"Oğuznamə"-8 (Yazıçıoğlu Əli) – Türkcə yazılmış ilk Oğuz tarixi.
Osmanlı sultanı II Muradın (1421-1451) əmri ilə 1436-cı ildə türk dilində yazdığı tarix əsəri ilə məşhur olan Yazıçıoğlu Əli haqqında məlumat çox azdır. Dövrünün bir çox elmlərini, xüsusən də Osmanlı hökmdarlarının, ümumən oğuzların və türk dövlətlərinin tarixini gözəl bilən Yazıçıoğlu Əli XV əsrdə yaşamış, Sultan II Muradın dövründə bir müddət Misirdə məmlük sultanlarının yanında Osmanlı dövlətinin elçisi olmuşdur. Onun doğulduğu və öldüyü il məlum deyildir. Ancaq o, çox güman ki, XIV əsrin sonlarında, yaxud da XV əsrin əvvəllərində anadan olmuşdur.
Yazıçıoğlunun elm aləmində “Oğuznamə” adı ilə tanınan əsərinin əsl adı “Təvarixi-ali Səlcuq”dur. Onun başqa əsərlər yazıb-yazmadığı hələ ki məlum deyildir. “Təvarixi-ali Səlcuq” Yazıçıoğlunun indiyə qədər qalmış yeganə əsəridir.
Hələlik türk dilində yazılmış ilk oğuznamə olan bu qiymətli əsər iki hissədən ibarətdir:
1.Yarıtarixi, yarıəfsanəvi Oğuz xan və övladlarının əhvalatı. Bura səlcuqların, osmanlıların əcdadı Oğuz kağanın doğulması, hələ anasının bətnində ikən müsəlman olması, anasının yuxusuna girərək onu müsəlman olmağa dəvət etməsi, yalnız anası İslamı qəbul etdikdən sonra onun döşünü əmməsi, bir yaşında özü-özünə Oğuz adını qoyması və s. daxildir.
Bu hissədə Oğuzla bağlı İslam redaktəsi həm əvvəlki, həm də sonrakı tarix kitablarında təkrarlanır. Çox güman ki, birinci hissəni yazmaqda Yazıçıoğlu Əli Rəşidəddinin “Cami ət-təvarix” əsərinin birinci cildində verilən Oğuznamədən faydalanmışdır .Bu hissədə Oğuzun əmilərinin qızları ilə evlənməsi, yalnız üçüncü əmisi Uz xanın qızı müsəlmanlığı qəbul etdiyi üçün onu sevməsi, atası və ona qoşulan kafirlərlə mübarizəsi də Rəşidəddin Oğuznaməsinin bir qədər dəyişik şəklidir. Həmçinin Oğuz xanın uyğurlara, kanqlılara, qıpçaqlara, karluqlara, xalaclara, ağacerilərə ad verməsi də məlum olan tarix kitablarında verilənlərin yığcam formasıdır.
2. Səlcuq tarixi. İkinci hissədə Yazı çıoğlu Əli səlcuqların tarix səhnəsinə çıxması, qəznəvilərlə, bizanslılarla vuruşlarını ətraflı şəkildə şərh edir. O bu hissəni yazmaqda, əsasən, Ravəndinin, İbn Bibinin əsərlərindən istifadə etmişdir. Burada Dədə Qorqudun Oğuznamə ilə səsləşən yerləri daha çoxdur. O, Türküstanın böyük padşahlarından – bayındurlardan, salorlardan danışır, Salur Qazanın igidliyini öyür və ona əsərində çox yer verir. Dədə Qorqudun Rəsul Əleyhissəlam zamanına yaxın bayat boyundan çıxması, Allahın qüdrəti ilə qayibdən xəbərlər verməsi, qayı boyunun son anda hakimiyyətə gələcəyi və onların hökmranlığının əbədi olacağı barədə fikirlər Kitabi Dədə Qorqud dastanlarının girişi ilə analogiya yaradır. Yazıçıoğlunun Oğuz xanın müdrikliyi, ədalət simvolu olması, qalan hökmdarların da Oğuz elini ədalətlə idarə etmələri və s. onu “millətçi-tarixçi” (V.Qordlevski) səviyyəsinə qaldırır. XV əsrin Anadolu xalq hekayətləri Yazıçıoğlunun Oğuznaməsində çox güclü şəkildə hiss olunur.