Naxçıvan Muxtar Respublikası coğrafiyası

Naxçıvan coğrafiyası — Naxçıvan Muxtar Respublikasının coğrafiyası.

Landşaft qurşaqları

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi (600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür:

  1. Şərur yüksəklik landşaft qurşağı
  2. Naxçıvan yüksəklik landşaft qurşağı
  3. Ordubad yüksəklik landşaft qurşağı

Şərur yüksəklik landşaft qurşağı

[redaktə | mənbəni redaktə et]

Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil olur. Yovşanlı-şoranlı yarımsəhra daha geniş sahə tutur və Şərqi Arpaçay boyunca şimal-şərqə doğru uzanır. Dağüstü kserofitlər dar bir zolaq şəklində orta dağlıq qurşağın yüksək hissəsini əhatə edir.

Naxçıvan yüksəklik landşaft qurşağı

[redaktə | mənbəni redaktə et]

Naxçıvan yüksəklik şaquli strukturu Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti ilə Aza-Daşbaşı-Səfərdərə xətti arasında qalan sahəni əhatə edir. Burada dağlıq ərazinin eni (Araz çayı ilə Biçənək aşırımı arasında) 60–65 kilometrdir. Dağların ucalığı 800 metr ilə 4000 metr arasında tərəddüd edir. Nəticədə Şərur şaquli strukturundan fərqli olaraq burada xüsusi şaquli qurşaq yaranır. Yayı quraq keçən soyuq yarımsəhra və quru bozqır, yayı quraq keçən soyuq və dağ tundra iqlimi mövcuddur. İllik günəş radiasiyası 145–160 kkal/kv.sm-ə çatır ki, buna da Azərbaycan ərazisinin qalan hissələrində rast gəlinmir. Havanın illik orta temperaturu 2–14,5 dərəcə, illik yağıntı isə 200 mm-dən 900 mm-ə qədərdir. Düzənlik sahədə hava temperaturunun mütləq minimumu mənfi 30 dərəcə, maksimumu isə 43 dərəcədir. Göründüyü kimi, Naxçıvan landşaftı strukturu daxilində təbii qurşaqların sayı artır və mürəkkəbləşir. Nəticədə burada boz, dağ-şabalıdı, dağ-meşə qəhvəyi tipik və qələviləşmiş, dağ çəmən-çimli torpaq tiplərinə; yovşan-şoran, dağ kserofit, meşədən sonra bozqırlaşmış çəmən, yüksək dağlıq alp və subalp çəmənləri bitkilərinə rast gəlinir. Bu struktur daxilində landşaft qurşaqları bir qədər geniş sahəni əhatə edir[1].

Ordubad yüksəklik landşaft qurşağı

[redaktə | mənbəni redaktə et]

Ordubad yüksəklik qurşaq strukturu Aza-Daşbaşı-Səfərdərə xəttindən şərqə Araz-Kilit xəttinə qədər uzanır. Bura, əsasən, yayı quraq keçən soyuq iqlimə malikdir. Havanın illik orta temperaturu 5–14 dərəcə, illik yağıntı isə 800–900mm-ə çatır. Düzənlikdə havanın illik mütləq minimum temperaturu mənfi 22–30 dərəcə arasında tərəddüd edir. Ordubad yüksəklik strukturunun düzənlik hissəsində allüvial-çəmən karbonatlı torpaqlar əsas yertutur. Dik qayalı yamaclarda dağ-şabalıdı, dağ-meşə qəhvəyi və dağ-çəmən torpaqları ensiz bir sahəni əhatə edir. Ordubad yüksəklik strukturunun Naxçıvan yüksəklik strukturundan fərqli olmasının əsas səbəblərindən biri də Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yamacların dik, uçurumlu, səth sularının az, torpaq qatının zəif, bitki örtüyünün çox seyrək, hidrogeoloji şəraitin əlverişsiz olmasıdır. Naxçıvan yüksəklik strukturunda yamaclar az meylli, torpağın nisbi nəmlənməsi artıq, bitki örtüyü zəngin, çay şəbəkəsi qismən sıx, hidrogeoloji şərait isə əlverişlidir. Naxçıvan MR yüksəklik strukturunun təhlilindən aydın olur ki, ərazidə landşaft ancaq şaquli istiqamətdə deyil, üfiqi istiqamətdə də dəyişir.

Düzləmə səthləri

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası müasir relyefinin səciyyəvi cəhətlərindən biri, ərazinin hər yerində relikt düzəlmə səthlərinin yayılmasıdır. Hazırda onlar müxtəlif yüksəkliklərdə yerləşirlər. Relyefdə onlar kiçik plato şəklində müşahidə olunurlar.

Naxçıvan MR ərazisinin düzəlmə səthləri Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamacları boyunca yayılıblar. Dərələyəz silsiləsində şərqdən qərbə və Zəngəzur silsiləsində şimal-qərbdən cənub-şərqə müxtəlif hipsometrik hündürlüklərdə bir-birinə yaxın yerləşən ayrı-ayrı relyefin düzəlmə səthləri inkişaf ediblər. Dərələyəz silsiləsinin cənub yamacı boyu düzəlmə səthləri Naxçıvançay hövzəsində dəqiq əks olunurlar. Onlardan biri, 2200 m yüksəkliyində Naxçıvançayın sağ qolları arasında yerləşir.

Almalıdağdan qərbə, Naxçıvançayın sağ – Küküçay və Sələsuzçay qolları arasında, 2000 m səviyyəsində düzəlmə səthi yerləşib. Onun relyefi bir qədər dalğalıdır, şimal-qərb hissəsi isə təpəlidir.

Dəhnədağ ərazisində 1800 m yüksəkliyində, üzəri valun və çaydaşı ilə təşkil olunan düzəlmə səthi yerləşir. Səthin ümumi meyilliyi cənuba, Naxçıvançayın dərəsinə doğrudur. Düzəlmə səthi qərb və cənubda ortadağlığın intensiv parçalanmış relyefinə sərt qırılır.

Dəhnədağdan şimal-qərbə, 1800 m yüksəkliyində, Cəhriçayın qolları arasında düzəlmə səthi yerləşir. Onun cənub qurtaracağı relyefdə sərt ifadə olunan pillə ilə məhdudlaşır, Cəhriçay dərəsinə doğru istiqamətlənmiş şimal-qərb yamacları isə intensiv parçalanıblar. Bu düzəlmə səthi arxa hissəsi ilə Dərələyəz silsiləsinin sərt parçalanmış cənub yamaclarına dirənirlər.

Naxçıvan MR kənar şimal-qərb hissəsində Bağırsağdərə çayının yüksəklikləri özündə 1800 m səviyyəli düzəlmə səthini təşkil edir hansı ki, dayaz-dalğavari relyef və deformasiyalarla səciyyələnir.

1100–1200 m səviyyəli düzəlmə səthlərinin fraqmentləri relyefdə Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahili boyu, şimal-qərbdən cənub-şərq istiqamətində qalıq şəklində yaxşı ifadə olunurlar. Duzdağ platosu da həmən səviyyəli (1200 m) düzəlmə səthlərinə aiddir. Duzdağın cənub hissəsinin səthi daha intensiv və dərin parçalanma ilə fərqlənir.

Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşən düzəlmə səthləri 2000 m yüksəkliyində Naxçıvançayın sol qolları (Zərnətun və Gömür çayları) arasında müşahidə olunur. Naxçıvançayın sol sahili boyu, Qoturdağ ərazisində, 2000 m səviyyəsində, Naxçıvançayın dərəsinə meyilli düzəlmə səthi yaxşı seçilir.

Nursu kəndi ərazisində 1800 m səviyyəsində düzəlmə səthi yerləşir. Onun cənub-qərb hissəsi Nursuçayın dərəsinə doğru qırılır, şimal və şərq hissələri isə ortadağlığın hündür terraslaşdırılmış yamacları ilə sərhədlənir. Nursuçayın yüksəklikləri səthi iki hissəyə bölür.

1800 m yüksəkliyində, Nursuçay və Şahbuzçay arasındakı ərazidə hamar relyefə malik düzəlmə səthi yerləşir. Şahbuz çayının sol sahilinin böyük hissəsini 2000 m səviyyədəki düzəlmə səthi tutur. Onun şimal hissəsi Zəngəzur silsiləsinin yan qollarının ətəklərinə sıx yaxınlaşır.

2000 m səviyyədəki düzəlmə səthləri kiçik fraqmentlərlə Gilənçayın, Qaradərənin və qismən Əlincəçayın yüksəklikləri daxilində geniş yayılıblar.

Araz çayı depressiyası boyu yerləşən və allüvial-prolüvial çöküntüləri ilə örtülü olan, qədim öndağ maili düzənlikləri hal-hazırda kəskin parçalanıblar və dağların ümumi qalxma hərəkətinə qoşulublar. Onların səthi cənuba, Araz çayının dərəsinə doğru meyillidir. 800–1000 m yüksəkliyində yerləşirlər. Bu, Naxçıvan MR-nın ən cavan səthidir və parçalanmaya məruzdur.

Zəngəzur silsiləsinin qərb və Dərələyəz silsiləsinin şimal-şərq yamaclarında, 2400 m səviyyəsində, ərazinin ən yüksək düzəlmə səthləri qeyd olunur.

Naxçıvan MR-nın düzəlmə səthlərinin formalaşmasında eroziya və denudasiya iştirak ediblər. Düzəlmə səthlərinin morfoloji təhlilindən məlum olur ki, onların nisbi hündürlüyü suayrıcıya doğru tədricən artır və cənuba – Araz çayının dərəsinə doğru azalır, bu Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələrinin qalxmasını sübut edir.

Naxçıvançay hövzəsinin orta axınlarında yerləşən təhlil olunan düzəlmə səthləri, relyefdə sərt uçurum yamaclı qalıq plato kimi əks olunurlar.

Yüksək və ortadağlığ daxilində saxlanılan, çay və onun qolları ilə kəskin parçalanan düzəlmə səthlərinin uçurumlu yamaclarında intensiv yamac prosesləri yaxşı ifadə olunurlar. Bundan savayı, Naxçıvan daxilində müxtəlif hipsometrik yüksəkliklərdə düzəlmə səthlərinin geniş yayılması, burada fasiləli qalxma və uzun müddətli zəif qalxma hərəkətlərinin olmasını sübut edir. Onların intensiv parçalanması, düzəlmə səthlərinin yaranmasından sonra denudasiya proseslərinin böyük güclə cərəyan etməsi barədə deyir. Naxçıvanın dağlıq hissəsinin düzəlmə səthlərinin ümumi sahəsi 220 km2 təşkil edir.[2],[3],[4].

Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşən və tipik dağlıq ölkə olan Naxçıvan MR-in oroqrafiyası başlıca olaraq düzənlik və dağlıq hissədən ibarətdir. Onun dəniz səviyyəsindən orta yüksəkliyi 1400 metrə bərabərdir. Muxtar Respublika ərazisinin mütləq yüksəkliyinin amplituda fərqi 600 metrlə (Kotam yaxınlığında Arazın vadisi) 3906 metr (Qapıcıq zirvəsi) arasında tərəddüd edir. Ərazinin üçdə bir hissəsini təşkil edən və respublikanın ən alçaq sahəsi hesab edilən Arazboyu düzənliyin orta yüksəkliyi 800 metrə yaxındır. Ərazinin üçdə iki hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşməklə, 20 faizinin mütləq yüksəkliyi 2000 metrdən artıqdır. N.İ.Şelepnevin hesablamasına əsasən Naxçıvan MR səthini yüksəkliyinə görə aşağıdakı qaydada bölmək mümkündür.

Mütləq yüksəkliyi

(m-lə)

Sahə

(kv. km-lə)

Faizlə
600–1000 1720 32,9
1000–1500 1600 30,5
1500–2000 1028 19,5
2000–2500 500 9,5
2500–3000 320 6,1
3000 metrdən artıq 80 1,5

Naxçıvan MR-in aşağı düzən zonasını təşkil edən Arazboyu qurşaq Muxtar respublikanın 600–1000 metr yüksəklikdə yerləşən geniş sahəsini əhatə edir. Bu sahə şimal-qərbdə Sədərək düzündən başlayıb Ordubad rayonu ərazisində, Kotam yaxınlığında dar zolaq şəklində yüksək dağlar tərəfindən Arazın sahilinə sıxışdırılır. Düzənlik hissə Araz çayı ilə alçaq dağlıq arasında yerləşməklə gah geniş, gah da dar sahəni əhatə edir.

Naxçıvan MR-nın dağlıq hissəsi, əsasən Zəngəzur və Dərələyəz sıra dağlarından və digər çoxsaylı yan qollardan ibarət olan böyük ərazini tutur və 1000–3900 m mütləq hündürlüklərdə yerləşir.

Dağlıq relyefin parçalanma dərəcəsi eyni olmayıb dərinliyi süxurların litoloji tərkibindən və ərazinin geoloji quruluşundan asılıdır. Öndağlıq üçün, Muxtar Respublikanın şərq yarısında yerləşən struktur-denudasion platoların inkişafı səciyyəvidir.

Naxçıvan MR-nın ərazisi, devondan antropogenə kimi, uzun geoloji inkişaf mərhələsi keçib.

Muxtar Respublikanın relyefində, aşağıda sadalanan, eyni zamanda buranın iri morfostruktur vahidləri olan, əsas oroqrafik elementlər ayrılır:

Arazboyu düzənlik

[redaktə | mənbəni redaktə et]

Muxtar respublika ərazisinin 32 faizini təşkil edərək şimal-qərbdə Ermənistanın Ararat düzənliyilə birləşir. Bu qurşaq bütöv bir düzenlik halında ölmayıb, respublika daxilində bir neçə yerdə-Dərələyəz və Zəngəzur dağlarının meridian istiqamətində uzanan qolları və ya yüksəklikləri vasitəsilə bir sıra maili düzənliklərə (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Ordubad və s.) ayrılır.

