Nağı xan Şahsevən

Nağı xan Şahsevən (1867-?) — İran hərbçisi, general-mayor.

Nağı xan Şahsevən
Doğum tarixi
Doğum yeri Ərdəbil
Vəfat tarixi
Vəfat yeri Zəncan
Vəfat səbəbi öldürülüb
Fəaliyyəti hərbçi

Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Mükəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi.

Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran hökuməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın.

Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir. Hətta əvvəlinci bir müqabilədə məşrutəçilərin düşmənə qalib gəldikləri məlumdur. Heyran gədiyi deyilən bir səngəri-təbii də Nəmin Xəvanin adamları ilə astaralılar baş verən bir atışmada hökumət tərəfindən 9 nəfər ölüb, 2 nəfər əsir düşüb, 30 nəfərin dəxi yaralandığı qabaqca xəbər verilmişdi.

Hüseyn Əli xanın atlıları buranı mühafizə edəcək, Rəşidülmülkdən difa edəcək dərəcədə rəşiddirlər".[1]

Məhəmmədəmin Rəsulzadə daha sonra yazır: "Bu günlərdə Sipəhdar həzrətlərinə Ərdəbildən Rəşidülmülk tərəfindən bir teleqraf çəkilmiş idi. Bu teleqrafın müxtəsər məzmunu bu idi ki, "Siz alicənab məni dəvət ediyorsunuz ki, gəlib məşrutətələb olam. Bainki, məşrutətələb olmasam da bitərəf durub hökumətə də arxa çıxmayam. Bu qədər biliz ki, mən siz deyiləm ki, əvvəl Təbrizə top atam da, sonra gəlib bir-iki nəfər balıqçı gilək ilə rəfaqət salıb, məşrutətələblik iddiasın edəm.

Bu qədər bilirəm və buna etiqadım var ki, İran hənuz üsuli-məşrutə ilə idarə olunmağa hazır deyildir. Ona görə də vətənimdən ötəri müzürr olan bir zavalı dəf etməyə var qüvvəm ilə çalışacağam. Və 12 min qoşun ilə gəlib sizə də bildirəcəyəm ki, Səttarxan komitəsinə üzv olmağın nəşəsi nədir".

Sipəhdar cənabları bu teleqrafa atidəki cavab vermişlər: "Zati alilərinin teleqrafı yetişdi, mülahizə olundu. Yazırsınız ki, 12 min nəfər ilə Rəştə gəlib mənə nəşeyi-səvadımı bildirəcəksiniz. Fəqət mən bu qədərcik deyə bilərəm ki, 12 min qoşun Gilandan ötrü çoxdur. Sizdən ötrü daha yaxşıdır ki, bu fövci-əzimin 8 minini Təbriz ordusuna göndəriniz də, 4 mini ilə bizim tərəfə gəlsəniz kifayət edər. Buyurunuz, biz siz alicənabı qəbul etməkdə bir an təkasül etmərik. Səttarxan komitəsinin üzvü olmağa gəldikdə, mən o məqami-mühümmün türbəsini qeyrilərin taci-iftixarına tərcih veriyoram".

Rəşidülmülk tərcümeyi-halına bələd olanların dediyinə görə bu adam İranın o qism ərbab mənsəblərindəndir ki, Şərqə məxsus nökərçilikləri vasitəailə təclili-məqamə müvəffəq oluyor. Nami-nişan alıyor.

Məruf olduğu üzrə Rəşidülmülkün teleqrafında təhqir surətilə deyilən "Rəşt balıqçıları" sözündən qəhr etmiş balıqçılar Rəşidülmülkə çəkdikləri bir teleqraflarında deyirlər ki, "cənab Rəşidülmülk biz sənin o məruf keçmişini bildiyimiz kimi, indiki füzulluqunu da gördük. Bunu biliniz ki, təhqir ilə adını aparmış olduğunuz komiteyi-müqəddəseyi-Səttar hökm verərsə, biz Rəşt balıqçıları hazırıq ki, Ərdəbili təsxir edək. Sənin murdar elədiyin məsnədi-hökuməti lüt istibdaddan təmiz edib adil bir balıqçını oraya oturtmaq ilə əhaliyi-müsəlmanı çəngəli-zülmdən qurtaraq".[1]

