gerçəkliyi intellektual yaxud şüurlu şəkildə deyil, müəyyən təhtəlşüur impulsların təsiri ilə, həyata keçirdiyi hərəkətlər vasitəsilə dərk etməyə çalışırdı. Beləliklə, ən qədim dini inam formaları qeyri-iradi hərəkətlər, təhtəlşüur davranış kimi çıxış edir. Məsələn, ən qədim insanın şüurunda nədənsə mahiyyətini başa düşmədiyi, təhlükəli bir amildən qorxu hissi yaranırdısa, o həmin hissin təsiri ilə hərəkət edirdi. Bunun sayəsində onu əhatə edən təbiətdə müyyən dərkolunmaz mistik qüvvələrin olması haqqında təsəvvürlər yaranırdı. İbtidai dini təfəkkürün belə özünü ifadəsini Maret "animatizm" adlandırırdı. Yalnız, bu təsəvvürlərin fərdiləşdirilməsi nəticəsində ruhlar, müəyyən obrazlar haqqında inamlar formalaşır.
Taylorun animizm nəzəriyyəsinə qarşı Vilhelm Vunt, Prayz və başqaları da çıxış etdilər. Animizm nəzəriyyəsinin ən böyük tənqidçilərindən biri Taylorun tələbəsi Ceyms Corc Frezer olmuşdur. Onun ən məşhur əsəri 12 cildlik "Qızıl budaq" əsəridir. "Təbiətə inam", "İbtidai dinlərdə qorxu hissi" və s. əsərlərində Frezer müxtəlif tayfaların miflərini, əfsanələrini, ayin-adətlərini, mərasimlərini və s. izah etməyə səy etmişdir və ilk dəfə olaraq "Əhdi əqiq"də mifoloji sujetlərinin müqayisəli tarixi təhlilini həyata keçirmişdir. Frezer bəşəriyyətin mənəvi tarixini 3 böyük dövrə bölürdü: mifoloji dövr; dini dövr; elmi dövr. Birinci dövrdə insanın özünün fövqəl-təbii keyfiyyətlərinə inamı böyükdür. Yəni, insan bilavasitə müəyyən ayinlər, hərəkətlər vasitəsilə ətrafa təsir edib onu dəyişdirə biləcəyinə inanır. Frezer göstərir ki, bunun izlərini biz hər yerdə görürük. İkinci mərhələdə müəyyən səbəblərdən insanlar özünün fövqəl-təbii təbiətinə inamı itirdi və belə fövqəl-təbii qüvvələri kənarda axtarmağa başladılar. Beləliklə, ruhlar, ilahələr, allahlar haqqında inam formalaşdı və din yarandı. İnsanlar bu qüvvələrə dualarla, qurbanlarla və s. müraciət etməyə başladılar. Üçüncü mərhələdə isə insanların həyatlarında allahların yerini müəyyənləşdirilmiş təbiət qanunauyğunluqları tutmağa başladı. Frezer göstərirdi ki, müasir tarixi mərhələdə hər üç halı izləmək mümkündür. Afrikada, Amerikada, Okeaniyada hələ də mifik düşüncəli tayfalara və qəbilələrə rast gəlmək mümkündür. İslam dünyasında, bir çox katolik ölkələrində dinin insanların ictimai həyatına təsiri çox güclüdür. Müasir sənaye cəmiyyətlərində insanların əsas inandıqları isə elm, elmi biliklərdir. Hətta, ən inkişaf etmiş bir cəmiyyətdə belə bunların hamısının izlərini sezmək, izləmək mümkündür. Taylorun xüsusən "İbtidai mədəniyyət" və "Antropologiya" əsərlərində qoyduğu bir çox məsələlər sonrakı dövrlərdə antropologiyada böyük bölmələrin və mübahisələrin yaranmasına səbəb olmuşdur. Məsələn, o insan dilinin maddi həyat və davranış qaydaları ilə bağlı olan təbii-elmi metodologiya əsasında öyrənilməsinin vacibliyini qeyd etmişdir. Onun bu fikirləri əsasında etnolinqvistika formalaşıb. "Antropologiya" əsərində Taylor ibtidai insanların düşüncə tərzinin müasir insanların düçüncə tərzindən fərqləndiyini qeyd edirdi. Sonrakı dövrlərdə onun bu fikirləri ibtidai təfəkkür yaxud da qeyri-məntiqi təfəkkür haqqında mübahisələrin formalaşmasına səbəb olmuşdur. Ümumiyyətlə Taylorun təkamül konsepsiyası sosial-mədəni antropologiyanın sonrakı inkişafına böyük təsir göstərmişdir.
