Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarında hələ qədimdən müəyyən türk tayfaları yaşamışdır. Türklər hər zaman bu diyarın yerli sakinləri olmuş[1], Səfəvilər dövründə də Naxçıvan əhalisinin çox az bir qismi müxtəlif ölkələrdən (Mərkəzi Asiya, Ərəbistan, Hindistan və s.) bura gələn bir sıra peşə sahibləri – səyyahlar, tacirlər, sənətkarlar, alimlər və s. istisna olmaqla[2], yerli əhalinin etnik tərkibinin əsasını türk tayfaları təşkil etmişdir.
Bölgədə yaşayan əhalinin etnik tərkibinin araşdırılması sahəsində müxtəlif vaxtlarda akademik B. Budaqov[3], İ. Hacıyev[4], t.e.d. Q. Qeybullayev[1], t.ü.f.d. İ. Kəngərli[5], F. Rzayev[6], İ. Əliyev[7] və başqa alimlər tərəfindən müəyyən tədqiqatlar aparılmışdır. Səfəvilər dövründə bölgə əhalisinin etnik tərkibinin ayrıca tədqiqi ermənilərin bu yerlərdə XIX yüzillikdən geniş şəkildə məskunlaşdıqlarını bir daha göstərir.
Səfəvilər dövründə Naxçıvan əhalisi haqqında dəqiq və ətraflı məlumat verən mənbələrdən "İrəvan əyalətinin icmal dəftəri" (1590-cı il)[8] və "Naxçıvan sancağının müfəssəl dəftəri" (1727-ci il) sənədləri çox əhəmiyyətlidir[9]. Səfəvilər dövründə Naxçıvan diyarı osmanlıların hərbi-strateji maraqlarında olduğundan onlar iki dəfə bölgəni tutmuş və müəyyən müddətə (1588–1603; 1724–1736-cı illər) buranı idarə etmişlər. Adı çəkilən statistik məlumat xarakterli bu sənədlər də həmin idarəçilik illərində Naxçıvan sancağının inzibati ərazi bölgüsü üzrə tərtib edilmişdir. Bəhs edilən sənədlərdə hamısı Azərbaycan mənşəli yer adları daşıyan kənd, qəsəbə, şəhər və s. yaşayış yerlərinin iyirmi yaşdan yuxarı kişi sakinləri adbaad siyahıya alınmış, bölgə əhalisinin yerləşməsi, miqrasiyası, sayı, etnik tərkibi və s. məsələlərlə bağlı xeyli obyektiv məlumat öz əksini tapmışdır. XVI əsrin son rübündə, 1578–1590-cı illərdə baş vermiş Osmanlı-Səfəvi müharibəsi Naxçıvanın demoqrafik vəziyyətinə çox ağır təsir göstərmişdi. Nəticədə bir çox kəndlər tamamilə əhalisiz qalmışdır. Hətta Naxçıvan sancağının Bazarçayı, Zar, Zəbil kimi nahiyələri bütünlüklə boşaldığından bu sancağın daxil edildiyi 1590-cı ilə aid "İrəvan əyalətinin müfəssəl dəftəri"ni tərtib edərkən onların qarşısında "heç kim yaşamır" ifadəsi qeyd olunmuşdur[9]. Bu sənəddə göstərilənlərdən məlum olur ki, XVI əsrin sonunda Naxçıvan sancağının 393 yaşayış məskənindən 269-nun əhalisi öz yerlərini tərk etmişdir. Qeyd edək ki, Osmanlı-Səfəvi müharibələri zamanı əsir götürmələr və sürgün etmələr də əhalinin sayına mənfi təsir göstərirdi. Belə hadisələrdən birində göstərilir ki, 1579-cu ildə osmanlılar tərəfindən Naxçıvan şəhəri və onun ətraf yerlərindən 40 mindən artıq əsir aparılmışdır[10]. Bölgə ərazisindəki yaşayış yerlərinin belə kütləvi şəkildə əhalisizləşməsinin nəticəsidir ki, 1590-cı ildə Naxçıvan sancağı üzrə 6037 nəfər vergi mükəlləfiyəti daşıyan, 20 yaşdan yuxarı şəxsin (kişilərin) adı qeydə alınmışdır[9] (16, s. 12). Əhali sayının azalmasına sonrakı yüzillikdə baş verən Osmanlı-Səfəvi müharibələri də təsir etmişdir. Məsələn, I Şah Abbasın 1605-ci ildə həyata keçirdiyi "Böyük sürgün" siyasəti zamanı Naxçıvan bölgəsindən 70 mindən artıq sakin öz torpaqlarından sürgün edilmişdir[10] (13, s. 134).
