Nazim Məmmədov (fizik)

Nazim Məmmədov (Nazim Timur oğlu Məmmədov; 5 noyabr 1953, Bakı) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2017),[1] AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi.

Nazim Məmmədov
Nazim Timur oğlu Məmmədov
Doğum tarixi (70 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı akademik
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu
Təhsili Moskva Polad və Xəlitələr İnstitutu, Yarımkeçiricilər və dielektriklər ixtisası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazim Məmmədov noyabrın 5-i 1953-cü ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. [2] Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib.

  • Elmi əsərlərinin sayı- 368
  • Xaricdə dərc olunan əsərlərinin sayı- 283. ABŞ, Avropa, Yaponiya və Rusiyanın yüksək impakt faktorlu jurnallarında dərç olunmuş- 142 elmi məqalə; Beynəlxalq Elmi Konfranslarda və Simpoziymlarda dərc olunmuş işlərin məzmunu üzrə məruzələrin 141 tezisi,onlardan 14-ü dəvətli, 54-ü şifahi və 74 -ü poster statusuna malikdir.
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 202 (Web-of-Science), 162 (Google Scholar)
  • Monoqrafiya və kitablarının sayı- N. Mamedov, "Room temperature dielectric function of low dimensional TlMeX2" in the book: Advanced Data Storage Materials and Characterization Techniques, Vol. 803, edited by J. W. Ahner, J. Levy, L. Hesselink, A. Mijirtskii, Cambrige University Press New USA©2004 York, NY, USA©2004
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 4 müəlliflik şəhadətnaməsi, 1 Azərbaycan, 2 Yaponiya patenti
  • Kadr hazırlığı- 1 elmlər doktoru, 3 müdafiə olunmuş fəlsəfə doktoru, 3 müdafiəyə hazırlanmış fəlsəfə doktoru.
  • Elmi-pedaqoji fəaliyyəti- 40 il elmi, 10 il pedaqoji (1994-2004, Nagaoka Texnoloji Universiteti və Osaka Prefektura Universiteti, 20-dən cox magistr tələbə)
  • Dil bilikləri - Azərbaycan, Rus və İngilis - sərbəst, Yapon - səlis

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

1. Geniş məlum olan bir sıra optik-anizotrop materiallarda işıq fiqurlarının spektroskopiyasına yeni analitik yaxınlaşma inkişaf etdirilmiş və yoxlanılmışdır. Bu yaxınlaşma işıq dalğalarının mühitdə yayılmasının qrup və faza sürətlərinin nisbətini müəyyən etməyə imkan verir. İşıq dalğalarının birinci tərtib fəza dispersiyalı mühitdə sıfıra enməsi effekti qabaqcadan söylənilmiş və təcrübi nümayiş etdirilmişdir.

2.Koherent və qeyri-koherent spektroskopik ellipsometriya sahəsində bir sıra yeniüsullar işlənib sınaqdan keçirilmişdir. Bunların sırasında çoxlaylı strukturlarda əksolunmanı nəzərə alan üsul, əsas, minimal elliptiklik və Brüster bucaqları arasında parçalanma üzrə optik konstantların müəyyən edilməsi üsulu və nahamar səthlərin dispersiyasının və səpilmə halında əsl optik konstantların təyini üsulu qeyd olunmalıdır.

3. Təməl prinsipli kvant-mexaniki hesablamalar və spektroskopik faza modullaşdırılmış ellipsometriya məlumatları əsasında geniş sinif materialların optik keçidlər üçün zonalararası hal sıxlığı və dielektrik funksiyaları etibarlı müəyyən edilmişdir.

4. Müxtəlif metalların tioqallat halkogenidlərinin şüalanma emissiyasının xüsusiyyətlərindən istifadə edərək, işıq spektrinin bənövşəyi və yaşıl sahəsini əhatə edən diapazonda optik həyacanlanan və rəvan-dəyişən tezlikli unikal bərk cisimli lazerin yaradılmasının əsasları işlənmişdir.

5. Kristallik bərk cisimlər üçün qiqant foto- termo-deformasiya effektinə malik materiallar sinifi aşkar edilmiş, kiçik amplitudlu işiq impulsları ilə idarə olunan və işiq enerjisini nanometrdən bir neçə mikron məsafələrə qədər mexaniki xətti hərəkətə çevirən aktyuator işlənmişdir.

6. Fermi səviyyəsi yaxınlığında topoloji dolu hallara malik geniş məlum olan nümunə kimi götürülmüş bismut halkogenid yarımkeçiricilərində, qeyri-maqnit defekt və aşqarlar səpilməsindən topoloji qorunmuş hallar üçün xarakterik olan helikoidal spin teksturasına malik yüksəkdə duran dolmamış elektron hallarının mövcudluğu göstərilmişdir.

