Naxçıvan coğrafiyası — Naxçıvan Muxtar Respublikasının coğrafiyası.
Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi (600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür:
Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil olur. Yovşanlı-şoranlı yarımsəhra daha geniş sahə tutur və Şərqi Arpaçay boyunca şimal-şərqə doğru uzanır. Dağüstü kserofitlər dar bir zolaq şəklində orta dağlıq qurşağın yüksək hissəsini əhatə edir.
Naxçıvan yüksəklik şaquli strukturu Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti ilə Aza-Daşbaşı-Səfərdərə xətti arasında qalan sahəni əhatə edir. Burada dağlıq ərazinin eni (Araz çayı ilə Biçənək aşırımı arasında) 60–65 kilometrdir. Dağların ucalığı 800 metr ilə 4000 metr arasında tərəddüd edir. Nəticədə Şərur şaquli strukturundan fərqli olaraq burada xüsusi şaquli qurşaq yaranır. Yayı quraq keçən soyuq yarımsəhra və quru bozqır, yayı quraq keçən soyuq və dağ tundra iqlimi mövcuddur. İllik günəş radiasiyası 145–160 kkal/kv.sm-ə çatır ki, buna da Azərbaycan ərazisinin qalan hissələrində rast gəlinmir. Havanın illik orta temperaturu 2–14,5 dərəcə, illik yağıntı isə 200 mm-dən 900 mm-ə qədərdir. Düzənlik sahədə hava temperaturunun mütləq minimumu mənfi 30 dərəcə, maksimumu isə 43 dərəcədir. Göründüyü kimi, Naxçıvan landşaftı strukturu daxilində təbii qurşaqların sayı artır və mürəkkəbləşir. Nəticədə burada boz, dağ-şabalıdı, dağ-meşə qəhvəyi tipik və qələviləşmiş, dağ çəmən-çimli torpaq tiplərinə; yovşan-şoran, dağ kserofit, meşədən sonra bozqırlaşmış çəmən, yüksək dağlıq alp və subalp çəmənləri bitkilərinə rast gəlinir. Bu struktur daxilində landşaft qurşaqları bir qədər geniş sahəni əhatə edir[1].
Ordubad yüksəklik qurşaq strukturu Aza-Daşbaşı-Səfərdərə xəttindən şərqə Araz-Kilit xəttinə qədər uzanır. Bura, əsasən, yayı quraq keçən soyuq iqlimə malikdir. Havanın illik orta temperaturu 5–14 dərəcə, illik yağıntı isə 800–900mm-ə çatır. Düzənlikdə havanın illik mütləq minimum temperaturu mənfi 22–30 dərəcə arasında tərəddüd edir. Ordubad yüksəklik strukturunun düzənlik hissəsində allüvial-çəmən karbonatlı torpaqlar əsas yertutur. Dik qayalı yamaclarda dağ-şabalıdı, dağ-meşə qəhvəyi və dağ-çəmən torpaqları ensiz bir sahəni əhatə edir. Ordubad yüksəklik strukturunun Naxçıvan yüksəklik strukturundan fərqli olmasının əsas səbəblərindən biri də Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yamacların dik, uçurumlu, səth sularının az, torpaq qatının zəif, bitki örtüyünün çox seyrək, hidrogeoloji şəraitin əlverişsiz olmasıdır. Naxçıvan yüksəklik strukturunda yamaclar az meylli, torpağın nisbi nəmlənməsi artıq, bitki örtüyü zəngin, çay şəbəkəsi qismən sıx, hidrogeoloji şərait isə əlverişlidir. Naxçıvan MR yüksəklik strukturunun təhlilindən aydın olur ki, ərazidə landşaft ancaq şaquli istiqamətdə deyil, üfiqi istiqamətdə də dəyişir.
Naxçıvan Muxtar Respublikası müasir relyefinin səciyyəvi cəhətlərindən biri, ərazinin hər yerində relikt düzəlmə səthlərinin yayılmasıdır. Hazırda onlar müxtəlif yüksəkliklərdə yerləşirlər. Relyefdə onlar kiçik plato şəklində müşahidə olunurlar.
Naxçıvan MR ərazisinin düzəlmə səthləri Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamacları boyunca yayılıblar. Dərələyəz silsiləsində şərqdən qərbə və Zəngəzur silsiləsində şimal-qərbdən cənub-şərqə müxtəlif hipsometrik hündürlüklərdə bir-birinə yaxın yerləşən ayrı-ayrı relyefin düzəlmə səthləri inkişaf ediblər. Dərələyəz silsiləsinin cənub yamacı boyu düzəlmə səthləri Naxçıvançay hövzəsində dəqiq əks olunurlar. Onlardan biri, 2200 m yüksəkliyində Naxçıvançayın sağ qolları arasında yerləşir.
Almalıdağdan qərbə, Naxçıvançayın sağ – Küküçay və Sələsuzçay qolları arasında, 2000 m səviyyəsində düzəlmə səthi yerləşib. Onun relyefi bir qədər dalğalıdır, şimal-qərb hissəsi isə təpəlidir.
Dəhnədağ ərazisində 1800 m yüksəkliyində, üzəri valun və çaydaşı ilə təşkil olunan düzəlmə səthi yerləşir. Səthin ümumi meyilliyi cənuba, Naxçıvançayın dərəsinə doğrudur. Düzəlmə səthi qərb və cənubda ortadağlığın intensiv parçalanmış relyefinə sərt qırılır.
Dəhnədağdan şimal-qərbə, 1800 m yüksəkliyində, Cəhriçayın qolları arasında düzəlmə səthi yerləşir. Onun cənub qurtaracağı relyefdə sərt ifadə olunan pillə ilə məhdudlaşır, Cəhriçay dərəsinə doğru istiqamətlənmiş şimal-qərb yamacları isə intensiv parçalanıblar. Bu düzəlmə səthi arxa hissəsi ilə Dərələyəz silsiləsinin sərt parçalanmış cənub yamaclarına dirənirlər.
Naxçıvan MR kənar şimal-qərb hissəsində Bağırsağdərə çayının yüksəklikləri özündə 1800 m səviyyəli düzəlmə səthini təşkil edir hansı ki, dayaz-dalğavari relyef və deformasiyalarla səciyyələnir.
1100–1200 m səviyyəli düzəlmə səthlərinin fraqmentləri relyefdə Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahili boyu, şimal-qərbdən cənub-şərq istiqamətində qalıq şəklində yaxşı ifadə olunurlar. Duzdağ platosu da həmən səviyyəli (1200 m) düzəlmə səthlərinə aiddir. Duzdağın cənub hissəsinin səthi daha intensiv və dərin parçalanma ilə fərqlənir.
Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşən düzəlmə səthləri 2000 m yüksəkliyində Naxçıvançayın sol qolları (Zərnətun və Gömür çayları) arasında müşahidə olunur. Naxçıvançayın sol sahili boyu, Qoturdağ ərazisində, 2000 m səviyyəsində, Naxçıvançayın dərəsinə meyilli düzəlmə səthi yaxşı seçilir.
Nursu kəndi ərazisində 1800 m səviyyəsində düzəlmə səthi yerləşir. Onun cənub-qərb hissəsi Nursuçayın dərəsinə doğru qırılır, şimal və şərq hissələri isə ortadağlığın hündür terraslaşdırılmış yamacları ilə sərhədlənir. Nursuçayın yüksəklikləri səthi iki hissəyə bölür.
1800 m yüksəkliyində, Nursuçay və Şahbuzçay arasındakı ərazidə hamar relyefə malik düzəlmə səthi yerləşir. Şahbuz çayının sol sahilinin böyük hissəsini 2000 m səviyyədəki düzəlmə səthi tutur. Onun şimal hissəsi Zəngəzur silsiləsinin yan qollarının ətəklərinə sıx yaxınlaşır.
2000 m səviyyədəki düzəlmə səthləri kiçik fraqmentlərlə Gilənçayın, Qaradərənin və qismən Əlincəçayın yüksəklikləri daxilində geniş yayılıblar.
Araz çayı depressiyası boyu yerləşən və allüvial-prolüvial çöküntüləri ilə örtülü olan, qədim öndağ maili düzənlikləri hal-hazırda kəskin parçalanıblar və dağların ümumi qalxma hərəkətinə qoşulublar. Onların səthi cənuba, Araz çayının dərəsinə doğru meyillidir. 800–1000 m yüksəkliyində yerləşirlər. Bu, Naxçıvan MR-nın ən cavan səthidir və parçalanmaya məruzdur.
Zəngəzur silsiləsinin qərb və Dərələyəz silsiləsinin şimal-şərq yamaclarında, 2400 m səviyyəsində, ərazinin ən yüksək düzəlmə səthləri qeyd olunur.
Naxçıvan MR-nın düzəlmə səthlərinin formalaşmasında eroziya və denudasiya iştirak ediblər. Düzəlmə səthlərinin morfoloji təhlilindən məlum olur ki, onların nisbi hündürlüyü suayrıcıya doğru tədricən artır və cənuba – Araz çayının dərəsinə doğru azalır, bu Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələrinin qalxmasını sübut edir.
Naxçıvançay hövzəsinin orta axınlarında yerləşən təhlil olunan düzəlmə səthləri, relyefdə sərt uçurum yamaclı qalıq plato kimi əks olunurlar.
