Nazim Babayev (mühəndis)

Nazim Həbib oğlu Babayev (14 iyul 1937, Ordubad12 iyul 2014, Sumqayıt) — professor, texnika elmləri doktoru. 12 iyul 2014-cü ildə Sumqayıt şəhərində vəfat etdi.

Nazim Babayev
Nazim Həbib oğlu Babayev
Doğum tarixi 14 iyul 1937(1937-07-14)
Doğum yeri
Vəfat tarixi 12 iyul 2014(2014-07-12) (76 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Təhsili

Nazim Babayev 14 iyul 1937-ci ildə Ordubad şəhərində anadan olmuşdur[1].

Uşaqlıq dövrü

[redaktə | mənbəni redaktə et]

Uşaqlığı çox pis dövrə düşüb. Bu haqda sonralar o, belə demişdi:

"Aclıq idi, çörək tapılmırdı. Anam gilas yığıb gətirib Horadiz tərəflərdə buğdaya dəyişirdi."[1]

Orta məktəbdə oxuduğu illər də çox çətin keçmişdir. Mal-qoyun otarmaqla yanaşı, evin bütün təsərrüfat işləri ilə də məşğul olmuş. Amma çətinliklərə baxmayaraq, dərslərindən geri qalmırdı[1].

8-ci sinifdə oxuyanda o, elektromühərrik düzəldib məktəbə aparır[1]. Bu hadisə nəinki məktəbdə, ölkə səviyyəsində maraqla qarşılanır[1]. Həmin dövrün məşhur "Pioner" qəzetində də bu haqda yazı dərc olunur[1]. Bir il sonra həmin qəzetdə Nazim Babayevin düzəltdiyi kiçik qaldırıcı kran barədə bəhs olunur. Əslində isə, o, radioqəbuledici düzəldibmiş[1]. Halbuki, onların nəinki evində, heç yaşadığı küçədə də radioqəbuledici olmamışdır.

Tələbəlik dövrü

[redaktə | mənbəni redaktə et]

Orta məktəbi qurtarıb ali təhsil almaq istəyəndə ona evdən icazə vermirlər. Səbəb isə belə idi ki, Nazimin böyük qardaşı Hüseyn həmin vaxt Gəncədə təhsil alırdı. Ailə üçün 2 uşağı oxutmaq çox çətin idi[1].

Lakin 17 yaşlı Nazimin ali məktəb arzularının gerçəkləşməsinə təsadüfən həmyerlisi, meyvəsatan Şəmi səbəb olur. Şəmi tez-tez Bakıya meyvə aparıb satarmış. Nazimin dərslərini çox yaxşı oxuduğunu, istedadlı olduğunu o da bilən Şəmi ona gizlicə Bakıya getməyi məsləhət görür. Nazim evdəkilərə demədən, elə cibindəki qəpik-quruşla qatara minib Şəmiylə birlikdə Bakıya gəlir. Şəmi onu indiki Azərbaycan Dövlət Neft Akademiyasının qarşısına gətirir:

"Sən deyən institut buradır. Mən getdim bazara, meyvələri satmağa..."[1]

Nazim instituta qəbul imtahanını verib ali məktəbə daxil olur. Bundan sonra ailəsi onun ali təhsil almasına etiraz etmir[1].

Tələbəlik illərində təqaüdlə dolanıb yataqxanada yaşayır[1].

Ali məktəbdən sonra Moskvada Neft-Kimya Sənayesi üzrə Təkmilləşdirmə İnstitutuna oxumağa göndərilir[1].

Oranı bitirdikdən sonra aspiranturaya daxil olur. Eyni zamanda evlənir. Aspirantura ilə yanaşı, radio və televiziya sahəsindən dərs deyir[1].

ABŞ-də staj keçməsi

[redaktə | mənbəni redaktə et]

Nazim Babayev ABŞ-də staj keçmək üçün ərizə yazmış Azərbaycan SSR-in 360 gənc alim və elmlər namizədindən biri olur. Bütün 360 nəfər yoxlanılır, imtahan edilir. Onlardan 60 nəfər seçilir. Üçüncü mərhələyə 12 nəfər keçir. Dördüncü mərhələdə cəmi 6 nəfər qalır. Həmin 6 nəfər Moskvaya çağırılır, növbəti imtahandan sonra 3 nəfər qalır. Həmin 3 nəfərdən isə ABŞ-yə cəmi 1 nəfər gedəcəkdi ki, onların arasından da Nazim Babayev seçilir. O, 1971-ci ilin iyun ayında Moskvaya çağırılır. Qeyd edək ki, həmin vaxt SSRİ-dən ümumilikdə 30 nəfər seçilmişdir[1].