Təkamül cərəyanının ən mühüm nümayəndələrindən biri də amerikan etnoqrafı Luis Henri Morqandır. Morqan təhsilinə görə hüquqşünas, vəkil olmuş və uzun müddət böyük göllər ətrafında yaşayan hindu tayfalarının (irokez) hüquqlarını müdafiə etmişdir. O, 1840-cı ildə Eri Parkerlə birlikdə "İrokezlərin böyük ordeni" adlı ictimai təşkilat yaratmışdır. Həmin cəmiyyətin qarşısında duran əsas məsələlər qırmızı dərililərə ehtiramla yanaşılması, onların problemlərinin həll olunması və Amerika hökumətinin irokezlərə dəstək olması və s. idi. İrokezlərlə bağlı tədqiqatlara başlayan Morqanın ilk böyük tədqiqatı 1851-ci ildə nəşr etdirdiyi "İrokezlər ordeniı" əsəridir. Bir çox amerika tədqiqatçıları bu əsərin nəşr olunma ilini Amerikada Sosial-mədəni antropologiyanın yaranması ili kimi qəbul edirlər. Sonrakı dövrlərdə o, tədqiqatlarını davam etdirmiş və 1871-ci ildə "İnsan ailəsində qohumluq və qudalıq", 1877-ci ildə "Qədim cəmiyyət", 1883-cü ildə isə "Amerika aborigenlərinin evləri və ev məişətləri" adlı əsərlərini nəşr elətdirmişdir. Morqan özünün antropoloji ideyalarını sistematik şəkildə "Qədim cəmiyyət" əsərində toplamışdır. Üzərində 40 il işlədiyi bu əsərində Morqan qarşısına qoyduğu əsas suallar bunlar idi:
1. Bəşər tarixində ibtidai icma cəmiyyətinin yeri
2. İnsanlar arasında ailə-nikah münasibətlərinin inkişaf dinamikası
3. Bəşər tarixində sosial, iqtisadi, mədəni dövrlərin müəyyənləşdirilməsi
Morqanın bəşər tarixini öyrənmək üçün əsas istifadə etdiyi materiallar irokezlərlə bağlı idi və o bu materiallarda öz həyatı ilə bağlı gerçəklikləri də görürdü. İrokezlərin ictimai quruluşunun təhlili nəticəsində Morqan belə bir qənaətə gəlmişdir ki, ibtidai icma quruluşunda cəmiyyətin ilkin ictimai qurumu kimi nəsil çıxış edir və ibtidai icma quruluşunu, ümumiyyətlə bütün bəşər tarixini iki böyük dövrə ayıra bilərik: birinci dövr nəsli qəbilə münasibətlərinin mövcud olduğu dövr; ikinci dövr isə xüsusi mülkiyyət və ərazi bölgüsünə əsaslanan siyasi cəmiyyətlər dövrüdür. Nəsli qəbilə dövrü erkən və son nəsli qəbilələr olmaqla iki böyük dövrə bölünür. Nəsli qəbilə, qan qohumluğuna əsaslanan nəsil bəşər tarixində sosial sturukturun formalaşmasının əsas meyyarı kimi çıxış etmişdir. Ona görə də, Morqan nəsli quruluşun izlərini bütün cəmiyyətlərdə axtarıb izləməyə səy edirdi. İrokezlərdə nəsil ana xətti ilə bağlı olduğuna görə bəşər tarixinin ilkin pilləsi ana xətti ilə bağlı olan nəsillərdir. Bildiyimiz kimi bu ideyanı Avropada öncə Baxofen irəli sürmüşdür. Onun fikrincə nəsli quruluş elə bir sosial mexanizmdir ki, onun sayəsində bəşəriyyətdə hal-hazırda mövcud olan sosial-mədəni strukturlar formalaşır. İstər Avropa, istər Afrika, istərsə də Avstraliyada mövcud olan ənənəvi və ibtidai cəmiyyətləri götürəndə görəcəyik ki, hər yerdə ilkin rüşeym kimi nəsil çıxış edir. İnsanlar bu və ya digər nəslin nümayəndələridir, bu və ya digər ailənin yox. Nəslin ilkin birləşdirici həlqə olması ilk dəfə Morqan tərəfindən müəyyənləşdirilmişdir. Avropada hər kəs ailədən yazırdı, amma Morqan göstərirdi ki, ibtidai icma quruluşunda ailə nəsilin içərisində əriyir və biz onun xüsusiyyətlərini hətta müasir cəmiyyətimizdə də görürük. Məsələn, kəndlərdəki məhəllələr. Morqan göstərirdi ki , nəsli quruluşun özünün inkişafıda müəyyən mərhələlərdən keçmişdir. Nəsli quruluşun tipik ən yüksək mərhələsini də biz irokezlərdə görürürk. Ondan sonra nəsli quruluş dağılmağa doğru gedir. O göstərirdi ki, bəzi irokez cəmiyyətlərində (irokezlər 6 tayfadan ibarətdir, ittifaqdır) nəsli cəmiyyətin dağılması prosesi baş verir. Morqan nəsli quruluşu qədim roma və yunanlarda da aşkar etmişdi. Romalılarda patrisilər triblərə bölünmüşdü və həmin nəslin xüsusiyyətlərini özündə ehtiva edirdi. Yunanıstanda arxilər vardı və onlarda nəslin izlərini aşkara çıxarmışdır. Ata xətti ilə qohumluğun formalaşması və ata nəslinin yaranması isə Morqanın fikrinə görə xüsusi mülkiyyətin yaranması və nəsildən-nəsilə ötürülməsi ilə əlaqədar olmuşdur.
