Nüvə yanacağı — nüvədaxili enerjinin ayrılması ilə müşayiət olunan nüvələrin zəncirvarı bölünməsi və ya onların sintezi reaksiyalarını həyata keçirməklə enerjinin alınması üçün istifadə olunan maddələr.
Təbii halda tapılan nüvə yanacağı urandır. Təbii uranda zəncirvarı bölünmə reaksiyalarının getməsini təmin edən bölünən 235U nüvələri (birinci yanacaq) və "xammal" nüvələri adlanan 238U nüvələri var. Axırıncılar neytronları udaraq iki dəfə β çevrilməyə uğraması nəticəsində təbiətdə mövcud olmayan 236Pu (ikinci yanacaq) izotopuna çevrilir. Təbii halda təsadüf olunmayan nüvə yanacağından biri də 233U izotopudur. O, torinium (232Th) neytron udaraq, iki dəfə β çevrilməsi nəticəsində alınır.[1]
Nüvə yanacağından nüvə reaktorlarında metal bloklar şəklində istifadə edilir. bunların istilikayıran elementləri nüvə yanacağından ibarət özəkdən və üzəri kip bağlanan metral örtükdən ibarət olur. Kimyəvi tərkibinə görə istilikayıran elementləri metal (buraya ərintilər də daxildir), oksid, karbid, nitrit və s. ola bilər. Nüvə yanacağından əsasən bərk, bəzən isə maye və ya qaz halında işlədilir. Kiçik sürətli neytron reaksiyalarında nüvə yanacağı kimi təbii urandan (0,7115% 235U, 99,280% 238U), sürətli neytron reaktorlarında isə 235U izotopu ilə zənginləşdirilmiş nüvə yanacağından istifadə olunur.[1]
Nüvə yanacağının zənginləşdirilməsi uran izotopları qarışığında bölünən 235U izotopu miqdarının süni surətdə artırılması prosesidir. Zənginləşdirmə qazdiffuziyası və s. üsullarla əldə edilir. Bu, nüvə yanacağına bölünən izotop əlavə etmək ilə onun yanacağında miqdarının süni artırılmasını göstərmək üçün işlədilən çox da dəqiq olmayan, lakin yayılmış termindir.[2]
Nüvə yanacağının regenerasiyası reaktorda işlənmiş nüvə yanacaqlarının emalı üçün radiokimyəvi və kimyəvi-metallurgiya proseslərinin məcmusudur. Regenerasiya nüvə yanacaqlarını radioaktiv bölünmə məhsullarından təmizləmək, tam istifadə olunmayan yanacağı (məsələn, uranı) haelə əmələ gələn ikinci yanacağı (məsələn, plutoniumu) ayırmaq məqsədi ilə aparılır. Nüvə yanacağının regenerasiyasının bütün prosesləri avtomatlaşdırılmışdır və onlar məsafədən idarə edilir.[3]