Nadir şah Əfşarın Herat səfəri

Nadir xan Əfşarın Herat səfəri - 1730-cu ilin avqust ayəndan başlayan və Herat üzərində Səfəvi hakimiyyətinin yenidən bərqərar olması ilə nəticələnən səfər

Nadir xan Əfşarın Herat səfəri
Nadirin yürüşləri
Tarix avqust 1730- fevral 1732
Yeri Xorasan
Nəticəsi Səfəvilərin qalibiyyəti
Münaqişə tərəfləri

Səfəvi imperiyası

Hotakilər

Komandan(lar)

Nadir xan

Zülfüqar xan

Məhəmməd Seydal xan Allahyar xan

Zülfüqar xanın üsyanı[redaktə | mənbəni redaktə et]

Nadir öz qoşunları ilə İraqda (bu günkü İranın cənub-qərbi nəzərdə tutulur) və Azərbaycanda Osmanlı qüvvələrinə qarşı ağır döyüşlər apararkən vaxtilə ondan ağır zərbə almış əbdali əfqanları Şah Təhmasib hakimiyyətinə itaət etməkdən boyun qaçırdılar. Mərkəzi hakimiyyətə qarşı istiqamətlənmiş bu qiyamın təhrikçiləri əslində gilzayi əfqanları idilər. Qəndahar hakimi Sultan Hüseyn Nadirə qarşı tək silah qaldırmağın mümkünsüz olduğunu başa düşərək ilk əvvəl Herat hakimi Allahyar xanı öz tərəfinə çəkməyə çalışdı. Lakin Allahyar xandan rədd cavabı aldıqdan sonra Sultan Hüseyn öz adamlarına Herat əhalisi arasında Nadir xana qarşı təbliğat aparmağı tapşırdı. Çünki, Herat camaatı da Allahyar xanın Nadirə qarşı sədaqətindən razı deyildi.[1]    Bu narazı əbdali əyanları toplanaraq Fərəh hakimi Zülfüqar xanı Herat hakimliyini öz əlinə almağa çağırdılar. “Aləm Ara-ye Naderi”nin verdiyi məlumata görə, Allahyar xanla Zülfüqar xanın atası arasında olan ixtilaflar da Zülfüqar xan tərəfdarlarının ona qarşı sərt mövqe tutmasına səbəb oldu. Bir tərəfdən Sultan Hüseynin fitnələri, digər tərəfdən də Zülfüqar xan tərəfdarlarının Allahyar xana qarşı sərt mövqeyi birləşərək Allahyar xanın Herat hakimliyindən devrilməsi ilə nəticələndi. Allahyar xan müqavimət göstərməyə çalışsa da bir nəticə hasil olmadı və o, Heratı tərk etmək məcburiyyətində qaldı. Ailəsini və uşaqlarını Maruçaq qalasına gətirib sonra oranın hakimi Mövcudqulu xanla birlikdə Məşhədə, Nadirin Xorasan hakimi təyin etdiyi İbrahim xanın yanına gəldi.[2]

Məşhədin mühasirəsi[redaktə | mənbəni redaktə et]

