Nərman Cavadov

Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist.

Nəriman Cavadov
Doğum tarixi 10 sentyabr 1956(1956-09-10) (68 yaş)
Doğum yeri
Uşağı 2
Təhsili
Fəaliyyəti jurnalist
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015

Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N. Cavadov 1975-ci ildə Saatlı şəhər S. Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N. Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980–1987), qəzetin redaktor müavini (1987–1998) vəzifələrində çalışmışdır.[1]

Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov. İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir.

N. Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.[2]

Azərbaycanın müxtəlif özəl universitetlərinin jurnalistika fakültələrində müəllim kimi çalışaraq tələbələrin jurnalist kimi yetişməsində, habelə işlədiyi "Respublika" qəzetində gənc jurnalistlərin ixtisaslarına daha mükəmməl yiyələnməsində N. Cavadovun əməyi az deyildir. Təcrübəli jurnalist KİVDF-nin keçirdiyi fərdi jurnalist müsabiqələrinin fəal iştirakçısıdır. Müxtəlif mövzu və janrlarda onun yazıları ölkə üzrə dəfələrlə I, II, III yerlərə layiq görülmüşdür. 40 ildir ki, fasiləsiz olaraq dövlət mətbuatında çalışan N. Cavadovun kitabları, monoqrafiyaları, elmi məqalələri vardır.

N. Cavadov YAP üzvüdür.

N. Cavadov ailəlidir, 2 oğul atasıdır. Böyük oğlu Cəmaləddin ali təhsillidir, dövlət qulluğunda çalışır. İkinci oğlu Fuad isə kiçik sahibkarlıqla məşğuldur. Hər ikisi ailəlidir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə ölkə mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə Nəriman Cavadov "Azərbaycan Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.[3]

  1. Möhtərəm Rəcəbova. "Həmkar sözü: Bizim Nəriman müəllim" (az.). "Respublika" qəzeti. 2016-09-09. İstifadə tarixi: 2019-08-17.[ölü keçid]
  2. Aytən Əliyeva. "Saatlıdan olan jurnalistlər: "Saatlıda hər şey saat kimi işləmir..."" (az.). modern.az. 2010-12-10. 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
  3. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-22.