Morqan "Qədim cəmiyyət" və "İnsan ailəsində qohumluq və qudalıq" əsərində ailə-nikah münasibətlərinin yaranması və inkişafını da dərindən təhlil etmiş və qohumluq münasibətlərində ilk dəfə olaraq qohumluğun ifadə olunmasının iki sistemi olmasını göstərirdi: təsnifedici sistem və təsviredici sistem. Morqan ənənəvi və arxaik cəmiyyətlərdə qohumluğun ictimai funksiyalarının yalnız qan qohumluğu ilə bitmədiyini əsaslandırırdı. Morqan belə hesab edirdi ki, bəşəriyyətin ilkin tarixində ailə və nikah olmayıb. Ailə və nikah müəyyən inkişaf dövründə yaranmağa başlayıb və həmin o ailə və nikahın yaranması ekzoqamiyanın yaranması ilə bağlıdır. Ekzoqamiyanın yaranması ilə əlaqədər olaraq müəyyən şəxslər arasında nikah qadağan olunur və bunun nəticəsində tədricən bizim müasir dövrdə gördüyümüz ailə formaları formalaşır. Onun fikrinə görə qohumluğun xüsusən də qohumluq terminlərinin tədqiqi sayəsində ailənin tarixi formalarını müəyyənləşdirmək mümkündür. O, "İnsan ailəsində qohumluq və qudalıq" əsərində ailənin 9 tarixi formasını müəyyənləşdirirdisə, "Qədim cəmiyyət" əsərində ailənin inkişafında aşağıdakı 6 formanın olduğunu göstərirdi:
1. Promuskiutet
2. Qan qohumluğu ailəsi
3. Punalua ailə forması yaxud qohum olanların, amma qan qohumu olmayanaların ailəsi
4. Sindiasmik və ya cütnikahlılıq
5. Patriarxal
6. Monoqam
Qeyd olunmalıdır ki, XIX əsrin ortalarında etnoqrafik ədəbiyyatda mövcud olan qeyri-dəqiq materiallara əsaslandığına görə Morqanın bu sxemində çoxlu səhvlər mövcuddur. Belə ki, hal-hazırda etologiyada əsaslandırılır ki, insanabənzər meymunlarda belə promuskiutet deyilən mərhələ yoxdur. Yaxud punalua ailəsi deyilən bir ailə yoxdur. O, göstərirdi ki, qan qohumluğu ailəsində yalnız yaxın qohumları çıxmaqla digərləri arasında nikahın bağlanmasına icazə verilirdi, amma ibtidai icma cəmiyyətində qohumlar arasında evlənmə qadağan (ekzoqamiya) idi.
Morqanın ailə-nikah münasibətlərində irəli sürdüyü bu fikirlər əsas deyil, əsas olan qohumluğun mexanizmlərinin aydınlaşdırılmasıdır. Morqana qədər ibtidai icma cəmiyyətindəki insanların ailə-nikah münasibətlərini və qohumluq əlaqələrini başa düşmək çətin idi. Məhz Morqan ilk dəfə bunun mexanizmlərini açıb ortalığa qoya bilmişdir. Morqan göstərirdi ki, ibtidai insan üçün və bizim üçün qohumluq ayrı-ayrı şeylərdir. Müasir insanın qohumluğu yalnız bir formada — qan qohumluğu formasındadır. İbtidai icma dövründə isə qohumluq yalnız qan qohumluğu formasında deyil, 2 formada mövcuddur:
Genioloji qohumluq — mənşə qohumluğu (bir ailənin övladları, bacılar, qardaşlar, onların övladları və s.)