İbrahim xan baş verənlər və Allahyar xanın Məşhədə pənah gətirməsi barədə Nadirə xəbər yolladı. Həmin xəbər Nadirə İranın qərbində olanda gəlib çatdı. Nadir bu xəbəri narahatçılıqla qarşılasa da, İranın qərbində başladığı kampaniyanı yarımçıq saxlamadı.[3] İbrahim xana xəbər göndərdi ki, Allahyar xana ehtiram göstərilsin. Nadir bildirdi ki, İraq və Azərbaycanda başladığı döyüşləri sona çatdırandan sonra Xorasana gələcək və Allahyar xanı yenidən Herat hakimliyinə bərpa edəcəkdir . Herat əyanları toplanıb Zülfüqar xanı Herata gətirdilər və onu da bu şəhərin hakimliyinə çatdırdılar.[4]   Herat əyanları yalnız Heratı Nadirin nəzarəti altından çıxarmadılar. Onlar bu niyyətə düşdülər ki, Nadirin başı Osmanlı türkləri ilə döyüşlərə qarışdığı vaxtda elə Məşhədə də hücum etsinlər. Həm Allahyar xanı ələ keçirib qətlə yetirsinlər, həm də Məşhədi tutsunlar. Bununla, bütün Xorasan vilayəti Herat əyanlarının əlinə keçsin. Zülfüqar xan Məşhədə hücum edilməsinə razı oldu. Mənbələrdə Zülfüqar xanın qoşununun 8-18 min arasında olması haqqında məlumatlar vardır. Tədqiqatçılar isə Zülfüqar xanın rəhbərliyi altında 10 min nəfərlik qoşun toplandığını bildirirlər .[2] Çox güman ki, Nadir əbdali əfqanlarının yenidən qiyam qaldıracağını hiss edirdi və ona görə də İsfahan əfqanlardan təmizləndikdən sonra Xorasana bir alay göndərdi ki, qardaşı İbrahim xan Məşhəddə hakimlik etdiyi dövrdə bu alaya arxalansın. Əfqanların qiyam qaldırması xəbərini Həmədanda eşidəndən sonra sərkərdəsi Bağır xanı Astrabada yolladı. Bağır xana tapşırıq verildi ki, həmin məntəqədə üç minə yaxın tüfəngdar toplasın və zərurət yaranan anda bu qüvvə İbrahim xana qoşulsun. İbrahim xana isə göstəriş verildi ki, Məşhəddə ərzaq və azuqə toplasın. Əfqanlar birdən hücum edib Məşhədi mühasirəyə alsa, orada müəyyən müddət üçün ərzaq ehtiyatı olsun. Eyni zamanda, Nadir İbrahim xana ciddi tapşırdı ki, əfqanlar hücum edəcəyi təqdirdə o, yalnız qala daxilində müdafiə mövqelərində dayansın və qaladan bayırda döyüşə qoşulmasın. İbrahim xan özü də müəyyən hazırlıq görməyə çalışdı. O, ətraf məntəqələrin hakimlərinə qoşun toplamağı tapşırdı və bu istiqamətdə bəzi işlər görə bildi.[5]

Zülfüqar xanın Məşhədə hücum etməsi mənbələrdə geniş təsvir edilmişdir.Qısaca onu qeyd etmək lazımdır ki, əvvəla İbrahim Nadirin göstərişinə əməl etmədi və Zülfüqar xanın qoşunu ilə qaladan kənarda döyüşə girdi. Ola bilsin ki, İbrahim xan qüvvələrinin kifayət qədər yetərli olduğuna əmin idi və ona görə də döyüşə girdi. Burada qarşı tərəflər arasında bir neçə döyüş baş verdi. Bütünlükdə, bu döyüşlər İbrahim xanın uğursuzluğu və əfqanların Məşhəd qalasının mühasirəsini daraltması ilə nəticələndi.[6]

Heratın mühasirəsi[redaktə | mənbəni redaktə et]

Nadir xana bu zaman Məşhəddə məskunlaşan oğlu Rza Qulu Mirzədən iki ədəd məktub gəlir. Məktublarda Qəndahar hakimi Sultan Hüseynin təxribatlarıyla qiyam qaldıran əbdali tayfalarının başçılarından olan Zülfüqar xanın Nadirin Herata vali kimi təyin ettiyi Allahyar xanı məğlub edib Herata hakim olması , o cümlədən, Məşhəd üzərinə yürüş edərək burada Nadirin qardaşı Məşhəd valisi İbrahim xanı da məğlub etməsi barədə məlumat verilirdi. Məktubda deyilirdi: "Əgər şəhərin imdadına yetişməsəniz Məşhəd tezliklə əbdailərin əlinə keçəcək"[1]   

Xorasanda baş verən bu hadisələrdən xəbər tutan Nadir Naxçıvana yürüş etmək fikrindən daşınaraq ilk əvvəl əbdalilər üzərinə getməyə qərar verdi və Xorasana doğru yola çıxdı. Bu ərəfədə o, İraq-Əcəmi və Azərbaycanda məskunlaşan 60 min türkmən ailəsini Xorasana köçürdü. Bunlardan 12 mini "Avşarlar"dan, 2 mini isə Nadirin öz aşirəti olan "Kırklu" qəbiəsindən idi. Nadirin bu addımının əsas səbəbi dövlətin şərq və şimal-şərq sərhədlərini Əfqan, Özbək, Türkmən hücumlarına qarşı qorumaq idi.[7]     

