Olomouts döyüşü — çexlərlə tatarlar arasında 24 iyun 1241-ci ildə Moraviyanın Olomouts şəhəri yaxınlığında monqolların Qərbi Avropaya yürüşü gedişində baş vermiş və çexlərin qələbəsi ilə başa çatmış hərbi münaqişə. Döyüş haqda yalnız Kraledvorsk əlyazmasında bəhs edilir və heç bir digər tarixi mənbədə təsdiqlənmir. XIX əsrin sonu XX əsrin əvvəllərində Kraledvorsk əlyazmasının Zelenoqorsk əlyazması ilə yanaşı 1817-ci ildə çex filoloqu və şairi, panslavist Vatslav Qanka tərəfindən yazıldığı sübuta yetirilmişdir.
Əlyazmada qeyd olunur ki, Polşanı yağmalayandan və polşa-alman qoşununu Leqnitsa döyüşündə darmadağın edəndən sonra, 9 iyun 1241-ci ildə Batı xanın qardaşı oğlu Baydarın komandanlığı altındakı monqollar cənuba, Bohemiyaya yönəldilər. Onların qarşısını çex sərkərdəsi Yaroslav Şternberkin başçılığı ilə Olomouts qalasının güclü qarnizonu kəsdi. Monqolların Olomoutsu yolüstü almaq cəhdi baş tutmadı və onlar qüvvələrin bir hissəsini qalanın mühasirəsinə ayırıb, ölkəni talamağa başladılar. 24 iyunda Yaroslav öz qoşunlarını gizlicə qaladan çıxardı və rəqibə qəfil hucum edərək onu darmadağın etdi. Olomouts döyüşü monqolların Avropada ilk məğlubiyyəti oldu. Bu döyüşdə Baydar öldürüldü, qoşunun yerdə qalan hissəsi isə Bohemiyanı tərk etdi və Batı xanın qoşunları ilə birləşmək üçün Macarıstana yollandı.[1]
Burada qeyd olunanın əksinə, Baydarın 1246-cı ildə Güyük xanın seçildiyi qurultayda iştirak etdiyi məlumdur.
Uzun müddət həqiqət kimi qəbul edilən bu hadisənin əslində heç bir tarixi əsasının olmadığı XX əsrin əvvəllərində tam sübuta yetirilsə də, sonrakı dövrlərdə bir çox müəlliflərin əsərlərində bu uydurma hadisəyə real tarixi fakt kimi istinad olunur, o cümlədən, Böyük Sovet Ensiklopediyasında, Boris Qrekov, Lev Qumilyov, Vasili Yan, Yaroslav Qaşek və başqalarının əsərlərində.