Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi | |||
---|---|---|---|
Nadir şahın Mərkəzi Asiya yürüşü və Nadirin yürüşləri | |||
Tarix | 1740 | ||
Yeri | Səmərqənd | ||
Nəticəsi | Nadir şahın qələbəsi. | ||
Ərazi dəyişikliyi | Səmərqənd ələ keçirildi.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi.
Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı.[2]
Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı. Bunun üçün ilk addım olaraq Amudərya üzərindən körpü tikdirdi. Bu körpü yüklü iki dəvənin yanaşı olaraq oranı keçməsi üçün belə əlverişli idi. Körpü tikintiləri 45 gün çəkdikdən sonra Nadirin əmri ilə körpünün hər iki sahilində istehkamlar ucaldıldı. Hər istehkama isə 5 min döyüşçü yerləşdirildi. Bu hazırlıqlardan sonra, Əfşar ordusu Nadir şahın komandanlığı altında Buxaraya doğru yürüşə başladı və ordunun yorğun olmasına baxmayaraq tez bir zamanda hücumlara başladı.
Amudərya sahilindəki düşərgədən Nadir şah Rzaqulu Mirzəyə 8 min nəfərlik qoşun veərərk Çarco şəhərini ələ keçirməyə göndərdi. Digər sərkərdəsi Əliqulu xanı isə çayın şərqindəki şəhərlərə doğru irəliləmək və tabe olmayan məntəqələri ələ keçirmək tapşırıldı. Rzaqulu Mirzə Çarcoya yaxınlaşdığı zaman şəhər çoxdan artıq boşaldılmışdı. Şəhərin əhalisi Əfşar ordusunun yaxınlaşdığını eşidib, şəhəri tərk edib Xarəzmə getmişdi. Əliqulu xan da güclü müqavimətlə qarşılaşmadan lazimi məntəqələri tabe etdi.[3]
Buxara hakimi Əbülfəz xan Nadirin ordusunun gücündən qorxuya düşərək, vəziri Bi Atalığı Nadirin düşərgəsinə göndərdi. Elçini hörmətlə qarşılayan Nadir onun gətirdiyi sülh təklifini müsbət qarşılasa da, Əbülfəz xanın Qaragüldə görüşmə təklifini rədd etdi. Nadir, Əbülfəz xan əgər sülh istəyirsə özü onun düşərgəsinə gəlməli olduğunu bildirdi və bu istəyi qəbul edildi. Lakin bu zaman Əbülfəz xan müxtəlif tayfalardan toplanmış 100 min nəfərlik ordunun ona kömək etməyə hazır olduğu xəbərini aldı. O, bu ordu ilə həm Nadiri məğlub etməyin, həm də bölgədə nüfuzunu yüksəltməyin mümkünlüyü barədə düşündü və Nadirlə sül bağlı danışıqlarından imtina etdi. Türküstanın bir çox əyanları və qoşun başçıları da Əbülfəz xanın Nadirlə döyüşə girmək qərarını müdafiə etdilər. Sonda Əbülfəz xan ordularını hazırlayaraq Buxaranı tərk etdi. O, Nadiri Buxaranın iki fəsəngliyində yerləşən İslam adlanan məntəqədə qarşılamaq istəyirdi. Nadir Əbülfəz xandan xəbər çıxmayandan sonra öz kəşfiyyatçıları vasitəsiylə olan-bitənləri öyrəndi və sərkərdələri ilə müzakirələrə başladı.[4]
Qoşunların təhlükəsizliyinin təmin edilməsi üçün Hacı xan Kürd və Qasım bəy Əfşarın rəhbərliyi altında 3 minlik bir dəstəyə qarovul vəzifəsi tapşırıldı. Bu qarovul dəstəsi Qatartut məntəqəsi yaxınlığında Əbülfəz xanın qarovul dəstəsi ilə üzbəüz gəldi və onlar arasında döyüş baş verdi. Ağır döyüşdən Nadirin dəstələri qələbə ilə çıxdılar.