Yüksək və ortadağlığ daxilində saxlanılan, çay və onun qolları ilə kəskin parçalanan düzəlmə səthlərinin uçurumlu yamaclarında intensiv yamac prosesləri yaxşı ifadə olunurlar. Bundan savayı, Naxçıvan daxilində müxtəlif hipsometrik yüksəkliklərdə düzəlmə səthlərinin geniş yayılması, burada fasiləli qalxma və uzun müddətli zəif qalxma hərəkətlərinin olmasını sübut edir. Onların intensiv parçalanması, düzəlmə səthlərinin yaranmasından sonra denudasiya proseslərinin böyük güclə cərəyan etməsi barədə deyir. Naxçıvanın dağlıq hissəsinin düzəlmə səthlərinin ümumi sahəsi 220 km2 təşkil edir.[2],[3],[4].
Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşən və tipik dağlıq ölkə olan Naxçıvan MR-in oroqrafiyası başlıca olaraq düzənlik və dağlıq hissədən ibarətdir. Onun dəniz səviyyəsindən orta yüksəkliyi 1400 metrə bərabərdir. Muxtar Respublika ərazisinin mütləq yüksəkliyinin amplituda fərqi 600 metrlə (Kotam yaxınlığında Arazın vadisi) 3906 metr (Qapıcıq zirvəsi) arasında tərəddüd edir. Ərazinin üçdə bir hissəsini təşkil edən və respublikanın ən alçaq sahəsi hesab edilən Arazboyu düzənliyin orta yüksəkliyi 800 metrə yaxındır. Ərazinin üçdə iki hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşməklə, 20 faizinin mütləq yüksəkliyi 2000 metrdən artıqdır. N.İ.Şelepnevin hesablamasına əsasən Naxçıvan MR səthini yüksəkliyinə görə aşağıdakı qaydada bölmək mümkündür.
Mütləq yüksəkliyi
(m-lə) |
Sahə
(kv. km-lə) |
Faizlə |
---|---|---|
600–1000 | 1720 | 32,9 |
1000–1500 | 1600 | 30,5 |
1500–2000 | 1028 | 19,5 |
2000–2500 | 500 | 9,5 |
2500–3000 | 320 | 6,1 |
3000 metrdən artıq | 80 | 1,5 |
Naxçıvan MR-in aşağı düzən zonasını təşkil edən Arazboyu qurşaq Muxtar respublikanın 600–1000 metr yüksəklikdə yerləşən geniş sahəsini əhatə edir. Bu sahə şimal-qərbdə Sədərək düzündən başlayıb Ordubad rayonu ərazisində, Kotam yaxınlığında dar zolaq şəklində yüksək dağlar tərəfindən Arazın sahilinə sıxışdırılır. Düzənlik hissə Araz çayı ilə alçaq dağlıq arasında yerləşməklə gah geniş, gah da dar sahəni əhatə edir.
Naxçıvan MR-nın dağlıq hissəsi, əsasən Zəngəzur və Dərələyəz sıra dağlarından və digər çoxsaylı yan qollardan ibarət olan böyük ərazini tutur və 1000–3900 m mütləq hündürlüklərdə yerləşir.
Dağlıq relyefin parçalanma dərəcəsi eyni olmayıb dərinliyi süxurların litoloji tərkibindən və ərazinin geoloji quruluşundan asılıdır. Öndağlıq üçün, Muxtar Respublikanın şərq yarısında yerləşən struktur-denudasion platoların inkişafı səciyyəvidir.
Naxçıvan MR-nın ərazisi, devondan antropogenə kimi, uzun geoloji inkişaf mərhələsi keçib.
Muxtar Respublikanın relyefində, aşağıda sadalanan, eyni zamanda buranın iri morfostruktur vahidləri olan, əsas oroqrafik elementlər ayrılır:
Muxtar respublika ərazisinin 32 faizini təşkil edərək şimal-qərbdə Ermənistanın Ararat düzənliyilə birləşir. Bu qurşaq bütöv bir düzenlik halında ölmayıb, respublika daxilində bir neçə yerdə-Dərələyəz və Zəngəzur dağlarının meridian istiqamətində uzanan qolları və ya yüksəklikləri vasitəsilə bir sıra maili düzənliklərə (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Ordubad və s.) ayrılır.
Muxtar respublikanın şimal-qərbində Ermənistanın Ararat çökəkliyi ilə sərhədlənən və Dəhnə-Vəlidağ yüksəkliyinədək uzanan Sədərək düzü cənubdan Arazla, şimal-qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənir.
Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan hissələrində gətirmə konusları çökdürülmüşdür. Sədərək düzü 800–940 metr yüksəklik arasında yerləşməklə şimaldan cənuba və qərbdən şərqə doğru meyllidir. Ərazidə əsasən boz torpaqlar yayılmışdır. Onun mərkəz hissəsində allüvial boz torpaqlar, şimal şərq hissəsində isə boz torpaqların bəsit növləri üstünlük təşkil edir. Sədərək düzünün əsas bitkisi yovşandır. Hazırda təbii bitkilər düzənliyin əsasən cənub-şərq və şimal-qərb qurtaracağında saxlanılmışdır. Araz çayından suyunu alan kanal üzərində tikilib istifadəyə verilmiş sudartan stansiyalar, betonlaşdırılmış kanallar, onların üzərindəki hidrotexniki qurğular Sədərək düzünü bol su ilə təmin edir. Üzüm və meyvə bağları, taxıl, şəkər çuğunduru, yem bitkiləri və tütün sahələri hazırda bu stansiyalar vasitəsilə suvarılır.
Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar — Qıvraq tirəsinədək uzanan Şərur düzənliyi Muxtar Respublika ərazisinin geniş bir hissəsini tutur. Sıx əhaliyə, münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır. Şərur düzündən şərqdə Qarabağlar — Xok — Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında Böyükdüz yerləşir. İqlimin və hidrobji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum dmaqla təbii şoranlaşmaya məruz qalmışdır.
Arazboyu düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Düzdağ tirəsi ilə, cənub qərbdən Arazla, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyilə, şimal-şərqdən Sirab, Nəhəcir, açaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunur. Bu düz Naxçıvan çayı, onun aşağı axınındakı qolları, bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalanır. Qərbdən şərqə doğru Əlincəçay, Qara dərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay və Ordubadçayın gətirmə konusları bir neçə maili düzənliklər əmələ gətirmişdir.. Bunlardan ən çox nəzərə çarpanı Culfa, Yaycı, Dəstə, Ordubad düzənlikləridir. Bu maili düzənliklərin ümumi sahəsi 10 min hektara qədərdir. Arazboyu düzənliyin ən geniş yerinin Şərqi Arpaçayın mənsəb hissəsində yerləşməsi bir tərəfdən burada tektonik çökmə, digər tərəfdən isə fəal eroziya prosesinin getməsilə izah edilə bilər.
Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial – prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların gətirdiyi allüvial–prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.
Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şose və dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir. Ordubad düzünün şimal hissəsində, Ordubad şəhəri ətrafında, həmçinin yuxarı Əylisdən cənuba doğru becəriiən dağ qəhvəyi torpaqlar, şərq hissəsində dar zolaq şəklində isə dağ açıq şabalıdı torpaqlar yayılmışdır[5].
BöyükdüzNaxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. şimaldan cənuba doğru 19–20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır. Böyükdüzün torpaq örtüyü şimalda boz ibtidai, mərkəz hissəsində isə boz torpaqlardan ibarətdir.
Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır[5]. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır.
Qarabağ vulkanik dağlıqdan cənub-qərbdə, Arpaçay-Bazarçay çökəklikləri zonası ilə ayrılan, Arazyanı-Zəngəzur və Dərələyəz qırışıq-qaymalı sıra dağlar yerləşir.
Zəngəzur horst sıra dağı (ən yüksək zirvə – Qapıcıq dağı, 3904 m), əsasən Mehri-Ordubad plutonunun qranitoidlərindən ibarətdir və şərqdə, Qərb tərəfdən Mehri qrabenini (Ermənistan ərazisində yerləşən) əhatələnən Şərqi-Qapıcıq qirilması ilə kəsilibdir.
Geoloji baxımdan Zəngəzurun yüksəkdağlığı vulkanogen çöküntülərdən ibarətdir. Süxurların litoloji tərkibi daha davamlıdır. Burada aşınanın əsas səbəbi, gündüz və gecə temperaturları arasında böyük fərq səbəbindən yaranan, donuşluq aşınmasıdır.
Zəngəzur silsiləsinin struktur-denudasyon yüksəkdağlığının şimal yarısına, zəif dislokasiyalı vulkanogen süxurlar xasdır. Buranın relyef səthində, alp bitkilərinin inkişaf etdiyi nazik torpaq örtüyü var.
Zəngəzur sıra dağlarının ortadağlıq hissəsində, geoloji baxımdan, əsasən, mezozoyun karbonatlı tuf qatları, kaynazoyun (eosenin) vulkanogen-çökmə qatları yayılmışdır. Ortadağlığın səthi, çaylarla və çoxsaylı qollarla, ayrı-ayrı hissələrə intensiv parçalanıb.
Dərələyəz sıra dağları Naxçıvançay və Arpaçay çaylarının arasında yerləşir. Silsilənin şimal-şərq hissəsi, demək olar ki, enlilik, cənub-qərb hissəsi isə meridional istiqamətdə uzanır.
Dərələyəz silsiləsinin suayrıcı hissəsinin böyük ərazisi fiziki və qismən kimyavi aşınma nəticəsində yaranan, intensiv parçalanmış struktur-denudasyon dağlardan ibarət olub, aşınma məhsulları isə qravitasiya vasitəsi ilə hərəkət edirlər.
