Oroboros

1478-ci ildə əlkimyəvi traktda çəkilmiş Uroboros[1]

Uroboros (q.yun. οὐροβόρος) — əfsanlərdə öz quyruğunu yeyən ilan və ya əjdaha şəklində təsvir olunan məxluq. Uroboros yunan sözü olub, “quyruğunu yeyən” deməkdir. Uroboros adətən öz quyruğunu yeyən ilan formasında və dairəvi şəkildə təsvir olunur, lakin bəzən lemnistikat (sonsuzluq işarəsi) formasında da təsvir edilə bilər. Uroboros Qədim Misirdə yaranmışdır və Günəşi simvolizə edirdi. Onu qnostisizmdə Günəş tanrısı Abrakasla əlaqələndirirdilər və sonsuzluğu təcəssüm edirdi.

Uroboros kimyada civəni simvolizə edir və özündə davamlı bərpa (davamlı olaraq dərisini dəyişdiyinə görə, bir çox hallarda ilan reinkarnasiyanın simvolu sayılır), ziddiyyətin harmoniyasını və həyat mərhələləri və ölümü təcəssüm etdirir. Kimyada iki uroboros (bir-birni yeyən iki varlıq) uçuculuğun simvoludur.

Uroboros bir çox mədəniyyətlərdə mövcuddur. Qədim Skandinaviya əfsanələrində ilan Yormunqandr bir çox hallarda dünyanı dövrəyə alan və İqqdrasil, həyat ağacını müdafiə edən uroboros şəklində təsvir edilir. Eynilə, Astek mədəniyyətində ilan tanrı Kestakoatlın və Çin mədəniyyətindəki kimya rəmzi əjdahaların oxşar formaları və mənaları vardır.

Simvol özünü yaratmağı və təbiətin davamlı dövranını təcəssüm edir. Uroboros, həmçinin riyaziyyatda rekursiya adlandırılan paradoksal faktorun da simvoludur. Simurq və ya Ənkə quşu özünü yandırdıqdan sonra öz küllərindən yenidən yarandığı kimi, uroboros da özünü yedikdən sonra özünü yenidən doğur.

  1. Theodoros Pelecanos's manuscript of an alchemical tract attributed to Synesius, in Codex Parisinus graecus 2327 in the Bibliothèque Nationale, France, mentioned s.v. 'alchemy', The Oxford Classical Dictionary, Oxford University Press, 2012, ISBN 0199545561

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]