7. Bucaq ayırdetməsilə fotoemission spektroskopiyası (ARPES) vasitəsilə PbBi6Te10 topoloji izolyatorunun elektron zona quruluşu tədqiq olunmuşdur. ARPES eksperimenti iki Dirak konusunun olduğunu aşkarlamış və eksperimentin nəticələrinin hal sıxlığı funksional nəzəriyyəsi (DFT) hesablamaları ilə yaxşı uzlaşması göstərilmişdir.

8. Bək cisimlərdə, xətti dispersiyaya malik elektron hallarının təkcə konuslar (Dirakkonusu) deyil, həm də piramidalar və müstəvilər yaratdığı göstərilmişdir.

9. Göstərilmişdir ki, iki ölçülü eksiton spektrinə malik və eksitonunun əlaqə enerjisi maksimal yüksəktezlikli uzununa optik fononun enerjisindən boyük olan yarımkeçiricilərdə, eksitonun enerjisinin 4-qat azaldılmış qiyməti fononun enerjisindən kiçik olduğu halında, elektron və deşik arasındakı dinamik ekranlaşdırılma yüksəktezlikli optik deyil, statik olaraq qalır.

10. Spektroskopik ellipsomeriya ilə bir sıra kvazi-ikiölçülü kristalların bərpa olunmuş dielektrik funksiyasının tenzor komponentlərinin zonalararası keçidləri üçün və keçidlərin matris elementlərinin dalğa vektorundan asılılığını nəzərə alaraq hesablanmış zona spektri çərçivəsində alınmış kritik nöqtlərin analizi əsasında optik keçidlərin tam identifikasiyası aparılmış və elektron hallarının spektrindəki uyğunsuzluq faza keçidlərinin kritik nöqtələrə təsirinin selektiv xarakteri müəyyən olunmuşdur.

N.Məmmədovun elmi karyerasının mərhələləri

[redaktə | mənbəni redaktə et]

Birinci mərhələ 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirdiyi dövrdən başlayaraq, 1990-cı ildə “TlMeX2 tip aşağıölçülü yarımkeçiricilərdə elektron spektrləri və Tl-Me qarşılıqlı təsiri” movzusunda doktorluq dissertasiyası müdafiə edən dövrdən - keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutunda (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutunda (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutunda (Novosibirsk) işlədiyi dövrləri əhatə edir. Bu mərhələdə N.T. Məmmədov tərəfindən yerinə yetirilən tədqiqatların pioner xarakteri onda ifadə olunur ki, o, keçmiş SSRİ-də ilk dəfə, təcrübi və nəzəri olaraq işıq şüalanmasına bərk cismin elektron sisteminin dielektrik cavabının öyrənilməsinə spektroellipsometrik yanaşmanı tətbiq etmişdir. Onun tərəfindən alınan parlaq nəticələr artıq klassika hesab olunur, spektroellipsometriya isə yüksək dünya reytinqli universitetlərin baza və icbari metodikaları sırasına daxil edilir.

Bu cür fundamental metodikalar sırasına həmçinin, Nüvə Maqnit Rezonansı (NMR) daxildir. Onu da qeyd etmək lazımdır ki, aşağıölçülü bərk cismin nüvə altsisteminin radiotezlikli şüalanmaya reaksiyası elmi fəaliyyətinin birinci mərhələsində N.T. Məmmədovun pioner tədqiqatların digər bir sahəsi idi.Onun tərəfindən nüvə spinlərinin mübadilə qarşılıqlı təsirinə və kvadrupol effektlərə aid NMR spektrlərində alınmış nəticələr, həqiqətən, aşağıölçülü yarımkeçiricilərin fiziki xassələrinin anlaşılmasına yeni bir səhifə açdı və sonralar xarici tədqiqatçıların işlərində özünün parlaq təsdiqini tapdı.

N.T.Məmmədovun adı çəkilən işləri 1980-ci ildə onun namizədlik dissertasiyası müdafiəsindən sonra məşhurluq qazandı. O, P.N. Lebedev adına Fizika institutunda (Moskva) Optika və Lüminessensiya üzrə problem komitısinin heyətinə daxil edildi. 1990-ci ilə qədər o, proqram komitəsi üzvü kimi çoxlu sayda Ümumittifaq konfransların işini istiqamətləndirirdi.

N.T.Məmmədovun elmi karyerasının ikinci mərhələsi Yaponiya ilə bağlıdır. Onun bu dövrdə xaricdə xüsusən, Yaponiyadakı elmi fəaliyyəti diqqəti xüsusi cəlb edir. Belə ki, o ,1994-cü ildə, Naqaoka Texnoloji Universitetinə professor kimi dəvət almış, 1997-ci ildə isə Yapon Elmi İrəlilətmə Cəmiyyətinin (Japan Society for the Promotion of Science) professor qrantına layiq görülmüşdür.