Keçəltəpə dağının kiçik hissəsi (16 km2) və Dərələyəz silsiləsinin Ardağlı, Keçəltəpə və Buzqov dağ zirvələrinin arasında yerləşən suayrıcı hissəsi struktur-denudasyon, erozion, hündür, intensiv parçalanmış qırışıqlı dağlardan ibarətdir. Bu ərazi şimaldan cənuba, Lizbirtçay (Cəyriçayın sol qolu) yüksəkliyinin haçalanmış quru dərə şəbəkəsi ilə kəskin parçalanıb. Ərazi üçün uçurumlu, intensiv parçalanmış çılpaq dağ yamacları səciyyəvidir. Onlar, tektonik baxımdan qırılmalarla mürəkkəbləşiblər və alt triasın əhəngdaşından, dolomitlərindən və həmçinin, alt yuranın qumdaşından, gillərindən və mergellərindən təşkil olunublar.
Dərələyəz silsiləsinin ortadağlığında, dağarası çökəklikləri əhatə edən yamaclar sərtdilər və çoxsayda V-şəkilli dərələrə malik çay qolları ilə kəskin parçalanıblar. Bunlar Qaraquş, Ordığlı, Remlər, Qiyadalı dağlarının yamaclarıdır. Geoloji baxımdan, təsvir olunan ərazi, trias dövrünün dolomitlərindən və dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Ərazidə, güclü denudasiya prosesləri nəticəsində yaranan, uçurumlu dağ yamacları səciyyəvidir. Bu proseslərin intensivlik dərəcəsi, Gəlinqaya dağının qayalıq relyefində daha aydın əks olunur.
Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni zamanda Kiçik Qafqazın Azərbaycan ərazisində ən yüksək zirvədir. Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır. Soyuq dağdan (3161 metr) cənubda 12–13 kilometrlik məsafədə sıldırım pillələr şəklində kəskin surətdə alçalaraq uçurumlu, qayalı yamaclarla Arazın yatağına enir. Zəngəzur silsiləsində bir neçə zirvənin yüksəkliyi 3500 metrdən (Nabad dağ, Dəvə boynu, Qazangöl dağı, Səfərdərə, Yağlıdərə, Sarıdərə, Şıxyurdu), bir neçə zirvənin yüksəkliyi isə 3000 metrdən (Ağdaban, Salvartı, Camal, Aracı, Dəmirli dağ, Əyri dağ, Soyuq dağ və s.) artıqdır. Burada aşırımların mütləq yüksəkliyi 2340 metrlə 3700 metr arasında dəyişir.
Dərələyəz silsiləsi Naxçıvan MR-in şimal-şərq hissəsində yerləşir və Ermənistan ilə Muxtar Respublika arasındakı sərhəd boyunca uzanır. Bu silsilə başlıca olaraq iki hissədən ibarətdir: biri Cəhri çayının
əsas dərəsindən qərbdə, digəri isə ondan şərqdə yerləşir.
Silsilənin ən hündür hissəsi 2400–2700 metr arasında tərəddüd edir. Burada ən hündür zirvə 2740 metr (Keçəltəpə dağı), ən alçaq aşırım isə 2200 metrdir. Dərələyəz silsiləsinin şimal-qərbdə Naxçıvan MR ərazisinə daxil olan hissəsi çox mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda özünü daha aydın göstərir. Qaraquş, Cəhri, Qaraultəpə, Rəmlər vs Buzqov qolları bu dağ silsiləsindən ayrılır. Dərələyəz silsiləsinin əsas hissəsi olan şərq yarısı şimal-şərqdən cənub-qərb istiqamətində uzanır. Buranın mütləq yüksəkliyi 2900–3110 metrə çatır (Sinor, Küküdağ, Keçəldağ və s.). Silsilənin suayrıcı bəzən dar, bəzən isə çox genişdir, hamarlanmışdır. Onun hər iki yamacı o qədərdə kəskin meylli deyildir. Bəzi yerlərdə nisbi yüksəkliyi 700 metrə çatan uçurumlara da rast gəlmək olur (xüsusilə Küküdağdan cənub-şərqə). Aşırımlar əksər hallarda hamar olub, bəzən üzərində qədim buzlaqların izlərinə (xüsusilə morenlərə) rast gəlmək olur. Dərələyəz silsiləsinin şimal-şərq quıtaracağı 3087 metrlik adsız zirvə yaxınlığında Zəngəzur silsiləsilə biriəşir. Onun cənub-qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının aıası ilə uzanır. Silsilə Təknə dağından başlayaraq 1900 metrdən 1300 metrə qədər (Cəhri çayından şimal-şərqə) alçalır. Onun bir hissəsinin suayrıcı Təknə dağı ətrafında hamar və düzdür. Ondan cənuba getdikcə silsilə qayalı uçurumları olan dar bir zolaq boyu uzanır. Dərələyəz silsiləsindən cənuba, Naxçıvan çayının əsas yatağına doğru getdikcə Təknə, Badamlı, Keçəldağ qolları ayrılır. Bu şaxələrdə dərələrin dərinliyi bəzən 400 metrdən də artıq olur. Keçəldağ qolunun və onun şaxələrinin səthində müşahidə edilən düzəlmə səthləri orta və yüksək dağlıq sahədə geniş yayılmışdır. Cənub yamacların parçalanması arid-denudasion proseslər hesabına cənuba doğru artır. Silsilənin cənub-qərb və mərkəz hissəsindən fərqli olaraq şimal-şərq hissəsində fəaliyyətdə olan sürüşmələr geniş sahə tutur. Bu silsilə üçün ən səciyyəvi cəhətlərdən biri su ayrıcında üç qrupda cəmləşən yüksəkliklərin nəzərə çarpmasıdır. 3000–3100 metr və 2400–2600 metr mütləq yüksəkliklər əsas suayrıcında, 1900–2000 metr mütləq yüksəkliklər isə ondan ayrılan qolların suayrıcı hissəsindədir. Muxtar Respublikanın şimal-qərb qurtaracağında ərazi mürəkkəb oroqrafik şəraitə malikdir. Buradakı dağ zirvələri 2000–2100 m-dən yüksək deyildir (Kömürlü, Ardıc, Mehridağ, Qabaqyal və s.). Bu hissə alçaq və orta dağlıqdan ibarət olmaqla çox da geniş sahəni əhatə etmir. Dağarası çökəkliklər arasında ən irisi Paradaş çökəkliyidir. Bu çökəklik 30 km² sahəni əhatə edir və dibi 1300 metr mütləq yüksəklikdə yerləşir. Çökəkliyin dibi düz və bəzən kiçik təpəciklərdən ibarət olub, eroziya və arid-denudasiya nəticəsində kəskin parçalanmışdır.
Naxçıvan MR mərkəzi hissəsinin ərazisində şərqdən Cəyriçayın dərəsi ilə, şimaldan Ağqaya dağı ilə, qərbdən Aznabürt maili düzənliyi ilə sərhədlənən Duzdağ dağının geniş səthi alyuvial platolara aiddir. Duzdağ platosunun substratları yastı qatlara toplanmış, mergel, qumdaşı, müxtəlif rəngli gillərlə təmsil olunan miosenin duzlu qatının süxurlarıdır.
Darıdağ antiklinal massivinin cənub hissəsi daxilində erozion-denudasion plato inkişaf edib. Platonun demək olar ki, tamamilə hamar olan səthinin – cənuba – Araz çayının dərəsinə bir balaca meyilliyi var. Plato, çoxsayda quru dərələrlə ayrı-ayrı hissələrə kəskin parçalanıb. Onun əsası əhəngdaşı ilə örtülmüş gilli çöküntülərdən ibarətdir. Cənub hissə, eol proseslərlə xeyli işlənmiş delyuvial çöküntülərin toplanması ilə səciyyələnir.
Öndağlıq daxilində prolluvial-delluvial maili düzənliklər inkişaf ediblər. Bura, Arpaçayın sol sahilinin böyük hissəsi və sağ sahilinin bir hissəsi aiddirlər. Maili düzənliklərin səthi, daha hündürdə yerləşən tirə və təpə-tirələrin tədricən yuyulması nəticəsində əmələ gələn çınqıllarla örtülüdür.
Yuxarıda qeyd olunanlardan məlum olur ki, Ortaaraz çökəkliyi qalın miosen və pleystosen çöküntüləri ilə doldurulmuş və köndələninə qalxma ilə bir sıra dağarası çökəkliklərə və akkumulyativ-denudasion platolara ayrılmış, iri qoyulma strukturdur.[2],[3]
Naxçıvan MR metal və qeyri-metal faydalı qazıntılar, həmçinin mineral sularla zəngin bir regiondur. Burada molibden, sink-qurğuşun, mis, gümüş, qızıl, civə və başqa metalların: daş duz, kükürd kimi qeyri-metalların: gəc, əhəng, dolomit, travertin, odadavamlı gil, andaluzit, mərmər, tuf daşı və s. kimi tikinti materiallarının yataqları aşkar edilmiş və bunların çoxundan xalq təsərrüfatında geniş istifadə olunur. Muxtar respublikada 200-dən artıqmineral bulaq vardır ki, onlardan Badamlı, Sirab, Vayxır və Darıdağ mineral suları Azərbaycandan kənarda da məşhurdur.
Siyahı
Dəniz səthindən 1200 metr yüksəklikdə, Naxçıvan şəhərindən şimal-qərbdə 10 kilometrlik məsafədə yerləşən Naxçıvan duz mədənində duzlu təbəqənini qalınlığı 60 metrə çatır.
