Pənah Mikayılov

Pənah Abduləli oğlu Mikayılov (10 may 1935, Qoşasu, Laçın rayonu1998, Sumqayıt) — şair, yazıçı, müəllim, Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim (1994)[1].

Pənah Mikayılov
Pənah Abduləli oğlu Mikayılov
Doğum tarixi
Doğum yeri Qoşasu, Laçın
Vəfat tarixi
Vəfat yeri Sumqayıt
Təhsili
Mükafatları Qabaqcıl maarif xadimi
Ali kateqoriyalı müəllim

10 may 1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində müəllim ailəsində anadan olmuşdur[2]. 1953-cü ildə Laçın Pedaqoji Texnikumuna daxil olmuş və oranı 1955-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunun Kilsə kənd ibtidai məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Sonra müəllimlik fəaliyyətini Laçın rayonunun Daşlı, Vəlibəyli, NarışlarQoşasu kənd məktəblərində davam etdirmişdir. Pənah Mikayılov 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1972-ci ildə həmin universitetin filologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Aşıq Şəmşirin həyat və yaradıcılığı” mövzusu üzərində işləmiş, lakin müxtəlif problemlər üzündən dissertasiya işini müdafiə edə bilməmişdir.

Pənah Mikayılovun şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. Laçının işğalından sonra Sumqayıtda məskunlaşmış, pedaqoji fəaliyyətini Laçın rayon 5 saylı orta məktəbində davam etdirmişdir. 45 illik səmərəli pedaqoji əmək fəaliyyəti olan Pənah Mikayılov müxtəlif “Fəxri Fərman”larla, Respubilkanın “Qabaqcıl maarif xadimi” fəxri adı ilə təltif edilmişdir. Yüksək pedaqoji ustalığa malik olan Pənah müəllim 1994-cü ildə Azərbaycan Respulikası Təhsil Nazirliyinin Komissyasının qərarı ilə “Ali kateqoriyalı müəllim” adına layiq görülmüşdür. Bütün qaçqın ziyalılar kimi Pənah müəllimin də həyatında qaçqınlıq dövrü silinməz qara izlər buraxmışdır. Vətən həsrəti, torpaq nisgili, yurd möhnəti nəcib duyğular sahibi Pənah müəllimin kövrək şair qəlbini şam kimi damla-damla əritdi. O, 1998-ci ilin mayında Sumqayıt şəhərində əbədiyyətə qovuşdu. Şarin “Vətən həsrətli ömür” adlı kitabı ölümündən bir il sonra, 1999-cu ildə “Sumqayıt” nəşriyyatında, “Vətənə boylanan həsrət” adlı kitabı isə ölümündən 6 il sonra 2004-cü ildə “Bakı” nəşriyyatında çapdan çıxıb.

  • “Vətən həsrətli ömür”, “Sumqayıt” nəşriyyatı, 1999.
  • “Vətənə boylanan həsrət”, “Bakı” nəşriyyatı, 2004.