PTT Marka Muzeyi (türk. PTT Pul Müzesi) – Türkiyənin Ankara şəhərində yerləşən muzey. Poçt markalarına həsr olunmuşdur.
PTT Marka Muzeyi | |
---|---|
Əsası qoyulub | 23 oktyabr 2013 |
Ölkə | |
Yerləşir | Altındağ ilçəsi, Ankara ili |
39°56′25″ şm. e. 32°51′07″ ş. u.HGYO | |
pttpulmuzesi.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey binasının planı Cümhuriyyət dövründə bir çox inzibati binanı dizayn etmiş avstriyalı memar Klemens Holtsmayster tərəfindən hazırlanmışdır.[1] Bina 1926-cı ildə yaradılmış "Emlak ve Eytam" bankının binası kimi nəzərdə tutulmuş və 1933–1934-cü illərdə tikilmişdir.[2]
Bina uzun müddət istifadəsiz qaldıqdan sonra[2] PTT tərəfindən bərpa olunaraq 23 oktyabr 2013-cü ildə muzey kimi açılmışdır.[3] Muzey açıldığı tarixdən etibarən 513 min ziyarətçi qəbul etmişdir.[4]
Neoklassik üslubda olan[2] üçmərtəbəli muzey binasına zirzəmi və giriş mərtəbələri daxil edərək beşmərtəbəli muzey yaradılmışdır. Muzeyin ümumi sahəsi 6500 m² təşkil edir. Muzeyin kolleksiyasına 4404 markadan ibarət olan ölkə kolleksiyası və 1500 markadan ibarət olan dünya ölkələri kolleksiyası daxildir. Muzeydə rabitə tarixi, poçt çatdırmasında istifadə olunan ləvazimatlar, Osmanlı və Cümhuriyyət dövrünə aid markalar, mövzulu markalar, uşaq markaları, dünya markaları, poçt açıqcaları, ilk gün və xüsusi gün zərfləri sərgilənir. Muzeydə sərgilənən eksponatlara 13 oktyabr 1863-cü ildə buraxılmış, üzərində Sultan Əbdüləzizin tuğrası olan ilk Osmanlı markası və 6 may 1840-cı ildə İngiltərədə buraxılmış dünyanın ilk poçt markası daxildir. Muzeydə Türkiyənin marka kolleksiyası həm orijinal halı ilə, həm də interaktiv texnologiyalarla təqdim olunur.[1]
Muzeyin giriş mərtəbəsində poçt arabası və teleqrafçı Manastırlı Hamdi Bəyin Morze əlifbası ilə göndərdiyi mesajın sərgiləndiyi sərgi guşəsi olan "İstiqlaliyyət müharibəsində PTT" yerləşir. Giriş mərtəbəsində poçtalyonların kostyumları, çantaları, silahları, rabitə üçün istifadə olunan telefon və teleqraf maşınları, poçt qutuları, tərəzilər, möhürlər və filateliya lüğəti sərgilənir. Bu mərtəbədə 3D kinoteatr, suvenir mağazası və kafe yerləşir.[1]
İkinci mərtəbədə mövzulu marka mövzusunda hazırlanmış, 7 mövzuda olan (Atatürk, tarix, turizm, nəqliyyat, təbiət, idman, mədəni mülklər) markaların sərgiləndiyi salon yerləşir. Bu salonda TBMM-in ilk sessiyası, Osmanlının quruluşunun yubileyi, Preveze dəniz döyüşü, Montrö boğazlar konvensiyası, idman növləri, şəhərlər, musiqi alətləri, mədəni zənginliklər mövzusunda markalar sərgilənir. Muzeyin üçüncü mərtəbəsində 192 ölkəyə aid olan dünya markaları kolleksiyası yerləşir.[1]
Muzeyin aşağı mərtəbəsində uşaq klubu yerləşir.[5] Burada filateliyanın tanıtımı, məktubların yazılması, boyama, marka tanıtımı kimi fəaliyyətlər keçirilir.[1]