Vergilərin toplanması məqsədilə Osmanlı idarəçiliyi zamanı tərtib edilmiş bu sənədlərdə ərazidə yaşayan əhali milli tərkibinə görə yox, dini mənsubiyyətinə görə bölünmüşdür. Hər iki dəftərdən aydın şəkildə görünür ki, qeyri-müsəlmanlar əhalinin ümumi tərkibinə görə çox az bir faizini təşkil etmişlər. "Naxçıvan sancağının müfəssəl dəftəri" üzrə aparılan hesablamaların nəticəsindən məlum olmuşdur ki, 1727-ci ildə osmanlılar tərəfindən qüvvəyə minən "Naxçıvan sancağının müfəssəl dəftəri" üzrə 331 şəhər, qəsəbə, kənd və s. yaşayış yeri qeydə alınmışdır[9] ki, burada 9240 nəfər 20 yaşdan yuxarı kişi əhalinin yaşadığı məlum olur. Qeyd edək ki, bu zaman Naxçıvan sancağının inzibati baxımdan bölündüyü 14 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərənürgüt, Sisyan və Dərələyəz[9]) bölgənin tarixi torpaqlarını əhatə etmiş və həmin vaxt onun tərkibinə sonralar itirilmiş Azərbaycan torpaqları da daxil olmuşdur. Yuxarıda göstərildiyi kimi, XVI əsrin sonunda Naxçıvan sancağının 393 yaşayış məskənindən 269-nun əhalisi öz yerlərini tərk etmişdir. Amma XVIII əsrin 20-ci illərində tamamilə boşalmış yaşayış yerlərinin sayı 95-ə enmişdir. Boş qalmış yaşayış yerlərində insanların məskunlaşması bir tərəfdən yaxşı idisə, digər tərəfdən çox pis idi. Çünki sonradan məskunlaşan əhalinin müəyyən hissəsi yerli deyil, gəlmələr idi. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə bir çox kəndlər – Əlincə nahiyəsinin 1, Dərəşahbuz nahiyəsinin 3, Mülki-Arslan nahiyəsinin 1, Məvaziyi-Xatun nahiyəsinin 2, Qışlağat nahiyəsinin 1, Azadciran nahiyəsinin 3, Şorlut nahiyəsinin 1, Sisyan nahiyəsinin 8, Dərələyəz nahiyəsinin 30 kəndi vardır ki, XVI əsrin sonunda bu kəndlərin bir neçəsini çıxmaqla qalan əksəriyyətində ancaq müsəlmanlar yaşamışdır. Lakin XVIII əsrin 20-ci illərində adlarını sadaladığımız kəndlərdə qeyri-müsəlmanların məskunlaşdığı göstərilmişdir[9]. Bir faktı da vurğulamaq lazımdır ki, müsəlman olmayanlar sonradan məskunlaşdığı üçün bu kəndlərin əksəriyyətində çox az sayda olmuşlar. Məsələn, Dərələyəz nahiyəsinin qeyri-müsəlmanlar məskunlaşmış 3 kəndinin hər birində 1 nəfər, 12 kəndinin hər birində 2 nəfər, 7 kəndinin hər birində 3 nəfər vergi mükəlləfiyəti daşıyan qeyri-müsəlman qeydə alınmışdır[9]. Belə az sayda olmaları da onların sonradan məskunlaşdığını sübut edir. Göründüyü kimi XVI əsrin sonunda qeyri-müsəlmanların sayı XVIII əsrin əvvəllərindəki ilə müqayisədə xeyli az olmuşdur. Bəhs edilən kəndlərdə qeyri-müsəlmanların məskunlaşmasının bir sıra səbəbləri olmuşdur. Birinci növbədə Osmanlı-Səfəvi müharibələri zamanı qeyri-müsəlmanlara toxunulmaması bu yerlərdə onların yerləşməsinə imkanlar açmışdı[11]. İkinci hələ Səfəvilər dövləti zamanından qeyri-müsəlmanlar bu torpaqlarda məqsədli şəkildə məskunlaşmağa başlamışdılar. Məsələn, başqa vilayətlərdən olan qeyri-müsəlman iş adamları bölgədə özlərinə torpaq