Odessa Milli Rabitə Akademiyası — Ukraynada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri.
Odessa Milli Rabitə Akademiyası | |
---|---|
46°28′57″ şm. e. 30°43′24″ ş. u.HGYO | |
Əsası qoyulub | 1900 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 7.395 |
Ölkə | |
Ünvan | Ukrayna, Odessa şəhəri |
Sayt | onat.edu.ua |
Vikianbarda əlaqəli mediafayllar |
1900-cü ildə Odessada Rusiyanın cənub hissəsi üçün texniklər hazırlamaq məqsədilə teleqraf mexaniklərinin yüksək kursları açılır. 1923-ci ildə kursun əsasında Yüksək Elektrotexnikum yaradılır. Təhsil müəssisəsi 1925-ci ildən etibarən rabitə sahəsi üzrə mühəndislər yetişdirməyə başlayır. Aparılan islahatlar nəticəsində elektrotexnikum 1929-cu ildən başlayaraq Odessa Politexnik İnstitunun elektrotexnika fakültəsi kimi fəaliyyət göstərir. 1930-ci ildə isə fakültənin bazasında rabitə sahəsinin bir çox ixtisasları üzrə peşəkar mütəxəssislər yetişdirmək üçün Odessa Rabitə Mühəndisləri İnstitutu yaradılır. 1993-cü ildən ali təhsil ocağı A.S.Popov adına Ukrayna Dövlət Rabitə Akademiyası adlandırılır. 2001-ci ildən isə elm və təhsil sahəsində göstərdiyi genişmiqyaslı fəaliyyətinə görə Ukrayna prezidentinin sərəncamı ilə “Milli” statusu alaraq Odessa Milli Rabitə Akademiyası adı ilə fəaliyyət göstərir.
Akademiyanın tərkibinə İqtisadiyyat və Menecmentlik, Kompüter Texnologiyası, Avtomatlaşdırma və Loqistika, Radio, Televiziya və Elektronika, İnformasiya Cəmiyyəti Problemləri institutları və Rabitə və İnformatizasiya Kolleci, İnformasiya şəbəkələri, Telekommunikasiya sistemləri, Qiyabi Təhsil və İxtisasartırma fakultələri daxildir. Ali məktəbin instititut və fakultələrində, ümumilikdə, 27 kafedra fəaliyyət göstərir.
Akademiyada, həmçinin, distant təhsil mərkəzi də var. Məlum olduğu kimi, XX əsrin son 30 ilində meydana gələn yeni və keyfiyyətli təhsil forması olan distant təhsil informasiya texnologiyalarının inkişafının məhsuludur. Təsadüfi deyil ki, Odessa Milli Rabitə Akademiyasının əməkdaşları 1996-cı ildən etibarən bu təhsil forması ilə əlaqədar problemlər ilə məşğul olmaqa başladılar. 1997-ci ildə distant təhsil konsepsiyasının işlənib hazırlanması bu sahədə irəliyə doğru atılmış böyük bir addım idi. İnkişaf nəticəsində "MDB ölkələri üçün distant təhsil sistemi regional layihə"si həyata keçirildi. 2000-ci ilin fevral-mart aylarında Kiyev, Bakı, Tbilisi, Xarkov, Kişinyov və Yerevan şəhərləri ilə sınaq seansları keçirildi və müsbət nəticə əldə olundu. Bundan sonra bu istiqamətdə irəliləyişlər daha geniş vüsət alıb.
Gündən-günə informasiya texnologiyalarının sürətli inkişafı yeni ixtisas istiqamətlərinin yaradılmasını şərtləndirir. Buna görə də Odessa Milli Rabitə Akademiyasında 2003-cü ildən etibarən informasiya və rabitə sisteminin mühafizəsi, poçt rabitəsi şəbəkəsi, informasiya texnologiyaları və biznesdə sistemlər sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilir.