O, ABŞ-də Prinston şəhərində Eynşteynin yaşadığı binada qalır, Prinston Universitetində aparıcı professor vəzifəsində dərs deyir. 30 Sovet alimindən cəmi 2 nəfər professor statusu alır ki, onlardan biri Nazim Babayev olur. Beləliklə, Nazim Babayev Prinston Universitetində aparıcı professor kimi "Avtomatik idarəetmə sistemləri: rəqəmli ölçü texnikası", "Neft-kimya sənayesinin avtomatlaşdırılması" fənlərindən mühazirə oxumağa başlayır[1].

Prinston Universitetində dərs deməklə yanaşı, elmi məqalələr də yazaraq yerli jurnallarda çap etdirir. 1972-ci ildə ABŞ-də keçirilən beynəlxalq konfransda isə fəzada istənilən uçan obyekti məhz necə tutmağın mümkünlüyünü izah edən çıxış hazırlayır. Bu çıxış onun məşhurluğunun pik nöqtəsi olur[1]. Hətta ABŞ-də Prezident Riçard Niksonun dəvətilə Ağ Evdə olur[1].

Vətənə qayıdışı

[redaktə | mənbəni redaktə et]

ABŞ tərəfi onu ölkədə saxlamaq istəsə də, bu mümkün olmur. Nazim Babayev SSRİ-yə qayıtmağı qərara alır[1].

ABŞ-dən qayıdandan sonra, 1972-ci ildən Bakıda, Sumqayıtda və digər yerlərdə alim kimi fəaliyyətini davam etdirir. Neft-Kimya Avtomat İnstitutunda "Radio dalğalı ölçü cihazları" laboratoriyasına rəhbərlik edir. Burada neftin tərkibində qalan suların boru kəmərlərində dəqiq ölçülməsi üçün BH-2M tipli xüsusi partlayışa davamlı cihazların istehsalına nail olur. Bu tip cihazlar neft, kimya, energetika, metallurgiya, mülki aviasiya, hərbi dəniz donanması və başqa sahələrdə tətbiq olunur; bu cihaz dünyada yeganə ölçü cihazı sayılır.

Nazim Babayev Tofiq İsmayılovun direktoru olduğu instituta direktor müavini təyin edilir. Direktor müavini vəzifəsindən istefa verməsi də maraqlı olub. Belə ki, ona öldürüləcəyi ilə bağlı məlumat gəlir:

"Dedilər ki, sən, Tofiq İsmayılov və bir nəfər gürcü öldürüləcəksiz. Tofiqlə görüşüb ərizəmi ona verdim. Qəbul etmək istəmirdi. Amma gördü ki, mən çox israr edirəm. Bundan bir müddət keçmiş Tofiq həqiqətən də öldü. Amma tək onu vurmadılar, Qarakənd səmasında ermənilərin vurduğu vertolyotda digər ictimai xadimlərimiz də həlak oldu..."[1]

Nazim Babayevin xatirələrindən

Nazim Babayev 1982-ci ildə texnika elmləri doktoru adını alır. O, sistemlərin nəzəri əsasları və qurulmasına dair dissertasiyanı qapalı şəraitdə müdafiə edir[1]. 1984-cü ildə onun da daxil olduğu alim heyəti Şəki-Zaqatala ərazisində "Günəş-84" adlı eksperiment keçirir. Bu, SSRİ miqyaslı çox maraqlı bir eksperiment olur[1].

Kurçatov adına Atom Enerjisi İnstitutu ilə də sıx əlaqəli işlər aparan professor institutun direktoru akademik Velixovun təkidi ilə həmin elm ocağına elmi məsləhətçi təyin edilir. Burada Nazim Babayevin rəhbərliyi və nəzarəti ilə peyk rabitəli sistemlərin qurulması, peykaltı rabitəli sistemlər, mobil telefon şəbəkəsinin yaradılması, kosmik qəbul mərkəzinin yaradılması və sair işlər həyata keçirilmişdir[1].