Nadir 1730-cu ilin avqustunda sürətlə Məşhədə doğru yola düşdü. Sultaniyəyə çatdıqda oğlu Rzaqulu Mirzə xəbər verdi ki, əbdalilər Məşəhdin mühasirəsini dayandıraraq Herata doğru geri çəkiliblər. Bu xəbərdən sonra Nadir biraz arxayınlaşaraq Tehranın şimalında yaşayan və üsyana hazırlaşan Yomut, Təkə və Sarıq türkmənləri üzərinə yürüş etdi. Nadirin gəlişindən xəbər tutan bu tayfalar Xivəyə qaçdıqlarına görə Nadirin bu səfəri natamam baş tutdu və 11 noyabr 1730-cu ildə yenidən Məşhədə yola düşdü. Burada oğlu Rzaqulu Mirzə ilə II Təhmasibin tibb bacısı olan Fatma Sultan Bəgümün toylarını etdikdən sonra Herat səfərinə hazırlaşmağa başladı.[1]   

Uzun hazırlıq dövrünü başa vurandan sonra Nadir yürüşə başlamaq əmri verdi. Həmişə olduğu kimi marş zamanı Nadir öz qüvvələrinin mühafizəsini təmin etdi, əsas qüvvələr üçün avanqard və qarovul dəstələri yaratdı. Bütünlükdə isə, qüvvələr üç sütunda qruplaşdırıldı. Həmin sütunlar elə qruplaşdırılmışdı ki, hər biri ayrıayrılıqda müstəqil döyüş aparmaq imkanına malik idi. Hər üç sütunun sağ və sol cinahı, nizədarlardan ibarət pusquda dayananları, tüfəngdarları, topları və zənburəkləri olmaqla 6 günlük azuqə ehtiyatı var idi.

“Aləm Ara-ye Naderi”yə görə, Nadirin qoşununun sayı 36 min nəfər idi və onların əsasını əfşarlar, mərvilər, qaracurlular, qacarlar, bayatlar, bəğayirilər və digər soylar təşkil edirdilər. Göründüyü kimi, Nadir əvvəllər olduğu kimi bu döyüşdə də əsasən türk soylarına arxalanırdı.[7]   

Döyüş hazırlığı[redaktə | mənbəni redaktə et]

Nadir qəti qələbənin əldə edilməsi üçün iki istiqamətdən Zülfüqar xana zərbə vurmağı planlaşdırdı. Əsas zərbə Nadirin özünün rəhbərliyi və iştirakı ilə Herat ətrafında vurulmalı idi. Digər zərbə isə Fərəhdə toplanmış əfqan qüvvələrinə vurulmalı idi ki, oradan Zülfüqar xana kömək göstərmək cəhdlərinin qarşısı alınsın. Bu məqsədlə sərkərdəsi Məhəmməd bəy Mərvini bir alay qüvvə ilə Fərəh istiqamətinə göndərdi. Eyni zamanda Yəzd və Kerman hakimi olan İmamverdi xana da məktub göndərdi ki, rəhbərliyi altında olan qüvvələrlə Fərəhə doğru istiqamət götürsün, Məhəmməd bəy Mərvinin dəstəsi ilə birləşsin və birlikdə Fərəh qalasını ələ keçirsinlər .