Təsnifedici qohumluq
İbtidai icma dövründə insanlar arasındakı münasibətlərin özləri də qohumluq hesab olunur. Bunun sayəsində də nəsil daxilində münasibətlər tənzimlənir. İbtidai icma cəmiyyətində nəsil özü seqmentlərə bölünür. Seqmentlərin içərisində olan insanların özləri ayrılmırlar, bunlar eyni hesab olunurlar. Bu səbəbdən də onların qohumluq əlaqələri eyni hesab olunur. Müxtəlif nikah sinifləri vardır ki, həmin bir qrup sinifə daxil olan qadınlar həmin sinifə daxil olan kişilərlə nikahlanır. Həmin nikahlardan doğulan uşaqların hamısı kimin uşağı olmasından asılı olmayaraq bacı-qardaş hesab olunurlar.
Nəsildə ölən kim varsa onlar öləni yad edib sonra çıxıb gedirlər. Bəlkə, onlarda da yas saxlamaq var. Bunu da dəqiqləşdirmək lazımdır. Burdan bir şeyi də bilmək lazımdır ki, təsnifedici qohumluğun adı Morqanla bağlıdır. Ona qədər qrup nikahı və s. haqqında müxtəlif təsəvvürlər var idi. Morqan bu fikirlərlə onların hamsını alt-üst etdi və göstərdi ki, burda uşaqların kimdən olmasını bilməməklə bağlı qohumluq yaranmır, əksinə ictimai münasibətlərin yoluna qoyulması üçün bu münasibətlər yaradılır. Zaman keçdikcə bu münasibətlərin daha gəlişmiş formaları ortalığa çıxır və həmin o formalar bizim həyatımızda da vardır. Məsələn, kirvəlik. Bu xristianlarda bizdən də güclüdür. Belə ki, xristianlarda xaç suyuna salınmada kirvəlik mövcuddur. Xaç suyuna salınma, sünnət və s. müəyyən əlaqələrin yaradılması üçün idi, yəni onların nə bioloji, nə gigiyenik, nə də digər insan cəmiyyətlərində funksiyası olmamışdır. Bunlar hamısı sistematik yaxud təsnifedici qohumluq xüsusiyyətlərinin inkişafı ilə bağlı olan xüsusiyyətlərdir. Morqan göstərirdi ki, ibtidai icma quruluşundakı bir çox cəmiyyətlərdə mənşə qohumluğuna nisbətən təsnifedici qohumluq daha mühüm rol oynayır.
Morqan bəşər tarixinin dövrləşməsini verməyə çalışmışdır. Özündən əvvəlkilərdən fərqli olaraq bu dövrləşmədə bəşər tarixini insanların həyatında baş verən çox mühüm dəyişikliklərlə əlaqələndirirdi. Bu dəyişikliklər ictimai həyat, təsərrüfat sahələri, texniki yeniliklər və s. ilə bağlı idi. Morqan bəşər tarixini 3 dövrə bölürdü: vəhşilik, barbarlıq və sivilizasiya. Vəhşilik, barbarlıq və sivilizasiya dövrləri XVIII əsrin sonlarında şotland ictimai xadimi Mak Lennan tərəfindən irəli sürülmüşdür. Bu "İbtidai nikah" əsərinin müəllifi, yəni Con Ferqüsyon Mak Lennan deyil, başqa Mak Lennandır. O, "Bəşər cəmiyyətinin tərəqqisinə dair" bir neçə cildlik əsərində göstərirdi ki, insanlıq tarixi 3 mərhələdən keçmişdir: vəhşilik, barbarlıq və sivilizasiya. Morqanın xidməti ondan ibarətdir ki, o, bu dövrlərin — barbarlığın, vəhşiliyin özünü də müəyyən dövrlərə bölmüşdür və həmin bu dövrləri bəşər tarixində baş verən çox mühüm ictimai-iqtisadi dəyişiklərlə əlaqələndirdi. Məsələn, Morqan vəhşiliyin özündə 3 mərhələ müəyyənləşdirmişdi: aşağı pillə, orta pillə, yuxarı pillə. Həmçinin barbarlıqda da 3 mərhələ müəyyənləşdirmişdi: aşağı, orta və yuxarı. O, belə hesab edirdi ki, insanın formalaşması ilə vəhşiliyin aşağı pilləsi, odun əldə olunması ilə vəhşiliyin orta pilləsi formalaşır. Sonrakı tədqiqatlarda müəyyənləşdi ki, Morqanın irəli sürdüyü bir çox xüsusiyyətlər ya onun dediyindən əvvəl olub, ya da onun dediyi dövrdən çox sonra