Sədərək düzü

[redaktə | mənbəni redaktə et]

Muxtar respublikanın şimal-qərbində Ermənistanın Ararat çökəkliyi ilə sərhədlənən və Dəhnə-Vəlidağ yüksəkliyinədək uzanan Sədərək düzü cənubdan Arazla, şimal-qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənir.

Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan hissələrində gətirmə konusları çökdürülmüşdür. Sədərək düzü 800–940 metr yüksəklik arasında yerləşməklə şimaldan cənuba və qərbdən şərqə doğru meyllidir. Ərazidə əsasən boz torpaqlar yayılmışdır. Onun mərkəz hissəsində allüvial boz torpaqlar, şimal şərq hissəsində isə boz torpaqların bəsit növləri üstünlük təşkil edir. Sədərək düzünün əsas bitkisi yovşandır. Hazırda təbii bitkilər düzənliyin əsasən cənub-şərq və şimal-qərb qurtaracağında saxlanılmışdır. Araz çayından suyunu alan kanal üzərində tikilib istifadəyə verilmiş sudartan stansiyalar, betonlaşdırılmış kanallar, onların üzərindəki hidrotexniki qurğular Sədərək düzünü bol su ilə təmin edir. Üzüm və meyvə bağları, taxıl, şəkər çuğunduru, yem bitkiləri və tütün sahələri hazırda bu stansiyalar vasitəsilə suvarılır.

Şərur maili düzənliyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Şərur maili düzənliyi

Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar — Qıvraq tirəsinədək uzanan Şərur düzənliyi Muxtar Respublika ərazisinin geniş bir hissəsini tutur. Sıx əhaliyə, münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır. Şərur düzündən şərqdə Qarabağlar — Xok — Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında Böyükdüz yerləşir. İqlimin və hidrobji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum dmaqla təbii şoranlaşmaya məruz qalmışdır.

Naxçıvan düzənliyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Naxçıvan düzənliyi

Arazboyu düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Düzdağ tirəsi ilə, cənub qərbdən Arazla, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyilə, şimal-şərqdən Sirab, Nəhəcir, açaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunur. Bu düz Naxçıvan çayı, onun aşağı axınındakı qolları, bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalanır. Qərbdən şərqə doğru Əlincəçay, Qara dərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay və Ordubadçayın gətirmə konusları bir neçə maili düzənliklər əmələ gətirmişdir.. Bunlardan ən çox nəzərə çarpanı Culfa, Yaycı, Dəstə, Ordubad düzənlikləridir. Bu maili düzənliklərin ümumi sahəsi 10 min hektara qədərdir. Arazboyu düzənliyin ən geniş yerinin Şərqi Arpaçayın mənsəb hissəsində yerləşməsi bir tərəfdən burada tektonik çökmə, digər tərəfdən isə fəal eroziya prosesinin getməsilə izah edilə bilər.

Ordubad maili düzənliyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ordubad maili düzənliyi

Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial – prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların gətirdiyi allüvial–prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.

Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şose və dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir. Ordubad düzünün şimal hissəsində, Ordubad şəhəri ətrafında, həmçinin yuxarı Əylisdən cənuba doğru becəriiən dağ qəhvəyi torpaqlar, şərq hissəsində dar zolaq şəklində isə dağ açıq şabalıdı torpaqlar yayılmışdır[5].

Böyükdüz maili düzənliyi

[redaktə | mənbəni redaktə et]

BöyükdüzNaxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. şimaldan cənuba doğru 19–20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır. Böyükdüzün torpaq örtüyü şimalda boz ibtidai, mərkəz hissəsində isə boz torpaqlardan ibarətdir.

Culfa maili düzənliyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Culfa maili düzənliyi

Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır[5]. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır.

Arazyanı silsilələr

[redaktə | mənbəni redaktə et]

Qarabağ vulkanik dağlıqdan cənub-qərbdə, Arpaçay-Bazarçay çökəklikləri zonası ilə ayrılan, Arazyanı-Zəngəzur və Dərələyəz qırışıq-qaymalı sıra dağlar yerləşir.

Zəngəzur horst sıra dağı (ən yüksək zirvə – Qapıcıq dağı, 3904 m), əsasən Mehri-Ordubad plutonunun qranitoidlərindən ibarətdir və şərqdə, Qərb tərəfdən Mehri qrabenini (Ermənistan ərazisində yerləşən) əhatələnən Şərqi-Qapıcıq qirilması ilə kəsilibdir.

Geoloji baxımdan Zəngəzurun yüksəkdağlığı vulkanogen çöküntülərdən ibarətdir. Süxurların litoloji tərkibi daha davamlıdır. Burada aşınanın əsas səbəbi, gündüz və gecə temperaturları arasında böyük fərq səbəbindən yaranan, donuşluq aşınmasıdır.

Zəngəzur silsiləsinin struktur-denudasyon yüksəkdağlığının şimal yarısına, zəif dislokasiyalı vulkanogen süxurlar xasdır. Buranın relyef səthində, alp bitkilərinin inkişaf etdiyi nazik torpaq örtüyü var.

Zəngəzur sıra dağlarının ortadağlıq hissəsində, geoloji baxımdan, əsasən, mezozoyun karbonatlı tuf qatları, kaynazoyun (eosenin) vulkanogen-çökmə qatları yayılmışdır. Ortadağlığın səthi, çaylarla və çoxsaylı qollarla, ayrı-ayrı hissələrə intensiv parçalanıb.

Dərələyəz sıra dağları Naxçıvançay və Arpaçay çaylarının arasında yerləşir. Silsilənin şimal-şərq hissəsi, demək olar ki, enlilik, cənub-qərb hissəsi isə meridional istiqamətdə uzanır.

Dərələyəz silsiləsinin suayrıcı hissəsinin böyük ərazisi fiziki və qismən kimyavi aşınma nəticəsində yaranan, intensiv parçalanmış struktur-denudasyon dağlardan ibarət olub, aşınma məhsulları isə qravitasiya vasitəsi ilə hərəkət edirlər.

Keçəltəpə dağının kiçik hissəsi (16 km2) və Dərələyəz silsiləsinin Ardağlı, Keçəltəpə və Buzqov dağ zirvələrinin arasında yerləşən suayrıcı hissəsi struktur-denudasyon, erozion, hündür, intensiv parçalanmış qırışıqlı dağlardan ibarətdir. Bu ərazi şimaldan cənuba, Lizbirtçay (Cəyriçayın sol qolu) yüksəkliyinin haçalanmış quru dərə şəbəkəsi ilə kəskin parçalanıb. Ərazi üçün uçurumlu, intensiv parçalanmış çılpaq dağ yamacları səciyyəvidir. Onlar, tektonik baxımdan qırılmalarla mürəkkəbləşiblər və alt triasın əhəngdaşından, dolomitlərindən və həmçinin, alt yuranın qumdaşından, gillərindən və mergellərindən təşkil olunublar.

Dərələyəz silsiləsinin ortadağlığında, dağarası çökəklikləri əhatə edən yamaclar sərtdilər və çoxsayda V-şəkilli dərələrə malik çay qolları ilə kəskin parçalanıblar. Bunlar Qaraquş, Ordığlı, Remlər, Qiyadalı dağlarının yamaclarıdır. Geoloji baxımdan, təsvir olunan ərazi, trias dövrünün dolomitlərindən və dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Ərazidə, güclü denudasiya prosesləri nəticəsində yaranan, uçurumlu dağ yamacları səciyyəvidir. Bu proseslərin intensivlik dərəcəsi, Gəlinqaya dağının qayalıq relyefində daha aydın əks olunur.

Zəngəzur silsiləsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Zəngəzur dağları

Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni zamanda Kiçik Qafqazın Azərbaycan ərazisində ən yüksək zirvədir. Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır. Soyuq dağdan (3161 metr) cənubda 12–13 kilometrlik məsafədə sıldırım pillələr şəklində kəskin surətdə alçalaraq uçurumlu, qayalı yamaclarla Arazın yatağına enir. Zəngəzur silsiləsində bir neçə zirvənin yüksəkliyi 3500 metrdən (Nabad dağ, Dəvə boynu, Qazangöl dağı, Səfərdərə, Yağlıdərə, Sarıdərə, Şıxyurdu), bir neçə zirvənin yüksəkliyi isə 3000 metrdən (Ağdaban, Salvartı, Camal, Aracı, Dəmirli dağ, Əyri dağ, Soyuq dağ və s.) artıqdır. Burada aşırımların mütləq yüksəkliyi 2340 metrlə 3700 metr arasında dəyişir.

Dərələyəz silsiləsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dərələyəz silsiləsi

Dərələyəz silsiləsi Naxçıvan MR-in şimal-şərq hissəsində yerləşir və Ermənistan ilə Muxtar Respublika arasındakı sərhəd boyunca uzanır. Bu silsilə başlıca olaraq iki hissədən ibarətdir: biri Cəhri çayının

əsas dərəsindən qərbdə, digəri isə ondan şərqdə yerləşir.

Silsilənin ən hündür hissəsi 2400–2700 metr arasında tərəddüd edir. Burada ən hündür zirvə 2740 metr (Keçəltəpə dağı), ən alçaq aşırım isə 2200 metrdir. Dərələyəz silsiləsinin şimal-qərbdə Naxçıvan MR ərazisinə daxil olan hissəsi çox mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda özünü daha aydın göstərir. Qaraquş, Cəhri, Qaraultəpə, Rəmlər vs Buzqov qolları bu dağ silsiləsindən ayrılır. Dərələyəz silsiləsinin əsas hissəsi olan şərq yarısı şimal-şərqdən cənub-qərb istiqamətində uzanır. Buranın mütləq yüksəkliyi 2900–3110 metrə çatır (Sinor, Küküdağ, Keçəldağ və s.). Silsilənin suayrıcı bəzən dar, bəzən isə çox genişdir, hamarlanmışdır. Onun hər iki yamacı o qədərdə kəskin meylli deyildir. Bəzi yerlərdə nisbi yüksəkliyi 700 metrə çatan uçurumlara da rast gəlmək olur (xüsusilə Küküdağdan cənub-şərqə). Aşırımlar əksər hallarda hamar olub, bəzən üzərində qədim buzlaqların izlərinə (xüsusilə morenlərə) rast gəlmək olur. Dərələyəz silsiləsinin şimal-şərq quıtaracağı 3087 metrlik adsız zirvə yaxınlığında Zəngəzur silsiləsilə biriəşir. Onun cənub-qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının aıası ilə uzanır. Silsilə Təknə dağından başlayaraq 1900 metrdən 1300 metrə qədər (Cəhri çayından şimal-şərqə) alçalır. Onun bir hissəsinin suayrıcı Təknə dağı ətrafında hamar və düzdür. Ondan cənuba getdikcə silsilə qayalı uçurumları olan dar bir zolaq boyu uzanır. Dərələyəz silsiləsindən cənuba, Naxçıvan çayının əsas yatağına doğru getdikcə Təknə, Badamlı, Keçəldağ qolları ayrılır. Bu şaxələrdə dərələrin dərinliyi bəzən 400 metrdən də artıq olur. Keçəldağ qolunun və onun şaxələrinin səthində müşahidə edilən düzəlmə səthləri orta və yüksək dağlıq sahədə geniş yayılmışdır. Cənub yamacların parçalanması arid-denudasion proseslər hesabına cənuba doğru artır. Silsilənin cənub-qərb və mərkəz hissəsindən fərqli olaraq şimal-şərq hissəsində fəaliyyətdə olan sürüşmələr geniş sahə tutur. Bu silsilə üçün ən səciyyəvi cəhətlərdən biri su ayrıcında üç qrupda cəmləşən yüksəkliklərin nəzərə çarpmasıdır. 3000–3100 metr və 2400–2600 metr mütləq yüksəkliklər əsas suayrıcında, 1900–2000 metr mütləq yüksəkliklər isə ondan ayrılan qolların suayrıcı hissəsindədir. Muxtar Respublikanın şimal-qərb qurtaracağında ərazi mürəkkəb oroqrafik şəraitə malikdir. Buradakı dağ zirvələri 2000–2100 m-dən yüksək deyildir (Kömürlü, Ardıc, Mehridağ, Qabaqyal və s.). Bu hissə alçaq və orta dağlıqdan ibarət olmaqla çox da geniş sahəni əhatə etmir. Dağarası çökəkliklər arasında ən irisi Paradaş çökəkliyidir. Bu çökəklik 30 km² sahəni əhatə edir və dibi 1300 metr mütləq yüksəklikdə yerləşir. Çökəkliyin dibi düz və bəzən kiçik təpəciklərdən ibarət olub, eroziya və arid-denudasiya nəticəsində kəskin parçalanmışdır.

Naxçıvan dağarası çökəkliyi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR mərkəzi hissəsinin ərazisində şərqdən Cəyriçayın dərəsi ilə, şimaldan Ağqaya dağı ilə, qərbdən Aznabürt maili düzənliyi ilə sərhədlənən Duzdağ dağının geniş səthi alyuvial platolara aiddir. Duzdağ platosunun substratları yastı qatlara toplanmış, mergel, qumdaşı, müxtəlif rəngli gillərlə təmsil olunan miosenin duzlu qatının süxurlarıdır.

Darıdağ antiklinal massivinin cənub hissəsi daxilində erozion-denudasion plato inkişaf edib. Platonun demək olar ki, tamamilə hamar olan səthinin – cənuba – Araz çayının dərəsinə bir balaca meyilliyi var. Plato, çoxsayda quru dərələrlə ayrı-ayrı hissələrə kəskin parçalanıb. Onun əsası əhəngdaşı ilə örtülmüş gilli çöküntülərdən ibarətdir. Cənub hissə, eol proseslərlə xeyli işlənmiş delyuvial çöküntülərin toplanması ilə səciyyələnir.