Herata doğru hərəkət zamanı Nadir marşrutu üzərində olan və hələlik onun nəzarəti altında olmayan qalaları və məntəqələri də nəzarət altına götürdü. Herat üzərinə qəti hücumun təşkil edilməsi üçün bu şəhərdən üç fərsəng məsafədə olan bir yerdə qoşunlar düşərgə saldı. Nadir qoşunları üç gün həmin məntəqədə istirahət edib həlledici döyüşlərə hazırlaşdılar. Nadirin qoşunlarının Herat ətrafına çatması haqqında Zülfüqar xana da məlumat verildi. Həmin xəbəri alan kimi Zülfüqar xan Herat ətrafındakı əhalini qala daxilinə köçürdü, qalanın möhkəmləndirilməsi tədbirlərinə əl atdı. Qala möhkəmləndiriləndən sonra Zülfüqar xan Nadirlə qarşılaşmaq üçün qoşunu ilə qalanı tərk etdi. Nadir də öz qoşunu ilə onun qarşısına yollandı. O özünün parkını, yüklərini, təchizatını Xaf adlanan qalada saxladı və topların müşayiəti ilə qoşununu Herat döyüşünə çıxardı. Nadir əvvəlcə Kafirqala ətrafında döyüşqabağı mövqe tutmaq və əfqanları da orada qarşılamaq istədi. Buradan axan çay döyüşçülərin içməli suya olan ehtiyacını ödəyə bilərdi.Amma əfqanlar o yerlərə gəlib çıxmadılar. Onda Nadir mövqeləri dəyişdirmək və qoşunlara irəli hərəkət etmək əmri verdi. Nadirin qoşunları Kövsan kəndinə kimi hərəkət etdi. Bura çatanda isə məlum oldu ki, yaxınlıqdakı çayın sahilləri əfqanlar tərəfindən nəzarət altına alınıb. Əfqanlar eyni zamanda cinahlardan birinin qorunması üçün çaya sığınmışdılar. Bu cəhət Nadirin işini çətinləşdirsə də böyük əzmkarlıqla döyüşün hazırlanmasına başladı. Nadir qarşıya qoyulan tapşırığın uğuruna nail olunması üçün bu dəfə də döyüşə ən təcrübəli sərkərdələrini cəlb etdi: Kəlbəli xan, İmamverdi xan Əfşar, Rəhim xan Gəraylı, Məhəmməd Sultan Qaracurlu, Şahqulu bəy Mərvi, Rzaqulu bəy, Pir Məhəmməd Mərvi və başqaları. Zülfüqar xan da uğur qazanacağına ümidini itirməmişdi və inanırdı ki, əbdali və gilzayi döyüşçüləri onun qələbəsinə kömək edəcəklər. Döyüşün səmərəli aparılması üçün o, topları qoşunların ön hissəsində yerləşdirdi.[8]

Döyüşün gedişatı[redaktə | mənbəni redaktə et]

Döyüş də elə hər iki tərəfin top atəşləri ilə başladı. Onların ardınca piyada və süvarilərin irəli atılması ilə döyüş xeyli qızışdı. Nadirin böyük əzmkarlığına baxmayaraq əfqanların müqavimətini qırıb onlara əsaslı zərbə endirmək mümkün olmadı. Mənbələrin verdiyi xəbərə görə, həmin günün gecəsi Herat ətrafında güclü tufan qopdu. Nadir göstəriş verdi ki, qoşun səngərlərə sığınsın, daldalanmaq üçün top və tüfənglərdən istifadə etsinlər və dayandıqları yerdən uzaqlaşmasınlar. Zülfüqar xan isə istədi ki, bu hava şəraitindən faydalansın və xüsusi bir dəstənin vasitəsilə Nadir qoşunlarına zərbə endirsin. “Tarix-e Cahanqoşa-ye Naderi’yə görə. bu dəstəyə Seydal xan, “Aləm Ara-ye Naderi”yə görə isə, Əmənulla xan rəhbərlik edirdi. Əfqanlar gecə ikən çaydan keçib Nadir qoşunları üzərinə qəfil hücuma atıldılar. Bu qəfil hücumla qoşunların mühafizə dəstələri qəfil zərbə altına düşdülər. Nadir yanında olan 8 nəfər tüfəngdarla müdafiə mövqeyi tutdu. Eyni zamanda qoşunlara əmr etdi ki, səngərlərdən bayıra çıxan olmasın və yalnız tüfəng atəşləri ilə əfqanlara cavab verilsin. Həmin gün Nəcəfsoltan Qaracurlunun dəstəsi qoşunların mühafizəsinə məsul idi. Bu dəstə əfqanların ilkin zərbəsini öz üzərinə götürdü və göstərilən əzmkarlıqdan sonra əfqanları geri qovmaq mümkün oldu. Havalar sabitləşəndə Zülfüqar xan böyük bir ruh yüksəkliyi ilə qoşununa hücum əmr verdi. O güman edirdi ki, həm pis hava şəraitindən, həm də susuzluqdan əldən düşmüş Nadir qoşununa üstün gəlmək heç də çətin olmayacaqdır.Nadirin düşərgəsi istiqamətində Sağ Salman qalasını ələ keçirməsi və oranı istinad bazasına çevirməsi Zülfüqar xanı xüsusilə ruhlandırdı. Nadir qoşunları əsasən səngərlərdə yerləşdirilmişdi. Onların önündə toplar və zənburəklər yerləşdirildi. Qaracurlu və Mərv döyüçülərindən ibarət 3 min nəfərlik nizədarlar dəstəsi ehtiyatda saxlanıldı. [9]Mirabutalıb xanın və İsmayıl xan Xəzimənin rəhbərlik etdiyi üç min nəfərlik tüfəngdarlar dəstəsi Nadir tərəfindən hələ gecə ikən əfqanların yolu üzərində pusquya yerləşdirildi. Əfqanlar hücuma atılandan sonra bu dəstə pusqudan çıxaraq onlara arxadan hücum etməli və bununla da əfqanlar mühasirəyə düşməli idilər. Nadirin planında qoşunların əsas hissəsinin qarşısında və ətrafında yerləşdirilmiş artilleriya, cəzayirçilər və tüfəngdarlara böyük ümidlər bağlanılırdı. Döyüşün gedişi də göstərdi ki, Nadir bu ümidində heç də əbəs deyildi və artilleriya ilə tüfəngdarların fəaliyyəti düşünülən planın həyata keçirilməsində xeyli səmərəli oldu.Nadirin əmri ilə tüfəngdarlar bir dizini yerə qoyaraq döyüş mövqeyi tutdular və iki istiqamətdən əfqanların üzərinə güllə yağdırdılar. Bir tərəfdən də top atəşləri qarşı tərəfə endirilən zərbəni gücləndirdi. Böyük itkilər verəndən sonra Zülfüqar xan Herata çəkilib oradakı qalaya sığındı.[9]

