Neft kralının sarayı

Şəmsi Əsədullayevin evi və ya Neft kralının sarayı[1] — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası. 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib.

Şəmsi Əsədullayevin evi
Xəritə
40°22′25″ şm. e. 49°50′23″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Mərdanov Qardaşları küçəsi 9
Memar İohan Edel
Sifarişçi Şəmsi Əsədullayev
Tikilmə tarixi 1896
İstinad nöm.2946
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şəmsi Əsədullayevin evi (Bakı)
Şəmsi Əsədullayevin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Şəmsi Əsədullayevin evi Mərdanov qardaşları (Praçeçnaya) küçəsi 9, Tolstoy (Gimnaziçeskaya) küçəsi 183 və Həzi Aslanov (Karantinnaya) küçəsi 84 ünvanlarının tinində ucaldılıb. Bina milyonçu Şəmsi Əsədullayevə məxsusdur və saray üslubundadır.[2] 1896-cı ildə memar İohan Edel tərəfindən inşa olunub.[3][4] Şəmsi Əsədullayevə "Neft və kerosin kralı"[5] deyildiyinə görə saraya da bəzən "Neft kralının sarayı" deyiblər.[1] Onun şirkətlərinin baş ofisi də məhz bu binada birinci mərtəbədə yerləşib.[2]

Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı və Şəmsi Əsədullayevin nəvəsi Banin də bu sarayda böyüyüb. Onun xatirələrinə görə sovet işğalından sonra saray müsadirə olunub, onların ailəsinə isə yaşamaq üçün cəmi 2 otaq ayrılıb.[6]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə bina yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]

Üç küçənin kəsişməsində yerləşən binanın günbəzlə tamamlanan yanmdairəvi küncləri planda xüsusi qeyd olunub. Binanın belə künc həlli memar İ. Edelin yaradıcılığında rast gəlinən haldır.[3] Binanın memarlığı klassik formalarda qurulub, həcmi plastika, və iri daş kronşteynləri olan çoxsaylı balkonlarla zənginləşdirilib.[8]

Tikildikdən sonra sarayın birinci mərtəbəsi xidməti kontorlar və ofislərin ixtiyarına verilib.[9] Yan bloklarda ikisıralı sistem tətbiq edilib, bu isə blokları uzun üç-sıralı sistem ilə birləşdirir. Memar Edel künc salonu diaqonal boyunca uzadıb və qismən də olsa faydalı sahəni artırıb. Hündür kürsülü və iri yarımçevrəvi pəncərə gözləri olan birinci mərtəbə təsirli monumentallığa və həlli kamilliyə malikdir. İkinci mərtəbə daxili planlaşdırmasına görə daha təmtəraqlıdır. Fasad ionik orderli sütunlardan ibarət kiçik portiklər şəklində təqdim olunan pəncərə gözləri və qabarıq profillənmiş kronşteynli karnizlə təmsil olunub.[9] Üçüncü mərtəbə nazik haşiyələrlə profillənmiş və qabarıq yonulmuş qıfıl daşları olan iri pəncərə gözləri ilə fasadın strukturuna fəal şəkildə daxil olub. Pəncərə gözləri korinf orderindən olan bəzəkli pilyastrlarla tamamlanıb. Daş kapitellər fasada təbii yaraşıq verir, onların üzərindən relyefli frizi və klassik arsenaldan olan ornamental motivli baş karniz keçir.[4]

  1. 1 2 Əliyev, Elçin. Azərbaycan memarlığında alman irsi (PDF). Bakı. 2017. səh. 59. ISBN 9789952833515. 2023-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-04.
  2. 1 2 "Асадуллаев Ага Шамси - нефтепромышленник, один из создателей национальных инженерных кадров" (rus. ). ourbaku.com. 20 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
  3. 1 2 Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 107. ISBN 975 9952-32-046-6.
  4. 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 238. ISBN 978-9952-32-020-6.
  5. Рустамова, Нателла. "Эх, ну почему наши сегодняшние миллионеры не строят подобные дворцы?! - прогулки по "царскому Баку"". haqqin.az. 2020-06-19. İstifadə tarixi: 2024-04-18.
  6. "Необычные здания Баку: Путешествие по особняку Асадуллаева и подлинные воспоминания Банин – ФОТО". 1news.az (rus). 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 244. ISBN 978-9952-32-020-6.
  9. 1 2 Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 108. ISBN 975 9952-32-046-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]