Öndağlıq daxilində prolluvial-delluvial maili düzənliklər inkişaf ediblər. Bura, Arpaçayın sol sahilinin böyük hissəsi və sağ sahilinin bir hissəsi aiddirlər. Maili düzənliklərin səthi, daha hündürdə yerləşən tirə və təpə-tirələrin tədricən yuyulması nəticəsində əmələ gələn çınqıllarla örtülüdür.

Yuxarıda qeyd olunanlardan məlum olur ki, Ortaaraz çökəkliyi qalın miosen və pleystosen çöküntüləri ilə doldurulmuş və köndələninə qalxma ilə bir sıra dağarası çökəkliklərə və akkumulyativ-denudasion platolara ayrılmış, iri qoyulma strukturdur.[2],[3]

Təbii ehtiyatlar

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR metal və qeyri-metal faydalı qazıntılar, həmçinin mineral sularla zəngin bir regiondur. Burada molibden, sink-qurğuşun, mis, gümüş, qızıl, civə və başqa metalların: daş duz, kükürd kimi qeyri-metalların: gəc, əhəng, dolomit, travertin, odadavamlı gil, andaluzit, mərmər, tuf daşı və s. kimi tikinti materiallarının yataqları aşkar edilmiş və bunların çoxundan xalq təsərrüfatında geniş istifadə olunur. Muxtar respublikada 200-dən artıqmineral bulaq vardır ki, onlardan Badamlı, Sirab, Vayxır və Darıdağ mineral suları Azərbaycandan kənarda da məşhurdur.

Siyahı

  1. Naxçıvan çınqıl-qum yatağı I — Naxçıvan şəhərinin cənub hissəsində yerləşir, sahəsi 1,33 km², qalınlığı 9,7–9,8 metr, ehtiyatı isə 27957 min m³-dir. Tikintidə və asfalt-beton istehsalında işlədilir.
  2. Naxçıvan çınqıl-qum yatağı II — Naxçıvan şəhərindən 10 km. şimal-şərqdədir. Sahəsi 2 km², qatın qalınlığı 4.5–6,2 metr, ehtiyatı isə 11047 min m³-dir. Hidrotexniki qurğulardakı beton işlərində işlədilir.
  3. Azaçay çınqıl-qum yatağı — Ordubad rayonundakı Aza və Baş Dizə kəndləri arasındadır. Allüvüal yataq yeri bənd tikintisi məqsədi ilə öyrənilərək, ehtiyatı 4375 min m³-dir.
  4. Əlincəçay çınqıl-qum yatağı — Culfa rayonu ərazisindədir. Çınqıl-qum yatağı müxtəlif aşınma süxurları nəticəsində yaranaraq, ehtiyatı 12820 min m³-dir. Tikintidə beton qarışığında istifadə etməyə yararlıdır.
  5. Gənzə çınqıl-qum yatağı — Ordubad rayonu ərazisindədir. Sahəsi 1,2 km², qalınlığı 5 metr, ehtiyatı isə 5261 min m³-dir. Çınqıl-qum qarışığından asfalt-beton işlərində istifadə olunur.
  6. Ordubad çınqıl-qum yatağı — Ordubad şəhərindəki dəmiryol stansiyası yaxınlığındadır. Sahəsi 0,64 km², qalınlığı 5,25–5,95 metr, ehtiyatı isə 6974 min m³-dir. Tikintidəki beton işlərində istifadə olunur.
  7. Pircüvar düzü qum yatağı — Babək rayonundakı məşhur "Əshabi-Kəhf" pirinə gedən asfalt yolun kənarındadır. Tərkibinə görə xırda və narın qum daşı yatağındakı layın qalınlığı birincidə 23, ikincidə isə 3–16 metrdir. Yatağın sənaye ehtiyatı 12366 min m³-dir. Tikinti sənayesində və beton işlərində istifadə olunur.
  8. Dərəlik tuf-qumdaşı yatağı — (Tofus-vulkan qumundan əmələ gəlmiş süxurdur.) Culfa rayonu ərazisindədir. Sahəsi 0,2 km², qalınlığı 25–28 metr, ehtiyatı isə 7538 min m³-dir. Tikintidəki hörgülərdə istifadə etmək olar.
  9. Çalxanqala tuf yatağı (Tofus-vulkan qumundan əmələ gəlmiş süxurdur) — Kəngərli rayonundakı Çalxanqala kəndi ərazisindədir. Çəhrayı-boz rəngli tuf yatağının sahəsi 1 km², qalınlığı 140 metr, ehtiyatı isə 243 min m³-dir. 1977-ci ildən yataq yeri mühafizə olunur.
  10. Naxçıvan daş duz yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/m³). Naxçıvan şəhərindən şimal-qərbdə Duzdağın cənub yamacındadır. Yataqda 5 lay qazılmışdır ki, onlardan ikisi sənaye əhəmiyyətlidir. Birinci layın qalınlığı 4,4–10,3 metr, ikinci layın qalınlığı isə 6,3–10,8 metrdir. Laylardakı xörək duzunun miqdarı 92–98 %-dir. Ehtiyatı 124506 min tondan artıqdır. Duz yatağı 1926-cı ildən sənaye əsasında istismardadır. Ərazidə yerləşən Naxçıvan Filiz İdarəsi tərəfindən gündə 20 ton duz üyüdülərək qablaşdırılır.
  11. Nehrəm daş duz yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/m³). Babək rayonundakı Nehrəm kəndinin şimal-şərq tərəfindən yataqdakı daş duzun qalınlığı 43–92 metr, tərkibindəki xörək duzunun miqdarı 78–92 %, ehtiyatı isə 1378 milyon tondur. Yataq yeri 1946-cı ildə susuzlaşdırılmış soda yatağı adı ilə öyrənilmişdir.
  12. Püsyan daş duz yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/m³.) Şərur rayonundakı Püsyan kəndi ətrafındadır. Duz yatağının qalınlığı 45–80 metrdir. 1955-ci ildə yataq yeri aşkar olsa da elmi şəkildə öyrənilməmişdir. Yataqdakı duzdan malqaranın yemlənməsində istifadə etmək olar.
  13. Sust daş duz yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/m³). Babək rayonundakı Sust kəndi ərazisində 2 daş duz yatağı vardır ki, birincidə xörək duzu 96 %, ikincidə isə 95 %-dir. Yatağın ehtiyatı 15317 min ton olmaqla ehtiyatda saxlanılır.
  14. Duzdağ xörək duzu yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/ m³.) Babək rayonundakı duz qatının ümumi qalınlığı 8,2 metrdir. Yataqdakı duzun kimyəvi tərkibi Na Cl-35 %, Ca Cl2–0,04 %, Mg Cl2–0,6 %-dir.
  15. Naxçıvan gil yatağı I — Naxçıvançayın sağ sahilində olaraq sahəsi 0,07 km², qalınlığı 5 metr, ehtiyatı isə 289 min m³-dir. Gildən bişmiş kərpic istehsalında istifadə edilir.
  16. Naxçıvan gil yatağı II — Naxçıvançayın sol sahilində "Naxçıvan gil yatağı I"-dən 3 km. şimaldadır. Sahəsi 0,06 km², qatın qalınlığı 2,8–5,4 metr, ehtiyatı isə 1513 min m³-dir. 1976-cı ildən istismar edilir, bişmiş kərpic hazırlanır.
  17. Babək gil yatağı — Babək rayonunda qəhvəyi-boz allüvial-dellüvial gil çöküntüləridir. Yatağın qalınlığı 3,4–4,5 metr, ehtiyatı isə 1150 min m³-dir. Həmin gildən bişmiş kərpic və saxsı qablar hazırlanır.
  18. Çeşməbasar gil yatağı — Babək rayonundakı Çeşməbasar kəndi yaxınlığında boz rəngli zəif sementləşmiş gil yatağıdır. Sahəsi 0,2 km², qatın qalınlığı 17–19 metr, ehtiyatı isə 3417 min m³-dir. Kərpic istehsalında yararlıdır.
  19. Təzəkənd gil yatağı — Babək qəsəbəsinin cənub-qərbində tünd-boz rəngli gil yatağının sahəsi 1,6 km², qalınlığı 4,7 metr, ehtiyatı isə 7,3 mln m³-dir. Bişmiş kərpic istehsalına yararlıdır.
  20. Sədərək gil yatağı — Sədərək rayonu ərazisində sahəsi 0,48 km², qalınlığı 4,36 metr, ehtiyatı isə 2092 min m³-dir. Yataqdakı gildən bişmiş kərpic istehsalında istifadə edirlər.
  21. Şahbuz gil yatağı — Şahbuz şəhərindən 2 km şimal-şərqdə Qarababa kəndi ərazisindədir. Tünd boz rəngli gil ilə külçə süxurlarının sahəsi 0,23 km², qalınlığı 1,4–4,7 metr, ehtiyatı isə 973540 m³-dir. Gil bişmiş kərpic istehsalına yararlıdır.
  22. Tumbul gil yatağı — Naxçıvan şəhərinin Tumbul kəndi ərazisindədir. Sahəsi 3,0 km², qalınlığı 4,7 metr, ehtiyatı isə 14,1 mln m³-dir. Kərpic istehsalına yararlıdır.
  23. Dəstə gil yatağı — Ordubad rayonu ərazisində Dəstə kəndi yaxınlığındadır. Boz rəngli gil qatının sahəsi 0,14 km², qalınlığı 4,7 metr, ehtiyatı isə 1150 min m³-dir. Bişmiş kərpic istehsalında yararlıdır.
  24. Qabıllı gil yatağı — Kəngərli rayonundakı Qabıllı kəndi yaxınlığında sarımtıl-boz rəngli gil yatağıdır. Yatağın sahəsi 4 km², qalınlığı 161 metr, ehtiyatı isə 992 min m³-dir. Həmin gildən drenaj su boruları, kərpic və üzlük plitələr hazırlanılır.
  25. Buzqov travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Babək rayonundakı Buzqov kəndi yaxınlığındadır. Sahəsi 0,6 km², qalınlığı 5,7–9 metr, ehtiyatı isə 10409 min m³-dir. 1983-cü ildən istismardadır.
  26. Qarabağlar travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Kəngərli rayonundakı Qarabağlar qəsəbəsi ərazisindədir. Yatağın sahəsi 1 km², qalınlığı 15–40 metr, ehtiyatı isə 4031 min m³-dir. Əsasən tikintidə istifadə edilən travertinin 1 m³ daşından 17,2 m² üzlük plitə alınır. 1984-cü ildən yataq yeri istismara verilmişdir.
  27. Salamməlik travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır). Ordubad rayonu ərazisində Salamməlik dəmiryol stansiyası yaxınlığındadır. Sarı-boz rəngli travertin yatağının sahəsi 1,6 hektar, qatın qalınlığı 5 metr, ehtiyatı isə 143 min tondur. Tikintidə üzlük daş kimi istifadə edilir.
  28. Şaxtaxtı travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Kəngərli rayonundakı Şaxtaxtı kəndi ərazisindədir. Bozumtulağ rəngli travertin yatağının sahəsi 0,8 km², qalınlığı 6,5–22 metr, ehtiyatı isə 7156 min m³-dir. 1968-ci ildən yataq yeri istismardadır.
  29. Cəhriçay mergel yatağı — (Marqa-dolomitli-gilli materiallardan ibarət çökmə süxurdur.) Babək rayonundakı Cəhriçayın hövzəsindədir. Sahəsi 6,4 km², qalınlığı 63 metr, ehtiyatı isə 1049 mln tondur. Suxurdan sement istehsalında istifadə etmək olar.
  30. Lizbirt mergel yatağı — (Marqa-dolomitli-gilli materiallardan ibarət çökmə süxurdur.) Babək rayonundakı Lizbirt çayının yaxınlığındadır. Yatağın sahəsi 3,5 km², qatın qalınlığı 20,5 metr, ehtiyatı isə 169 mln. tondur. Sənayedə mergelə bir neçə əlavələr etməklə, sement hazırlamaq olar.
  31. Qaradaş teşenit yatağı — (Teschen- tam bərkimiş tünd rəngli hipabissal qələvi süxurdur.) Babək rayonu ərazisindəki boz rəngli teşenit, zəif kvarsitlidir. Yatağın sahəsi 0,2 km², qatın qalınlığı 13,5–29,3 metr, ehtiyatı isə 1750 min m³-dir. Yataqdakı teşenitdən tikintidə möhkəm çınqıl kimi istifadə etmək olar.
  32. Nehrəm dolomit yatağı — (Ca Mg (CO2)2-Fransız geoloqu D.Dolomien (1750–1801) şərəfinə adlanan karbonatlar qurupundan olan süxurdur). Babək rayonundakı Nehrəm kəndi yaxınlığındakı Dərəşam dəmiryol stansiyasındadır. Yatağın sahəsi 5 km², qatın qalınlığı min metrdən artıq, ehtiyatı isə 9914 min tondur. Yataq yeri ehtiyatda saxlanılır.
  33. Sirab araqonit yatağı — (Əhəng daşı və dolomitlərin metamorfizmə uğramasından əmələ gələn kristallik süxurdur.) Babək rayonundakı Sirab kəndi ərazisində çəhrayı-ağ rəngli mərmər yatağında 5 damar vardır ki, qalınlıqları 0,1–04 metr, uzunluğu 5–100 metr, sahəsi 2,5 km², ehtiyatı isə 234 m³-dir. Dekorativ bəzək işlərində cilalanmış mərmərdən istifadə olunur.
  34. Culfa konqlomerat yatağı — (Sementləşmiş çınqıl və süxur qırıntılarından ibarət çökmə süxurdur.) Culfa rayonundakı konqlomerat filizi tünd-boz, sarımtıl-boz, əqiq görünüşlü alevrolitlərdən ibarət olaraq əhəngli tuf materialı ilə bərkimişdir. Sahəsi 0,105 km², qalınlığı 12,6–56 metr, ehtiyatı isə 2367 min m³-dir.
  35. Darıdağ mərgümüş yatağı — (As2O3-Arsen filizləri sənaye əhəmiyyətlidir.) Culfa rayonu ərazisindədir. Yataqda üç tip filiz vardır ki, ştokverk tipli auripiqment mərkəzdə yuvacıq tipli antimonit və möhtəvi (püruz) tipli realqar filizidir. (AsS-70,1 %) Filiz kütləsi realqar, auripiqment, antimonit, mərgümüşlü melonovit,pittisit, arsenopirit mənşəli olmaqla vulkan püskürməsindən yaranmışdır. Kimya sənayesində xammaldır.
  36. Ərəzin gips yatağı — (Gypsos-Ca(SO2). 2H2O-təbaşirə oxşar lifli kristaldır, sərtliyi 1,5, sıxlığı 2300 kq/ m³-dir). Culfa rayonundakı Əlincə çayın sağ sahilindədir. Tünd-boz rəngli gipsin, sahəsi 0,05 km², qalınlığı 2,6–5,3 metr, ehtiyatı isə 1323 min tondur. Süxurdakı gipsin miqdarı 62–87 %-dir. 1956-cı ildən çıxarılaraq tikintidə istifadə olunur.
  37. Diaxçay mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonundakı Nüsnüs kəndi yaxınlığında okean səviyyəsindən 2000 m yüksəklikdədir. Yataqda 2 tip filiz vardır ki, misli (ştokverk) və molibdenli damar qatıdır. Birinci tipin tərkibində 0,06–2,25 % mis, 0,1–0,31 % molibden və ikinci tipin tərkibində isə 0,01–0,85 % mislə 0,01–0,27 % molibden vardır. Yataq yeri ehtiyatda saxlanılır.
  38. Göygöl mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər.) Ordubad rayonunda Nürgüt kəndinin yaxınlığında okean səviyyəsindən 3554 m yüksəklikdədir. Yataq əsasən Dəbəkli-Ləkətağla Saqqarsu-Göydağ qırılmalarının kəsişdiyi yerdədir. Filizin qalınlığı 60–140, 900–1700 metr arasında olmaqla misin miqdarı 0,4–1,6 %, molibdenin miqdarı isə 0,01–0,05 %-dir. Yataq yeri ehtiyatda saxlanılır.
  39. Göydağ mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər.) Culfa yatağında Başkəndin yaxınlığında okean səviyyəsində 2050 metr yüksəklikdədir. Ərazidəki filizin tərkibində 0,1–2,7 % mis və 0,01–0,08 % molibden vardır. Əsas filiz mineralları pirit, xalkopirit, sfalerit, qalenit, molibdenit, misin törəmələridir. Yataq yeri ehtiyatda saxlanılır.
  40. Göyhündür mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonundakı Pəzməri kəndi yaxınlığında okean səviyyəsindən 2600 m yüksəklikdə Vənəndçayın mənbəyindədir. Yataqda 6 kvars-mis-molibden damar zonaları vardır ki, qalınlığı 5,6–15 metr, uzunluğu 550–1050 metr məsafədədir. Yataqdakı misin tərkibi 0,44–1,35 %, molibden isə 0,001–0,5 % arasındadır. Yataq yeri ehtiyatda saxlanılır.
  41. Kotam mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonundakı Kotam kəndi yaxınlığında okean səviyyəsindən 2000 m yüksəklikdədir. Yataqdakı filiz zolağının eni 20–80 metr, uzunluğu isə 2,5 km-dir. Filizin tərkibində 0,1–1,5 % mis, 0,01–0,2 % kobalt olaraq əsas mineralları pirit, xalkopirit və.s vardır. Yataq yeri ehtiyatda saxlanılır.
  42. Misdağ mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonunda Zəngəzur dağ yaylasının cənub-qərb yamacında okean səviyyəsindən 3850 m yüksəklikdədir. 1,3–1,5 km enində olan mis-profir yatağındakı mis filizi 0,2–2 %, molibden isə 0,001–0,02 % miqdarındadır. Yataq yeri ehtiyatda saxlanılır.
  43. Yaşıllıq mis-profir yatağı — (Yumuşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər.) Ordubad rayonundakı Pəzməri kəndi ərazisində Şiladzorçayın sahilindədir. Okean səviyyəsindən 2500 m yüksəklikdə təbii şəlalə strukturunda 300 metr qalınlığında, 600 metr məsafədə olan yataqdakı filizlər 0,1–1,4 % mis və 0,01–0,08 % molibden vardır. Yataq yeri ehtiyatda saxlanılır.
  44. Ağyurd qızıl yatağı — (Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında olur). Ordubad rayonundakı okean səviyyəsindən 2300 metr yüksəklikdə olan Misdağ-şəlalə filiz sexidir. Yataqdkı pirit, xalkopirit, molibdenit filiz mineralları tərkibində 0,4–11 q/ton (0,04–1,4 %) qızıl vardır. Yataq yeri ehtiyatda saxlanılır.
  45. Piyazbaşı qızıl yatağı — (Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında olur.) Ordubad rayonundakı Pəzməri kəndi ərazisində okean səviyyəsindən 2700 m hündürlükdədir. Yataqda 73 sayda kvars-sulfid (qızıl) damarları vardır ki, onlardan beşində qızılın miqdarı daha çoxdur. Çıxarılan filizlərin tərkibində 1–15 q/ton qızıl və 0,1–1,8 % mis vardır. Yataqdakı istehsal işləri dayandırılmışdır.
  46. Kələki qızıl yatağı — (Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında olur). Ordubad rayonundakı Kələki kəndi yaxınlığında okean səviyyəsindən 1500 m yüksəklikdədir. Yataqdakı filiz damar zonalı tipində olmaqla 3200 metr şimal-qərb istiqamətində 0,2–1,5 metr qalınlığında və 200–1000 metr uzunluğundadır. Oradakı minerallar pirit, hematit, xalkopirit, mis və qızıldan ibarətdir. Yatağın istismarı dayandırılmışdır.
  47. Şəkərdərə qızıl yatağı — (Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında olur). Ordubad rayonundakı Kələki kəndi ərazisində okean səviyyəsindən 2000 m yüksəklikdədir. Yataqdakı mis-qızıl filizinin damarında 1,4 q/ton qızıl və 1,9 % mis vardır. Yataq yeri ehtiyatda saxlanılır.
  48. Əyilis sürmə yatağı — (Stibium Sb-təbii mineral anti-monitdir.) Ordubad rayonunda okean səviyyəsindən 1500 m yüksəklikdə Əylis kəndi yaxınlığındadır. Sürmə filiz yatağı damar zonaları tipli olaraq Qoruqlar dağının yamacındadır. Damarlardakı filizin qalınlığı 1–5 metr, uzunluğu 200–1000 metrdir. Filizdəki sürmənin miqdarı 0,2–10 %-dir. Poliqrafiya sənayesində istifadəsi yararlı olaraq ehtiyatda saxlanılır.
  49. Parağaçay əndəlisit yatağı — (Slikatlar sinfinə aid mineral AlOAl (SiO4), sərtliyi 7, sıxlığı 3100 kq/m³.) Ordubad rayonundakı Parağaçay molibden yatağının şimal hissəsindədir. Yataqdakı əndəlisitin miqdarı 10–30 %, 65–75 % arasında olaraq, sahəsi 5–6 hektardır. Yataqda 10 metr dərinliyinədək qazılmış 0,5 mln. ton filiz vardır. Sənayedə əndəlisit kvarsitdən elektrik keçirməyən xammal kimi istifadə olunur. Yataq yeri ehtiyatda saxlanılır.
  50. Qapıcıq əndəlisit yatağı — (Slikatlar sinfinə aid mineral AlOAl (SiO4), sərtliyi 7, sıxlığı 3100 kq/m³.) Ordubad rayonu ərazisindədir. Yataqdakı suxurun tərkibində əndəlisit, rutil, muskovit, serisit, kvars qarışıqları olmaqla əndəlisitin miqdarı 10–60 %-dir. Əndəlisit yüksək istiliyə və turşuya davamlı elektrik keçirməyən təbii xammaldır. Yataq yeri ehtiyatda saxlanılır.
  51. Gümüşlü polimetal yatağı — (Əsas komponentləri qurğuşun, sink və s. əlvan (nadir) metallardan ibarət filizlərin kompleksidir.) Şərur rayonundakı Arpaçayın sol sahilindədir. Ərazidəki layvari filiz əhəmiyyətli olaraq, tərkibində 4,5 % qurğuşun, 0,5 % isə sink vardır. Mineroloji tərkibi qalinit, serusit, sfalerit, simitsonit və kalamindən ibarətdir. 1954-cü ildən sənaye üsulu ilə yataqdan filiz çıxarılsa da, hazırda ehtiyatda saxlanılır.
  52. Nəsirvaz polimetal yatağı — (Əsas komponentləri qurğuşun, sink və s. əlvan (nadir) metallardan ibarət filizlərin kompleksidir.) Ordubad rayonunun Nəsirvaz kəndi yaxınlığında okean səviyyəsindən 2300 m yüksəklikdədir. Yataqdakı filizin qalınlığı 60–120 metr, uzunluğu 2,2 km məsafədədir. Filizin tərkibində 1,2 % sink, 1,16 % qurğuşun və 0,4 % mis vardır. Yataq yeri ehtiyatda saxlanılır.
  53. Gömür kükürd yatağı — (Sulfur S-kimyəvi cəhətdən aktiv sarı rəngli bərk kristal maddədir). Şahbuz rayonundakı Gömür kəndi ərazisində buzlaq fəaliyyəti nəticəsində kükürd əmələ gəlmişdir. Əraziyə kükürd piritli andezitlərdən yeraltı isti bulaq suları vasitəsilə yığılmış və orada çökmüşdür. Yataqdakı ehtiyat elmi şəkildə öyrənilməmişdir.
  54. Salvartı opalsaxlayan suxur yatağı — (Opalus SiO2.nH2O-qiymətli bəzək daşı olaraq mineralın sərtliyi 6,5; sıxlığı 1800 kq/m³-dir.) Şahbuz rayonunun Salvartı yaylasındakı (3160 m) su ayırıcından 350 metrlikdədir. Sarı-ağ, yaşıl-boz rəngli şüşə kimi parıldayan süxurlar kaolinləşərək bərkimişdir. Yatağın ehtiyatı 1452 min tondur. Metalların pardaxlanmasında, istilik izoləedicisi kimi sənayesində istifadə olunan qiymətli xammal yatağı elmi şəkildə öyrənilməmişdir.
  55. Oğlanqala mərmər yatağı — (Əhəng daşı və dolomitlərin metamorfizmə uğramasından əmələ gələn kristallik süxurdur.) Şərur rayonundakı Oğlanqala (Ulya Noraşen) kəndindədir. Tünd-boz və qara rəngli kristallik mərmər daşı kəsilərək tikintidə istifadə olunur. Daşın tərkibindəki kalsinitin sıxlığı 2,53–2,72 ton/m³, kalsium oksidin miqdarı 51,8 %, ehtiyatı isə 2299 min m³-dir. Yüksək keyfiyyətli üzlük daşdan tikintidə istifadə olunur.
  56. Vəlidağ mərmər-əhəngdaşı yatağı — (Əhəng daşı və dolomitlərin metamorfizmə uğramasından əmələ gələn kristallik süxurdur.) Şərur rayonu ərazisində Vəlidağ (1242m)-Dəhnə (1154 m) antiklinalının (qırışığın yanlarında) yerləşərək, sahəsi 0,12 km², narın-çınqılın ehtiyatı isə 3271 min m³-dir. Yataqdakı xammaldan tikintilərdə istifadə edirlər.