Naxçıvan duz mədənindən şimalda, onun yaxınlığında Süst duzlağı yerləşir. Buradakı duzun keyfiyyətinin daha yüksək olmasına baxmayaraq hələlik ondan istifadə edilmir. Nehrəm yaxınlığındakı duz yatağı 1948–1950-ci illərdə geoloq B.P.Juzenin başçılığı ilə Azərbaycan geoloji idarəsi tərəfindən tədqiq edilmişdir. Buranın təxmini duz ehtiyatı 1,5–2,0 mld. ton hesab edilir. Yatağın ayrı-ayrı təbəqələri şimal-qərbə doğru 6–10 dərəcəli bucaq altında düşür. Duz qatı 65–370 metr dərinlikdə yerləşərək ümumi qalınlığı 46 metrdən 85 metrə qədər çatır.
Bundan başqa, Nehrəm dolomit yatağının duz yatağından cənub-qərbdə cəmi 10 kilometrlik məsafədə yerləşməsi xüsusilə, böyük əhəmiyyətə malikdir. Dolomit yatağı Arazın sol sahilində bir-birindən ayrı olan iki sahədə yerləşir. Şimal hissədəki birinci yataq dəmir yolunun ətrafında yerləşdiyindən, ondan istifadə imkanı məhduddur. Yatağın ehtiyatı təxminən 50–60 milyon tona bərabərdir. İkinci yatağın ehtiyatı təxminən 400–450 milyon ton hesab edilir. Tikilən soda kombinatı üçün lazım olan əhəngin Vəlidağ əhəng yatağından gətirmək mümkündür. 1962-ci ildə öyrənilmiş bu yataq Dəhnə dağının cənub yamacında yerləşir. Möhkəmlik həddi orta hesabla 760 kq/kv.sm-ə bərabərdir. Kimyəvi tərkibi istifadə üçün əlverişlidir. Ehtiyatı təxminən 34 milyon tondur ki, bu da soda zavoduna lazım olan əhəngin yalnız bir hissəsini təşkil edir.
Naxçıvan MR tikinti materialları ilə də son dərəcə zəngindir. Tikinti materialları içərisində aşağıdakılar daha geniş yayılmışdır:
Şərur rayonunun Dizə kəndi yaxınlığında Şərqi Arpaçayın sağ sahilindəki Qaratəpədə çox böyük ehtiyata malik olan qara mərmər yataqları da diqqəti cəlb edir. Qaratəpə mərmər təbəqələrinin qalınlığı 0,8–1,0 metrə çatır. Mərmər yaxşı kəsildiyinə və asan cilalandığına, həmçinin rənginin (qara və tünd boz) gözəlliyinə, tərkibinin əlverişli olmasına görə ən yaxşı üzlük materialı hesab edilir. Vaxtilə qara mərmər yatağından geniş istifadə olunsa da, indi blokada şəraitində onun istehsalı və göndərilməsi dayandırılmışdır. Bu mərmərə təkcə respublikamızda deyil, həmçinin xaricdə də böyük maraq göstərilir. Ordubad rayonunun Vənənd, Kotam və Kilit, Babək rayonunun Aşağı Buzqov, Şərur rayonunun Diyadin kəndləri yaxınlığında açıq boz və ağ mərmərə rast gəlinir.
Parağaçayın yuxarı axınında 2700–3200 metr yüksəklikdə kvarsit yataqları mövcuddur. Muxtar respublikanın polimetal və mis filizi yataqlarında zəyə, Şərqi Arpaçayın orta axınında az miqdarda, səpinti halında fosforitlərə də təsadüf edilir.
Kimya sənayesində qiymətli xammal olan melanterit və epsomit Nehrəm kəndindən 1,5 km. şimal-qərbdə yerləşir. Melanteritdən qara və göy rəng (lazur) alınmasında, həmçinin dəri və yunun boyanmasında istifadə edilir. Ondan zəy və dəmir kuporosu da almaq mümkündür. Bu yataq lazımınca öyrənilməmiş və ehtiyatı hesablanmamışdır.
Şoraya Naxçıvan MR-də Araz vadisində, Tumbul kəndi yaxınlığında təsadüf edilir. Bu, gön və dərilərin aşılanması üçün işlədilir, kənd təsərrüfatında gübrə kimi istifadə edilir. İndiyədək ətraflı öyrənilməmiş bu yataqlardan ibtidai üsulla istifadə edilmiş, 1862–1872-ci illərdə Naxçıvanda şora istehsal edən kiçik zavod fəaliyyətdə olmuşdur.
Dünyada məlum olan mineral suların demək olar ki, əksər növlərinə Naxçıvan MR-də rast gəlmək mümkündür. Burada 200-dən artıq mineral su vardır ki, bunlardan ən məşhurları öz tərkibinə görə dünyada nadir sulardan hesab edilən, böyük debitə və tükənməz ehtiyata malik olan Darıdağ mərgümüşlü mineral suyu, Badamlı, Sirab, Nəhəcir, Qızılvəng, Vayxır, Qahab, Gömür və s. mineral bulaqlarıdır. Bunlardan başqa, bir sıra mineral sular da vardır ki, onlar hələ lazımınca öyrənilməmişdir. Bunlardan Biləv, Tivi, Nəsirvaz, Ələhi, Bist, Xurs, Dəstə, Parağa, Kotam, Kilit, Dımıs, Baş kənd, Bəyəhməd, Qazançı, Ləketağ, Gülüstan, Biçənək, Şahtaxtı, Sürəməlik, Dərəşam və s. bulaqları göstərmək olar. Hələ çox qədimdən insanlar bu sulardan müalicə məqsədləri üçün istifadə etmiş və onlara müvafiq adlar vermişlər. Məsələn, "Qotur suyu" (Gömür). "Yel suyu" (Darıdağ, Vayxır), "Şor su" (Sirab) və sair. Muxtar respublikamızda olan mineral su mənbələrinin XX əsrin əvvəllərindən başlayaraq öyrənilməsi və istismarı sahəsində çox böyük işlər görülmüşdür. Akademik M.Ə.Qaşqayın və professor Ə.Əsgərovun başçılığı ilə aparılan axtarış və tədqiqat işləri sayəsində Naxçıvan MR-də olan mineral suların kimyəvi analizi verilmiş, onların əhəmiyyəti müəyyənləşdirilmiş və bir çox yeni mənbələr aşkara çıxarılmışdır. Çox böyük müalicəvi əhəmiyyətə malik olan Naxçıvan MR mineral sularının öyrənilməsində akademik A.Qarayevin, professorlardan M.Əfəndiyevin, Ş.Həsənovun, T.Paşayevin, R.ƏIiyevin, Ə.Həsənovun, K.Yeqorovun və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.
Aparılan çoxillik kliniki müayinələrə, tətbiqlərə və elmi-tədqiqat işlərinə əsasən müəyyən edilmişdir ki, Darıdağın mərgümüşlü suları qan azlığının aradan qaldırılmasında, sinir sistemi, daxili ifrazat vəziləri, mədə, öd kisəsi və qara ciyər, mədəaltı vəzi xəstəliklərinin müalicəsində, maddələr mübadiləsinin qaydaya salınmasında, ürək əzələsinin fəaliyyətinin artırılmasında, bir sıra dəri xəstəliklərinin, gec sağalan trofik yaraların müalicəsində müvəffəqiyyətlə tətbiq olunur. Əldə edilən nəticələr sübut edir ki, Darıdağ mineral suyu insan orqanizminin bütün toxuma, üzv və sistemlərinə çox böyük müalicəvi təsir göstərir.
Sirab suyu Borjomi tipli sulardan üstün olmaqla, çox böyük debitə malikdir. Yüksək müalicəvi əhəmiyyətə malik olan Sirab suyu qastritiər, mədə-bağırsağın yara xəstəlikləri, xroniki kolit və xolesistit, yuxarı tənəffüs yollarının xroniki iltihabı, podaqra, piylənmə, yüngül formalı şəkər xəstəliyi və s. zamanı müvəffəqiyyətlə işlədilir.
Badamlı mineral suyu ürək-qan-damar sisteminə müsbət təsir göstərir, arterial təzyiqin səviyyəsini tənzimləyir, skelorotik prosesin inkişafının qarşısını alır. 4 N-li mineral su qara ciyər və öd kisəsi xəstəliklərinin müalicəsində xüsusilə müsbət nəticə verir.
Qızılvəng mineral suyu nadir sulardan olub, məşhur Quniada-Yakoş (Macarıstan) və Botalinski suyunun eynisidir. Bu su adəti qəbizliyi olan xəstələrin müalicəsində böyük əhəmiyyətə malikdir. Ondan öd kisəsi xəstəliyinin müalicəsində də istifadə olunur.
Nəhəcir mineral suyu 17 N-li Yesentuki suyu kimi qiymətli qrupa mənsub olmaqla, minerallaşmasına görə ondan daha yüksəkdir. Bu su mədə-bağırsaq, qaraciyər, maddələr mübadiləsi pozğunluğu, sidik-tənasül sistemi üzvləri xəstəliklərinin müalicəsində tətbiq olunur.