Məhəmmədəmin Rəsulzadə daha sonra yazır: "Vilayətlərdən əmniyyətsiz olan Ərdəbil təslim olunub Rəşidülmülk dəxi rəisi-tacidari olan sabiq şah Məhəmmədəli Mirzəyə təqlid edərək qaçıb rus konsulxanasında təhəssün etmişdir".[2]

1909-cu ilin sentyabr ayında Səttar xan Ərdəbilə gəlmişdi. Şahsevən elinin başçıları da, demək olar ki, hamısı Ərdəbilə gələrək Səttar xanla tanış oldular. Lakin bir neçə gün keçdikdən sonra onlar çıxıb getdilər.

Məşrutə inqilabından sonra Məhəmmədəli şahı himayə edən ruslar Qarabağ və şahsevən tayfa başçılarının təhriki ilə Ərdəbil şəhərini öz ordularının qərargahına çevirdilər. 3 minə yaxın rus əsgəri general Fyodrovun rəhbərliyi ilə Ərdəbildə yerləşdirilmişdi. Əhalini müdafiə etmək bəhanəsi ilə Ərdəbilə gələn ruslar mütəmadi olaraq ətraf şəhərlərə və kəndlərə basqınlar edirdilər. Belə bir vəziyyətdə birləmiş əyalətlər və tayfalar da özlərinin yerli mübarizələri ilə daima bu bölgədə çaxnaşmalar yaradırdılar.

Ərdəbil valisi Sərdar Rəşid başda olmaqla xalq Osmanlı ordusunu duz-çörəklə, toy-bayramla qarşıladı.

Sərdar Rəşid 1914-cü ildə Hacı Səməd xan Müqəddəmin yerinə Cənubi Azərbaycana vali təyin edildi. Həmin ilin dekabr ayında Osmanlı ordusu İrana daxil oldu. Rusiya konsuluna çarizmə sadiq qalacağına and içən Sərdar Rəşid osmanlıları gül-çiçəklə qarşıladı. Belə ki, o Təbriz müctəhidləri ilə birlikdə şəhərdən xeyli kənara çıxaraq İslam ordusunun nümayəndələrini duz-çörəklə qarşılamış və sonra isə onların rəislərinin şərəfinə şəhərdə böyük bir ziyafət vermişdi.

1917-ci ilin iyun ayında Sərdar Rəşidin siyasi fəaliyyəti daraldı. İran Demokrat partiyasının Cənubi Azərbaycan əyalət komitəsi Sərdar Rəşidə hələ aprel ayında təklif etmişdi ki, o, beş gün ərzində Təbrizi tərk etməlidir. Yalnız vəliəhd Məhəmmədhəsən mirzənin yardımı sayəsində o bir müddət hakimiyyət başında qala bildi. Lakin xalqın çıxışı get-gedə artırdı. İyunun 17-də Təbrizdə həmin narazılıq kütləvi şəkil aldı. Birləşmiş inqilabçı partiyalar həmin gün vəliəhdin sarayına gələrək Sərdar Rəşidin vəzifəsindən kənar edilməsini və onun yerinə Şərəfüddövlənin təyin edilməsini tələb etdilər. Bu dəfə vəliəhd güzəştə getməyə məcbur oldu. O, Sərdar Rəşidin istefası haqqındakı fərmanı imzaladı. İyunun 21-də Sərdar Rəşid Təbrizdən gizlincə qaçdı. İyunun 24-də onun yerinə Şərəfüddövlə təyin edildi.

  1. 1 2 Məhəmmədəmin Rəsulzadə, "Tərəqqi", № 74, 9 aprel 1909
  2. Məhəmmədəmin Rəsulzadə, "Tərəqqi", № 170, 30 iyul 1909