sahələri satın alırdılar[12]. Üçüncü bir sıra kəndlərdə qeyri-müsəlman mühacirlərin yaşaması I Şah Abbas tərəfindən XVII əsrin əvvəllərində Çuxursəd bəylərbəyiliyindən sürgün olunmuş həmin əhalinin əsrin ikinci yarısında sürgündən qayıdarkən əvvəlki yerlərində deyil, Naxçıvan sancağında məskunlaşması nəticəsində yaranmışdı[13]. Qeyri-müsəlman əhalinin də milli tərkibi fərqli olmuşdur. Belə ki, məsələn, 1727-ci ilə aid "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə Əlincə nahiyəsinin Bənənyar kəndinin 89 nəfər qeyri-müsəlman əhalisinin hamısının Firəng tayfasından olduğu göstərilmişdir[14]. Mülki-Arslan nahiyəsinin Cəhri kəndində isə 81 nəfər firəngin olduğu verilmişdir. Burada diqqət çəkən bir məqamı qeyd etmək yerinə düşər ki, bu siyahıda göstərilən 81 nəfər firəngdən əvvəl kəndin qeyri-müsəlman əhalisi göstərilmişdir[15]. Bu onu deməyə əsas verir ki, həmin firəng tayfasından olanlar qeyri-müsəlman olmamışlar. Elə həmin mənbədə müsəlmanlığı yenicə qəbul etmiş 1 nəfərin adına rast gəlirik[16] ki, bu fikri həmin firənglərə də aid etsək, deməli onlar da müsəlmanlığı qəbul etmiş sayılırdı. XVII əsr türk səyyahı E. Çələbi də bölgə əhalisinin etnik tərkibindən bəhs edərkən göstərmişdir ki, burada yəhudilər çoxdur, monqol tərəkəmə ləhcəsi ilə danışan tayfa və s. vardır[17]. Mətndən aydın olur ki, "çoxdur" ifadəsi başqa etnik azlıqlarla müqayisədə belə verilmişdir. E. Çələbinin qeydləri onu deməyə əsas verir ki, qeyri-müsəlmanların etnik tərkibi ilə yanaşı, dini mənsubiyyəti də fərqli olmuşdur. Qaldı ki, müsəlman əhalinin sayına müəllif elə həmin yerdə şiə əhalinin nəinki çoxluğundan, hətta onların müxtəlif firqələrindən də bəhs etmişdir. Səfəvilər dövründə Naxçıvan əhalisinin əksər hissəsini müsəlman türk tayfaları təşkil etmişdir. Bu zaman Naxçıvanda Kəngərli, Zikri, Beyləqani, Məfruzi, Qızıllı-Şəkərli və s. türk tayfaları yaşamışdır[18]. Əlbəttə ki, bu tayfalar bəhs edilən dövrdən çox-çox əvvəllər bölgənin yerli əhalisi olmuşlar.
Kəngərlilər Naxçıvan bölgəsində qədimdən yaşayan türk tayfalarından biri olmuşdur[19]. Bu tayfa Mərkəzi Asiyadan Cənub-Şərqi Avropaya, oradan Cənubi Qafqaza eramızın ilk əsrlərində Hunların tərkibində gəlmişlər[20]. I əsrdə onlar Cənubi Qafqazda iki regionda – Albaniyanın qərbində, indiki Ermənistan və Gürcüstan respublikalarının sərhəd rayonlarında və Naxçıvanda artıq yaşamaqda idilər[21][22]. Kəngərli tayfası – onun müxtəlif qolları Səfəvilər dövründə Naxçıvan əhalisinin müəyyən hissəsini təşkil etməklə yanaşı, həm də, bu bölgənin idarə edilməsində əsas aparıcı tayfa olmuşdur. Belə ki, XVI–XIX əsrlərdə bu tayfasının nümayəndələri irsi olaraq Naxçıvan ölkəsinin hakimləri olmuşlar[23]. Məhəmməd Xudabəndənin vaxtında Naxçıvanın idarəçiliyi Əbdülqəni Sultana[24], I şah Abbasın hakimiyyəti zamanı Maqsud Sultana verilmişdir[25]. Artıq 1628-ci ildə Maqsud Sultan Naxçıvanla