Hazırda Naxçıvanın mineral bulaqlarından ancaq Badamlı və Sirab suları şüşələrə doldurulur. Badamlıdakı mineral su zavodu 1947-ci ildə fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikanın hidroqrafiyasının tədqiqində S. H. Rüstəmov, X. C. Zamanov və başqalarının xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasında səth sularının əsasını çaylar və göllər təşkil edir. Muxtar Respublika səth sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər ərazilərindən geridə qalır. Belə ki, ərazidə Araz çayı istisna olmaqla səth suları il ərzində 0,61 km3 təşkil edir
Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbə olan zonada çay şəbəkəsi olduqca zəifdir. Ondan şərqdə isə Zəngəzur dağlarından axan çaylar nisbətən sıx şəbəkə təşkil etsə də həmin çaylar az suludur. Professor S. H. Rüstəmovun hesablamalarına görə ərazinin əsas çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km2-dir. Naxçıvan MR-in çaylarında axımın il ərzində paylanması fəsillər üzrə müxtəlifdir. Muxtar Respublikanın çaylarının əsas qida mənbəyini təşkil edən qar iyunun axırınadək, bəzən isə iyuladək tədricən əriyərək çayların səviyyəsini sabit saxlayır. Buna görə də çaylar apreldən iyunun axrlarınadək bolsulu olur. çayların az sulu vaxtı iyul-sentyabr aylarına düşür ki, bu dövrdə də onların əsas qida mənbəyini yeraltı sular təşkil edir. Nisbətən yaxşı inkişaf etmiş çay şəbəkəsi, Naxçıvançaydan şərqə olan regionu, yaxud Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından axan çayları əhatə edir. Aşağı Arazboyu zonada isə çay şəbəkəsinin sıxlığının azalması müşahidə edilir və 0,20 – 0,40 km / km2 təşkil edir. Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların sayı 400-ə çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6–10 km, 24-nünki 11–25 km, 7-ninki 26–50 km, 3-nünki (Naxçıvançay, Əlincəçay, Gilançay) 51–100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır (S. Y. Babayev, 1999) Azərbaycanın digər əraziləri kimi, Naxçıvan MR-in müasir hidroqrafik şəbəkəsi də uzun dövr ərzində əmələ gəlmiş və bir sıra dəyişikliklərə məruz qalmışdır.
Naxçıvan MR çaylarının morfometrik ünsürləri aşağıdakı cədvəldə verilmişdir (S.H.Rüstəmov görə):
Çayların adı | Çayların uzunluğu
(km-lə) |
Su toplayıcı sahə
(km2-lə) |
Mütləq yüksəklik
(m-lə) |
Orta meyilliyi
(%-lə) |
Hövzənin orta yüsksəkliyi
(m-lə) |
Çay şəbəkə sıxlığı əmsalı
km2-lə | |
---|---|---|---|---|---|---|---|
Mənbəyi | Mənsəbi | ||||||
Çanaqçıçay | 36,4 | 1888 | 2520 | 797 | 47,3 | 1630 | 0,56 |
Arpaçay | 126,0 | 2630 | 2985 | 780 | 17,4 | 1968 | 0,54 |
Naxçıvançay | 81,2 | 1630 | 2720 | 748 | 24,3 | 1625 | 0,48 |
Əlincəçay | 61,6 | 599,2 | 2800 | 695 | 34,2 | 1610 | 0,50 |
Qaradərə | 40,0 | 311,8 | 2100 | 686 | 35,4 | 1260 | 0,56 |
Gilançay | 53,4 | 425,9 | 2700 | 678 | 37,9 | 2015 | 0,52 |
Düylünçay | 29,6 | 123,5 | 3000 | 660 | 79,1 | 1740 | 0,59 |
Vənəndçay | 29,4 | 91,4 | 3500 | 650 | 96,9 | 1962 | 0,53 |
Əylisçay | 21.0 | 57,9 | 3600 | 634 | 141,2 | 1759 | 0,60 |
Ordubadçay | 19,0 | 42,2 | 3575 | 630 | 155,0 | 2027 | 0,71 |
Gənzəçay | 15,6 | 44,6 | 2700 | 621 | 133,3 | 1781 | 0,51 |
Kotamçay | 7,8 | 22,3 | 2842 | 617 | 285,3 | 1805 | 0,55 |
Kilitçay | 4,8 | 9,15 | 2373 | 600 | 369,4 | 1384 | 0,53 |
Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq olması ilə əlaqədardır. 1000–2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi burada çay şəbəkəsinin azalmasına səbəb olur. Bu zonada yeraltı sular çoxlu bulaqlar şəklində üzə çıxır. 3000 m və daha yüksək sahələrdə relyef əsasən çılpaq və qayalıq, atmosfer çöküntüləri isə nisbətən az olduğundan, çay şəbəkəsi zəif inkişaf etmişdir. Bəzi çay hövzələrinin (Naxçıvançay, Əlincəçay, Gilançay) 2500 m-dən yüksək sahələrdə çay şəbəkəsinin sıxlığı 0.10 km/kv. km-ə qədər azalır. 1000 m-dən aşağıda yerləşən dağətəyi və düzənlik sahədə çay şəbəkəsinin zəif inkişaf etməsinin başlıca səbəbi bu zonada yağıntının azlığı, buxarlanmanın intensiv getməsi və çay sularının çökmə süxurlara tez hopmasıdır. Naxçıvan MR-in bütün çayları Araz hövzəsinə daxildir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrinin dik yamaclarından götürür.
Axım davamiyyətinə görə Naxçıvan MR-də çayların üç qrupa bölmək olar (S. H. Rüstəmova görə):
Bu çaylar arasında əsas fərq onların yeraltı sularla qidalanmasıdır. Birinci qrup çayların yeraltı sulardan qidalanması sabitdir, ikinci qrupda 1–2 ay olur, üçüncü qrupda isə yox dərəcəsindədir. Muxtar respublikada çayların su toplayıcılarının yüksəklik vəziyyəti qidalanma şəraitini və axımın əmələ gəlməsini müəyyən edir və onun dəyişməsindən asılı olaraq çaylar bir qrupdan digərinə keçir.
Su toplayıcıların yüksəklik vəziyyəti prinsipindən asılı olaraq, ərazinin çaylarını iki qrupa bölmək olar:
Naxçıvan MR ərazisində axımın il ərzində paylanmasını üç fazaya ayırmaq olar:
I faza: Payız-qış fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su sərfləri nisbətən davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr ərzində çaylarda illik axımın 10–15%-ə qədəri axır.
II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini əhatə edir. Qarların əriməsindən və yağışların yağmasından əmələ gələn daşqınlar baş verir. Martın ikinci yarısında temperaturun artması nəticəsində çaylarda suyun miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3–5 daşqın müşahidə edilir. May – iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60–70%-i), sonra isə azalmağa başlayır.
III faza: Yayın az sulu dövrünü (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan yağışlar nəticəsində şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı illik axım həcminin 10–15%-ni təşkil edir.
