Paris sindromu

Parisdə Eyfel qülləsi

Paris sindromu (fr. Syndrome de Paris, yap. パリ症候群, Pari sekoqun) — Fransanı ziyarət edən turistlərdə, xüsusilə də yapon turistlərində qeydə alınan psixi pozuntu. İlk dəfə 1986-cı ildə Fransada çalışan yapon psixiatrı Hiroaki Ota tərəfindən müəyyən edilmişdir.[1] Mahiyyət etibarilə StendalYerusəlim sindromuna çox yaxındır.

Hər il ən azı 12 yapon turisti Fransa paytaxtını ziyarət etdikdən sonra psixoloqlara müraciət edir. Zərərçəkmişlərin əksəriyyəti yerli sakinlərin aqressiv hərəkətlərindən şikayət edirlər. Xəstələrin üçdə ikisi bir neçə psixoterapiya seansından sonra normal vəziyyətə qayıda bilir. Lakin yerdə qalanlar daha uzunmüddətli müalicə kursuna ehtiyac duyurlar və əksər hallarda onlara kəskin psixoz diaqnozu qoyulur.

Psixoloq Erv Benhamounun fikrincə, yapon turistlərin psixikası Paris kimi şəhərləri ziyarət etməyə hazır deyil. Onlar qonaqpərvərlik görəcəklərini düşünsələr də, bunun tamamilə əksi ilə rastlaşırlar və onların əsəbləri bu cür gərginliyə dözmür.[2]

Yapon dükanlarında müştəri kraldır, halbuki Parisdə satıcılar onlara xüsusi diqqət yetirmirlər. İctimai nəqliyyatda insanlar kobud və soyuqdur, küçə oğurluqları isə vəziyyəti daha da pisləşdirir. Zərərçəkmişlərdən biri şikayətlənir — "Paris bizim üçün arzular şəhəridir. Bütün fransızlar gözəl və zərifdir. Lakin biz onlarla üz-üzə gəldikdə anlayırıq ki, çox yanılmışıq. Biz tamamilə fərqliyik, həm xaraktercə, həm də həyata baxışlarımıza görə."[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "'Paris Syndrome' strikes Japanese". 2009-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-26.
  2. 1 2 "'Paris Syndrome' leaves tourists in shock". 2011-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-26.