olmuşdur, amma Morqanın xidməti ondan ibarətdir ki, o, bəşər tarixini sərtləşdirməyə, xüsusən də ən çətin ibtidai icma dövrünün müəyyən pillələrini müəyyənləşdirməyə çalışmışdır. Eyni zamanda bu pillələrin əsas xüsusiyyətlərini aydınlaşdırmağa da səy göstərmişdir. Hal-hazırda həmin dövrləşmədən istifadə olunmur, çünki orda müəyyən şeylər var ki, ya arxaya çəkilmişdir, ya da qabağa. Marks yazırdı ki, Morqan materialistdir, amma şüurlu materialist deyil. Morqan yazdığı əsərlərində irəli sürdüyü ideyaları xaostik materialistdir, dialektikanı ortaya atandır. Amerikada Morqandan sonra Con Uesli Pauel və Austis Meyson onun ideyalarını davam etdirmişdilər.
Amerikada Frans Boas Morqanın ideyalarına qarşı çıxmışdır. Bu dövrdə onlar təkamülçülüyə qarşı idi. Uzun müddət təkamülçülük təlimi bəşər tarixində baş verən hadisələri düzgün izah etməyən bir təlim kimi qəbul olunmuşdur. İkinci dünya müharibəsindən sonra təkamülçülüyə yenidən maraq artdı. İctimai elmlərdə təkamülçülüyün inkişafı bilavasitə təbiət elmləri ilə bağlıdır. XIX əsrdə təkamülçülüyün yaranması birbaşa Darvinin əsərləri ilə, XX əsrin ikinci yarısında biologiyada baş verən kəşflərlə bağlı olmuşdur. Bioloji kəşflər, xüsusən də genetik və molikulyar biologiya sahəsində olan kəşflərlə bağlı olaraq yenidən təkamülə qayıdış baş verdi və bu yeni təkamülçülük adlanır. Yeni təkamülçülük XX əsrin 40–60-cı illərini əhatə edir. 60-cı illərdə isə təkamülçülük yenidən tənqid olunmağa başlandı. XX əsrin sonu XXI əsrin əvvəllərində təkamülçülüyün üçüncü mərhələsi başlayır. Bu üçüncü mərhələ hələki davam edir və yenə də biologiyada baş verən dəyişikliklərlə bağlıdır, lakin bu dəfə söhbət genetikadan getmir, söhbət genomların oxunması, onların arasındakı əlaqələrin araşdırılması və s. ilə bağlıdır.
Bitki və heyvan öləndən sonra onların qalıqları ətraf mühitdə səpələnmiş halda olur. Bəzən onlar torpağa çökə bilər. Vaxt keçdikcə onlar qaya süxurlarına çevrilir. Tədrici kimyəvi proseslər nəticəsində kalsiya skeletlə və yaxud cəsədin digər bərk hissələri ətraf mühitdəki mineral maddələrlə qarışır (nadir hallarda yumşaq strukturlar, məsələn, dəri və ya lələklər də qalır). Ən axırda bu proses qayalarda ideal iz-şəkil qoymaqla daşlaşmış qalığa çevrilir. Bütün aşkar olunmuş daşlaşmış qalıqlar qazıntı sübutları adlanırlar.
Avstraliya qayalarında aşkar olunan qədim çöküntülərdə canlı izlərinin yaşı təxminən 3.5 milyard ilə bərabərdir. Bunlar indi Yer kürəsində müxtəlif cür canlı formalarının tədriclə mürəkkəbləşərək, sadə canlılardan yarandığı tarixi göstərir. Əksər qədim canlı həyat sadə bir hüceyrəlilərdən ibarət olub. Təxminən 800 milyon il qabaq çoxhüceyrəli həyat formaları yaranıb. Onların bədəni yumşaq oldugu üçün onlardan demək olar ki, iz qalmayıb, lakin son onilliklərdə alimlər tapılmış çöküntü qalıqlarındakı izlər əsasında onların bu dövrdə yaşadığını gördülər. Təxminən 550 milyon il qabaq bərk örtüklər və skeletlər meydana cıxdı, bu vaxtdan başlayaraq əsl qazıntı qalıqları tapıldı. İlk onurğalı canlılar — balıqlar 300 milyon il qabaq yarandı, dinozavrlar 65 milyon il qabaq ölməyə başladılar və 4 milyon il bundan əvvələ aid Afrikada insan qalıqları tapıldı. Bu hadisələr barədə qazıntı qalıqları yazılarında oxumaq olar.