yanaşı Xorasan Kəngərlilərinin də başçısı vəzifəsini tutmuşdur. I Şah Abbasın xələfləri dövründə Nadir bəy Rzaəddin xan (1647), Əliqulu xan (1668), Murad xan (1668–1669), Şərəf xan (1669–1678), Məhəmməd Rza xan (1678–1691) Kəngərlilər Naxçıvana hakimlik etmişdirlər[26]. Məhəmməd Rza xandan sonra isə Naxçıvan ölkəsinin hakimi Səfiqulu xan Kəngərli olmuşdur[27]. Bəhs edilən dövrdə Naxçıvanda Kəngərlilərin Bilici, Səlmanlı, Yurtçu və s. qolları yaşayırdı[28]. V. Qriqoryev 1833-cü ildə nəşr etdirdiyi əsərində Kəngərli tayfasının Naxçıvanda yaşayan 20 qolunu və onların yaşadığı yerləri statistik şəkildə qeydə almışdır. Bunlardan Yurtcu tayfası Cəhri kəndində, Gümüşlülər Govurarx, Xök, Şahtaxtı kəndlərində, Xalxallılar Vayxır kəndində, Qaraxanbəylilər Qaraxanbəyli kəndində, Salayçı tayfası Mahmudoba, Külüs kəndlərində, Kəlfirilər Türkeş, Sələsüz kəndlərində, Qızıllı tayfası Kültəpə kəndində, Qarabağlılar Qarabağlar kəndində, Qızılqışlaqlılar Bulqan kəndində, Pirhəsənlilər Qahab kəndində, Ağabəylilər, Cığataylılar, Qaracalılar, Bilicilər, Qaradolaqlılar, Hacılar, Sarvanlılar, Əlixanlılar, Şahbanılar Naxçıvan şəhərində yaşayan Kəngərli tayfasının qolları olmuşlar[29]. V. Qriqoryevdən başqa rus müəlliflərindən İ. Şopen[30] və K. Smirnov[31] da Kəngərlilərin Naxçıvanda yaşayan müxtəlif qolları haqqında bəhs etmişlər. Kəngərli tayfasının adlarını sadaladığımız qolları artıq Səfəvilər dövründə çoxdan bu yerlərin daimi sakinləri idilər.
Salmanlı, Dünbüli, Bayat, Muğanlı kimi türk tayfalarının bəhs edilən dövrdə Naxçıvanın yerli əhalisinin tərkibini təşkil etməsi haqqında "Naxçıvan sancağının müfəssəl dəftəri"ində məlumat verilir[32]. Göstərilir ki, Dünbüli və Bayat tayfaları bəhs edilən dövrdə daha çox bölgənin Şərur nahiyəsində yaşayırdılar[33]. Hər iki tayfa Kəngərlilər kimi yaşadıqları ərazidə öz aktiv fəaliyyətləri ilə seçildiklərindən onlar da Səfəvi şahları tərəfindən müəyyən vəzifələrin icra edilməsi üçün təyin edilmişlər. Məsələn, I Şah Abbasın hakimiyyəti zamanı Bərgüşad hakimliyi, Xoy və Salmasın idarə edilməsi Dünbulilərə verilmişdi[34]. "Təzkirət əl-müluk" əsərindən isə məlum olur ki, XVIII əsrin birinci rübündə Çuxur-Səd bəylərbəyliyinin inzibati ərazi vahidlərindən biri də Dünbuli ölkəsi adlanırdı[35]. Bayat tayfasının əsas qolu hələ XVI əsrdən şah tərəfindən Kəngərlilər kimi Xorasan vilayətinə köçürülmüş, orada Nişapur vilayətinin idarəçiliyi irsi olaraq bu tayfanın nümayəndələrinə həvalə edilmişdi[34]. Bunlar göstərir ki, bəhs edilən dövrdə bölgə ərazisi bir sıra aparıcı türk tayfalarının yaşayış yerlərindən biri olmuşdur. Səfəvilər dövründə bölgə əhalisinin müəyyən hissəsini digər türk tayfalarından Baharlu, Həramilu, Dövəllu və başqaları təşkil edirdi[36]. Yuxarıda adlarını çəkdiyimiz Məfruzi və Beyləqani adlı türk tayfalarının tədqiq edilən dövrdə Naxçıvanın yerli tayfalarından olduğunu E. Seyidbəyli