Nadir qalada mühasirə olunmuş qüvvələrin xilası üçün heç bir şans vermədi və onların mühasirəni yarmaq cəhdlərinin hamısının qarşısı alındı. Bu yolla Herat qalası 6 ay mühasirədə saxlanıldı. Bu müddət ərzində mühasirədə olan əfqanlardan gizli yollarla qaladan qaçanları da az olmadı. Zülfüqar xanın bundan xəbəri var idi və artıq başa düşürdü ki, qurtuluş imkanları azalmaqdadır. Buna görə o bir də bütün qüvvələrini səfərbər edib şansını sınamaq qərarına gəldi. Son döyüşə Zülfüqar xan 20 minlik dəstə çıxarsada döyüş yenə də Nadirin qalibiyyəti ilə nəticələndi. Yenidən Herat qalasında sığınan Zülfüqar xan Allahyar xana müraciət edib Nadirlə sülh danışıqları aparması üçün vasitəçilik etməsini xahiş etdi. Allahyar xan onun bu təklifini qəbul etdi. Lakin Zülfüqar xan Sultan Hüseynin Qındahardan ona yardım üçün qoşun göndərdiyini zənn edərək Nadirlə danışqlar aparmaqdan bpyun qaçırdı. Nəticədə tərəflər yenidən döyüş meydanında üz-üzə gəldilər. Son döyüş də əfqanların ağır məğlubiyyəti ilə nəticələndi. “Tarix-e Cahanqoşa-ye Naderi”yə görə, bir neçə gündən sonra Allahyar xan çoxlu sayda hədiyyələrlə və bir neçə əfqan əyanının müşayiəti ilə Nadirin düşərgəsinə gəldi və Heratın təslim olduğunu ona bəyan etdi. Nadir razılıq verdi ki, Zülfüqar xana toxunulmasın və o, qardaşı Əhməd xanla birlikdə Fərəhə qayıtsın.[10]   

Allahyar xanın xəyanəti[redaktə | mənbəni redaktə et]

