Nəriman Mövsümov (Mövsümov Nəriman Tofiq oğlu) — Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri 1 №-li Tibb kollecinin direktoru, tibb üzrə elmlər doktoru, professor.
Nəriman Mövsümov | |
---|---|
Doğum tarixi | 22 avqust 1957 (67 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | tibb üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
Nəriman Mövsümov 1957-ci il avqust ayının 22-də Azərbaycan SSR-nin Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olub, 1974-cü ildə Bakı şəhərindəki 225 №-li orta məktəbi bitirdikdən sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub.[1]
1980-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən N. Mövsümovun təyinatı Azərbaycan Elmlər Akademiyasının akademik A. Qarayev adına ET Fiziologiya İnstitutuna verilib və orada o, elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayaraq, 1982–1986-cı illərdə həmin institutun aspirantı olub. Elmi işlərə böyük həvəs göstərən gənc 1987-ci ildə "7–14 yaşlı uşaq və yeniyetmələrdə norma və nevroz zamanı ayıqlıq və yuxu dövrlərində vegetativ sinir sisteminin funksiyası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.
O, Fiziologiya İnstitutunda çalışdığı dövrdə Gənc Alimlər Şurasının sədri seçilib, eyni zamanda Bakı şəhərində keçirilən Zaqafqaziya Gənc Alim-Fizioloqlarının Konfransı üzrə Təşkilat Komitəsinin sədri, XIV Ümumittifaq Fizioloqlar Cəmiyyəti Qurultayının Təşkilat Komitəsinin üzvü olub.
O, 1996-cı ildə kafedranın dosenti vəzifəsinə seçilib, 10 il kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb və 2003-cü ildən indiyə qədər ATU-nun nəzdində fəaliyyət göstərən FD 03.013 Dissertasiya şurasının üzvüdür. Gənc və perspektivli alim 2004-cü ildə "Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi" mövzusunda Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, 2009-cu ildə kafedranın professoru vəzifəsinə seçilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilib.
N. Mövsümov 150-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, Şərqdə ilk dəfə çap olunan orijinal "Anatomiya atlası" kitabının müəllifi və həmmüəlliflərindəndir. Onun rəhbərliyi altında 3 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib və təsdiqini alıb.
N. Mövsümov 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər 1 №-li Tibb kollecinin direktoru vəzifəsinə təyin edilib və ona tapşırılan yüksək etimadı doğruldaraq indiyə qədər həmin vəzifəni müvəffəqiyyətlə yerinə yetirir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan alim hazırda Yasamal rayonu üzrə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.