də göstərmişdir[37]. Onun əsərində Səfəvilər dövrünə aid 3, 4, 5, 6, 7, 8, 21 saylı sənədlərə istinadən bəhs edilən dövrdə Naxçıvanda Qarayaztəkəlu, Qəzalu, Qumi, Gəncəli, Marağeyi, Naxçıvani, Ordubadi, Salehi, Təbrizi, Təsuci, Cəmşidli, Corsi və s. türk tayfalarının yaşadığı məlum olur. Bu dövrdə Naxçıvanda yaşayan bir sıra türk tayfaları XIII əsrdə monqol yürüşləri zamanı bu yerlərə köçürülmüşlər. Tarix üzrə elmlər doktoru V. Piriyev həmin tayfaların Qarxun, Cığatay, Yaycı və s. olduğunu göstərmişdir. Alim qeyd etmişdir ki, Cığataylar sonralar Kəngərlilərin tərkibinə daxil olmuşlar[38]. V. Qriqoriyev də XIX əsrin əvvəllərinə aid statistik məlumatında Cığatay tayfasının Kəngərlilərin qolu olduğunu göstərmişdir[39]. Göstərilən həmin tayfaların adlarına uyğun da yaşayış yerləri yaranmışdır[40]. Belə ki, Cığataylılar Naxçıvan şəhərindəki Cığatay məhəlləsində, Yaycılılar Şərur və Culfa rayonlarının Yaycı kəndlərində, Qarxunlular isə Şərur rayonunun Qarxun kəndində məskən salmışlar. Bu səbəbdən də həmin yaşayış məskənləri bu tayfaların adları ilə adlanmışdır. Qədimdən Naxçıvan ərazisində yaşayan türk tayfalarından biri də Qaraqoyunluların ən böyük qollarından olan Sədli tayfası olmuşdur[41]. Bəhs edilən dövrdə yerli əhalinin müəyyən hissəsini təşkil etmiş Sədlilərin əsas yaşayış yeri Mağazberd və Sürməli mahalları ilə yanaşı həm də Naxçıvan bölgəsi olmuşdur[42],[43]. Bu dövrdə bölgədə kürdlər də yaşamışdır. Onlar Osmanlı-Səfəvi müharibələrindən sonra bu yerlərə Osmanlı sultanları tərəfindən XVI əsrin sonlarında Diyarbəkr və Dəclə çayı sahillərindən köçürülmüşlər. Osmanlılar kürdləri Osmanlı-Səfəvi müharibələri zamanı boş qalmış torpaqlarda yerləşdirmişlər[44][45]. Bu zaman Naxçıvanla yanaşı, Maku və İrəvana da kürdlər köçürülmüşdür. Yuxarıdakı araşdırmalardan məlum olur ki, hələ qədimdən Naxçıvan bölgəsinin yerli sakinləri olmuş müəyyən türk tayfaları Səfəvilər dövründə də bu tarixi Azərbaycan torpağında əhalinin etnik tərkibinin əksər hissəsini təşkil etmiş, bölgənin idarə olunmasında və Səfəvi hakim dairələri sırasında mühüm yer tutmuşlar.
Naxçıvan əhalisi — Naxçıvan Muxtar Respublikasında yaşayan əhali.
İl | Azərbaycanlılar | % | Ermənilər | % | Digərləri 1 | % | CƏMİ |
---|---|---|---|---|---|---|---|
1831[46] | ▲ 17,1383 | 56.1 | ▲ 13,3424 | 43.7 | 1.2 | 30,507 | |
1896[47] | ▲ 49,425 | 56.9 | ▲ 36,671 | 42.2 | ▲ 583 | 0.7 | 86,878 |
1897[48] | ▲ 64,151 | 63.7 | ▼ 34,672 | 34.4 | ▲ 1,948 | 1.9 | 100,771 |
1917[49][50] | ▲ 81,1003 | 60 | ▲ 53,900 | 40 | 135,000 | ||
1926[51] | ▲ 88,433 | 84.3 | ▼ 11,276 | 10.8 | ▲ 4,947 | 4.7 | 104,656 |
1939[52] | ▲ 108,529 | 85.7 | ▲ 13,350 | 10.5 | ▼ 4,817 | 126,696 | |
1959[52] | ▲ 127,508 | 90.2 | ▼ 9,519 | 6.7 | ▼ 4,334 | 3.1 | 141,361 |
1970[53] | ▲ 189,679 | 93.8 | ▼ 5,828 | 2.9 | ▲ 6,680 | 3.3 | 202,187 |
1979[52] | ▲ 229,968 | 95.6 | ▼ 3,406 | 1.4 | ▲ 7,085 | 2.9 | 240,459 |
