Nigar Rüstəmova (tam adı: Nigar Rafiq qızı Rüstəmova ) — ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı [1], Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı laureatı.
Nigar Rüstəmova | |
---|---|
Nigar Rafiq qızı Rüstəmova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | SSRİ↔ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filologiya |
Təhsili |
Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Fəaliyyəti | idarəetmə və elmi-pedaqoji |
Fəaliyyət illəri | 1996 — hal-hazırda |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Tanınır | filoloq, ADMİU-nun Tədris işləri üzrə prorektoru |
Mükafatları |
"Tərəqqi" medalı "Qabaqcıl təhsil işçisi" döş nişanı |
Nigar Rüstəmova 1965-ci ildə Bakı şəhərində anadan olub. 1972-1982-ci illərdə Bakıda 150 №-li orta məktəbdə təhsil alıb, 1982-1987-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dissertanturasına qəbul olunub. 2002-ci ildə “Süleyman Rəhimovun yaradıcılığında milli ədəbi ənənələr” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək, 2003-cü ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini əldə edib. 2008-ci ildə dosent elmi adına layiq görülüb.[2]
Nigar Rüstəmova 1991-2009-cu illərdə ADMİU-da laborant, müəllim, dosent və Elmi şuranın Elmi katibi kimi fəaliyyət göstərib. 2006-2008-ci illərdə ADMİU-nun nəzdində N 02.091 Dissertasiya şurasının Elmi katibi vəzifəsini icra edib, 2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi çalışıb. Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak edib. “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Təhsil haqqında” Qanunlara edilən əlavə və dəyişikliklər zamanı mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədilə bir çox xarici universitet və təhsil qurumları ilə sıx əməkdaşlıq təşəbbüsləri göstərib. 2020-2021-ci illərdə ADMİU Rektorunun Tədrisdə innovasiyalar üzrə müşaviri vəzifəsində çalışaraq universitetin Avropa təhsil məkanına daha sürətlə inteqrasiya olunması, əmək bazarında tələb edilən yeni ixtisasların açılması, beynəlxalq təhsil proqramlarının yaradılması və s. məsələlərlə bağlı təkliflər hazırlayıb. 2021-ci ilin sentyabr ayından Tədris işləri üzrə prorektordur.[2]
Nigar Rüstəmova Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır. "ERASMUS+ K2" proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Azərbaycan Rektorlarının Konfransı üçün hüquqi sənədlərin hazırlanması, qanunvericilik sənədlərinin digər Rektorlar Konfranslarının modelləri ilə müqayisəli təhlili, Azərbaycan Rektorlar Konfransının Nizamnaməsi və digər əlaqəli sənədlərin milli tələblərə uyğun olaraq hazırlanmasında iştirak edib. 2023-cü ildə Azərbaycan Rektorlarının Konfransının Tədris işləri və keyfiyyətin təminatı üzrə komitəsinin sədr müavini seçilib.[2]
Elmi-pedaqoji fəaliyyət illərində Nigar Rüstəmovanın “Epik nəsr və milli ənənə (S.Rəhimova yaradıcılığı əsasında)” monoqrafiyası, “Rus ədəbiyyatı tarixi (XIX əsr)” adlı metodiki vəsaiti, “Rus ədəbiyyatı tarixi” fənni üzrə tədris proqramı, “Z.Krakauer. Fiziki reallığın bəraiti” adlı monoqrafiyasının tərcüməsi”, “K.Voqler. Yazıçının səyahəti” adlı əsərinin tərcüməsi” və ölkədə, eləcə də xaricdə nüfuzlu jurnallarda bir çox elmi məqaləsi çap olunub.[2]