Nəcməddin Qotsinski

Nəcməddin Qotsinski (1859-65 illər arasında- 1925) — Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri. DağıstanÇeçenistanın 5-ci imamı.

Nəcməddin Qotsinski
ərəb. نجم الدين بن محمد بن دنوغونه الحزى الداغستانى
avar. ХӀоцоса Нажмудин
Şəxsi məlumatlar
Doğum tarixi 1859
Vəfat tarixi 28 sentyabr 1925(1925-09-28)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avar dairəsinin Qotso aulunda İmam Şamilin naibi Donoqo Məhəmmədin ailəsində anadan olmuşdur. Ali dini təhsil almışdır. Dağıstanın ən iri torpaq sahiblərindən biri idi. Dini mövzulu şeirləri Dağıstan əhalisi arasında şöhrət qazanmış, Suriya və Türkiyədə də məşhurlaşmışdı. Şərqşünas akademik Kraçkovski Nəcməddin Qotsinskinin əsərlərini yüksək dəyərləndirmişdir. Qotsinski Avar dairəsinin Koysubul sahəsinin naib-rəisi olmuş, Dağıstan Xalq Məhkəməsinin üzvü seçilmişdir. 1903-cü ildə Türkiyəyə getmiş və bir müddət burada yaşayaraq dini təhsilini təkmilləşdirmişdir. Geri döndükdən sonra Dağıstanın Avar dairəsinin dini məktəblərində müəllimlik etmişdir.

Fevral inqilabından (1917) dərhal sonra, martın 9-da Temirxan-Şura şəhərinde təşkil olunmuş Müvəqqəti Dağıstan Vətəndaş İcraiyyə Komitəsinin üzvü, mayda şimali Qafqaz Dağlılarının Vladiqafqazda keçirilən 1-ci quraltayında Dağıstan və Çeçenistan müftisi və Dağlı Xalqlarının Dini İdarəsinin sədri, həmin ilin avqustunda Dağıstanın Əndi kəndində keçirilən qurultayda isə yekdilliklə Dağıstan və Çeçenistanın beşinci imamı seçilmişdi.

1918-ci ilin yanvarında Dağıstan xalqlarının Temirxan-Şurada keçirilən ikinci qurultayında İmam Nəcməddinin İmaməti bərpa etmək haqqında təklifi azadlıq hərəkatının liberal-demokrat və sosial-demokrat cərəyanları tərəfindən rədd edildikdən sonra naibi Uzun Hacının bütün təkidlərinə baxmayaraq, bu işi zorla həyata keçirməkdən imtina etmiş və dağlara çəkilmişdir. Lakin 1918-ci ilin martında Bakıda daşnakların türk-müsəlman əhaliyə qarşı soyqırımı xəbərini eşitdikdən dərhal sonra öz hərbi dəstələri ilə hərəkətə başlamış, Petrovsk-Port (indiki Mahaçqala) şəhərini sovetlərdən təmizləmiş və fərmanla bu şəhərin adını dəyişdirərək Şamilqala qoymuşdur. Bundan sonra Bakınm türk-müsəlman əhalisinə kömək üçün irəliləyərək Xaçmaz yaxınlığında bolşevik dəstələri üzərində qələbə çalmış, yürüşünü Bakı istiqamətində davam etdirmişdir. Erməni-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdır. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən bolşevik hərbi hissələrinin Şamilqala (Mahaçqala) və Bakıya çatması nəticəsində qüvvələr nisbəti dəyişmiş və o, mühasirəyə düşmək təhlükəsi qarşısında qalaraq geri çəkilməli olmuşdur. Dağıstanın Osmanlı ordusu tərəfindən azad edilməsindən sonra, 1919-cu ilin martında Pşemaxo Kotsev tərəfindən təşkil edilmiş 2-ci dağlı hökümətində şəriət məsələlərinə məsul olmuşdur. Şimali Qafqazın Denikin tərəfindən işğalı dövrü İmam Nəcməddinin həyatında ən ziddiyyətli məqam hesab olunur. Könüllü ordu rəhbərliyi ilə əməkdaşlıq etməsə də, sabiq naibi Uzun Hacı və Dağıstan Şeyxülislamı Əli Hacı Akuşalıdan fərqli olaraq, işğalçılara qarşı mübarizədən də imtina etmişdir. Bununla əlaqədar, Nəriman Nərimanovun İmam Nəcməddinə müraciəti də mövcuddur.

1920-21-ci illərdə İmam Nəcməddin Şimali Qafqaz Dağlılarının bolşevik Rusiyasına qarşı 8 ay davam edən silahlı üsyanının təşkilatçısı və rəhbəri olmuşdur. Üsyanın yatırılmasından sonra sovet hökuməti tərəfindən rəsmən "Dağıstan və Çeçenistan zəhmətkeşlərinin düşməni" elan edilmiş və Çeçenistan ərazisində gizlənmək məcburiyyətində qalmışdır. 1925-ci ildə əsir düşmüş və Baş Siyasi İdarənin Şimali Qafqaz diyar şöbəsinin qərarı ilə güllələnmişdir.[1]

  • Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 152-153. ISBN 9952-417-44-4.