1989[52] | ▲ 281,807 | 95.9 | ▼ 1,858 | 0.6 | ▲ 10,210 | 3.5 | 293,875 |
1999[54] | ▲ 350,806 | 99.6 | ▼ 17 | 0 | ▲ 3,249 | 0.9 | 354,072 |
2009[55] | ▲ 396,709 | 99.6 | ▼ 6 | 0 | ▼ 1,608 | 0.4 | 398,323 |
1 Ruslar, Kürdlər, Türkiyə türkləri, Ukraynalılar, Gürcülər, Farslar və başqaları. 2 bunların 404 (11.1%) nəfəri yerli və 1,228 (33.6%) gəlmə olub. 3 Azərbaycan türklərinin sayı digər müsəlmanlarla birlikdə göstərilmişdir. 4 bunların 2,690 (8.7%) nəfəri yerli və 10,652 (34.9%) gəlmə olub. 5 ana dilinə əsasən. |
Naxçıvan MR-in əhalisi (99,1 %) Azərbaycan türklərindən ibarətdir.[56] Burada həmçinin ruslar, gürcülər, kürdlər və sair xalqların nümayəndələri də yaşayır. Naxçıvan MR Azərbaycan Respublikasının özünəməxsus demoqrafik inkişaf xüsusiyyətlərinə malik regionlarından biridir.
Muxtar respublikanın 361,2 min əhalisi var (2001, avqust). Əhalinin 96, 2 min nəfəri, yaxud 26,6 %-i şəhər, 265 min nəfəri, yaxud 73,4 %-i isə kənd əhalisidir; 178,1 min nəfəri, yaxud 49,3 %-i kişilərdən, 183,1 min nəfəri, yaxud 50,7 %-i qadınlardan ibarətdir. Naxçıvan MR-in yarandığı 1924-cü ildən keçən dövr ərzində bütünlükdə Azərbaycanda olduğu kimi, burada da əhalinin doğum, ölüm və təbii artım göstəricilərində, həmçinin miqrasiyası prosesində tədricən müəyyən müsbət dəyişikliklər yaranmağa başlamış və bu dəyişikliklər əhalinin artımına zəmin yaratmışdır.
Muxtar respublikanın mövcud olduğu dövrdə əhalinin ən sürətli orta illik artımı bütünlükdə Azərbaycanda əhalinin demoqrafik inkişaf səviyyəsinin ən yüksək göstəriciyə malik olduğu 1960–1970-ci illərə təsadüf etmişdir. 1959–1970-ci illərin əhali siyahıyaalması dövründə Naxçıvan MR-də əhalinin sayı 43 % (Azərbaycan SSR-də 38,4 %) artmışdır. Həmin dövrdə bütünlükdə Azərbaycan SSR-də əhalinin orta illik artım surəti 3,5 % olduğu halda, Naxçıvan MSSR-də 3,9 % təşkil etmişdir. Bu, hər şeydən əvvəl həmin dövrdə muxtar respublikada əhalinin hər 1000 nəfərinə düşən doğum və təbii artım göstəricilərinin Azərbaycan SSR-dən xeyli yüksək olması ilə əlaqədar idi.
Muxtar respublikada 1970–1990-cı illərdə əhalinin sayı 48,6 % artaraq 205,7 min nəfərdən 305,7 min nəfərə, o cümlədən şəhər əhalisi 99,2 % artaraq 51,0 min nəfərdən 101,6 min nəfərə, kənd əhalisi isə 31,9 % artaraq 154,7 min nəfərdən 204,1 min nəfərə çatmışdı. 1990-cı illərin sosial-iqtisadi çətinliklərinə baxmayaraq, bu dövrdə burada əhalinin sayı 15,8 % artaraq 305,7 min nəfərdən 361,2 min nəfərə çatmışdır. Orta sıxlıq 1 km²-də 66 nəfərdir (2001, yanvar).
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı 2013-cü il mayın 1-nə olan statistikaya əsasən 430103 nəfərə çatıb.[57] 2013-cü il mayın 1-nə olan statistikaya əsasən muxtar respublikada əhalinin sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8728 nəfər və ya 2,1% artıb. 2013-cü ilin yanvar-aprel aylarında Naxçıvanda 3500 uşaq anadan olub.