Toni Morrison

Toni Morrison (ing. Toni Morrison; doğum adı — Xloya Ardeliya Uofford, ing. Chloe Ardelia Wofford; 18 fevral 1931[1][2][…]5 avqust 2019[3][4][…], Bronks, Nyu-York ştatı[3][4]) — ABŞ yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1993), Azadlıq Prezident medalının sahibi.

Toni Morrison
Doğum adı Chloe Ardelia Wofford[4]
Doğum tarixi 18 fevral 1931(1931-02-18)[1][2][…]
Vəfat tarixi 5 avqust 2019(2019-08-05)[3][4][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[4]
Təhsili
Fəaliyyəti yazıçı, romançı, librettoçu, universitet müəllimi[d], şair, uşaq ədəbiyyatı yazıçısı, səsli kitab hekayəçəsi[d], redaktor
Janr Afroamerikan ədəbiyyatı[d]
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeni kavaleri Prezidentin "Azadlıq" medalı National Humanities Medal
İmza
tonimorrisonsociety.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerikan yazıçısı Toni Morrison Nobel mükafatı alan ilk qara dərili qadındır. Əsl adı və soyadı Kloi Entoni Uofforddur. Ohayo ştatında, zavod fəhləsi ailəsində doğulmuşdur. Ədəbiyyata kiçik yaşlarından maraq göstərmişdi. Sevimli yazıçıları Ceyn OstinLev Tolstoy olmuşdu. Atasının amerikan zəncilərinin həyat haqqında danışdığı əhvalatlar da onda yazmağa maraq oyandırmışdı.

Toni Morrison Hovard və Kornuell universitetlərini ingilis filologiyası üzrə müvafiq olaraq bakalavr və magistr dərəcəsi ilə bitirmişdi. Magistr dissertasiyası Uilyam Folkner və Virciniya Vulfun əsərlərindəki intihar hadisələrinə həsr olunmuşdu. Pedaqoji sahəni seçən Morrison Cənubi Texas, sonra isə Hovard universitetlərində ingilis dili müəllimi kimi çalışmışdı. 1957-ci ildə o, yamaykalı memar Hubert Morrisona ərə getmişdi. Yeddi il sonra ayrılsalar da Toni keçmiş ərinin soyadını saxlamış və bu soyadla məşhurlaşmışdı.

Yeniyetmə ikən yazdığı ilk hekayə mavi gözlərinin olmasını arzulayan zənci qız haqqında idi. Məşhur kitab nəşriyyatında — "Rendom Haus"da çalışdığı 1967-ci ildə Toni bu hekayənin ideyası əsasında "Ən mavi gözlər" romanını yazmışdı. Nəşriyyatda o, daha çox afroamerikan mənşəli müəlliflərin kitablarının çapa hazırlanması ilə məşğul olurdu. Məhəmməd Əli, Endrü Yanq, Ancela Devis kimi məşhur qaradərililərin əsərləri Toninin redaktəsi ilə çap edilmişdi.

Süjetinin gözlənilməzliyi ilə seçilən "Ən mavi gözlər" 1970-ci ildə işıq üzü gördü və böyük oxucu rəğbəti qazandı. Müəllifin müxtəlif əxlaqi meyarlarla yaşayan zənci qadınlarının həyatından bəhs edən "Sula" romanı (1972) da bestsellerə çevrildi və növbəti ilin milli kitab mükafatını aldı. "Solomonun nəğməsi" (1977) romanının taleyi isə daha uğurlu oldu. Morrison bu romanda köləlikdən xilas olan və öz köklərini axtaran zəncinin həyat hekayəsini təsvir etmişdi. Kitab Milli ədəbiyyat tənqidçiləri cəmiyyətinin, habelə Amerika Ədəbiyyat və İncəsənət Akademiyasının mükafatına layiq görüldü. Bir neçə il ərzində gənc zənci qadın heç kimin tanımadığı nəşriyyat işçisindən Amerikanın populyar yazıçısına çevrilmişdi. Bu, həqiqətən də, ciddi uğur idi.

Həm də ədəbi sahədə qazanılan uğur müəllifin ictimai statusuna da təsirsiz ötüşməmişdi. 1984-cü ildə Toni Morrison artıq Nyu-York ştatındakı Albert Şveytser universitetinə professor kürsüsünə dəvət olunmuşdu.

"Sevimli qadın" (1987) romanı qazanılan uğurların təsadüfi olmadığını sübut etdi. Bu əsərə görə müəllif 1988-ci ildə Puliser mükafatı aldı. İsveç Akademiyasının nominantlar arasından növbəti laureat seçiminə də "Sevimli qadın"ın böyük təsiri olmuşdu. Amerika zəncilərinin Cənubla Şimal arasındakı vətəndaş müharibəsi dövründəki həyatına müraciət edən Toni Morrison yeni doğulmuş qızını kölə kimi böyütməkdənsə, öz əlləri ilə öldürməyi daha məqbul sayan zənci qadının mürəkkəb daxili dünyasını, sarsıntı və iztirablarını bütün faciəviliyi, psixoloji dərinliyi və inandırıcılığı ilə göstərməyə müvəffəq olmuşdu. "Taym" jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən "Sevimli qadın" XX əsrin 100 ən yaxşı romanı siyahısına daxil edilmişdir.

Öz növbəsində "Nyu-York tayms" qəzetinin 2006-cı ilin mayında son 25 ilin ən gözəl amerikan romanı adlandırdığı bu əsərin motivləri əsasında Ofra Uinfri və Denni Qlover eyni adlı bədii film çəkmişdilər. Zənci qadın Marqaret Qarnerin acı taleyi musiqiçiləri də laqeyd buraxmamışdı. Müəllifin özünün librettosu əsasında Riçard Danielpur "Marqaret Qarner" operasını bəstələmişdi.

Toni Morrison "Caz" (1992), "Cənnət" (1998) romanlarının, uşaqlar üçün yazılmış "Böyük qutu" (2000) və "Yaxşı adamların kitabı" (2002) kimi hekayə və nağıl məcmuələrinin də müəllifidir. 1992-ci ildə Harvard universitetində oxuduğu mühazirələr əsasında Amerika cəmiyyətinin köklü problemlərinə toxunan "Qaranlıqda oyun. Ağlıq və ədəbi təxəyyül" esselər kitabını çap etdirmişdir.

1993-cü ildə Toni Morrison "əyani təsir gücü və poetik mükəmməlliyi ilə səciyyəvi olan romanlarında amerikan reallığının mahiyyətini göz önündə canlandırdığına görə" Nobel mükafatı laureatı adını almışdı. Amma mükafat bir növ düşərli olmamışdı. Stokholmdakı təqdimat mərasimindən az sonra yazıçının Nyu-Yorkun Rokland səmtindəki villası yanıb külə dönmüşdü.

Hazırda Toni Morrison nüfuzlu Prinston universitetinin professorudur. Amerika Sənət və Ədəbiyyat Akademiyasının, habelə Amerika Humanitar və Dəqiq Elmlər Akademiyasının üzvü olan zənci qadın, Nobel laureatı T. Eliotun fikrincə, XX əsr Amerika ədəbiyyatının simasını dəyişən sənətkarlar sırasına daxildir.

Toni Morrison qara dərili əhalinin hüquqlarının müdafiəsində və feminizm hərəkatında fəal iştirak edir. ABŞ-də 2008-ci ildə keçirilən prezident seçkilərində Morrison prezidentliyə ilk real qara dərili namizəd Barak Obamanı dəstəkləyəcəyi barəsində əvvəlcədən bəyanatla çıxış etmişdi.

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]