Orxan Məmmədov (1 iyul 1984, Bakı) — Azərbaycan iqtisadçısı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri,[1] "Zirə FK" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidenti.[2][3][4]
Orxan Məmmədov | |
---|---|
Vəzifədədir | |
27 fevral 2018-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1984 (40 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
Uşağı | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Orxan Vidadi oğlu Məmmədov 1 iyul 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərində Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə almış, 2001-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuşdur. 2005-ci ildə həmin universiteti bitirdikdən sonra təhsilinə beynəlxalq biznes və maliyyə proqramı üzrə Böyük Britaniyanın Regent Universitetində davam etmişdir. 2007-ci ildə məzun olduqdan sonra Odlar Yurdu Universitetində biznes administrasiyası üzrə magistr təhsilinə başlamışdır. Daha sonra 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə təhsil almışdır.[1][5]
2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.
Orxan Məmmədov əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq təşkilatlar şöbəsinin Beynəlxalq təşkilatlarla iş sektorunun aparıcı məsləhətçisi kimi başlayıb. O, 2007-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub və 2009-cu ilə kimi həmin vəzifəni icra edib, daha sonra həmin ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini vəzifəsində təyinat alıb. 2011-ci ilin aprel-dekabr aylarında əmək fəaliyyətinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, 2011–2014-cü illərdə isə həmin şöbənin müdiri kimi davam edib. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, 2016–2018-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, İqtisadiyyat Nazirliyində işlədiyi dövr ərzində müxtəlif ölkələrlə birgə yaradılmış hökumətlərarası komissiyaların 100-ə yaxın iclaslarında və müxtəlif işçi qruplarında təmsil olunub, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak edib.
27 fevral 2018-ci il tarixindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
KOBİA-ya rəhbərliyi dövründə agentlik Kiçik Biznes üzrə Beynəlxalq Şuraya (The International Council for Small Business — ICSB),[6] Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP),[7] Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib,[8] agentliyin təşəbbüsü ilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb,[9] KOB sahəsində Azərbaycan təcrübəsinin paylaşılması və bu sahədə xarici ölkələrlə əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib.[10][11][12]
Orxan Məmmədov 2017-ci ildən Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti və 2022-ci ildən "Zirə FK" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir.[3][13][14] Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti olduğu müddətdə, Azərbaycan minifutbol üzrə milli yığması 2022-ci ildə Slovakiyada keçirilmiş yarışda Avropa çempionu olub.[15] Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov Azərbaycan Minifutbol yığmasının Avropa çempionu olmasından danışarkən Orxan Məmmədovun əməyini belə qeyd edib:[2]
Azərbaycanda minifutbol federasiyasının yaradılmasının əsas təşəbbüskarı "Zirə" futbol klubunun prezidenti Orxan Məmmədovdur. |
O 11 iyul 2023-cü ildə Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib.[4]
Orxan Məmmədov Azərbaycanda innovativ sahibkarlıq, təşəbbüskarlıq və startap ekosisteminin inkişafındakı fəaliyyətləri ilə tanınır.[16][17]