Hacıyev Nəsib Qurban oğlu – dövlət xadimi, əməkdar hüquqşünas.
NƏSİB HACIYEV | |
---|---|
Nəsib Qurban oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Saraçlı, Bolnisi, Gürcüstan |
Vəfat tarixi | 4 avqust, 1976 |
Vəfat yeri | Tbilisi |
Fəaliyyəti | hüquqşünas |
Nəsib Hacıyev 1916-cı il noyabrın 13-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlıda, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə kənd məktəbində müəllim saxlanılmışdır. 1934-cü ildə Tbilisi Pedaqoji Texnikumunu bitirmişdir. Elə həmin ildə də Saraçlı yeddillik məktəbinə direktor təyin olunmuşdur. Sonra bir müddət Bolnisi Rayon Xalq Məhkəməsinin sədri işləmişdir. Böyük Vətən müharibəsi illərində XDİK (NKVD) qoşunlarında xidmət etmişdir. Müharibədən sonra Qardabani şəhərində məktəb direktoru işləməklə yanaşı həm də Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnmişdir. 1947-1950-ci illərdə Qardabani rayonunun prokuroru, sonra isə 12 il ərzində Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1962-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin üzvü təyin edilmiş, 1968-ci ildən isə Ali Məhkəmənin Xüsusi İşlər üzrə Kollegiyasının sədri olmuşdur.
1971-ci ildə "Sovet cinayət hüququ üzrə şərti məhkumluq" mövsunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.
SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdu. Gürcüstan SSR-in əməkdar hüquqşünası adını almışdı.
Rus, gürcü, erməni və türk dillərini mükəmməl bilirdi.
1976-cı il avqust ayının 4-də Tbilisi şəhərində vəfat etmişdir. Məzarı Tbilisinin Fəxri Xiyabanında – "Panteoni"dədir.
Övladları Eldar – kənd təsərrüfatı elmləri doktoru (Moskva), Elşad polis polkovniki (Tbilisi) və Janna tibb elmləri namizədidir (Tbilisi).