Dəniz səthindən 1200 metr yüksəklikdə, Naxçıvan şəhərindən şimal-qərbdə 10 kilometrlik məsafədə yerləşən Naxçıvan duz mədənində duzlu təbəqənini qalınlığı 60 metrə çatır.

Naxçıvan duz mədənindən şimalda, onun yaxınlığında Süst duzlağı yerləşir. Buradakı duzun keyfiyyətinin daha yüksək olmasına baxmayaraq hələlik ondan istifadə edilmir. Nehrəm yaxınlığındakı duz yatağı 1948–1950-ci illərdə geoloq B.P.Juzenin başçılığı ilə Azərbaycan geoloji idarəsi tərəfindən tədqiq edilmişdir. Buranın təxmini duz ehtiyatı 1,5–2,0 mld. ton hesab edilir. Yatağın ayrı-ayrı təbəqələri şimal-qərbə doğru 6–10 dərəcəli bucaq altında düşür. Duz qatı 65–370 metr dərinlikdə yerləşərək ümumi qalınlığı 46 metrdən 85 metrə qədər çatır.

Bundan başqa, Nehrəm dolomit yatağının duz yatağından cənub-qərbdə cəmi 10 kilometrlik məsafədə yerləşməsi xüsusilə, böyük əhəmiyyətə malikdir. Dolomit yatağı Arazın sol sahilində bir-birindən ayrı olan iki sahədə yerləşir. Şimal hissədəki birinci yataq dəmir yolunun ətrafında yerləşdiyindən, ondan istifadə imkanı məhduddur. Yatağın ehtiyatı təxminən 50–60 milyon tona bərabərdir. İkinci yatağın ehtiyatı təxminən 400–450 milyon ton hesab edilir. Tikilən soda kombinatı üçün lazım olan əhəngin Vəlidağ əhəng yatağından gətirmək mümkündür. 1962-ci ildə öyrənilmiş bu yataq Dəhnə dağının cənub yamacında yerləşir. Möhkəmlik həddi orta hesabla 760 kq/kv.sm-ə bərabərdir. Kimyəvi tərkibi istifadə üçün əlverişlidir. Ehtiyatı təxminən 34 milyon tondur ki, bu da soda zavoduna lazım olan əhəngin yalnız bir hissəsini təşkil edir.

