Oqtay Cəfərov

Oqtay Cəfərov — Sumqayıt "Kimyaçı" qəzeti - redaktor (1967-1971), Göyçay "Yeni Həyat" qəzeti - redaktor (1971-1974),
"Müxbir" jurnalı - redaktor (1975-1988), "İnşaatçı" qəzeti - redaktor (1988-2005) "Qızıl qələm" mükafatı, Əməkdar Jurnalist[2]

Oqtay Cəfərov
Oqtay Məhəmməd oğlu Cəfərov
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR,
Göyçay rayonu
Vəfat tarixi [1] (85 yaşında)
Vəfat yeri Bakı şəhəri
Milliyyəti Azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti Redaktor
Mükafatları "Qızıl qələm" mükafatı
Əməkdar Jurnalist
"Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Oqtay Məhəmməd oğlu Cəfərov 5 iyul 1933-cü ildə Göyçay şəhərində anadan olmuşdur. O, Göyçay məscidinin axundu Cəfərin nəvəsi idi.

1941-ci ildə Göyçay şəhərindəki 4 nömrəli orta oğlan məktəbinin 1-ci sinfinə getmiş, 1948-ci ildə 7-ci sinfi bitirmişdir. Sonra Pedaqoji Texnikumda təhsilini davam etdirmişdir.

O.M. Cəfərov 1952-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinə daxil olmuş, 1957-ci ildə bu ali təhsil ocağını bitirərək jurnalist ixtisasına yiyələnmişdir.

1957-1961-ci illərdə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsində təlimatçı vəzifəsində çalışmışdır.

1961-1967-ci illərdə “Sosialist Sumqayıtı” qəzetində şöbə müdiri, sonra isə dörd il Sumqayıt Kimya zavodunda “Kimyaçı” qəzetinin redaktoru olmuşdur.

O.M. Cəfərov 1971-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə Göyçay rayonunda çıxan “Yeni Həyat” qəzetinə redaktor təyin olunmuşdur.

1974-cü ildə Göyçay rayon Partiya Komitəsi rəhbərliyinin dəyişilməsi ilə bağlı qəzetə, onun tənqidi çıxışlarına münasibət də kökündən dəyişmiş, həmin ilin dekabr ayında qəzetin bir nömrəsi tənqidi yazıya görə əsassız olaraq yandırılmışdır. 1974-cü ilin oktyabr ayının 12-də Oqtay Cəfərov rayon partiya Komitəsi bürosunun qərarı ilə işdən azad olunmuşdur. Oqtay Cəfərov vəziyyətlə bağlı Azərbaycan KP MK-ya müraciət etmiş, teleqram vurmuş, tutarlı cavab almadığına görə Sov.İKP MK-nın Təbliğat şöbəsinə və “Pravda” qəzetinə müraciət etmiş, səlahiyyətli orqanların yoxlamasından sonra 28 fevral 1975-ci ildə “Pravda” qəzetində “Qərəzkarlıq” məqaləsi dərc olunmuşdur. Həmin gün Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyev yoldaşın rəhbərliyi ilə Azərbaycan KP MK-nın Bürosu olmuş, günahkarlar ciddi cəzalandırılmış, Oqtay Cəfərova qarşı olan haqsızlığa son qoyulmuşdur.

O.M. Cəfərov 1975-ci ildə Azərbaycan KP MK-nın göstərişi ilə Azərbaycan Jurnalistlər İttifaqının nəşri olan “Müxbir” jurnalına redaktor təyin olunmuş və 1988-i ilə kimi göstərilən etimadı doğrultmşdur.

O, 1988-ci ilin avqust ayında Azərbaycan KP MK-nın tövsiyəsi ilə Dövlət Tikinti və Arxitektura Komitəsinin və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qəzeti olan “İnşaatçı” sahə qəzetinə redaktor vəzifəsinə təyin olunmuş və 2005-ci ilə kimi burada ustad redaktorluq edərək qəzetin ölkədə çap olunan mətbu nəşrlər sırasında nüfuzunun artmasına nail olmuşdur.

O.M. Cəfərov 2005-2010-cu illərdə FHN TTNDA "Azərinşaatlayihə" DBLKT İnstitutunda informasiya üzrə mühəndis vəzifəsində çalışmışdır.

O.M. Cəfərov 29 oktyabr 2018-ci ildə ömrünün 86-cı ilində Bakı şəhərində qəflətən haqq dünyasına qovuşmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Respublika Jurnalistlər Birliyinin katiblərindən biri olan Oqtay Cəfərov Azərbaycan SSR-in Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdü. O, həmçinin "Qızıl qələm" mükafatı Laureatı idi.

Oqtay Cəfərov "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyl 2005-ci il tarixli 924 nömrəli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. [3].


Ailəsi[redaktə | mənbəni redaktə et]

O.M. Cəfərov ailəli idi, bir qızı, bir oğlu, dörd nəvəsi var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Veteran jurnalist vəfat edib". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  2. "Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  3. ""Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyl 2005-ci il tarixli 924 nömrəli Sərəncamı" (azərb.). 21 iyul 2005. 2018-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2016.