Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi.
Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı. Müəyyən müddətdən sonra isə nişançı adı küttab (katib) adı ilə əvəzləndi.
Nişançı haqqında ilk konkret məlumatlar "Fatih Qanunnaməsində" əks olunub. Qanunnaməyə görə divanda ən yüksək rəsmi vəzifə vəzir, qazəsgər və baş xəzinədən sonra nişançılıq idi. Məlum olan ilk nişançı Məhəmməd Əsgəri Cezeridir.
XVIII əsrin ortalarından başlayaraq post əvvəlki əhəmiyyətini itirdi və 1836-cı ildə ləğv edildi. Belə ki, yeni dövrə qədəm qoyan Osmanlı dövləti Tənzimat islahatlarının başlaması ilə Avropa modelli dövlət qurmağa çalışırdı. Bu model dövlətdə isə köhnə feodal üsulu vəzifələrə yer yox idi.[1]
Nişançının əsas vəzifə səlahiyyətlərinə sultan və sədrəzəmin əmrlərini, sənədlərinə, fərman və məktublarını möhürləməkdən ibarət olub. Divan arxivlərinə nəzarət etmək və timar sisteminin (Osmanlı sultanları tərəfindən bürokratlara və sipahi əsgərlərə etdikləri xidmətlər müqabilində verilmiş torpaqlar) qeydlərin aparılmasında da nişancı məsul idi. Qazı və üləmanın təyin olunması ilə bağlı sənədlər hazırlamaq da onun vəzifələri sırasında daxil idi. XVII əsrə qədər nişançı vəzifəsi həm də xarici işlər nazirinə bərabər tutulurdu.
Bununla belə, IV Mehmed (1648–1687) dövründə, əvvəllər nişançının vəzifə səlahiyyətlərinə daxil olan xarici əlaqələr ondan alınaraq Reis ül-Küttaba (sözün hərfi mənasında “katiblər rəisi”) verildi. Reis ül-Küttab Tənzimat islahatlarına qədər Osmanlı imperiyasında xarici işlər naziri olaraq nişancının yerini aldı.[2]