Tikinti materialları

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR tikinti materialları ilə də son dərəcə zəngindir. Tikinti materialları içərisində aşağıdakılar daha geniş yayılmışdır:

Mərmər yatağı

[redaktə | mənbəni redaktə et]

Şərur rayonunun Dizə kəndi yaxınlığında Şərqi Arpaçayın sağ sahilindəki Qaratəpədə çox böyük ehtiyata malik olan qara mərmər yataqları da diqqəti cəlb edir. Qaratəpə mərmər təbəqələrinin qalınlığı 0,8–1,0 metrə çatır. Mərmər yaxşı kəsildiyinə və asan cilalandığına, həmçinin rənginin (qara və tünd boz) gözəlliyinə, tərkibinin əlverişli olmasına görə ən yaxşı üzlük materialı hesab edilir. Vaxtilə qara mərmər yatağından geniş istifadə olunsa da, indi blokada şəraitində onun istehsalı və göndərilməsi dayandırılmışdır. Bu mərmərə təkcə respublikamızda deyil, həmçinin xaricdə də böyük maraq göstərilir. Ordubad rayonunun Vənənd, Kotam və Kilit, Babək rayonunun Aşağı Buzqov, Şərur rayonunun Diyadin kəndləri yaxınlığında açıq boz və ağ mərmərə rast gəlinir.

Kvarsit yataqları

[redaktə | mənbəni redaktə et]

Parağaçayın yuxarı axınında 2700–3200 metr yüksəklikdə kvarsit yataqları mövcuddur. Muxtar respublikanın polimetal və mis filizi yataqlarında zəyə, Şərqi Arpaçayın orta axınında az miqdarda, səpinti halında fosforitlərə də təsadüf edilir.

Melanterit və epsomit

[redaktə | mənbəni redaktə et]

Kimya sənayesində qiymətli xammal olan melanterit və epsomit Nehrəm kəndindən 1,5 km. şimal-qərbdə yerləşir. Melanteritdən qara və göy rəng (lazur) alınmasında, həmçinin dəri və yunun boyanmasında istifadə edilir. Ondan zəy və dəmir kuporosu da almaq mümkündür. Bu yataq lazımınca öyrənilməmiş və ehtiyatı hesablanmamışdır.

Şoraya Naxçıvan MR-də Araz vadisində, Tumbul kəndi yaxınlığında təsadüf edilir. Bu, gön və dərilərin aşılanması üçün işlədilir, kənd təsərrüfatında gübrə kimi istifadə edilir. İndiyədək ətraflı öyrənilməmiş bu yataqlardan ibtidai üsulla istifadə edilmiş, 1862–1872-ci illərdə Naxçıvanda şora istehsal edən kiçik zavod fəaliyyətdə olmuşdur.

Mineral suları

[redaktə | mənbəni redaktə et]

Dünyada məlum olan mineral suların demək olar ki, əksər növlərinə Naxçıvan MR-də rast gəlmək mümkündür. Burada 200-dən artıq mineral su vardır ki, bunlardan ən məşhurları öz tərkibinə görə dünyada nadir sulardan hesab edilən, böyük debitə və tükənməz ehtiyata malik olan Darıdağ mərgümüşlü mineral suyu, Badamlı, Sirab, Nəhəcir, Qızılvəng, Vayxır, Qahab, Gömür və s. mineral bulaqlarıdır. Bunlardan başqa, bir sıra mineral sular da vardır ki, onlar hələ lazımınca öyrənilməmişdir. Bunlardan Biləv, Tivi, Nəsirvaz, Ələhi, Bist, Xurs, Dəstə, Parağa, Kotam, Kilit, Dımıs, Baş kənd, Bəyəhməd, Qazançı, Ləketağ, Gülüstan, Biçənək, Şahtaxtı, Sürəməlik, Dərəşam və s. bulaqları göstərmək olar. Hələ çox qədimdən insanlar bu sulardan müalicə məqsədləri üçün istifadə etmiş və onlara müvafiq adlar vermişlər. Məsələn, "Qotur suyu" (Gömür). "Yel suyu" (Darıdağ, Vayxır), "Şor su" (Sirab) və sair. Muxtar respublikamızda olan mineral su mənbələrinin XX əsrin əvvəllərindən başlayaraq öyrənilməsi və istismarı sahəsində çox böyük işlər görülmüşdür. Akademik M.Ə.Qaşqayın və professor Ə.Əsgərovun başçılığı ilə aparılan axtarış və tədqiqat işləri sayəsində Naxçıvan MR-də olan mineral suların kimyəvi analizi verilmiş, onların əhəmiyyəti müəyyənləşdirilmiş və bir çox yeni mənbələr aşkara çıxarılmışdır. Çox böyük müalicəvi əhəmiyyətə malik olan Naxçıvan MR mineral sularının öyrənilməsində akademik A.Qarayevin, professorlardan M.Əfəndiyevin, Ş.Həsənovun, T.Paşayevin, R.ƏIiyevin, Ə.Həsənovun, K.Yeqorovun və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.

Aparılan çoxillik kliniki müayinələrə, tətbiqlərə və elmi-tədqiqat işlərinə əsasən müəyyən edilmişdir ki, Darıdağın mərgümüşlü suları qan azlığının aradan qaldırılmasında, sinir sistemi, daxili ifrazat vəziləri, mədə, öd kisəsi və qara ciyər, mədəaltı vəzi xəstəliklərinin müalicəsində, maddələr mübadiləsinin qaydaya salınmasında, ürək əzələsinin fəaliyyətinin artırılmasında, bir sıra dəri xəstəliklərinin, gec sağalan trofik yaraların müalicəsində müvəffəqiyyətlə tətbiq olunur. Əldə edilən nəticələr sübut edir ki, Darıdağ mineral suyu insan orqanizminin bütün toxuma, üzv və sistemlərinə çox böyük müalicəvi təsir göstərir.

Sirab mineral suyu

[redaktə | mənbəni redaktə et]

Sirab suyu Borjomi tipli sulardan üstün olmaqla, çox böyük debitə malikdir. Yüksək müalicəvi əhəmiyyətə malik olan Sirab suyu qastritiər, mədə-bağırsağın yara xəstəlikləri, xroniki kolit və xolesistit, yuxarı tənəffüs yollarının xroniki iltihabı, podaqra, piylənmə, yüngül formalı şəkər xəstəliyi və s. zamanı müvəffəqiyyətlə işlədilir.

Badamlı mineral suyu

[redaktə | mənbəni redaktə et]

Badamlı mineral suyu ürək-qan-damar sisteminə müsbət təsir göstərir, arterial təzyiqin səviyyəsini tənzimləyir, skelorotik prosesin inkişafının qarşısını alır. 4 N-li mineral su qara ciyər və öd kisəsi xəstəliklərinin müalicəsində xüsusilə müsbət nəticə verir.

Qızılvəng mineral suyu

[redaktə | mənbəni redaktə et]

Qızılvəng mineral suyu nadir sulardan olub, məşhur Quniada-Yakoş (Macarıstan) və Botalinski suyunun eynisidir. Bu su adəti qəbizliyi olan xəstələrin müalicəsində böyük əhəmiyyətə malikdir. Ondan öd kisəsi xəstəliyinin müalicəsində də istifadə olunur.

Nəhəcir mineral suyu

[redaktə | mənbəni redaktə et]

Nəhəcir mineral suyu 17 N-li Yesentuki suyu kimi qiymətli qrupa mənsub olmaqla, minerallaşmasına görə ondan daha yüksəkdir. Bu su mədə-bağırsaq, qaraciyər, maddələr mübadiləsi pozğunluğu, sidik-tənasül sistemi üzvləri xəstəliklərinin müalicəsində tətbiq olunur.

Hazırda Naxçıvanın mineral bulaqlarından ancaq Badamlı və Sirab suları şüşələrə doldurulur. Badamlıdakı mineral su zavodu 1947-ci ildə fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikanın hidroqrafiyasının tədqiqində S. H. Rüstəmov, X. C. Zamanov və başqalarının xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasında səth sularının əsasını çaylar və göllər təşkil edir. Muxtar Respublika səth sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər ərazilərindən geridə qalır. Belə ki, ərazidə Araz çayı istisna olmaqla səth suları il ərzində 0,61 km3 təşkil edir

Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbə olan zonada çay şəbəkəsi olduqca zəifdir. Ondan şərqdə isə Zəngəzur dağlarından axan çaylar nisbətən sıx şəbəkə təşkil etsə də həmin çaylar az suludur. Professor S. H. Rüstəmovun hesablamalarına görə ərazinin əsas çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km2-dir. Naxçıvan MR-in çaylarında axımın il ərzində paylanması fəsillər üzrə müxtəlifdir. Muxtar Respublikanın çaylarının əsas qida mənbəyini təşkil edən qar iyunun axırınadək, bəzən isə iyuladək tədricən əriyərək çayların səviyyəsini sabit saxlayır. Buna görə də çaylar apreldən iyunun axrlarınadək bolsulu olur. çayların az sulu vaxtı iyul-sentyabr aylarına düşür ki, bu dövrdə də onların əsas qida mənbəyini yeraltı sular təşkil edir. Nisbətən yaxşı inkişaf etmiş çay şəbəkəsi, Naxçıvançaydan şərqə olan regionu, yaxud Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından axan çayları əhatə edir. Aşağı Arazboyu zonada isə çay şəbəkəsinin sıxlığının azalması müşahidə edilir və 0,20 – 0,40 km / km2 təşkil edir. Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6–10 km, 24-nünki 11–25 km, 7-ninki 26–50 km, 3-nünki (Naxçıvançay, Əlincəçay, Gilançay) 51–100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır (S. Y. Babayev, 1999) Azərbaycanın digər əraziləri kimi, Naxçıvan MR-in müasir hidroqrafik şəbəkəsi də uzun dövr ərzində əmələ gəlmiş və bir sıra dəyişikliklərə məruz qalmışdır.

Morfometrik ünsürləri

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR çaylarının morfometrik ünsürləri aşağıdakı cədvəldə verilmişdir (S.H.Rüstəmov görə):

Çayların adı Çayların uzunluğu

(km-lə)

Su toplayıcı sahə

(km2-lə)

Mütləq yüksəklik

(m-lə)

Orta meyilliyi

(%-lə)

Hövzənin orta yüsksəkliyi

(m-lə)

Çay şəbəkə sıxlığı əmsalı

km2-lə

Mənbəyi Mənsəbi
Çanaqçıçay 36,4 1888 2520 797 47,3 1630 0,56
Arpaçay 126,0 2630 2985 780 17,4 1968 0,54
Naxçıvançay 81,2 1630 2720 748 24,3 1625 0,48
Əlincəçay 61,6 599,2 2800 695 34,2 1610 0,50
Qaradərə 40,0 311,8 2100 686 35,4 1260 0,56
Gilançay 53,4 425,9 2700 678 37,9 2015 0,52
Düylünçay 29,6 123,5 3000 660 79,1 1740 0,59
Vənəndçay 29,4 91,4 3500 650 96,9 1962 0,53
Əylisçay 21.0 57,9 3600 634 141,2 1759 0,60
Ordubadçay 19,0 42,2 3575 630 155,0 2027 0,71
Gənzəçay 15,6 44,6 2700 621 133,3 1781 0,51
Kotamçay 7,8 22,3 2842 617 285,3 1805 0,55
Kilitçay 4,8 9,15 2373 600 369,4 1384 0,53

Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. 1000–2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi burada çay şəbəkəsinin azalmasına səbəb olur. Bu zonada yeraltı sular çoxlu bulaqlar şəklində üzə çıxır. 3000 m və daha yüksək sahələrdə relyef əsasən çılpaq və qayalıq, atmosfer çöküntüləri isə nisbətən az olduğundan, çay şəbəkəsi zəif inkişaf etmişdir. Bəzi çay hövzələrinin (Naxçıvançay, Əlincəçay, Gilançay) 2500 m-dən yüksək sahələrdə çay şəbəkəsinin sıxlığı 0.10 km/kv. km-ə qədər azalır. 1000 m-dən aşağıda yerləşən dağətəyi və düzənlik sahədə çay şəbəkəsinin zəif inkişaf etməsinin başlıca səbəbi bu zonada yağıntının azlığı, buxarlanmanın intensiv getməsi və çay sularının çökmə süxurlara tez hopmasıdır. Naxçıvan MR-in bütün çayları Araz hövzəsinə daxildir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrinin dik yamaclarından götürür.

Axım davamiyyətinə görə Naxçıvan MR-də çayların üç qrupa bölmək olar (S. H. Rüstəmova görə):

  1. Daimi fəaliyyətdə olan çaylar — axım il ərzində mövcuddur.
  2. Quruyan çaylar – axım yazda qarların əriməsi və yağışlar zamanı, həm də qismən yeraltı sular hesabına olur.
  3. Müvəqqəti çaylar – axım yalnız güclü yağışlar zamanı olur.

Bu çaylar arasında əsas fərq onların yeraltı sularla qidalanmasıdır. Birinci qrup çayların yeraltı sulardan qidalanması sabitdir, ikinci qrupda 1–2 ay olur, üçüncü qrupda isə yox dərəcəsindədir. Muxtar respublikada çayların su toplayıcılarının yüksəklik vəziyyəti qidalanma şəraitini və axımın əmələ gəlməsini müəyyən edir və onun dəyişməsindən asılı olaraq çaylar bir qrupdan digərinə keçir.

