Pasianlar

Pasianlar — indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarında yaşamış digər türkdilli tayfa yunan və erməni mənbələrində pasian və basian kimi də qeyd olunmuşdur. İlk dəfə eradan əvvəl IV əsr yunan müəllifi Ksenofont [1] pasianlar haqqında məlumat vermişdir.

Pasianların orada məskunlaşması eradan əvvəl IV əsrdən qabağa aiddir. Ksenofontun pasianlarla qonşuluqda skiflərin (yəni sakların) yaşaması haqqındakı məlumatına görə güman etməyə əsas var ki, pasianlar məhz eradan əvvəl VII əsrdə saklarla gəlmişlər və bəlkə də elə sakların bir hissəsidir. Qeyd olunmalıdır ki, pasian etnonimi qədim yunan dilində "ç" səsi olmadığına görən paçian kimi nəzərə alınmalıdır ki, bu da qədim türkdilli paçana (peçeneq) tayfasının adıdır [2].

Pasianlar indi Türkiyəyə daxil olan Qars, Sarıqamış, Arpaçay, Kaqızman və Sürməli ərazisində yaşayırdılar [3] . Bu tayfanın adı ilə Araz çayının yuxarı axarını yunan müəllifləri Fasis (əslində Paçis) adlandırmışlar. Məhz bu etnonimlə əlaqədar olaraq orta əsrlərdə Ermənistanda Göyçə gölündən axan Zəngiçay (Axuryan) çayının sahilində Beçni, Beçini (Peçene) adlı qala mövcud idi.

"Kitabi-Dədə Qorqud" eposundakı Bay Becan şəxs adı və Pasinuk toponimi məhz həmin Pasian (Paçian) etnonimini əks etdirir. Eradan əvvəl II əsrdə isə, V əsr erməni tarixçisi Moisey Xorenskiyə görə, Basian əyalətinə Şimali Qafqazdan bulqarlar köçüb gələrək məskunlaşmışlar. [4]

  1. Anabasis, IV, 18
  2. Kırzıoğlu M. Fəxrəddin. Göstərilən əsəri, səh. 86
  3. Yenə orada, səh. 238
  4. Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 səh.