Paris Ali Normal Məktəbi (fr. École Normale Supérieure) — Fransa Respublikasının Paris şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin dövlət universitetləri çərçivəsində fəaliyyət göstərənən aparıcı ali təhsil ocaqlarından biridir. Fransa inqilabı dövründə yaradılıb və həmin vaxtdan bugünədək mühüm elit institut kimi fəaliyyət göstərir. Məktəbin tələbələri hökumət və akademik dairələrdə yüksək səviyyədə karyera əldə etmək üçün hazırlanır. Fransa elitasının əksər nümayəndələri bu məktəbin məzunlarıdır.
Paris Ali Normal Məktəbi | |
---|---|
Əsası qoyulub | 30 noyabr 1794 |
Tip | Dövlət |
Tələbə sayı | 2,000[1] |
Şəhər | Paris şəhəri |
Ölkə | |
Sayt | ens.fr |
Vikianbarda əlaqəli mediafayllar |
Paris Ali Normal Məktəbi 30 noyabr 1794-cü ildə Fransa inqilabı dövründə Paris şəhərində Milli Konvent (Fransa inqilabı dövründə vəkillər şurası) tərəfindən yaradılıb. Məktəbdə ilk mühazirə 1795-ci ildə yanvarın 20-də Verniquet amfiteatrında oxunub. Məktəbin yaradılmasında məqsəd yenicə təşəkkül tapmış respublikanın dörd tərəfindən olan artıq savadlı vətəndaşlara hərtərəfli dünyagörüşünə malik alim və professorlar tərəfindən müəllimlik sənəti öyrətmək olub. Bunun üçün Monj, Vandermond, Dyubenton, Bertolle, Bernardin de Sen-Pyer, Volney kimi dahilər məktəbə dəvət olunur. Məktəb tez bir müddətdə mühüm tədqiqat mərkəzinə çevrilir. 1808-ci ildə Paris Ali Normal Məktəbinin ilk binası tikilir. 1847-ci ildə Sent-Jenevyev dağında yerləşən Rue dTUlm Məktəbi və de Frans Kolleci Paris Ali Normal Məktəbi ilə birləşdirilir.
1903-cü ildə Paris Ali Normal Məktəbi Paris Universitetinin tərkibinə qatılır. Məktəb yalnız 1954-cü ildə müstəqillik əldə edir. 1962-ci ildə Paris Ali Normal Məktəbi vaxtilə ali təhsil ocağının məzunu olmuş Baş nazir Jorj Pompidu tərəfindən yüksək qiymətləndirilir.
1985-ci ildə Sevrdə yerləşən qızlar üçün Ali Normal Məktəbi Paris Ali Normal Məktəbinə birləşdirilir. Buna baxmayaraq hələ həmin məktəblər birləşməzdən öncə də qızlar Paris Ali Normal Məktəbində keçirilən müsabiqələrdə iştirak etmək hüququna malik idilər. Məsələn, tanınmış filosof Simona Veyl Paris Ali Normal Məktəbinə 1928-ci ildə, akademik Jaklin de Romilli isə 1933-cü ildə qəbul olublar.
26 avqust 1987-ci ildə Paris Ali Normal Məktəbində dekret qəbul olunur. Dekretdə deyilir: "Yüksək səviyyəli mədəniyyət və təhsilə malik olan Ali Normal Məktəbi fundamental və tətbiqi elmi-tədqiqat işləri apara, ali və orta məktəblərdə dərs verə bilən, ümumilikdə, dövlət, inzibati, kütləvi müəssisələrdə və şirkətlərdə fəaliyyət göstərəcək mütəxəssislər hazırlayır".
2001-ci ildə Paris Ali Normal Məktəbinin İnternet portalı yaradılmış və burada 2000-dən çox mühazirə və seminarlar yerləşdirilir.
Paris Ali Normal Məktəbinin kampusları haqqında məlumat verərkən onların yerləşdiyi əsrarəngiz və kosmopolit şəhəri xatırlatmamaq qeyri-mümkündür. Parisin mükəmməl elmi, intellektual və mədəni irsi şəhəri canlı auditoriyaya çevirir. Kölgəli ağaclarla örtülmüş bağlar və bulvarlar, Böyük Müdafiə Arkası, Belvilldə hay-küylü bazar dükanları, Montmartrenin çay daşından salınmış dolanbac yolları, ümumiyyətlə, hər bir küçə şəhərin unikal irsindən xəbər verir. Paris həmçinin incəsənət və elmlər şəhəridir. Şəhərdə sonsuz sayda muzeylər, eksperimental və avanqard teatrlar, klassik və müasir musiqi zalları, kinoteatrlar, kafelər, bistrolar (qəlyanaltı yerləri) və restoranlar var. Bütün bunların hamısı tələbələrə yeni əsərlər yaratmaq və kəşflər etmək üçün geniş imkanlar açır.