Yerdəki bütün canlı orqanizmlərdə eyni genetik kod var biz hamımız universal DNT dilində yazılmış müxtəlif informasiya toplusundan ibarətik. Əgər həyat yuxarıda göstərilmiş ssenari əsasında inkişaf edibsə, onda müasir canlı orqanizmlərdə DNT-nin üst-üstə düşməsi ardıcıllığı ümumi əcdadın nə qədər əvvəl yaşamasından asılı müxtəlifliyə malik olmalıdır. Məsələn, insan və şimpanzedəki eyni DNT ardıcıllığı insan və balıq arasındakından daha çox olmalıdır, çünki insan və şimpanze əcdadları 6 milyon il qabaq, balıq və insan əcdadları isə 100 milyon il qabaq yaşamışdır. Həqiqətən də canlı orqanizmlərin DNT-sini təhlil etməklə bu gümanın təsdiqini görürük. İki orqanizmdə təkamül ağacı nə qədər uzaqdadırsa DNT-də o qədər də az oxşarlıq tapılır. Bu ona görə təmamilə aydındır ki, çox vaxt keçdikcə daha cox fərq toplanıb. DNT-nin analizindən istifadə etməklə molekulyar saat adlanan metod bizim gözümüzü təkamülün kecmişinə doğru açır. İnsanın DNT-sinin şimpanzeninkinə yaxın olması təkamül nəzəriyyəsinin inandırıcı sübutu sayıla bilər,
lakin bu fikirlərin heç biri tam sübuta yetirilməyib. Heyvanlara , İnsanlara aid fosil qalıqlar tapılsa da keçid varlıqlar haqqında heç bir qalıq tapılmayıb.
Təkamül relikti-keçmiş geoloji dövrlər üçün səciyyəvi olan yaxın növlərin böyük hissəsi məhv olduqdan sonra qalan olduqca qədim forması (növ və ya sistematik vahid), o cümlədən "canlı qazıntı", məsələn, latımeriya, qatteriya və b. Təkamül relikti bəzən geniş areala malik olur, məsələn, Talışda şabalıdyarpaq palıd, dəmirağac meşələri; buzlaq təkamül relikti — cırtdan tozağacı (tundrada).
Təkamülün arasıkəsilən və kəsilməyən pirinspi — orqanizmlərin təkamül dəyişməsi prosesi keçid formaları (paleontoloji) olmadan qanunauyğun qızğın sürətli inkişaf və məhvolma fazaları ilə (arası) kəsilir. Fasilələr sistemlərə edilən xarici qüvvənin və daxili inkişaf faktorlarının təsiri ilə yaranan fəlakətli təkan (zərbə) prinsipi təsirinin gücü ilə baş verir. Bu prinsipi uzaq keçmişdə təbiətə ehtimal olunan antropogen təsirin təhlili zamanı nəzərə almaq lazımdır.
Təkamülün biogenetik qanunu-orqanizm fərdi inkişafında özünün mənsub olduğu sistematik qrupun tarixi inkişafının əsas mərhələlərini qısa şəkildə təkrar edir. Yaşlı orqanizmdə baş verən mutasiyalar onun ontogenez prosesini dəyişir. Ona görə də yaşlı fərdlərin təbii seçməsi ontogenez prosesinin təkamülünə, ontogenetik korrelyasiyaya gətirib çıxarır. Hərəkətverici seçmənin təsiri ilə ontogenetik korrelyasiya sisteminin dəyişilməsi — fılembriogenezin dəyişilməsinə, orqanizmdə yeni əlamətin formalaşdırmasına səbəb olur.
Təkamülün dönməzlik qanunu- təkamül dönməzdir; orqanizm (populyasiya, növ) öz əcdadı sıralarına, əvvəlki vəziyyətinə qayıda bilməz.
Təkamülün istiqamətlənən qanunu-təkamülün ümumi gedişi həmişə geoxronoloji dəyişən yaşayış şəraitinə uyğunlaşmağa doğru istiqamətlənir və onunla məhdudlaşır.[3]