Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir.[1]
Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur.
Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var.
Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər. Məsələn, portfel investorları hər hansı şirkətin kapitalına daxil olduqda, opsion onlara əvvəlcədən razılaşdırılmış qiymətlə şirkətdən effektiv çıxış mexanizmini təqdim edir.
Əsasən, iki növ opsion razılaşmaları mövcuddur. Bunlar satış opsionu (put-option) və alış opsionudur (call-option).
Satış opsionuna əsasən bir tərəf ona məxsus olan səhmləri (payı) müəyyən hadisələr baş verdikdə (və ya vermədikdə) əvvəlcədən razılaşdırılmış qiymətə alınmasını digər tərəfdən tələb etmək hüququna malikdir. Alış opsionuna əsasən isə bir tərəf müəyyən şərtlər əmələ gəldikdə (və ya gəlmədikdə) digər tərəfə məxsus səhmləri (payı) əvvəlcədən razılaşdırılmış qiymətə ona (yəni birinci tərəfə) satılmasını tələb etmək hüququna malikdir.
Göründüyü kimi, hər iki variantda tərəflərdən birinin tələb hüququ var və o, hüququn realizasiyası razılaşdırılmış şərtlər çərçivəsində yalnız həmin tərəfin iradəsindən asılıdır. Digər tərəfində isə, tələb irəli sürüldükdə razılaşdırılmış öhdəliyin qeyd-şərtsiz icrası öhdəliyi var.