Norveç–Yaponiya münasibətləri — Norveç ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. 2016-cı ilin məlumatına görə Yaponiyada 424 Norveç vətəndaşı, Norveçdə isə 1123 Yaponiya vətəndaşı yaşayır.[1] 2014-cü ildə Yaponiyadan Norveçi ziyarət edən turistlərin sayı 61.924 nəfər olmuşdur.[1]
Norveçlə Yaponiya arasında ikitərəfli əlaqələr 1905-ci ilin noyabrında qurulub.[1] Norveçlə Yaponiya arasında iqtisadi əlaqələrdə dəniz məhsulları, gəmiçilik və neft sənayesi ön plandadır.[1] Ölkələr arasında tədqiqat və texnologiya arasında əməkdaşlıq müqavilələri də imzalanıb.[1]
1999-cu ildən (2006-cı il istisna olmaqla) Norveç-Yaponiya ticarət münasibətlərində Yaponiya idxalında artım müşahidə olunur.[1] Yaponiyanın Norveçə ixrac etdiyi əsas məhsullar motorlu nəqliyyat vasitələri (2016-cı ildə 43 %), dəmir və polad məhsulları (təxminən 14%) təşkil edir.[1] Norveçin Yaponiyaya ixrac etdiyi məhdullar arasında isə balıq məhsulları (2016-cı ildə 44%), neft məhsulları (təxminən 20%) və qeyri-dəmir metalları (təxminən 8%) var.[1]
2005-ci ildə Norveç-Yaponiya münasibətlərinin 100 illiyi münasibətilə hər iki ölkədə bəzi mədəni tədbirlər keçirilmişdir.[1] 2005-ci ilin fevral ayında Sapporo Qış Festivalı zamanı Norveç parlamentinin (Stortinget) buzdan hazırlanmış heykəli quraşdırılmışdır.[1]
Yaponiya mədəniyyəti son illərdə Norveçdə getdikcə daha çox populyarlıq əldə edir.[1] Norveç ali təhsil müəssisələrində yapon dilini öyrənənlərin sayı 1990-cı illərdə yox dərəcəsində olduğu halda, 2014-cü ildə bu say 300 təşkil edirdi.[1] Norveç gəncləri xüsusilə Yaponiya populyar mədəniyyətinə maraq göstərirlər: yapon ədəbiyyatı və manqa oxuyurlar, anime izləyirlər.[1]
Edvard Munk, Edvard Qriq və Henrik İbsen kimi norveçli sənətçilər Yaponiyada yaxşı tanınırlar.[1] 2006-cı ildə İbsen ili zamanı Yaponiyada onun tamaşaları qoyulmuşdur.[1] 2007-ci ildə Qriq ilində və 2013-cü ildə Munkun 150 illiyi də Yaponiyada bir sıra tədbirlərlə qeyd olunmuşdur.[1]
2005-ci ilin mayında Yaponiya imperatoru Akihito həyat yoldaşı ilə birlikdə münasibətlərin 100 illiyi münasibətilə Norveçi ziyarət etmişdir.[1] Daha sonra 2008-ci ilin dekabrında xarici işlər naziri Hirofumi Nakasone Osloda olmuşdur.[1] 2017-ci ildə Hamburqda baş tutan G20 sammitində hər iki ölkənin baş nazirləri dəniz hüququ və Arktika məsələləri haqqında müzakirə aparmaq üçün görüş keçirmişdirlər.[1]
2001-ci ilin martında Norveç kralı V Harald və kraliçası Sonya Yaponiyanı ziyarət etmişdirlər.[1] V Harald qeyri-rəsmi ziyarətləri də nəzərə alsaq, Yaponiyada 6 dəfə olmuşdur.[1] Bunlardan əlavə, 2002-ci ilin yanvarında və 2004-cü ilin mayında xarici işlər naziri Yan Petersen, 2003-cü ilin mayında baş nazir Kyell Bondevik, 2007-ci ilin oktyabrında xarici işlər naziri Yonas Qar Störe, 2012-ci ilin noyabrında baş nazie Yens Stoltenberq, 2016-cı ilin oktyabrında xarici işlər naziri Borqe Brende, 2018-ci ilin fevralında baş nazir Erna Solberq Yaponiyanı ziyarət etmişdir.[1] Solberq ziyarəti zamanı baş nazir Şinzo Abe ilə görüşmüşdür.[1]