Ordubadilər — orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən olan fars zadəgan sülaləsi.[1] Sülalə Azərbaycanın Ordubad şəhərindəndir və ilk dəfə monqol işğalları dövrünə aid mənbələrdə adına rast gəlinir. Daha sonra Ordubadilərin adı Səfəvilər imperiyasının qurulduğu dövrə qədər mənbələrdən itir. Sülalənin banisi Bəhram xan Ordubadi Səfəvi şahı I İsmayıla (1501-1524) xidmət etmişdir. I İsmayıl onu Ordubadın kələntəri (şəhər inzibаti və mülki idаrələrinin bаşçısı) vəzifəsinə təyin etmişdir.
Bəhramın vəzifəsini oğlu Hatəm davam etdirmiş və bəy titulunu almışdır.[2] 1591-ci ildə Hatəm bəy Səfəvi şahı I Abbasın (1587-1629) vəziri təyin edilmişdir. Onun oğlu Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən öldürülənə qədər 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri olmuşdur. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi.[1]
Ordubadilər sülaləsinin digər bir üzvü, Mirzə Əbülhüseyn bəy Ordubadi I Səfinin hakimiyyət dövrünün əvvəllərində xəzinədar (müstəvfi al-mamalik) kimi xidmət etmişdir.[3]