Su toplayıcıları

[redaktə | mənbəni redaktə et]

Su toplayıcıların yüksəklik vəziyyəti prinsipindən asılı olaraq, ərazinin çaylarını iki qrupa bölmək olar:

  1. Yüksək sutoplayıcı çaylar – su ayırıcı xəttin ən böyük yüksəkliyi bu çaylarda 2500–3000 metrdən artıq olur.
  2. Alçaq su toplayıcı çaylar – su ayırıcı xəttin ən böyük yüksəkliyi 2500 m-dən azdır. Relyef və geoloji şəraitdən asılı olaraq, çay dərələri eninə və uzununa müxtəlif profillərə malirkdir. Çay dərələrinin plan görünüşləri nadir hallarda düz xətli profilləri xatırladır, əksər hallarda isə əyrintilidir.

Naxçıvan MR ərazisində axımın il ərzində paylanmasını üç fazaya ayırmaq olar:

I faza: Payız-qış fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su sərfləri nisbətən davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr ərzində çaylarda illik axımın 10–15%-ə qədəri axır.

II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini əhatə edir. Qarların əriməsindən və yağışların yağmasından əmələ gələn daşqınlar baş verir. Martın ikinci yarısında temperaturun artması nəticəsində çaylarda suyun miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3–5 daşqın müşahidə edilir. May – iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60–70%-i), sonra isə azalmağa başlayır.

III faza: Yayın az sulu dövrünü (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan yağışlar nəticəsində şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı illik axım həcminin 10–15%-ni təşkil edir.

Payız-qış dövründə (noyabr-mart) yay dövrünə nisbətən çayların suyu qar əriməsi hesabına bir qədər artır. Aşağıdakı cədvəldə axımın fəsillər üzrə paylanması verilmişdir:

Çayların adı Məntəqənin adı Axımın fəsillər üzrə bölgüsü(illik axımın ümumi həcminə nisbətən faizlə) İntensiv suvarma dövrü

(%-lə)

Axımın illik həcmi

(mln.m)

yaz

IV-VI

yay

VII-IX

payız

X-XII

qış

I-III

Şərqi Arpaçay Arpa 49,8 26,9 12,0 11,3 2,5 630
Naxçıvançay Qarababa 60,4 20,1 8,8 10,7 8,2 164,7
Əlincəçay Xanağa 40,8 36,2 12,0 8,0 7,9 51,7
Gilançay Başdizə 45,8 34,1 10,4 9,7 14,8 97,7
Vənəndçay Danakert 37,1 37,8 13,7 11,4 16,2 18,0
Ordubadçay Nüsnüs 37,7 29,0 17,1 15,6 16 10,9

Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar. Çay suları ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 km3 –ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km3 təşkil edir.[6]

Naxçıvan Muxtar Respublikasında hövzəsinin böyüklüyünə görə çaylar :

  1. Araz çayı — hövzəsi 1.072 km, sahəsi 102.000 km²
  2. Arpaçay — hövzəsi 126 km,sahəsi 2.630 km²
  3. Naxçıvançay — hövzəsi 81 km, sahəsi 1.630 km²
  4. Əlincəçay — hövzəsi 62 km, sahəsi 599 km². Araz çayının qoludur. Naxçıvan MR-in üçüncü əsas çayıdır. Xəzinədərə və Ləkətağsu çaylarının birləşməsindən əmələ gəlir.
  5. Gilançayı] — hövzəsi 53 km, sahəsi 426 km². Araz çayının qoludur.
  6. Bağırsaqdərə çayı — hövzəsi 33 km, sahəsi 117 km². Araz çayının qoludur
  7. Düyülün çayı — hövzəsi 30 km, sahəsi 124 km². Araz çayının qoludur.
  8. Vənənd çayı — hövzəsi 29 km, sahəsi 91 km². Araz çayının qoludur
  9. Axuraçay (Qabaxlıçay) — hövzəsi 25 km, sahəsi 112 km². Arpaçayın qoludur.
  10. Əyilis çayı — hövzəsi 24 km, sahəsi 58 km². Araz çayının qoludur
  11. Ordubad çayı — hövzəsi 24 km, sahəsi 42 km². Araz çayının qoludur
  12. Parağaçay — hövzəsi 21 km, sahəsi 49 km². Gilançayın qoludur.
  13. Kükü çayı — hövzəsi 20 km, sahəsi 105 km². Naxçıvançayın qoludur.
  14. Salvartı çayı — hövzəsi 10 km, sahəsi 19 km². Naxçıvan çayının qoludur.
  15. Kotam çayı — hövzəsi 8 km, sahəsi 22 km². Araz çayının qoludur
  16. Kilit çayı — hövzəsi 7 km, sahəsi 13 km². Araz çayının qoludur.
  17. Ayçınqıl çayı — hövzəsi 7 km, Vənənd çayının qoludur.

  1. Göygöl — Təbii olaraq okean səviyyəsindən 3065 m. yüksəklikdədir. Su tutumu 9,75 min m³, sahəsi 15 hektar. İyun-iyul ayında su səthinin temperaturu 1–5 Cº-dir.(2006-cı ildə)
  2. Salvartı — Təbii olaraq okean səviyyəsindən 2849m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 3,2 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 5–10 Cº-dir. (2006-cı ildə)
  3. Qanlı göl — Suni olaraq tikilərək 1965-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2420 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,10 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 10–12 Cº-dir. (2006-cı ildə)
  4. Batabat gölü I — Suni olaraq tikilərək 1951-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2113 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 8–10 Cº-dir. (2006-cı ildə)
  5. Batabat gölü II — Suni olaraq tikilərək 1953-cü ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2110 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,7 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 10–11 Cº-dir. (2006-cı ildə)
  6. Batabat gölü III — suni olaraq tikilərək 1955-ci ildə istifadəyə verilmişdir. Okean səviyyəsindən 2109 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 12 Cº-dir. (2006-cı ildə)
  7. Araz dəryaçası — 1971-ci ildə Araz çayı üzərində tikilmiş Araz SES (gücü 20 MQW) nəticəsində suni sürətdə yaradılmışdır. Okean səviyyəsindən 777 m. yüksəklikdədir. Su tutumu 1,350 milyon m³, iyun-iyul ayında su səthinin temperaturu 20–25 Cº-dir. (2006-cı ildə)
  8. Arpaçay dəryaçası — 1977-ci ildə Arpaçay üzərində tikilmiş bənd nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 959m. yüksəklikdədir. Su tutumu 140–150 milyon m³, sahəsi 6,30 kvadrat kilometrdir. (Sağ və sol suvarma kanalları istismara verilmişdir.) iyun-iyul ayında su səthinin temperaturu 18 Cº-dir. (2006-cı ildə)
  9. Vayxır dəryaçası — 1999-cu ildə Naxçıvançayın üstündə qurulmuş bənd nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 1147 m. yüksəklikdədir. Su tutumu 100 milyon m³, sahəsi 4,54 kvadrat kilometrdir. (Sol sahil suvarma kanalı istismara verilmişdir.) İyun-iyul ayında su səthinin temperaturu 18 Cº-dir. (2006-cı ildə)
  10. Bənəniyar gölü — 1987-ci ildə tikilmiş, Əlincəçay ilə doldurulur. Okean səviyyəsindən 1200 m. yüksəklikdədir. Su tutumu 19 milyon m³, sahəsi 6 min hektardır. İyun-iyul ayında su səthinin temperaturu 19–20 Cº-dir. (2006-cı ildə)
  11. Uzunoba gölü — 1961-ci ildə tikilmiş, Naxçıvançayın suyu ilə doldurulur. Okean səviyyəsindən 1000 m. yüksəklikdədir. Su tutumu 8,5 milyon m³, sahəsi 1,2 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 22–25 Cº-dir. (2006-cı ildə)
  12. Sirab gölü — 1979-cu ildə tikilmiş, Sirab çayının (Vayxır dəryaçasının sol kanalı ilə) suları ilə doldurulur. Okean səviyyəsindən 1077 m. yüksəklikdədir. Su tutumu 11,6 milyon m³, sahəsi 1,54 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 22–23 Cº-dir. (2006-cı ildə)
  13. Nehrəm gölü — 1965-ci ildən tikilmiş Əlincəçaydan doldurulur. Okean səviyyəsindən 900 m. yüksəklikdədir. Su tutumu 6 milyon m³, sahəsi 0,85 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 26–28 Cº-dir. (2006-cı ildə)
  14. Xok gölü I — 1997-cı ildə tikilmiş bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 800 m. yüksəklikdədir. Su tutumu 3 milyon m³, sahəsi 35 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 20–25 Cº-dir. (2006-cı ildə)
  15. Xok gölü II — 1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 750 yüksəklikdədir. Su tutumu 400 min m³, sahəsi 8,8 hektardır. Yay aylarında göldə su quruyur. (2006-cı ildə)
  16. Çalxanqala gölü — 1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean səviyyəsindən 1100 metr yüksəklikdədir. Su tutumu 500 min m³, sahəsi 2,5 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə)
  17. Qahab gölü — 1984-cü ildə tikilmiş, Qahab çayından sel suları ilə doldurulur. (Vayxır dəryaçasının sol kanalı ilə doldurulması da nəzərdə tutulmuşdur) Okean səviyyəsindən 1043 m. yüksəklidədir. Su tutumu 1 milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə)
  18. Məzrə gölü — 1984-cü ildən tikilmişdir. Naxçıvançaydan (Vayxır dəryaçasının sol kanalı ilə) doldurulur. Okean səviyyəsindən 1675 m. yüksəklikdədir. Su tutumu 1milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 22 Cº-dir. (2006-cı ildə)
  19. Payız gölü — 1982-ci ildən tikilmişdir. Cəhriçaydan təbii surətdə doldurulur. Okean səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 600 min m³, sahəsi 20 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 16–18 Cº-dir. (2006-cı ildə)
  20. Cəhri gölü I — 1979-cu ildən tikilmişdir. Cəhriçaydan təbii surətdə doldurulur. Okean səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 800 min m³, sahəsi 12 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 16–18 Cº-dir. (2006-cı ildə)
  21. Cəhri gölü II — 1980-cı ildən tikilmişdir. Cəhriçaydan təbii surətdə doldurulur. Okean səviyyəsindən 910 metr yüksəklikdədir. Su tutumu 1,2 milyon m³, sahəsi 18 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 19 Cº-dir. (2006-cı ildə)
  22. Cəhri gölü III — 1981-ci ildən tikilmişdir. Cəhriçaydan təbii surətdə doldurulur. Okean səviyyəsindən 915 metr yüksəklikdədir. Su tutumu 600 min m³, sahəsi 12 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı ildə)[7]

Naxçıvan MR-nın torpaqları S. A. Zaxarov, R. H. Məmmədov, H. Ə. Əliyev, Q. Ş. Məmmədov, M. P. Babayev, Ə. M. Zeynalov M. M. Salayev, Q. Z. Əzizov, P. B. Zamanov, Ə. G. Quliyev, S. Ə. Hacıyev və b. tərəfindən müxtəlif vaxtlarda tədqiq edilmişdir. Naxçıvan MR relyefinin mürəkkəbliyi, ərazidə allüvial, prollüvial və delüvial gətirmələrin bolluğu, hidroloji şəraitin müxtəlifliyi, bitki örtüyünün, kəskin kontinental iqlimin və insanların əsrlər boyu fəaliyyəti burada torpaq örtüyünün tərkibinə və yayılmasına öz təsirini göstərmişdir. Naxçıvan MR-də torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində, relyef xüsusiyyətləri çox böyük rol oynamış və hazırda da öz təsirini göstərməkdədir. Düzənlik sahə, yəni Arazboyu maili düzənlik isti və quraq iqlim şəraitində yaranmış yarımsəhra landşaftı yoxsul bitki və torpaq örtüyünə malikdir. Naxçıvan MR əhalisi çox qədimdən əkinçiliklə məşğul olmuşdur. Odur ki, torpaq əmələgəlmə prosesində insanların təsərrüfat fəaliyyətinin rolu böyükdür. Qədimdən becərilib suvarılan torpaqlar əsasən, Arazboyu düzənlik sahədədir. Burada bəzən təkrar şorlaşmaya məruz qalmış torpaqlara da rast gəlinir.[1] Naxçıvan MR ərazisində 15 torpaq tipi və növü vardır ki, onlar da aşağıdakı şəkildə qruplaşdırılmışdır:

Çimli dağ-çəmən

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar 2200–2400 metr yüksəkliyə malik dağlıq sahələrdə, orta illik yığıntıların qismən artıq olduğu Batabat gölü ərazisində, Biçənək aşırımında, Bist, Tivi, Parağa və başqa kəndlər ətrafında yayılmışdır. Bir sıra yarımtiplərdən və növlərdən ibarət olan bu torpaqlar şimal və qərb yamaclarda yaxşı inkişaf etmiş, şərq və cənub yamaclarda isə xeyli yuyulmuş və yuxalaşmışdır. Dağ yamaclarının meylliyi artığından əksər hallarda dik yamaclı qayalıq sahələr gəniş yer tutur və çimli dağ-çəmən torpaqların vahid zona şəklində yayılması pozulur. Ona görə də çimli dağçəmən torpaqları əsasən ayrı-ayrı sahələr şəklində inkişaf etmişdir. Çimli dağ-çəmən torpaqlarının başlıca morfoloji nişanəsi torpaq profilinin orta qalınlıqlı və yuxa, əksərən skeletli, üst qatların çimli və çox vaxt strukturlu olmasıdır. Tək-tək hallarda bu torpaqların qalın və skeletsiz növlərinə də təsadüf edilir. Qalınlığı 100 sm-lə 10 sm arasında dəyişən bu torpaqlarda humusun miqdarı 2,04–4,2 faiz arasında tərəddüd edir. Bu torpaqlarda karbonatlar olmur ki, bu da onların turş süxurlar üzərində törəməsi ilə izah oluna bilər. Yağıntıların az düşdüyü sahələrdə zəif rütubətlənmə nəticəsində çimləşmə nisbətən yaxşı inkişaf etməmişdir. Bu torpaqlarda humusun miqdarı az, tərkibi isə bir qədər daşlı olur. Ordubad rayonu ərazisindəki bu torpaqlarda üzvi maddələr 2–3 faizi təşkil edir, mexaniki tərkibi gillicəlidir[5]. Çimli dağ-çəmən torpaqlarında ot-çəmən bitkiləri yaxşı inkişaf etdiyindən, həmin sahələrdən yay otlaqları kimi istifadə etmək əlverişlidir. Bəzən bu torpaqların çox qalın növlərinin yayıldığı az meylli yamaclar dənli bitkilər əkmək üçün istifadə olunur. Lakin yüksək məhsul əldə edilmir. Bu əsasən torpaqların yuxa olması ilə əlaqədardır. Burada eroziya ilə mübarizə məsələsi ən başlıca tədbirlərdəndir. Bu torpaqların yayıldığı sahələrdə maldarlığın inkişaf etdirilməsi daha çox məqsədəuyğundur.