Payız-qış dövründə (noyabr-mart) yay dövrünə nisbətən çayların suyu qar əriməsi hesabına bir qədər artır. Aşağıdakı cədvəldə axımın fəsillər üzrə paylanması verilmişdir:
Çayların adı | Məntəqənin adı | Axımın fəsillər üzrə bölgüsü(illik axımın ümumi həcminə nisbətən faizlə) | İntensiv suvarma dövrü
(%-lə) |
Axımın illik həcmi
(mln.m) | |||
---|---|---|---|---|---|---|---|
yaz
IV-VI |
yay
VII-IX |
payız
X-XII |
qış
I-III | ||||
Şərqi Arpaçay | Arpa | 49,8 | 26,9 | 12,0 | 11,3 | 2,5 | 630 |
Naxçıvançay | Qarababa | 60,4 | 20,1 | 8,8 | 10,7 | 8,2 | 164,7 |
Əlincəçay | Xanağa | 40,8 | 36,2 | 12,0 | 8,0 | 7,9 | 51,7 |
Gilançay | Başdizə | 45,8 | 34,1 | 10,4 | 9,7 | 14,8 | 97,7 |
Vənəndçay | Danakert | 37,1 | 37,8 | 13,7 | 11,4 | 16,2 | 18,0 |
Ordubadçay | Nüsnüs | 37,7 | 29,0 | 17,1 | 15,6 | 16 | 10,9 |
Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar. Çay suları ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 km3 –ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km3 təşkil edir.[6]
Naxçıvan Muxtar Respublikasında hövzəsinin böyüklüyünə görə çaylar :
—
Naxçıvan MR-nın torpaqları S. A. Zaxarov, R. H. Məmmədov, H. Ə. Əliyev, Q. Ş. Məmmədov, M. P. Babayev, Ə. M. Zeynalov M. M. Salayev, Q. Z. Əzizov, P. B. Zamanov, Ə. G. Quliyev, S. Ə. Hacıyev və b. tərəfindən müxtəlif vaxtlarda tədqiq edilmişdir. Naxçıvan MR relyefinin mürəkkəbliyi, ərazidə allüvial, prollüvial və delüvial gətirmələrin bolluğu, hidroloji şəraitin müxtəlifliyi, bitki örtüyünün, kəskin kontinental iqlimin və insanların əsrlər boyu fəaliyyəti burada torpaq örtüyünün tərkibinə və yayılmasına öz təsirini göstərmişdir. Naxçıvan MR-də torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində, relyef xüsusiyyətləri çox böyük rol oynamış və hazırda da öz təsirini göstərməkdədir. Düzənlik sahə, yəni Arazboyu maili düzənlik isti və quraq iqlim şəraitində yaranmış yarımsəhra landşaftı yoxsul bitki və torpaq örtüyünə malikdir. Naxçıvan MR əhalisi çox qədimdən əkinçiliklə məşğul olmuşdur. Odur ki, torpaq əmələgəlmə prosesində insanların təsərrüfat fəaliyyətinin rolu böyükdür. Qədimdən becərilib suvarılan torpaqlar əsasən, Arazboyu düzənlik sahədədir. Burada bəzən təkrar şorlaşmaya məruz qalmış torpaqlara da rast gəlinir.[1] Naxçıvan MR ərazisində 15 torpaq tipi və növü vardır ki, onlar da aşağıdakı şəkildə qruplaşdırılmışdır:
Bu torpaqlar 2200–2400 metr yüksəkliyə malik dağlıq sahələrdə, orta illik yığıntıların qismən artıq olduğu Batabat gölü ərazisində, Biçənək aşırımında, Bist, Tivi, Parağa və başqa kəndlər ətrafında yayılmışdır. Bir sıra yarımtiplərdən və növlərdən ibarət olan bu torpaqlar şimal və qərb yamaclarda yaxşı inkişaf etmiş, şərq və cənub yamaclarda isə xeyli yuyulmuş və yuxalaşmışdır. Dağ yamaclarının meylliyi artığından əksər hallarda dik yamaclı qayalıq sahələr gəniş yer tutur və çimli dağ-çəmən torpaqların vahid zona şəklində yayılması pozulur. Ona görə də çimli dağçəmən torpaqları əsasən ayrı-ayrı sahələr şəklində inkişaf etmişdir. Çimli dağ-çəmən torpaqlarının başlıca morfoloji nişanəsi torpaq profilinin orta qalınlıqlı və yuxa, əksərən skeletli, üst qatların çimli və çox vaxt strukturlu olmasıdır. Tək-tək hallarda bu torpaqların qalın və skeletsiz növlərinə də təsadüf edilir. Qalınlığı 100 sm-lə 10 sm arasında dəyişən bu torpaqlarda humusun miqdarı 2,04–4,2 faiz arasında tərəddüd edir. Bu torpaqlarda karbonatlar olmur ki, bu da onların turş süxurlar üzərində törəməsi ilə izah oluna bilər. Yağıntıların az düşdüyü sahələrdə zəif rütubətlənmə nəticəsində çimləşmə nisbətən yaxşı inkişaf etməmişdir. Bu torpaqlarda humusun miqdarı az, tərkibi isə bir qədər daşlı olur. Ordubad rayonu ərazisindəki bu torpaqlarda üzvi maddələr 2–3 faizi təşkil edir, mexaniki tərkibi gillicəlidir[5]. Çimli dağ-çəmən torpaqlarında ot-çəmən bitkiləri yaxşı inkişaf etdiyindən, həmin sahələrdən yay otlaqları kimi istifadə etmək əlverişlidir. Bəzən bu torpaqların çox qalın növlərinin yayıldığı az meylli yamaclar dənli bitkilər əkmək üçün istifadə olunur. Lakin yüksək məhsul əldə edilmir. Bu əsasən torpaqların yuxa olması ilə əlaqədardır. Burada eroziya ilə mübarizə məsələsi ən başlıca tədbirlərdəndir. Bu torpaqların yayıldığı sahələrdə maldarlığın inkişaf etdirilməsi daha çox məqsədəuyğundur.
İqlimi nisbətən quraq keçən dağlıq rayonlarda yayılmış bu torpaqlar əsasən 1200–1800 m mütləq yüksəkliklər arasında yayılmışdır[5]. Çimli dağ-çəmən torpaqlara nisbətən burada bitki örtüyü zəif inkişaf edir, torpaqəmələgətirmə prosesi quraq şəraitdə keçir. Bu torpaqlarda çim qatı nazik, torpaq profilinin rəngi isə nisbətən bozumtuldur. Torpaqların qalınlığı və yamacların meylliyindən asılı olaraq eroziya dərəcəsi müxtəlifdir. Mexaniki və kimyəvi tərkibinə görə çimli dağ-çəmən torpaqlarına çox yaxındır. Bu torpaqların heyvandarlıqla yanaşı, əkinçilikdə də böyük əhəmiyyəti vardır. Eroziya ilə mübarizə burada da əsas məsələ sayılmalıdır.
Nəmlənmə şəraiti bir qədər yaxşı olan yamaclarada yayılmışdır. Məlumdur ki, Naxçıvan MR ərazisində təbii meşə örtüyü çox az sahəni (3016 hektar) əhatə edir. Ona görə də bu növ torpaqlar çox az sahədə — Naxçıvançayın hövzəsində, Zəngəzur silsiləsinin cənub-qərb yamaclarında yayılmışdır. Torpaqlarda humusun miqdarı 3–4 faizə qədər çatır. Meşələrin qırılıb məhv edilməsi və bəzi sahələrdə onların kolluqlarla əvəz olunması həmin sahələrdə torpağın qalınlığının azalmasına, onun eroziyaya məruz qalmasına səbəb olmuşdur. Bu sahədə meşənin yenidən bərpa edilməsi çox zəruridir.
Bu torpaqlar, əsasən, Şahbuz rayonunda Biçənək aşırımı ətrafında az bir hissədə yayılmışdır. Nisbətən quru iqlim şəraitində, yüksək dağlıq qurşağın aşağı hissəsində (1300–1600m) başlıca olaraq karbonatlı süxurlar üzərində yerləşən bu torpaqların maksimal qalınlığı 200 sm-ə çatır. Lakin çox zaman onların da orta qalınlıqlı və yuxa növlərinə rast gəlinir. Xüsusilə, meşəsi qırılmış dik sahələrdə torpaqlar şiddətli eroziyaya məruz qalmış, bəzən isə sal süxurlar üzə çıxmışdır. Dağ-meşə qəhvəyi torpaqlar üçün qəhvəyi və boz qəhvəyi rəng, 20–30 sm-lik humuslu qat, aşağı qatlarda karbonatlılıq, profilin orta hissəsində möhkəm gillilik əsas xarakterik əlamətlər sayılır. Bu torpaqlar gilli və ağır gillicəli olub humusla nisbətən zəngindir. Humusun miqdarı 4–7 faizə qədər çatır[5]. Çay dərələri və yamaclarında, süni terraslarda, suvarılan meyvə bağlarından, əkilən sahələrdə dağ-meşə qəhvəyi torpaqları xeyli dəyişilmiş, əksərən yekrəng, bərkimiş, zəif strukturlu və az humusludur. Dağ-meşə qəhvəyi torpaqların bozqırlaşmış növlərindən kənd təsərrüfatında geniş istifadə olunur.
Başlıca olaraq talalar şəklində, əksərən dağ-çəmən bozqır torpaqlarla birlikdə və ayrı-ayrı sahələrdə yayılmışdır. Tipik nümunəsi Badamlı kəndi ətrafındakı düzənlikdədir. Bu torpaqlar qaramtıl və qəhvəyi qara rəngdə, dənəvər strukturlu, humus qatı xeyli qalın, az skletli olur. Mexaniki tərkibcə gilli və ağır gillicəlidir. Ozvi maddələrlə zəngindir, humusun miqdarı 5–6 faizə çatır. Dağ qara torpaqlar əkinçilikdə geniş istifadə edilir. Bizim fikrimizə görə, bu torpaqlar əslində qara torpaqlar deyildir. Onları çəmən prosesi keçirmiş qədim terrasların şabalıdı torpaqları hesab etmək daha düzgün olar.
Dağ qara torpaqlardan fərqli olaraq talalar şəklində deyil, ondan aşağıda, zolaq şəklində yayılmışdır. Bu torpaqlar çox hallarda dağ-çəmən bozqır torpaqları ilə qovuşur. Bitki örtüyü quru step bitkilərindən ibarətdir. İntensiv parçalanmaya məruz qalmış dik yamaclarda şabalıdı dağ torpaqlarının əmələ gəlməsi üçün lazımi qədər əlverişli relyef şəraiti olmadığından, onlar çox vaxt tam inkişaf etmir, nisbətən ibtidai şəkildə olur. Onlar bəzən yuxa və orta qalınlıqlıdır. Dik yamaclarda eroziya prosesinə məruz qalır, yuyulur və parçalanır. Mexaniki tərkibcə çox müxtəlifdir. Dağ şabalıdı torpaqlarda humusun miqdarı 3 faizlə 1 faiz arasında dəyişir. Düzənlik sahələrində bəzən şoranlaşır. Əlverişli relyef şəraiti olan sahələrdə əkinçilik inkişaf etdirilir.
Dağ şabalıdı torpaqlardan aşağıda, cənub və şərq yamaclarda inkişaf etmişdir. Çox vaxt bitkisiz şəraitdə eroziyaya məruz qalır. Nəticədə torpaq qatı skletli və yuxa olur. Daşlıqlar və daşlı torpaqlar isə geniş sahələri tutur. Şimal yamaclarda yayılmış açıq dağ şabalıdı torpaqlarda nəmlənmə və humusun miqdarı nisbətən artıq olur. 1,5 faizə qədər humusu olan bu torpaqlarda dəmyə taxılçılıq inkişaf etmişdir[5].
