[1]Para-aminobenzoy turşusu (vitamin B10) –aminoturşudur, benzoy turşusunun törəməsidir, təbiətdə geniş yayılmışdır.
Para-aminobenzoy turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | 4-aminobenzoy turşusu |
Kimyəvi formulu | NH2-C6H4-COOH, C7H7NO2 |
Molyar kütlə | 137,14 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 187—189 °S |
Para-aminobenzoy turşusu (PABT) 1863-cü ildə alınmışdır. 1939–1940-cı illərin tədqiqatları göstərmişdir ki, bəzi bakteriyalar və mayaların ekstraktlarının tərkibində sulfanilamid preparatların bakteriostatik təsirinə antaqonistik təsirli maddə vardır . Müəyyən edilmişdir ki, bu maya ekstraktın aktiv başlangıcı öz kimyəvi quruluşuna görə para-aminobenzoy turşusundan ibarətdir. Onun kimyəvi formulu: NH2-C6H4-COOH, C7H7NO2
P-aminobenzoy turşusu ət, qara ciyər, yumurtanın ağından və başqa yeyinti məhsullarından ayrılmışdır.
Para-aminobenzoy turşusu ağ, kristallik toz şəklində olur; uzun müddət saxlandıqda hava və işığın təsirindən sarımtıl rəng alır. Para-aminobenzoy turşusu soyuq suda nisbətən pis həll olur, isti suda və spirtdə yaxşı həll olur, qələvilərdə asan həll olur; termostabildir. Bu turşu məhlulunu 1100C-yə qədər qaynatdıqda da öz aktivliyini itirmir.
Oksidləşdiricilərin və dəmir duzlarının təsitindən tez dəyişir. Prokainesterazin təsirindən novokain hidroliz olur və bunun nəticəsində para-aminobenzoy turşusu və dietilaminoetanol alınır. (D. A. Almoyeva). Aromatik aminoturşuların efirləri ümumi xassəyə malikdirlər. −yerli anestiziya qabiliyyətinə, yəni hissiyatı itirməyə səbəb olurlar. Bu xassə para törəmələrdə daha çox hiss olunur. Tibbdə anestezin (PABT-un etil efiri) və novokain kimi (PABT-nun N1N-dietilaminoetil efiri) istifadə olunur. Iki maddə suda pis həll olunduğuna görə anestizin və novokain hidroxlorid duzları kimi istifadə edilir. PABT aromatik turşuların, həm də aromatik aminlərin xassələrinə malikdir. Onu mikroorqanizmlərin böyüməsi faktoru adlandırırlar. PABT foliy turşusunun sintezində iştirak etdiyinə görə, onun azlığı və ya yoxluğunda mikroorqanizmlər böyümək və artmaq qabiliyyətini itirirlər. Para-aminobenzoy turşusu ultrabənövşəyi şüaların, zəhərlərin, infeksiya yaradanların və oksigen aclığının təsirindən orqanizmin stabilliyini yüksəldir. PABT piylərin və zülalın mənimsənilməsinə kömək edir, laktogen xassələrə malikdir – süd verən anaların südünün əmələ gəməsinə kömək edir. Para-aminobenzoy turşusu dərinin tonusunu yüksəldir və onun vaxtından əvvəl solmasını qabaqcadan xəbərdar edir. Para-aminobenzoy turşusu nazik bağırsaqda sorulur. Bu turşu sağlam insanların qanında və sidiyində olur. Para-aminobenzoy turşusunun çox hissəsi qara ciyərdə para-aminoqippur turşusuna çevrilir və sidiklə çıxır. Onun az hissəsi sərbəst formada sidiklə çıxır. Bitki və heyvan toxumalarında p-aminobenzoy turşusu həm sərbəst, həm də əlaqəli formada olur. Para-aminobenzoy turşusu demək olar ki, toksik deyil və insanlarda və heyvanlarda zərərsiz nəticələrlə keçir. Bu turşunu böyük dozada qəbul etdikdə hərdən ürək bulanması baş verir və tez keçir.
Para-aminobenzoy turşusu dəri xəstəliklərində yaxşı nəticələrlə istifadə olunur. O, maz şəklində, ultrabənövşəyi şüalanmadan alınan yanıq profilaktikasında, şüalanmağa məruz qalmış yanıq dəri sahələrinin yağlanması üçün istifadə edilir. Para-aminobenzoy turşusunun terapevtik dozası sutkada 2–4 q-dır. Bəzi xəstəliklərdə bu doza daha da artırılır. Sulfamidlərlə və p-aminobenzoy turşularının arasında antaqonizm olduğuna görə, p-aminobenzoy turşusu təyin edildikdə sulfamidlərlə müalicə zərərlidir. Vitamin B10 saçların təbii rəngini və onların uzanmasını təmin edir. PABT inkişafın azalmasında, fiziki və əqli yorğunluğun artmasında, artritdə, ultrabənövşəyi şüalanmadan alınan yanıqlarda, vaxtsız saç ağarmasında və s. xəstəliklərdə təyin edilir. B10 vitamini 100q məhsulda; kartofda – 0.04mq, süddə — 0.01mq, tərəvəzdə — 0.02mq, yumurtada – 0.04mq, quru mayada – 0.9–5.9mq-dır. Para-aminobenzoy turşusu motor yağlarına keyfiyyətli aşqar almaq üçün istifadə oluna bilər.