Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;17 iyul 1948, Şuşa, DQMV – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü.[1]
Nadir Əlişov | |
---|---|
Əlişov Nadir İsmayıl oğlu | |
Doğum tarixi | 17 iyul 1948 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 mart 2021 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Kiyev şəhəri müsəlman məzarlığı |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | texnika elmləri |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Ukrayna EA-nın V.M.Qluşkov adına Kibernetika İnstitutu |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Elmi rəhbəri | Akademik Boris Yevgenyeviç Paton |
Üzvlüyü | Ukrayna Elmlər Akademiyasının müxbir üzvü |
Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.
Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur.[2]
O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır.
Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Elmi-pedaqoji fəaliyyətini Ukraynada davam etdirmiş, daha sonra professor elmi adına yiyələnmişdir. O, bir müddət Ukrayna Aviasiya Universitetində çalışmışdır.
Səmərəli elmi fəaliyyətinə görə Ukrayna Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Nadir Əlişov həmçinin Ukraynada Azərbaycan diaspor nümayəndəsi kimi aktiv fəaliyyət göstərmişdir. Onun yaratdığı Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan İctimai-Mədəni Mərkəzi uzun illər Azərbaycanın dövlət maraqlarının qorunmasında, milli ədəbiyyatın və mədəniyyətin təbliğ olunmasında əhəmiyyətli rol oynamışdır.
Nadir Əlişov uzun sürən xəstəlikdən sonra 16 mart 2021-ci ildə 72 yaşında Ukraynanın Kiyev şəhərində dünyasını dəyişmişdir. Kiyev şəhərindəki müsəlman məzarlığında dəfn olunmuşdur.[3]