Paris Ali Normal Məktəbinin mülkiyyəti 110000 km² ərazidə — Sent-Jenevyev dağında, Jurdan bulvarında, Monruj və Fontenbloda yerləşir. Məktəbin kampusu əsl tələbə şəhərciyidir və əlverişliliyi ilə digər ali məktəblərin kampuslarından daha səmərəlidir. Buranın sakinləri yalnız departamentlər və laboratoriyaların yaxınlıqda yerləşməyindən xeyir əldə etmir, həmçinin intellektual cəmiyyət yaradır və onlarla dostluq qururlar. Məktəbin əsas kampusu (Rue dTUlm) Parisin Latın kvartalının mərkəzində yerləşir. İkinci kampus Montsouris parkının yanında Jurdan ərazisində, üçüncü kampus isə Monruj ərazisində və ona yaxın şəhərətrafı qəsəbələrdə yerləşir. Latın kvartalındakı Rue dTUlm kampusunda əsasən humanitar elmlər departamentlərinin qədim binaları, Grande Salle tarixi kitabxanası yerləşir. Kampusun mərkəzindəki böyük dördbucaq meydan tələbə və müəllimlərin qeyri-rəsmi görüş, söhbət yeridir. Monruj kampusunda tədqiqat mərkəzləri yerləşir. Dünyanın bir çox ölkələrindən gələn tədqiqatçılar bu kampusda məskunlaşırlar. Hər kampusun özünün ayrıca tələbə yataqxanası, bir neçə restoranı, kafeləri, kinoteatrları, musiqi və rəqs studiyaları, tennis kortları, idman kompleksləri var.
Paris Ali Normal Məktəbinin nəzdində 14 humanitar və dəqiq elmlər departamentləri, 40 tədqiqat mərkəzi və 100-dən çox tədqiqat institutu və laboratoriyaları fəaliyyət göstərir. Dəqiq elmlər departamentlərinə riyaziyyat və onun tətbiqi, fizika, informatika, biologiya, kimya, yer haqqında elmlər, koqnitiv tədqiqatlar kafedraları, humanitar elmlər departamentlərinə isə fəlsəfə, ədəbiyyat və dillər, tarix və Avropa İnstitutu, antik elmlər, sosial elmlər və Paris İqtisadiyyat Məktəbi, coğrafiya, tarix və incəsənət nəzəriyyəsi kafedraları daxildir. Bu departamentlərə əlavə olaraq məktəbdə dünya ölkələri dilləri və mədəniyyəti, tarix və fəlsəfə elmləri bölmələri, ətraf mühit və cəmiyyət arasında qarşılıqlı əlaqə fənlərarası mərkəzi, sağlamlıq imkanları məhdud tələbələr üçün linqafon kabinetləri mövcuddur. Paris Ali Normal Məktəbi Parisin digər universitetləri ilə birgə 60 magistr və 23 doktorluq proqramı təklif edir. Məktəbdə yapon, İsveç, polyak, hind, türk, fars dilləri daxil olmaqla 15 müasir dil öyrədilir.
Paris Ali Normal Məktəbində Tibb Mərkəzi fəaliyyət göstərir. Mərkəz bir qrup insanlara profilaktika və müalicə məsələlərini tədris edir, tələbələrin rastlaşdığı psixoloji problemlərin aradan qaldırılması məqsədilə konfranslar təşkil edir.
Paris Ali Normal Məktəbi çox zəngin kitabxana sisteminə malikdir. Burada antik elmlərdən başlayaraq müasir dəqiq, ictimai, humanitar elmlərə aid materiallar, alman fəlsəfəsi, Kastler, Dorival arxivləri mövcuddur. Məktəbin əsas kitabxanasının açılışı 1847-ci ildə baş tutub və açılış mərasimində dahi yazıçı Viktor Hüqo iştirak edib. XIX əsrin sonlarında universitetin üç şəhərciyində yeni kitabxanalar yaradılıb. 12 kitabxanadan ibarət olan sistemə ümumilikdə 800000-dən çox kitab, milyonlarla sənəd və s., kitabxananın İnternet şəbəkəsinə yüz minlərlə elektron kitab, lüğətlər, 2800 dövri nəşr, elektron resurs, 25 biblioqrafik verilənlər bazası daxildir. Bütün bu resursların sayı mütəmadi olaraq çoxalmaqdadır. Təkcə 2006-cı ildə eksperimental elmlər, riyaziyyat və informatika üzrə tədqiqatçılar tərəfindən 1000-dən çox nəşr dərc edilib. 2008-ci tədris ilindən Paris Ali Normal Məktəbinin kitabxanası Sorbon Universitetinin kitabxanası tərəfindən idarə edilən yeni "CADIST" — "Klassik Tədqiqatlar Proqramı" ilə əməkdaşlıq edir.
Hazırda Paris Ali Normal Məktəbinin prezidenti Pyer-Lyuis Lionsdur. O, bu vəzifəyə 2009-cu ildə seçilib. Məktəbin direktoru isə xanım Monika Kanto-Sperberdir. Qeyd edək ki, Paris Ali Normal Məktəbinin direktorunu ölkə prezidenti təyin edir. M. Kanto-Sperber bu vəzifəyə 2005-ci ildə sabiq prezident Jak Şirak tərəfindən təyin edilib. Məktəbin administratoru isə Valuqa Koralidir.