Nadir şahın artilleriyası Əbülfəz xanın qoşunlarına ağır itkilər yetirdi. Özbək və türkmən qüvvələrinin ilk dəfə rastlaşdıqları toplar və zənburəklər onlar arasındakı çaşqınlığı daha da artırdı. Xüsusilə, mərkəzdə olan qüvvələr bir-birinə dəydilər. Bununla belə, Əbülfəz xanın dəstələri geri çəkilmədilər. Mərkəzdən irəliləməyin mümkün olmadığını görəndə cinahlardan, topların işləmədiyi istiqamətlərdən hücumu davam etdirdilər. Hər halda qarşı tərəflərin qarşılıqlı səyləri yaxın döyüşün güclənməsinə zəmin yaratdı. Mövcud olan bütün gərginliyə baxmayaraq Nadir şah öz qoşunlarının əsas zərbə qüvvəsini Əbülfəz xanın dayandığı mövqelərə istiqamətləndirə bildi. Bu isə Türküstan qoşunlarının döyüş gücünü parçaladı. Ümumi sıraların parçalandığını görən Ağılı sərkərdəsi döyüş meydanını tərk edib geriyə üz tutdu. Belə olanda Əbülfəz xan da qələbəyə nail ola bilməyəcəyinə əmin oldu və Buxara qalasına sığındı.[5]
Nadirə qarşı qələbə qazana bilməyəcəyini anlayan Əbülfəz xan yenidən elçi göndərərək sülhə razı olduğunu bildirdi. Nadir şah bu barışıq təklifini də qəbul etdi və hətta onun yanına gəlmiş elçilər vasitəsilə Əbülfəz xana qiymətli hədiyyələr də göndərdi. Həkim Atalığın gətirdiyi xəbəri eşidəndən sonra Əbülfəz xan da Nadir şaha qiymətli hədiyyələr göndərdi. Əbülfəz xanla barışıq əldə ediləndən sonra Nadir şah Buxaraya doğru hərəkət etdi. Buxara əhalisinə xətər yetirilməməsi üçün qoşunların təchizat məsələsini Nadir şah Həkim Atalığa həvalə etdi. Nadir şah Buxarada olduğu vaxt ərzində Həkim Atalıq onun qoşunlarının azuqəsini təmin etməli idi. Qoşun başçılarına isə tapşırıldı ki, ərzaq və iaşə məsələləri ilə bağlı döyüşçülər yerli əhalini narahat etməsinlər. Nadir şah tərəfindən nəsəğçilərə də göstəriş verildi ki, qoşunlar arasındakı intizamı nəzarət altında saxlasınlar. Nadirin əmrinə əsasən yerli əhaliyə toxunanlar və intizamı pozanlar həbs və edam edilməli idilər. Buxaraya daxil olandan sonra Nadir şahın adına xütbə oxundu və sikkə vuruldu.[6] İndi qarşıda Səmərqənd şəhərinin ələ keçirilməsi dururdu.
Nadir şahın ordusu 1740-cı ildə Səmərqəndə hücum etdi. Bu zaman Buxara xanlığı artıq Nadir şahın dövlətindən asılı hala salınmışdı. Əmir Teymurun pərəstişkarı olan Nadir şaha görə Səmərqəndin simvolik mənası var idi. Nadir şah Səmərqəndə demək olar ki, müqavimətlə rastlaşmadan daxil oldu və buradan onun dövləti üçün hələ də təhlükə olaraq qalan İlbars xanın üzərinə yürüşə hazırlaşdı.[7]
Səmərqəndi asanlıqla ələ keçirən Nadir şah səmərqəndli, buxaralı və kokandlı qüvvələrdən ibarət 20 minlik ordunun ona yaxınlaşdığı barədə məlumat aldı. Lütfəli xanın başçılığı altında onlara qarşı ordu göndərildi, üsyançılar bundan xəbər tutaraq geri çəkilməyə başlasalar da, Lütfəli xan onlara yetişməyi bacardı və məğlub etdi.
Əfsanəyə görə, Nadir şah Səmərqənddəki Bibixanım məscidinin qızıl, gümüş, qiymətli daşlar, zinət əşyaları və digər bahalı metallardan tökmə qoşa qapılarını, eləcə də bir sıra memarları, sənətkarları, elm adamlarını özü ilə birlikdə Əfşar imperiyasının mərkəzinə gətirmişdir.[8]