Dağətəyi və düzənlik arasında qalan şleyf zolağında inkişaf etmişdir. Profilin qalınlığı 1,5 m-ə qədər çatan bu torpaqların yayıldığı sahələrdə suvarma imkanı artıq olduğundan onlardan çox qədimdən istifadə edilir. Bu torpaqlar allüvial, allüvial-prolüvial üzərində və quru bozqır bitkiləri altında inkişaf etmişdir. Boz şabalıdı və bozumtul yekrənglik, genetik qatların çox zəif seçilməsi, aşağı qatların nisbətən bərk olması, yüksək karbonatlılıq bu torpaqlar üçün əsas əlamətlərdəndir. Mexaniki tərkibcə gilli və ağır gillicəli olub, dərin qatlarda prolüval və allüvial kimi kobud çöküntülərə də təsadüf olunur. Humusun miqdarı 3 faizə qədərdir. Çökək sahələrdə torpaqlar şoranlaşır. Suların artıq toplandığı yerlərdə bataqlıqlar var. Bəzən çay subasarlarında da şabalıdı torpaqlara rast gəlinir.
Dağ ətəklərindən başlamış düzənliklərə doğru genişlənir. Bunlar xeyli qalın olub, allüvial və prollüvial çöküntülər üzərində və quru bozqır bitkilər altında əmələ gəlmişdir. Açıq şabalıdı torpaqlar başlıca olaraq suvarma şəraitində becərilir.[1]
Taxıl, tərəvəz və bəzən də tütün əkmək üçün istifadə olunur. Uzun müddət şumlanan torpaqların səthi yuyulduğundan bəzən orada humusun miqdarı 1 faizdən aşağı düşür. Suvarma nəticəsində üzvi maddələr torpağın aşağı qatlarına enir. Profilin üst hissəsində tündləşmiş qatın qalınlığı 60–70 sm qədərdir. Şərur düzündə torpağın üst qatında şoranlaşmanı nəzərə almasaq, bu torpaqlar şoranlaşma prosesinə məruz qalmamışdır. Naxçıvan düzünün şimal hissəsində 0,5 m dərinlikdə sulfat duzlarının miqdarının 1 faizə çatmasına baxmayaraq, bu duzlar bitkilərin inkişafı üçün qorxu törətmir. Bəzən torpaq qatlarında (40 sm dərinlikdə) miqdarı 1,5–5 faizə qədər olan asan həll olunan sulfat duzları bitki üçün zərərli sayıla bilər.
Bu torpaqlar Şərur rayonunun şərq hissəsində geniş sahə tutur. Babək rayonu ərazisində isə talalar şəklində yayılmışdır. Kontinental iqlimə malik olan bu sahələrdə bitki örtüyü çox zəif inkişaf etmişdir. Boz-qonur torpaqların normal inkişaf etdiyi sahələrdə onun narın hissəsinin qalınlığı bəzən 1 m-ə çatır. Humusun miqdarı 1,2–1,7 faizə qədər olur. Mexaniki tərkibcə çox müxtəlifdir.[1]
Arazboyu düzənlik hissədə inkişaf etmiş bu torpaqlar müəyyən bir zolaq təşkil edir (məsələn: Böyükdüz, dağətəyi sahə və s.). Bəzi sahələrdə boz torpaqlar müxtəlif dərəcədə şorlaşmışdır. Boz torpaqlar bir neçə yarımtipə bölünür. Onlardan müxtəlif dərəcədə suvarılmış və becərilmiş boz torpaqlar xeyli üstünlük təşkil edir.[1]
Bu torpaqlar Arazboyu düzənlikdə çox geniş sahəni əhatə edir. Onlar cənub – qərbdə, çəmən-boz torpaqlarla, şimala doğru isə boz-qonur torpaqlarla əvəz olunur. Yuxarıda göstərilən sahələrdə boz torpaqların ibtidai növləri də inkişaf etmişdir. Bəzi yerlərdə (Xok, Şahtaxtı (Kəngərli)|Şahtaxtı, Dəstə, Aza və digər kəndlərin yaxınlığında) bu torpaqlarda şoranlaşmaya təsadüf olunur. Araz çayının sol sahilində çaybasar və alçaq terraslarda, habelə çökək sahələrdə rütubət yüksək olduğundan boz torpaqlar zolağında boz – çəmən yaxud çəmən-boz torpaqları əmələ gəlmişdir. Bu torpaqlar da Araz sahilboyunda xeyli geniş bir sahəni əhatə edir.[1]
Bu torpağın əmələ gəlməsi, əsasən, Duzdağın yamaclarında yağıntılar vasitəsilə yuyulub gətirilən çöküntülərin duzla zəngin olması ilə əlaqədardır. Bu torpaqlar başlıca olaraq, Böyükdüzün şərq və cənub hissəsini əhatə edir.[1]
Şərur və Sədərək düzlərinin Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan, çəmən-ot bitkilərinin yaxşı inkişaf etməsinə səbəb olmuşdur ki, bunların da altında yüksək rütubətlənmə şəraitində boz torpaqlar zonasının çəmən torpaqları əmələ gəlmişdir.[1]
Hazırkı dövrdə ümumi eroziya bazisinin aşağı enməsi nəticəsində yeraltı suların səviyyəsi aşağıya endiyindən keçmiş çəmən torpaqları quraqlaşma şəraitinə düşdüyündən onlar bozqırlaşaraq boz torpaqlar tipinə çevrilir. Bunların nəticəsində çəmən-boz torpaqlarını ayırmaq olur. Çəmən-boz torpaqların profili yayın isti vaxtında belə adi boz torpaqlara nisbətən xeyli rütubətli olur. Şərur maili düzündə təsadüf edilən çəmən-boz torpaqların üst qatı qaramtıl-boz olub, aşağıdakı qatda bir qədər də tündləşir. (Yenicə, Qarahəsənli, Şəhriyar kəndləri) həmin torpaqların mexaniki tərkibi ağır gillicə və gilli olub şorlaşmışdır. Şərur və Naxçıvan düzlərində bu torpaqların şoranlı növlərinə də təsadüf edilir. Belə torpaqlarda duz toplanması prosesi üst yarım metrlik layda müşahidə olunur.[5]
Çəmən bataqlıq torpaqları. Muxtar Respublikanın düzən hissəsində çəmən torpaqları içərisində relyefin daha çox çökək sahələrində yealtı suların səthə daha yaxın olduğu bir şəraitdə əmələ gəlmişdir. Bu torpaqlara Sədərək, Şərur və Naxçıvan düzlərində təsadüf edilir. Həmin torpaqlar ağır gilli olub, tərkibində fiziki gilin miqdarı 90%-ə çatır.[1]
Naxçıvan MR ərazisinin dağlıq hissəsində uçurum qayalar çox olduğundan geniş sahədə torpaq əmələ gəlməsinə relyef şəraiti imkan vermir. Ona görə də dağlıq ərazinin qayalıq hissəsi demək olar ki, torpaqdan məhrumdur. Bundan əlavə, Muxtar respublikanın orta və alçaq dağlıq hissəsində (xüsusilə cənubda) çox geniş sahədə yararsız sahələr inkişaf etmişdir. Bu sahələr sıx şırım və yarğanlar vasitəsilə elə şiddətli parçalanmışdır ki, onların səthində torpaq və bitki örtüyü yoxdur. Burada torpaq ibtidai şəkildədir, torpaqəmələgəlmə prosesi çox zəif gedir. Bu sahələr kənd təsərrüfatı üçün tamamilə yararsızdır. Bundan əlavə, Naxçıvan MR-də bir neçə çaydan, xüsusilə quru yarğan və qobulardan vaxtaşırı sellər keçir. Sellərin gətirdiyi çöküntülər gətirmə konuslarının yuxarı hissəsində çökdürülür (məsələn, Ordubad çayının gətirmə konusu). Sel çöküntüləri iri qaymalşrdan, daşlıqlardan, çay daşlarından, qumlardan və gillərdən ibarət olduğundan onların üzərində ibtidai torpaqlar əmələ gəlir və mütəmadi olaraq yeni çöküntülərlə örtülür. Belə torpaqlardan kənd təsərrüfatında istifadə etmək çətindir və gərgin əmək tələb edir.[5]
Geomorfoloji cəhətdən ərazinin relyefi akkumlyativ xarakterlidir və çöküntü toplanmanın şiddətinə görə iki relyef növü qeyd edilir:
1.Paleogen, Neogen və Dördüncü dövr çöküntülərindən təşkil edilmiş maili düzənlik.
2.Müasir alüvial-prolüvial-delüvial çöküntülərdəntəşkil edilmiş maili dağətəyi düzənlik
Maili dağətəyi düzənlik, bulaqların uzunmüddətli fəaliyyəti ilə əlaqədar olaraq toplanmış travertinlər mineral bulaqların çıxdığı yamaclarda daha çox müşahidə olunur. Bu düzənlik formasını denudasiya ilə akkumulyasiya zonaları arasında keçid forması kimi qəbul etmək olar.
Müasir alüvial-prolüvial-delüvial düzənlik isə adından da məlum olduğu kimi dağ yamaclarındakı müvəqqəti su axmlarının, yamaclardan gətirərərk düzənlikdə çökdürdüyü süxur toplantısından əmələ gəlirlər. Burada ən çox qum, qumca, gilcə nadir hallarda isə gil dolduruculu çaqıl-çınqıl kimi qırıntı materialları toplanır. Dağətəyi zonaya tərəf materialların tərkibi dəyişir, iri qırıntı materiallar üstünlük təşkil edir.