Akademiyanın 4 tədris korpusu, 5 tələbə yataqxanası və dəniz kənarında 120 yerlik istirahət mərkəzi var. Hazırda akademiyada 10 minə yaxın tələbə təhsil alır. Müəllim heyəti isə 347 nəfərdən ibarətdir. Ali məktəb 13 beynəlxalq, 17-si isə müəyyən sahəyə aid olan akademiyaların üzvü olan akademikin, 48 elmlər doktoru, professorun, 229 elmlər namizədi, dosentin fəaliyyət məkanıdır.
Odessa Milli Rabitə Akademiyasında elmi tədqiqatlara geniş yer verilir. Tədqiqatların aparılması üçün lazımi şərait yaradılıb. Elmi tədqiqatların mərkəzi 1953-cü ildə yaradılan Tədqiqat Departamentidir ki, onun tərkibinə 14 laboratoriya daxildir. Eyni zamanda, "İndeks" poçt rabitəsi elmi tədqiqat mərkəzi və “Proekt Telekom” mərkəzi fəaliyyət göstərir. Telekommunikasiya və layihələşdirmə, radiorabitə və televiziya, informatizasiya və infokommunikasiya, informasiya təhlükəsizliyi, poçt rabitəsi, iqtisadiyyat və idarəetmə sahələri əsas tədqiqat istiqamətləridir. Akademiyanın tələbə heyətinin də elmi-tədqiqat işlərində iştirak etməsi təmin olunur. Bu da nəticədə tələbələrə nəzəri biliklərini tətbiq etməklə təcrübə qazanmaq və sahə üzrə yeniliklərlən xəbərdar olmaq imkanını təqdim edir.
Akademiyanın kitabxanası da institut kimi fəaliyyətə başladığı 1930-cu ildə yaradılıb. İlk dövrlərdə 2000 nüsxə var idi və 450 oxucunu təmin etmək şəraitinə malik idi. Keçən dövr ərzində kitabxana fondu xeyli zənginləşdirilmiş, hazırda 800 mindən çox nüsxəyə malik olmaqla 20000 oxucunu təmin edir. Əsasən, materiallar rus və ukrayna dilllərindədir, lakin ingilis, fransız, alman dillərində də müxtəlif materiallar oxucuların ixtiyarına verilib. 2003-cü ildən etibarən kitabxanada üç bölmə üzrə elektron kataloq fəaliyyət göstərir:
Onu da qeyd etmək lazımdır ki, ali təhsil müəssisəsinin "A.S.Popov adına Milli Rabitə Akademiyasının elmi işləri" və "Rəqəmsal texnologiya" adlı elmi nəşrləri rabitə və İT sahəsində nüfuzlu nəşrlərdən hesab olunur.
Akademiya 1949-cu ildən etibarən xarici ölkələr üçün mütəxəssislərin hazırlanması işini təşkil edir. İndiyədək dünyanın 75 ölkəsindən (Azərbaycan, Tacikistan, Qazaxıstan, Çin, Konqo, Kamerun, Yəmən, Suriya, Türkiyə və s.) olan 1000-dən çox mütəxəssis burada təhsil alıb. Ali təhsil ocağında "əcnəbi vətəndaşlar üçün hazırlıq bölməsi" fəaliyyət göstərir. Bölmə təkcə akademiyaya deyil, Ukraynanın digər universitetlərinə də tələbə hazırlıqını həyata keçirir. Burada bir il ərzində rus və ukrayna dili, riyaziyyat, fizika, informatika və digər fənlər tədris olunur. Əcnəbi abituriyentlər üçün hazırlıq kursu 1800$, bakalavr pilləsi üzrə təhsil haqqı rus və ukrayna dilində 2200$, ingilis dilində isə 2640$ təşkil edir. Magistratura pilləsi üzrə təhsil haqqına gəldikdə isə 2500$, aspirantura üzrə isə 3800$-dan ibarətdir.
2007-ci ildə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasında təhsil alan 45-i tələbə, 4 aspirant, 1-i aspirant olmaqla, 50 nəfər azərbaycanlını və şəhərin digər universitetlərində təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən "Azərbaycan evi" Mədəni Mərkəzi yaradılıb.