Hər iki tərəfin imzaladığı müqaviləyə əsasən Allahyar xan yenidən Herat hakimi təyin edildi. Lakin çox keçmədən Zülfüqar xan əyanlarının birini Allahyar xanın yanına göndərib onu ədələdi. Allahyar xan da bu hədələrdən qorxdu və bir də Nadirə üzüdönüklük etdi.[11] O bir daha Nadirə qarşı itaətsizlik yoluna əl atdı və yenidən Zülfüqar xanla əlbir olub Nadirə qarşı mövqe tutdu. Tərəflər arasında yenidən qarşıdurma yarandı və ALlahyar xan yenidən Herat qalasına sığındı. Qalanın mühasirəsi 10 ay davam etdi. Mövcud olan məlumata görə, Nadirin tərəfinə keçmiş Əmənulla xan Allahyar xanın sol cinahına qarşı vuruşmaqla əfqanların müqavimətini qırdı və əfqanları Herat qapılarına qədər qovdu. Bununla belə, qaladakılar müqavimət göstərməkdə davam edirdilər.[10] Qala ilə yaxından tanış olan Əmənulla xan qala darvazalarından birinin ələ keçirilməsi üçün Nadirdən icazə istədi. O belə bir plan irəli sürdü ki, qalada qalmış qohum və yaxınlarının vasitəsilə darvazalardan birin ələ keçirsin və qəfil hücumla Nadir qoşunları qalaya daxil olsunlar. Nadir bu plana razılıq verəndən sonra Əmənulla xan qala divarlarına tərəf yola düşdü. Nadir onun müşayiət edilməsi üçün başqa bir dəstəyə də göstəriş verdi. Əmənulla xan qala daxilindəki yaxınları ilə əlaqə saxlayıb darvazalardan birinin ələ keçirilməsini razılaşdırdı. Allahyar xan bundan xəbər tutdu və onun səyləri ilə həm Əmənulla xan, həm də qala daxilində onunla əlaqədə olanlar ələ keçirilib qətlə yetirildilər. Yerli əyanlar söz verdilər ki, Zülfüqar xanla Allahyar xanı da tutaraq onun yanına gətirəcəklər. Bundan xəbər tutan Zülfüqar xanla Allahyar xan gizlicə qalanı tərk etdilər. Nadir Herat ətrafındakı döyüşlərdə xüsusi fədakarlıq göstərmiş Mir Məhəmməd xanı Herat hakimi təyin etdi və itaətsizlik meyllərinin aradan qaldırılması məqsədilə Nadir yerli əhalinin böyük bir hissəsini şəhər ətrafına köçürdü. Bununla da, Heratın itaət altına gətirilməsi başa çatdırıldı. Nadir bir ilə qədər bu işə vaxt sərf etdi. Herat qalasının çox güclü müdafiə imkanlarına malik olması, bir tərəfdən də əfqanların əzmkarlığı qalanın ələ keçirilməsini xeyli uzatdı. Tarixi ədəbiyyatda olan məlumata görə, Herat 1732-ci il fevralın 18-də təslim oldu. Bütün çətinliklərə baxmayaraq, Nadir növbəti qələbəsini əldə etdi və əbdali əfqanlarının müqavimət potensialına ağır zərbə vuruldu.[10]   

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Ateş, 2001. səh. 73
  2. 1 2 Süleymanov, 2010. səh. 189
  3. Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  4. Ateş, 2001. səh. 76
  5. Süleymanov, Mehman. Nadir şah. 2010.
  6. Süleymanov, 2010. səh. 192
  7. 1 2 Ateş, 2001. səh. 75
  8. Süleymanov, 2010. səh. 200
  9. 1 2 Süleymanov, 2010. səh. 202
  10. 1 2 3 Lockhart, 1958. səh. 53
  11. Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ateş, Abdurrahman. AVŞARLI NADİR ŞAH VE DÖNEMİNDE OSMANLI-İRAN MÜCADELELERİ. Isparta. 2001.

Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.

Lockhart, L. The fall of the Safavid dynasty and Afkhan occupation Persia. Cambridge. 1958.

Süleymanov, Mehman. Nadir şah. 2010.

Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996. Dadaşova, Rəhimə. Səfəvilərin son dövrü (ingilis dilli tarixşünaslıqda). Bakı: Nurlan nəşriyyat. 2003. Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006. Tahirzadə, Ədalət. Nadir şah Əfşar. "Çıraq" nəşriyyatı. 2005.