Dağ-çəmən-bozqır

[redaktə | mənbəni redaktə et]

İqlimi nisbətən quraq keçən dağlıq rayonlarda yayılmış bu torpaqlar əsasən 1200–1800 m mütləq yüksəkliklər arasında yayılmışdır[5]. Çimli dağ-çəmən torpaqlara nisbətən burada bitki örtüyü zəif inkişaf edir, torpaqəmələgətirmə prosesi quraq şəraitdə keçir. Bu torpaqlarda çim qatı nazik, torpaq profilinin rəngi isə nisbətən bozumtuldur. Torpaqların qalınlığı və yamacların meylliyindən asılı olaraq eroziya dərəcəsi müxtəlifdir. Mexaniki və kimyəvi tərkibinə görə çimli dağ-çəmən torpaqlarına çox yaxındır. Bu torpaqların heyvandarlıqla yanaşı, əkinçilikdə də böyük əhəmiyyəti vardır. Eroziya ilə mübarizə burada da əsas məsələ sayılmalıdır.

Dağ-çəmən-meşə

[redaktə | mənbəni redaktə et]

Nəmlənmə şəraiti bir qədər yaxşı olan yamaclarada yayılmışdır. Məlumdur ki, Naxçıvan MR ərazisində təbii meşə örtüyü çox az sahəni (3016 hektar) əhatə edir. Ona görə də bu növ torpaqlar çox az sahədə — Naxçıvançayın hövzəsində, Zəngəzur silsiləsinin cənub-qərb yamaclarında yayılmışdır. Torpaqlarda humusun miqdarı 3–4 faizə qədər çatır. Meşələrin qırılıb məhv edilməsi və bəzi sahələrdə onların kolluqlarla əvəz olunması həmin sahələrdə torpağın qalınlığının azalmasına, onun eroziyaya məruz qalmasına səbəb olmuşdur. Bu sahədə meşənin yenidən bərpa edilməsi çox zəruridir.

Dağ-meşə qəhvəyi

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar, əsasən, Şahbuz rayonunda Biçənək aşırımı ətrafında az bir hissədə yayılmışdır. Nisbətən quru iqlim şəraitində, yüksək dağlıq qurşağın aşağı hissəsində (1300–1600m) başlıca olaraq karbonatlı süxurlar üzərində yerləşən bu torpaqların maksimal qalınlığı 200 sm-ə çatır. Lakin çox zaman onların da orta qalınlıqlı və yuxa növlərinə rast gəlinir. Xüsusilə, meşəsi qırılmış dik sahələrdə torpaqlar şiddətli eroziyaya məruz qalmış, bəzən isə sal süxurlar üzə çıxmışdır. Dağ-meşə qəhvəyi torpaqlar üçün qəhvəyi və boz qəhvəyi rəng, 20–30 sm-lik humuslu qat, aşağı qatlarda karbonatlılıq, profilin orta hissəsində möhkəm gillilik əsas xarakterik əlamətlər sayılır. Bu torpaqlar gilli və ağır gillicəli olub humusla nisbətən zəngindir. Humusun miqdarı 4–7 faizə qədər çatır[5]. Çay dərələri və yamaclarında, süni terraslarda, suvarılan meyvə bağlarından, əkilən sahələrdə dağ-meşə qəhvəyi torpaqları xeyli dəyişilmiş, əksərən yekrəng, bərkimiş, zəif strukturlu və az humusludur. Dağ-meşə qəhvəyi torpaqların bozqırlaşmış növlərindən kənd təsərrüfatında geniş istifadə olunur.

Başlıca olaraq talalar şəklində, əksərən dağ-çəmən bozqır torpaqlarla birlikdə və ayrı-ayrı sahələrdə yayılmışdır. Tipik nümunəsi Badamlı kəndi ətrafındakı düzənlikdədir. Bu torpaqlar qaramtıl və qəhvəyi qara rəngdə, dənəvər strukturlu, humus qatı xeyli qalın, az skletli olur. Mexaniki tərkibcə gilli və ağır gillicəlidir. Ozvi maddələrlə zəngindir, humusun miqdarı 5–6 faizə çatır. Dağ qara torpaqlar əkinçilikdə geniş istifadə edilir. Bizim fikrimizə görə, bu torpaqlar əslində qara torpaqlar deyildir. Onları çəmən prosesi keçirmiş qədim terrasların şabalıdı torpaqları hesab etmək daha düzgün olar.

Dağ şabalıdı

[redaktə | mənbəni redaktə et]

Dağ qara torpaqlardan fərqli olaraq talalar şəklində deyil, ondan aşağıda, zolaq şəklində yayılmışdır. Bu torpaqlar çox hallarda dağ-çəmən bozqır torpaqları ilə qovuşur. Bitki örtüyü quru step bitkilərindən ibarətdir. İntensiv parçalanmaya məruz qalmış dik yamaclarda şabalıdı dağ torpaqlarının əmələ gəlməsi üçün lazımi qədər əlverişli relyef şəraiti olmadığından, onlar çox vaxt tam inkişaf etmir, nisbətən ibtidai şəkildə olur. Onlar bəzən yuxa və orta qalınlıqlıdır. Dik yamaclarda eroziya prosesinə məruz qalır, yuyulur və parçalanır. Mexaniki tərkibcə çox müxtəlifdir. Dağ şabalıdı torpaqlarda humusun miqdarı 3 faizlə 1 faiz arasında dəyişir. Düzənlik sahələrində bəzən şoranlaşır. Əlverişli relyef şəraiti olan sahələrdə əkinçilik inkişaf etdirilir.

Açıq dağ şabalıdı

[redaktə | mənbəni redaktə et]

Dağ şabalıdı torpaqlardan aşağıda, cənub və şərq yamaclarda inkişaf etmişdir. Çox vaxt bitkisiz şəraitdə eroziyaya məruz qalır. Nəticədə torpaq qatı skletli və yuxa olur. Daşlıqlar və daşlı torpaqlar isə geniş sahələri tutur. Şimal yamaclarda yayılmış açıq dağ şabalıdı torpaqlarda nəmlənmə və humusun miqdarı nisbətən artıq olur. 1,5 faizə qədər humusu olan bu torpaqlarda dəmyə taxılçılıq inkişaf etmişdir[5].

Dağətəyi və düzənlik arasında qalan şleyf zolağında inkişaf etmişdir. Profilin qalınlığı 1,5 m-ə qədər çatan bu torpaqların yayıldığı sahələrdə suvarma imkanı artıq olduğundan onlardan çox qədimdən istifadə edilir. Bu torpaqlar allüvial, allüvial-prolüvial üzərində və quru bozqır bitkiləri altında inkişaf etmişdir. Boz şabalıdı və bozumtul yekrənglik, genetik qatların çox zəif seçilməsi, aşağı qatların nisbətən bərk olması, yüksək karbonatlılıq bu torpaqlar üçün əsas əlamətlərdəndir. Mexaniki tərkibcə gilli və ağır gillicəli olub, dərin qatlarda prolüval və allüvial kimi kobud çöküntülərə də təsadüf olunur. Humusun miqdarı 3 faizə qədərdir. Çökək sahələrdə torpaqlar şoranlaşır. Suların artıq toplandığı yerlərdə bataqlıqlar var. Bəzən çay subasarlarında da şabalıdı torpaqlara rast gəlinir.

Açıq şabalıdı

[redaktə | mənbəni redaktə et]

Dağ ətəklərindən başlamış düzənliklərə doğru genişlənir. Bunlar xeyli qalın olub, allüvial və prollüvial çöküntülər üzərində və quru bozqır bitkilər altında əmələ gəlmişdir. Açıq şabalıdı torpaqlar başlıca olaraq suvarma şəraitində becərilir.[1]

Taxıl, tərəvəz və bəzən də tütün əkmək üçün istifadə olunur. Uzun müddət şumlanan torpaqların səthi yuyulduğundan bəzən orada humusun miqdarı 1 faizdən aşağı düşür. Suvarma nəticəsində üzvi maddələr torpağın aşağı qatlarına enir. Profilin üst hissəsində tündləşmiş qatın qalınlığı 60–70 sm qədərdir. Şərur düzündə torpağın üst qatında şoranlaşmanı nəzərə almasaq, bu torpaqlar şoranlaşma prosesinə məruz qalmamışdır. Naxçıvan düzünün şimal hissəsində 0,5 m dərinlikdə sulfat duzlarının miqdarının 1 faizə çatmasına baxmayaraq, bu duzlar bitkilərin inkişafı üçün qorxu törətmir. Bəzən torpaq qatlarında (40 sm dərinlikdə) miqdarı 1,5–5 faizə qədər olan asan həll olunan sulfat duzları bitki üçün zərərli sayıla bilər.

Bu torpaqlar Şərur rayonunun şərq hissəsində geniş sahə tutur. Babək rayonu ərazisində isə talalar şəklində yayılmışdır. Kontinental iqlimə malik olan bu sahələrdə bitki örtüyü çox zəif inkişaf etmişdir. Boz-qonur torpaqların normal inkişaf etdiyi sahələrdə onun narın hissəsinin qalınlığı bəzən 1 m-ə çatır. Humusun miqdarı 1,2–1,7 faizə qədər olur. Mexaniki tərkibcə çox müxtəlifdir.[1]

Arazboyu düzənlik hissədə inkişaf etmiş bu torpaqlar müəyyən bir zolaq təşkil edir (məsələn: Böyükdüz, dağətəyi sahə və s.). Bəzi sahələrdə boz torpaqlar müxtəlif dərəcədə şorlaşmışdır. Boz torpaqlar bir neçə yarımtipə bölünür. Onlardan müxtəlif dərəcədə suvarılmış və becərilmiş boz torpaqlar xeyli üstünlük təşkil edir.[1]

Qədimdən suvarılan boz torpaqlar

[redaktə | mənbəni redaktə et]

Bu torpaqlar Arazboyu düzənlikdə çox geniş sahəni əhatə edir. Onlar cənub – qərbdə, çəmən-boz torpaqlarla, şimala doğru isə boz-qonur torpaqlarla əvəz olunur. Yuxarıda göstərilən sahələrdə boz torpaqların ibtidai növləri də inkişaf etmişdir. Bəzi yerlərdə (Xok, Şahtaxtı (Kəngərli)|Şahtaxtı, Dəstə, Aza və digər kəndlərin yaxınlığında) bu torpaqlarda şoranlaşmaya təsadüf olunur. Araz çayının sol sahilində çaybasar və alçaq terraslarda, habelə çökək sahələrdə rütubət yüksək olduğundan boz torpaqlar zolağında boz – çəmən yaxud çəmən-boz torpaqları əmələ gəlmişdir. Bu torpaqlar da Araz sahilboyunda xeyli geniş bir sahəni əhatə edir.[1]

Bu torpağın əmələ gəlməsi, əsasən, Duzdağın yamaclarında yağıntılar vasitəsilə yuyulub gətirilən çöküntülərin duzla zəngin olması ilə əlaqədardır. Bu torpaqlar başlıca olaraq, Böyükdüzün şərq və cənub hissəsini əhatə edir.[1]

Şərur və Sədərək düzlərinin Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan, çəmən-ot bitkilərinin yaxşı inkişaf etməsinə səbəb olmuşdur ki, bunların da altında yüksək rütubətlənmə şəraitində boz torpaqlar zonasının çəmən torpaqları əmələ gəlmişdir.[1]

Hazırkı dövrdə ümumi eroziya bazisinin aşağı enməsi nəticəsində yeraltı suların səviyyəsi aşağıya endiyindən keçmiş çəmən torpaqları quraqlaşma şəraitinə düşdüyündən onlar bozqırlaşaraq boz torpaqlar tipinə çevrilir. Bunların nəticəsində çəmən-boz torpaqlarını ayırmaq olur. Çəmən-boz torpaqların profili yayın isti vaxtında belə adi boz torpaqlara nisbətən xeyli rütubətli olur. Şərur maili düzündə təsadüf edilən çəmən-boz torpaqların üst qatı qaramtıl-boz olub, aşağıdakı qatda bir qədər də tündləşir. (Yenicə, Qarahəsənli, Şəhriyar kəndləri) həmin torpaqların mexaniki tərkibi ağır gillicə və gilli olub şorlaşmışdır. Şərur və Naxçıvan düzlərində bu torpaqların şoranlı növlərinə də təsadüf edilir. Belə torpaqlarda duz toplanması prosesi üst yarım metrlik layda müşahidə olunur.[5]

Çəmən bataqlıq

[redaktə | mənbəni redaktə et]