O, 1998-ci ildə Osaka Universitetinin Fizika və Elektronika fakültəsində professor vəzifəsində çalışıb və 2005-ci ilə qədər orada dərs deyib. 2005-ci ilin yanvarında Nazim Məmmədov Fizika İnstitutunda (Bakı) Azərbaycan-Yaponiya birgə layihəsi əsasında yeni Ellipsometriya laboratoriyasi təşkil etmiş və onun rəhbəri olmuşdur.

N.Məmmədovun elmi fəaliyyətinin ikinci mərhələsi olduqca parlaq elmi nailiyyətlərlə zəngindir və ona dünya şöhrəti qazandırıb.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. N. Mamedov et al. "Angle-Resolved Photoemission and Band-Structure Results for Linear Chain TlGaTe2", Physical Review B, Vol. 64, pp. 045210/1-5, 2001.

2. N. Mamedov et al. "Numerical and Experimental Approbation of Extended Application of Light Figures", American Journal of Applied Physics, Vol. 91, pp. 4110-4113, 2002.

3. N. Mamedov et al." Ellipsometric Studies at and below Energy Gap on Polycrystalline Calcium and Strontium Thiogallates", Physica Status Solidi A, Vol. 198, pp. 478-486, 2003.

4. N. Mamedov et al. "1D-TlInSe2:Band Structure, Dielectric Function, and Nanorods" , Japan Journal of Applied Physics, Vol. 44, pp. 2873-2881, 2005.

5. N. Mamedov et al. "New Developments in Experimental and Analytical Aspects of Light Figure Spectroscopy", Japan Journal of Applied Physics, Vol. 44, pp.754-760, 2005.

6. N. Mamedov et al."Spectroscopic Phase Modulated Ellipsometry in Application to Some Novel Single and Polycrystalline Ternary Compounds", Physica Status Solidi A, Vol. 203, pp. 2873-2881, 2006.

7. N. Mamedov et al."Temperature-Dependent and Pump-Probe Ellipsometric Studies of TlInSe2", Thin Solid Films, Vol. 517, pp. 1434-1438, 2008.

8. N. Mamedov et al."Unoccupied Topological States on Vismuth Chalcogenides", Physical Review B, Vol. 86, pp. 205403/1-6, 2012.

9. N. Mamedov et al. "Observation of two peculiar types of electronic dispersive structures in thallium selenide studied by angle-resolved photoemission spectroscopy", Journal of the Physical Society of Japan (letters), Vol. 83(5), pp. 053707/1-4, 2014.

10. N. Mamedov et al. "Band gap exciton in ferroelectric TlInS2: Dimensionality and Screening", Physica Status Solidi B, Vol. 252, pp. 1248-1253, 2015.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib[3].

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

AMEA-nın Rəyasət Heyətinin üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik – katibi v.i.e., Fizika İnstitutunun direktoru kimi fəaliyyət göstərir.Kanadanın "MAYFEB Journal of Physics" (http://mayfeb.com/OJS/index.php/ Arxivləşdirilib 2017-05-06 at the Wayback Machine about/editorialTeam) və Azərbaycan Fizika jurnallarının redaktoru, həmçinin geniş tanınmış Beynəlxalq “Japanese Journal of Applied Physics” (JJAP) jurnalının iki buraxılışının (Vol. 47, No 10, 2008 və Vol. 50, No. 5, 2011) dəvət olunmuş redaktorudur. Üç Beynəlxalq konfransın sədri olmuşdur: 2007-ci ildə “Yüksək Texnologiyalarda Materiallar və İnformasiya Elmləri” (Materials and Information Sciences in High Technologies, MISHT-2007), 2009-cu ildə “Üçqat və çoxqat Materiallar üzrə 17-ci Beynəlxalq konfrans” (17th International Conference on Ternary and Multinary Compounds,ICTMC-17), 2016-cı ildə "Kvant informatikası üzrə Asiya-Sakit Okean hövzələri ölkələrinin 14-cü Beynəlxalq konfransı" (14th Asia-Pacific Conference and Workshop on Quantum Information Science, APCWQIS-2016 ). Hal-hazırda, ICTMC-in, APCWQIS -in və 14-cü Dielektrikler Fizikasi uzrə Beynəlxalq konfransın (14th International Conference on Physics of Dielectrics, http://dielectrics.herzen.spb.ru/?page_id=34&lang=en) Beynəlxalq Məsləhət Komitələrinin və Nüvə Elektroniksı və Hesablamaları üzrə 26-cı Beynəlxalq Simpoziumun (26th International Simposium on Nuclear Electronics and Computing, NEC 2017, https://indico.jinr.ru/internalPage.py?pageId=3&confId=151) Proqram Komitəsinin üzvüdür. AMEA Məruzələri jurnalının və AMEA xəbərləri məcmuəsinin redaksiya heyətinin üzvü, AMEA xəbərləri jurnalının fizika-texnika və riyaziyyat seriyasının redaktorudur.

  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. [1][ölü keçid]
  3. http://sia.az/ru/news/social/380858-fizika-institutunun-direktoru-fexri-fermana-layiq-gorulub[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]