Nurəddin Kazımov (28 aprel 1926, Gəncə – 6 dekabr 2018, Bakı) — prezident təqaüdçüsü, akademik.
Nurəddin Kazımov | |
---|---|
Nurəddin Mustafa oğlu Kazımov | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elmi adı | Akademik |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi, Sankt-Peterburq Dövlət Universiteti |
Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir[1].
1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.
Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır.
Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur.
Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.
Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
1984-cü ildən etibarən, təxminən, 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının rəhbəri olmuş, onlarla gəncə elmi rəhbərlik etmişdir.
Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilib, şərəfli fəaliyyət və uğurlarına görə “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adını almışdır.
Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir.[1].
6 dekabr 2018-ci ildə Bakı şəhərində dünyasını dəyişib.[2]