Çəmən bataqlıq torpaqları. Muxtar Respublikanın düzən hissəsində çəmən torpaqları içərisində relyefin daha çox çökək sahələrində yealtı suların səthə daha yaxın olduğu bir şəraitdə əmələ gəlmişdir. Bu torpaqlara Sədərək, Şərur və Naxçıvan düzlərində təsadüf edilir. Həmin torpaqlar ağır gilli olub, tərkibində fiziki gilin miqdarı 90%-ə çatır.[1]

Naxçıvan MR ərazisinin dağlıq hissəsində uçurum qayalar çox olduğundan geniş sahədə torpaq əmələ gəlməsinə relyef şəraiti imkan vermir. Ona görə də dağlıq ərazinin qayalıq hissəsi demək olar ki, torpaqdan məhrumdur. Bundan əlavə, Muxtar respublikanın orta və alçaq dağlıq hissəsində (xüsusilə cənubda) çox geniş sahədə yararsız sahələr inkişaf etmişdir. Bu sahələr sıx şırım və yarğanlar vasitəsilə elə şiddətli parçalanmışdır ki, onların səthində torpaq və bitki örtüyü yoxdur. Burada torpaq ibtidai şəkildədir, torpaqəmələgəlmə prosesi çox zəif gedir. Bu sahələr kənd təsərrüfatı üçün tamamilə yararsızdır. Bundan əlavə, Naxçıvan MR-də bir neçə çaydan, xüsusilə quru yarğan və qobulardan vaxtaşırı sellər keçir. Sellərin gətirdiyi çöküntülər gətirmə konuslarının yuxarı hissəsində çökdürülür (məsələn, Ordubad çayının gətirmə konusu). Sel çöküntüləri iri qaymalşrdan, daşlıqlardan, çay daşlarından, qumlardan və gillərdən ibarət olduğundan onların üzərində ibtidai torpaqlar əmələ gəlir və mütəmadi olaraq yeni çöküntülərlə örtülür. Belə torpaqlardan kənd təsərrüfatında istifadə etmək çətindir və gərgin əmək tələb edir.[5]

Geomorfoloji cəhətdən ərazinin relyefi akkumlyativ xarakterlidir və çöküntü toplanmanın şiddətinə görə iki relyef növü qeyd edilir:

1.Paleogen, Neogen və Dördüncü dövr çöküntülərindən təşkil edilmiş maili düzənlik.

2.Müasir alüvial-prolüvial-delüvial çöküntülərdəntəşkil edilmiş maili dağətəyi düzənlik

Maili dağətəyi düzənlik, bulaqların uzunmüddətli fəaliyyəti ilə əlaqədar olaraq toplanmış travertinlər mineral bulaqların çıxdığı yamaclarda daha çox müşahidə olunur. Bu düzənlik formasını denudasiya ilə akkumulyasiya zonaları arasında keçid forması kimi qəbul etmək olar.

Müasir alüvial-prolüvial-delüvial düzənlik isə adından da məlum olduğu kimi dağ yamaclarındakı müvəqqəti su axmlarının, yamaclardan gətirərərk düzənlikdə çökdürdüyü süxur toplantısından əmələ gəlirlər. Burada ən çox qum, qumca, gilcə nadir hallarda isə gil dolduruculu çaqıl-çınqıl kimi qırıntı materialları toplanır. Dağətəyi zonaya tərəf materialların tərkibi dəyişir, iri qırıntı materiallar üstünlük təşkil edir.

Naxçıvan MR ərazisində geomorfoloji tədqiqatlar XX əsrin 50-ci illərinin ortalarından aparılmağa başlandı. Bura Abasov M.A., 1955, 1965, 1966, 1970, 1977 və s.; Əzizbəyov Ş.A., 1952, 1961; Antonov B.A., 1953, 1959, 1963, 1993 və s.; Dumitraşko N.V., 1950, 1962, 1964 və s.; Astaxov N.E., 1970; Safronov N.İ., 1964; Guliyev R.Y., 1974; Şirinov N.Ş., 1973, 1975, 1979; Müseyibov M.A., 1973; Xain İ.E., 1950, 1952, 1981, 1984 və s.; Liliyenberq D.A., Budaqov B.A., Əliyev Ə.S., 1996; Xəlilov H.A., 1980, 1999; Quluzadə V.A., 1982; Hacıyev V.D., 1980, 1999; Əlizadə E.K., 2004 və s. aiddirlər. Hal-hazırda bu tədqiqatlar Naxçıvan MR-nın quruluşunun xüsusiyyətlərini və morfostrukturlarının mənşəyi göstərməyə imkan verirlər.

Uzun inkişaf tarixi yaşayan Arazyanı silsilələrin və ortaaraz çökəkliyinin relyefi, mürəkkəb quruluşa malikdilər. Nəhəng dağ massivlərinin, həmçinin dərin dağarası çökəkliklərin mövcudluğu, relyefə tipik dağlıq xarakteri verən sərt parçalanmaya səbəb olur.

Ərazinin müxtəlif struktur, litoloji, fiziki-coğrafi şəraiti zonallıq və qurşaqlılıqla səciyyələnən relyef tiplərinin və formalarının müxtəlifliyinə səbəb olub. Ayrı-ayrı iri morfostruktur vahidlərinin hipsometrik fərqləri, Naxçıvan MR-da dörd şaquli geomorfoloji qurşaq: yüksəkdağlıq, ortadağlıq, alçaqdağlıq, və dağətəyi maili düzənliklər ayırmağa imkan verir.

Yüksəkdağlıq daxilində nival-buzlaq relyefəmələgətirici proseslər və intensiv fiziki aşınma hakimlik edir və onların fəaliyyəti nəticəsində dağ yamaclarında müxtəlif ölçüdə qırılma materialları geniş yayılırlar. Yüksəkdağlıq daxilində dağ süxurlarının dağılmasının ən intensiv aqenti kimi, temperatur aşınması çıxış edir.

Yüksəkdağlığın böyük hissəsini Zəngəzur silsiləsinin suayrıcı qayalıq hissəsi təşkil edir və hərdən onların üzərində daş axınları müşahidə olunur. Dərələyəz silsiləsinin suayrıcı hissəsinin Ardağlı, Keçəltəpə və Buzqov dağları arasında yerləşən Keçəltəpə dağı ərazisi qırışıq-qaymalı yüksək dağlar zonasına aiddir. Bura, qərb – cənub-şərq istiqamətində uzanan Qarlıdağ silsiləsinin suayrıcı hissələri təsadüf edir.

Ortadağlıqda intensiv parçalanmış relyef səciyyəvidir. Fiziki və kimyəvi aşınma proseslərinin boyük rolu və intensiv eroziya fəaliyyəti, burada V-şəkilli və sərt meyilli çay dərələrinin, dar və geniş eroziya, eroziya-akkumulyasiya və akkumulyasiya terraslarının növbələşməsinə, ufantı və uçqun yaranmasına səbəb olub. Həmçinin relyefdə sirk, kar və kar gölləri, moren və flyuvioqlyasial çöküntülərlə təmsil olunan qədim buzlaq formaları yaxşı saxlanılıblar.

Alçaqdağlıq formalaşması arid iqlimlə əlaqəli olan skulptur relyef ilə səciyyələnir. Burada monoklinal relyef, terraslaşmış geniş çay dərələri, qədim çay dərələri və gətirmə konusları, dağarası çökəkliklər, ekstruziv kümbəzlər, delyuvial şleyflər və s. geniş inkişaf ediblər.

Monoklinal quruluşlu alçaq dağlar Səluzçay-Cəyriçay, Bağırsağdərə-Arpaçay çayları arasında və Naxçıvançayın sol sahilində yerləşirlər.

Ortaaraz depressiyası üçün qədim və müasir maili düzənliklər və platolar, geniş terraslaşdırılmış dərələr, qalıq monoklinal relyef, bedlend, gətirmə konusu, sel gətirmələri və s. səciyyəvidirlər.

Naxçıvan MR-nın mərkəzi hissəsində alyuviy örtüklü platolara, Duzdağın böyük hissəsi aiddir.

Flyuvioqlyasial-alyuvial-prolyuvial plato Tilək kəndinin şimal hissəsindən cənuba Xurst kəndinə dək müşahidə olunur. Platonun əsası gilli çöküntülərdən ibarətdir, onun üstü isə əhəngdaşından təşkil plunur.

Araz çayının hər iki sahilində müasir maili düzənlik şəklində, daha cavan akkumulyativ relyef əks olunub. Onların səthi zəif parçalanıb – Sədərək, Şərur, Böyükdüz, Naxçıvan və s. əsas relyef formaları çayların gətirmə konusları, çay dərələri, quru dərələr, qobu və yarğanlardı.

Tədqiqatların tarixi

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərinədək Naxçıvan MR əräzisində heç bir geomorfoloji amil ayrıca olaraq öyrənilməmişdir. Muxtar Respublikanın ərazisindən keçən bəzi tədqiqatçı və səyyahlar isə orada tədqiqat işi aparmağı heç də əvvəlcədən öz qarşılarına məqsəd qoymamışlar. Əldə olan materiallar göstərir ki, Naxçıvanın geomorfoloqiyasının öyrənilməsi və onun təsvir edilməsi XIX əsrin ilk onilliklərindən sonra başlanılmışdır. 1830-cu ildə Q.Voskoboynikov Naxçıvan duz mədənini tədqiq edərək özünün "Naxçıvan daş duzunun təsviri" adlı əsərini yazmışdır. K.V. Abix Naxçıvan ərazisində bir sıra tədqiqat işləri apararaq onun faydalı qazıntıları, mineral suları, o cümlədən 1857-ci ildə Naxçıvanın duz mədəni, 1860-cı ildə isə Darıdağın mərgümüşlü bulaqları haqqında məlumat vermişdir. Akademik V.İ. Lipski (1890), A.A. Lomakin (1895) və B.Q. Levandovski (1896–1898) Naxçıvan ərazisində olmuş və böyük kolleksiyalar toplamışlar. 1898–99-cu illərdə Qalizur misəritmə zavodunun icarəçisi Q.P.Ceymadze Ordubad və Culfa rayonlarında bir çox faydalı qazıntıların aşkara çıxarılması və istifadə edilməsi sahəsində xeyli iş görmüşdür. Kiçik Qafqaz, o cümlədən Naxçıvan haqqında ilk geomorfoloji məlumata K.V. Abixin1902-ci ildə dərc olunmuş "Ermənistan yaylasının geologiyası" adlı əsərində rast gəlirik. A. Qukasov və F.Osvaldın sonrakı tədqiqatları K.Abixin göstərişlərini qismən tamamlamışdır. A.L.Reynqard və S.S.Kuznetsovun əsərlərində də Naxçıvanın geomorfologiyası haqqında qiymətli məlumatlar vardır. A.L.Reynqard (1917) yüksək Zəngəzur silsiləsini təsvir edərək, onun qədim buzlaqlarının formalarını göstərmiş, suayrıcıların xarakteristikasını, çay dərələrinin morfologiyasını vermişdir. Respublika miqyasında aparılan tədqiqat işlərinin nəticəsində 1926-ci ildə bir sıra elmi əsərlər, o cümlədən professor V.V. Boqaçyevin "Azərbaycanın geoloji oçerki" və s. kimi əsərlər meydana çıxır. 1930-cu ildə A. Marqolius Naxçıvan duz yatağını öyrənir və təsvir edir. Həmin il V.Y. Livental və V.Q. Qudovski Gömürün kükürd yataqlarında geoloji axfarış işləri aparıb hesabatlarını dərc etdirirlər. Akademik Ş.Ə. Əzizbəyov 12 il (1945–1956-cı illər) ərzində Naxçıvan MSSR-in bütün ərazisini öyrənmiş və onun 1:50000 miqyasında geoloji xəritəsini tərtib etmişdir. B.A.Antonovun "Zəngəzur silsiləsinin cənub-qərb yamaclarının geomorfologiyasına dair", M.A. Abbasovun "Naxçıvan MSSR-in şimal-qərb hissələrinin geomorfologiyası" adlı əsərləri respublikanın geomorfologiyasını xarakterizə edir. S.H. Rüstəmov 1948–1949-cu illərdə Naxçıvan MR ərazisində hidroqrafik və hidroloji tədqiqat işləri apararaq 1955-ci ildə "Naxçıvan MSSR-in su ehtiyatları" adlı əsərjni yazmışdır. Azərbaycan mineral sularının elmi surətdə öyrənilməsi işində akademik M.Ə. Qaşqayın son dərəcə böyük xidmətləri olmuşdur. 1958-ci ildə Azərbaycan Respublikası EA Coğrafiya İnstitutu tərəfindən buraxılmış iri həcmli "Sovet Azərbaycan" kitabının birinci hissəsi respublikanın təbiətinə həsr edilmişdir. 1959-ci ildə professor Q.K.Gülün redaktorluğu altında Azərbaycan Dövlət Universitetinin nəşriyyatı tərəfindən "Azərbaycan SSR-in fiziki coğrafiyası" adlı kitab buraxılmışdır.[8]

  1. 1 2 3 4 5 6 7 8 9 Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008. səh.45
  2. 1 2 Абасов М.А. – Геоморфология Нахчыванской АССР. Баку: Элм, 1970, 149 с.
  3. 1 2 Антонов Б.А. – Общая характеристика рельефа // В сб.: Рельеф Азербайджана. Баку, 1993, с. 8–17
  4. Будагов Б.А. – Общая характеристика рельефа Азербайджана // В сб.: Рельеф Азербайджана. Баку: Элм, 1993, с. 17–20
  5. 1 2 3 4 5 6 7 8 Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999
  6. Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008.
  7. Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008. səh.19–20
  8. Babayev S. – Naxçivan Muxtar Respublikasının coğrafiyası. Baki: Elm, 1999, 298 s.
  • Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999