Nikkolo və Maffeo Polo

Nikkolo (1230 — 1294) və Maffeo (1230 — 1309) PoloMarko Polonun, müvafiq olaraq, atası və əmisi, venesiyalı tacir və səyyahlar.

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

XIII əsrin sonlarında yazılan "Marko Polonun səyahəti" və yaxud "Dünyanın rəngarəngliyi barədə kitab" dünya tarixində əsas yazılı mənbələrdən biri sayılır. Bu əsər Böyük coğrafi səyahətlərin ilham mənbəyi sayılırdı. Deyilənə görə, hətta Xristofor Kolumb Hindistana yeni dəniz yolu axtararkən gəmisində bu kitabı saxlayırmış. Lakin bu dəfə alimlər italyan səyyahı yalanda ittiham etdilər.

XIII əsrin ikinci yarısında Markonun vətəni Venesiya Avropanın ən inkişaf etmiş, ən zəngin və ən mədəni şəhəri idi. Markonun dünyaya gəlməsindən yarım əsir öncə, 1204-cü ildə Venesiya Respublikasının qəddar və hiyləgər doju Enriko Dandolo səlibçilərin əli ilə öz rəqibi – Bizansı məğlub etmiş və Şərqə yeni ticarət marşrutları açmışdı. Bu zaman iki tacir qardaş Nikkolo və Maffeo Pololar Konstantinopola yollanır və bir müddət burada qalırlar. Lakin 1261-ci ildə pravoslav bizanslılar birləşərək öz paytaxtlarını işğalçı katoliklərin əlindən qurtardılar və Polo qardaşları Qızıl Ordaya, oradan isə Orta Asiya vasitəsilə Çinə yola düşdülər.

Monqol xanı Qubilay xanın sarayına səfir kimi gələn qardaşlar xan tərəfindən hörmətlə qarşılanırlar. Xan Avropa səfirlərindən xahiş edir ki, Roma papası IV Klement Çinə xristian missionerləri göndərsin. 1269-cu ildə vətənə dönən Polo qardaşları monqol xanının istəklərini papaya çatdıra bilmirlər – papa artıq bir il idi ki, vəfat etmişdi, onun xələfini isə hələ seçməmişdilər. Vatikan tarixində papa taxtı məhz bu zaman ən uzun müddətə boş qalmışdı. Yeni papanı 2 ildən sonra seçirlər, daha 2 ildən sonra isə onu taxt-taca təqdis edirlər.

Lakin katolik dünyasının yeni rəhbərinin təyin olunmasını gözləyə bilməyən Polo qardaşları yenidən Şərqə üz tuturlar. Bu dəfə onlar Qüdsə, oradan İraqa, İrana, Orta Asiyaya, Monqolustana və Çinə yola düşürlər. Bu səfərə Nikkolo Polo öz yeniyetmə oğlu Markonu da götürür. Bu səyahət 24 il davam edir. 20 min kilometrlik məsafəni qət edən Marko Venesiyaya zəngin, təcrübəli və bilikli bir səyyah kimi dönür.

Həmin dövrdə Venesiya Respublikası ilə Genuya Respublikası müharibəyə başlayırlar. Təqribən 40 yaşlı Marko Polo müharibəyə qatılaraq gəmi kapitanı olur. Lakin Kursola döyüşündə venesiyalılar məğlub olur və genuyalılar tərəfindən əsir götürülürlər. Bir ilə yaxın əsirlikdə qalan Marko öz məşhur "Dünyanın rəngarəngliyi barədə kitab"ını yazır. Bu tarixçə dünya tarixinin əsas yazılı mənbələrindən birinin ərsəyə gəlməsinin rəsmi versiyasıdır.

Məlum faktdır ki, kitabı Marko özü yazmayıb, çünki onun savadı buna imkan vermirdi. Gənc yaşlarından səyahət edən Markonun təhsil almağa fürsəti olmayıb. Ona görə də, adıçəkilən kitabı Rustikello adlı əsirliyə düşmüş bir yazıçı yazmışdı. Hazırda bəzi tədqiqatçılar Rustikellonu sadəcə olaraq kitabın redaktoru hesab edirlər. Bəzi mütəxəssislər isə düşünürlər ki, Rustikello Markonun sərgüzəştlərini eşidib ilham alıb və məşhur kitabı özü yazıb.

Hələ iki əsr öncə əsərdəki bəzi ziddiyətlər tədqiqatçıların diqqətini çəkmişdi. Belə ki, bütün bu ziddiyyətləri bir yerə toplayıb araşdıran Britaniya kitabxanasının Çin kolleksiyasının kuratoru Frensis Vud 1995-ci ildə "Marko Polo Çində olubmu?" adlı kitabında iddia edir ki, Marko Polo Qara dənizdən o tərəfə keçməyib, onun Orta Asiya, Çin və Monqolustan barədə yazdıqları isə iranlı tacirlərin məlumat kitabçalarından götürülüb.

Vudun bildirdiyinə görə, Markonun göstərdiyi tarixi və coğrafi məlumatlar həqiqətə uyğun deyil. Məsələn, Xanbalıq (indiki Pekin) körpüsünü səhv təsvir edən səyyah Böyük Çin səddindən ümumiyyətlə söz açmır. Həmçinin o, Monqolustan və Çinə məxsus xüsusi adları fars tələffüzü və dilində qeydə alır. Təəccüb doğuran digər məqam ondadır ki, Marko avropalılar üçün qeyri-adi sayılan heroqlif yazıları, çini və çay barədə heç bir şey xatırlamır. Marko nə monqol, nə Çin saraylarındakı sistem barədə söz açmır, hərçənd iddia edir ki, həmin saraylarda hörmətli səfirlərdən və hökmdarlara yaxın şəxslərdən biri olub.

Lakin Vudun fikirləri dərhal tənqid atəşinə tutuldu. Birncisi, tarixi və coğrafi məlumatlarda qeyri-dəqiqlik onunla izah olunur ki, Marko bütün bu hadisələri Çin və Monqolustanda olmasından 10 il sonra qeydə alıb. İkincisi, xüsusi adların fars dilində istifadə olunması onunla bağlıdır ki, fars dili Monqolustan və Çində lingua franca olub. Bəzi yerlərdə Marko şişirtmələrə yol verərək tarixi hadisələrdə öz xüsusi rolunu göstərmək istəyib, lakin alimlər bu şişirtmələri həqiqətdən ayırmağı bacarırlar. Həmçinin, onun yazdıqları məşhur həmədanlı tarixçi, elxanilərin vəziri Fəzlullah Rəşidəddinin yazdıqları ilə üst-üstə düşür.

Hər halda dünyada əsas tarixi mənbələr kimi qəbul olunan bir çox əsərlərin həqiqətə uyğunluğu şübhə doğurur. Nəinki Marko Polo, "tarixin atası" sayılan Herodotun özü də uzaq ölkələr barədə danışarkən ağlasığmaz "faktlar" gətirir. Lakin bütün bunlar tarixin qeyri-dəqiq mənbələr əsasında yazılmasına mane olmur.