Naxçıvan MR ərazisində geomorfoloji tədqiqatlar XX əsrin 50-ci illərinin ortalarından aparılmağa başlandı. Bura Abasov M.A., 1955, 1965, 1966, 1970, 1977 və s.; Əzizbəyov Ş.A., 1952, 1961; Antonov B.A., 1953, 1959, 1963, 1993 və s.; Dumitraşko N.V., 1950, 1962, 1964 və s.; Astaxov N.E., 1970; Safronov N.İ., 1964; Guliyev R.Y., 1974; Şirinov N.Ş., 1973, 1975, 1979; Müseyibov M.A., 1973; Xain İ.E., 1950, 1952, 1981, 1984 və s.; Liliyenberq D.A., Budaqov B.A., Əliyev Ə.S., 1996; Xəlilov H.A., 1980, 1999; Quluzadə V.A., 1982; Hacıyev V.D., 1980, 1999; Əlizadə E.K., 2004 və s. aiddirlər. Hal-hazırda bu tədqiqatlar Naxçıvan MR-nın quruluşunun xüsusiyyətlərini və morfostrukturlarının mənşəyi göstərməyə imkan verirlər.
Uzun inkişaf tarixi yaşayan Arazyanı silsilələrin və ortaaraz çökəkliyinin relyefi, mürəkkəb quruluşa malikdilər. Nəhəng dağ massivlərinin, həmçinin dərin dağarası çökəkliklərin mövcudluğu, relyefə tipik dağlıq xarakteri verən sərt parçalanmaya səbəb olur.
Ərazinin müxtəlif struktur, litoloji, fiziki-coğrafi şəraiti zonallıq və qurşaqlılıqla səciyyələnən relyef tiplərinin və formalarının müxtəlifliyinə səbəb olub. Ayrı-ayrı iri morfostruktur vahidlərinin hipsometrik fərqləri, Naxçıvan MR-da dörd şaquli geomorfoloji qurşaq: yüksəkdağlıq, ortadağlıq, alçaqdağlıq, və dağətəyi maili düzənliklər ayırmağa imkan verir.
Yüksəkdağlıq daxilində nival-buzlaq relyefəmələgətirici proseslər və intensiv fiziki aşınma hakimlik edir və onların fəaliyyəti nəticəsində dağ yamaclarında müxtəlif ölçüdə qırılma materialları geniş yayılırlar. Yüksəkdağlıq daxilində dağ süxurlarının dağılmasının ən intensiv aqenti kimi, temperatur aşınması çıxış edir.
Yüksəkdağlığın böyük hissəsini Zəngəzur silsiləsinin suayrıcı qayalıq hissəsi təşkil edir və hərdən onların üzərində daş axınları müşahidə olunur. Dərələyəz silsiləsinin suayrıcı hissəsinin Ardağlı, Keçəltəpə və Buzqov dağları arasında yerləşən Keçəltəpə dağı ərazisi qırışıq-qaymalı yüksək dağlar zonasına aiddir. Bura, qərb – cənub-şərq istiqamətində uzanan Qarlıdağ silsiləsinin suayrıcı hissələri təsadüf edir.
Ortadağlıqda intensiv parçalanmış relyef səciyyəvidir. Fiziki və kimyəvi aşınma proseslərinin boyük rolu və intensiv eroziya fəaliyyəti, burada V-şəkilli və sərt meyilli çay dərələrinin, dar və geniş eroziya, eroziya-akkumulyasiya və akkumulyasiya terraslarının növbələşməsinə, ufantı və uçqun yaranmasına səbəb olub. Həmçinin relyefdə sirk, kar və kar gölləri, moren və flyuvioqlyasial çöküntülərlə təmsil olunan qədim buzlaq formaları yaxşı saxlanılıblar.
Alçaqdağlıq formalaşması arid iqlimlə əlaqəli olan skulptur relyef ilə səciyyələnir. Burada monoklinal relyef, terraslaşmış geniş çay dərələri, qədim çay dərələri və gətirmə konusları, dağarası çökəkliklər, ekstruziv kümbəzlər, delyuvial şleyflər və s. geniş inkişaf ediblər.
Monoklinal quruluşlu alçaq dağlar Səluzçay-Cəyriçay, Bağırsağdərə-Arpaçay çayları arasında və Naxçıvançayın sol sahilində yerləşirlər.
Ortaaraz depressiyası üçün qədim və müasir maili düzənliklər və platolar, geniş terraslaşdırılmış dərələr, qalıq monoklinal relyef, bedlend, gətirmə konusu, sel gətirmələri və s. səciyyəvidirlər.
Naxçıvan MR-nın mərkəzi hissəsində alyuviy örtüklü platolara, Duzdağın böyük hissəsi aiddir.
Flyuvioqlyasial-alyuvial-prolyuvial plato Tilək kəndinin şimal hissəsindən cənuba Xurst kəndinə dək müşahidə olunur. Platonun əsası gilli çöküntülərdən ibarətdir, onun üstü isə əhəngdaşından təşkil plunur.
Araz çayının hər iki sahilində müasir maili düzənlik şəklində, daha cavan akkumulyativ relyef əks olunub. Onların səthi zəif parçalanıb – Sədərək, Şərur, Böyükdüz, Naxçıvan və s. əsas relyef formaları çayların gətirmə konusları, çay dərələri, quru dərələr, qobu və yarğanlardı.
XX əsrin əvvəllərinədək Naxçıvan MR əräzisində heç bir geomorfoloji amil ayrıca olaraq öyrənilməmişdir. Muxtar Respublikanın ərazisindən keçən bəzi tədqiqatçı və səyyahlar isə orada tədqiqat işi aparmağı heç də əvvəlcədən öz qarşılarına məqsəd qoymamışlar. Əldə olan materiallar göstərir ki, Naxçıvanın geomorfoloqiyasının öyrənilməsi və onun təsvir edilməsi XIX əsrin ilk onilliklərindən sonra başlanılmışdır. 1830-cu ildə Q.Voskoboynikov Naxçıvan duz mədənini tədqiq edərək özünün "Naxçıvan daş duzunun təsviri" adlı əsərini yazmışdır. K.V. Abix Naxçıvan ərazisində bir sıra tədqiqat işləri apararaq onun faydalı qazıntıları, mineral suları, o cümlədən 1857-ci ildə Naxçıvanın duz mədəni, 1860-cı ildə isə Darıdağın mərgümüşlü bulaqları haqqında məlumat vermişdir. Akademik V.İ. Lipski (1890), A.A. Lomakin (1895) və B.Q. Levandovski (1896–1898) Naxçıvan ərazisində olmuş və böyük kolleksiyalar toplamışlar. 1898–99-cu illərdə Qalizur misəritmə zavodunun icarəçisi Q.P.Ceymadze Ordubad və Culfa rayonlarında bir çox faydalı qazıntıların aşkara çıxarılması və istifadə edilməsi sahəsində xeyli iş görmüşdür. Kiçik Qafqaz, o cümlədən Naxçıvan haqqında ilk geomorfoloji məlumata K.V. Abixin1902-ci ildə dərc olunmuş "Ermənistan yaylasının geologiyası" adlı əsərində rast gəlirik. A. Qukasov və F.Osvaldın sonrakı tədqiqatları K.Abixin göstərişlərini qismən tamamlamışdır. A.L.Reynqard və S.S.Kuznetsovun əsərlərində də Naxçıvanın geomorfologiyası haqqında qiymətli məlumatlar vardır. A.L.Reynqard (1917) yüksək Zəngəzur silsiləsini təsvir edərək, onun qədim buzlaqlarının formalarını göstərmiş, suayrıcıların xarakteristikasını, çay dərələrinin morfologiyasını vermişdir. Respublika miqyasında aparılan tədqiqat işlərinin nəticəsində 1926-ci ildə bir sıra elmi əsərlər, o cümlədən professor V.V. Boqaçyevin "Azərbaycanın geoloji oçerki" və s. kimi əsərlər meydana çıxır. 1930-cu ildə A. Marqolius Naxçıvan duz yatağını öyrənir və təsvir edir. Həmin il V.Y. Livental və V.Q. Qudovski Gömürün kükürd yataqlarında geoloji axfarış işləri aparıb hesabatlarını dərc etdirirlər. Akademik Ş.Ə. Əzizbəyov 12 il (1945–1956-cı illər) ərzində Naxçıvan MSSR-in bütün ərazisini öyrənmiş və onun 1:50000 miqyasında geoloji xəritəsini tərtib etmişdir. B.A.Antonovun "Zəngəzur silsiləsinin cənub-qərb yamaclarının geomorfologiyasına dair", M.A. Abbasovun "Naxçıvan MSSR-in şimal-qərb hissələrinin geomorfologiyası" adlı əsərləri respublikanın geomorfologiyasını xarakterizə edir. S.H. Rüstəmov 1948–1949-cu illərdə Naxçıvan MR ərazisində hidroqrafik və hidroloji tədqiqat işləri apararaq 1955-ci ildə "Naxçıvan MSSR-in su ehtiyatları" adlı əsərjni yazmışdır. Azərbaycan mineral sularının elmi surətdə öyrənilməsi işində akademik M.Ə. Qaşqayın son dərəcə böyük xidmətləri olmuşdur. 1958-ci ildə Azərbaycan Respublikası EA Coğrafiya İnstitutu tərəfindən buraxılmış iri həcmli "Sovet Azərbaycan" kitabının birinci hissəsi respublikanın təbiətinə həsr edilmişdir. 1959-ci ildə professor Q.K.Gülün redaktorluğu altında Azərbaycan Dövlət Universitetinin nəşriyyatı tərəfindən "Azərbaycan SSR-in fiziki coğrafiyası" adlı kitab buraxılmışdır.[8]