Paris Ali Normal Məktəbi bir çox universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Məktəbdə həmin mərkəzlər tərəfindən yüksək qiymətləndirilən, dünyada böyük nüfuza malik alim və tədqiqatçılar fəaliyyət göstərir. Məktəbdə çalışan 800 professor-müəllim (onların 200-ə yaxını əcnəbilərdir) təhsil müəssisəsinin parlaq elmi və akademik həyatına öz töhfəsini verir. Bir çox tədqiqatçı alim və akademiklər məktəbdə dərs deməklə yanaşı, başqa təşkilatlarda da (hakim qüvvələrdə və dövlət orqanlarında) çalışırlar. Hər il dünyanın bir çox universitetlərindən yüzlərlə alim və tədqiqatçı bu məktəbdə mühazirələr oxuyur və seminarlar təşkil edir. Paris Ali Normal Məktəbində çalışan inzibati və texniki işçilərin sayı 350 nəfərdir. Onlar əsasən məktəbin şöbələrində, laboratoriyalarda, kitabxanalarda və digər xidmət mərkəzlərində çalışırlar.
Paris Ali Normal Məktəbində hazırda 2300-dən çox tələbə, 650 doktorant təhsil alır. Məktəbdə dünyanın 46 ölkəsindən olan 300 əcnəbi tələbə qeydə alınıb. Onların əksəriyyəti magistratura və doktorantura pilləsində oxuyan, Avropa ölkələrindən, ABŞ-dən və Çin Respublikasından olan gənclərdir. Məktəbin məzunları 11304 nəfərdən ibarət şəbəkə yaradıb və bu rəqəm ilbəil artır.
Paris Ali Normal Məktəbinə qəbul zamanı əcnəbi abituriyentlərdən fransız dilini xüsusi bilmək tələb olunmur, lakin məktəbin tələbəsi olduqdan sonra fransız dili kurslarına yazılmaq vacibdir.
Məktəbə qəbul olunan tələbələr 4 il təhsil almaq imkanı qazanır və 1250 avro dəyərində təqaüd alır. Dünyanın ali məktəblərindən seçilmiş əcnəbi tələbələr məktəbdə üç il təhsil alır. Onlar təxminən 1000 avro təqaüd alır. Burada Erasmus proqramı çərçivəsində də tələbələr oxuyur.
Paris Ali Normal Məktəbinin Tələbə Təşkilatı bu təhsil müəssisəsinə yeni qəbul olunmuş tələbələrə köməklik edir. Burada himayə sistemi mövcuddur — hər il yuxarı kurs tələbələri yeni qəbul olunmuş gəncləri bir neçə həftə ərzində məktəblə tanış edir, ona fərdi tədris proqramı hazırlamaqda və digər işlərdə yardım göstərir.
Paris Ali Normal Məktəbində hər 4 ildən bir tələbələr tərəfindən seçilən Baş Nümayəndə (General Delegation) fəaliyyət göstərir. Baş Nümayəndə tələbələrin gündəlik həyatına, onların sosial təminatına, tələbə təşkilatlarına və s. nəzarət edir. Tələbələr məktəbin ictimai həyatında fəal iştirak edir, inzibati işlərdə yardım edirlər.
Məktəbdə fəaliyyət göstərən Tədris Komissiyası müəllimlər və inzibati işçilərlə tələbələr arasında səmərəli dialoqlar təşkil edir. Universitet həyatına aid bütün məsələlər, kurs işləri və s. bu komissiya çərçivəsində müzakirə edilir.
Paris Ali Normal Məktəbinin direktoru xanım Monika Kanto-Sperber işlədiyi təhsil müəssisəsini belə xarakterizə edir:
"Paris Ali Normal Məktəbi zəngin tarixə malikdir. Fransanın intellektual həyatında məktəbin müstəsna xidmətləri var. Məktəb qətiyyətlə gələcəyə addımlayır". |
Paris Ali Normal Məktəbi Parisin 6 ali məktəbindən ibarət olan "Paris universitetləri" qrupunun üzvüdür. Ali məktəb Avropanın aparıcı universitetlərini birləşdirən "Atom Mədəniyyəti" cəmiyyəti ilə əməkdaşlıq edir.
2015/16[3] | 2014/15[4] | 2013/14[5] | 2012/13[6] | 2011/12[7] | 2010/11[8] |
---|---|---|---|---|---|
23 | 24 | 28 | 34 | 33 | 33 |
Paris Ali Normal Məktəbi yarandığı gündən məşhur əməkdaşları, tədqiqatçıları və məzunları ilə diqqəti cəlb edib. Onların arasında 12 Nobel, 9 Filds Medalı (beynəlxalq mükafat, hər 4 ildən bir 40-dan çox yaşı olmayan gənc riyaziyyatçı alimlərə verilir) laureatları, eləcə də digər mükafatlara layiq görülmüş şəxslər var. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
Məktəbin fəxri doktorlarından aşağıdakıları qeyd etmək olar: