Pinus muricata

Pinus muricata (lat. Pinus muricata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Yumşaqiynəyarpaqlı şam
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir. Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır. Oturaq qozaları yumurtavarı və ya enli-oval, parlaq, bozumtul-qonur olub, uzunluğu 5-7 sm, eni 3-4 sm-dir, 3-7 ədədi birlikdə yerləşir, aşağı tərəfə əyilir. Toxum qabıqları qozanın üst tərəfində qabarıq, bozumtul-qonur qalxanlı, düz və ya əyilmiş mahmızlıdır, içəri tərəfində toxum qabıqları hamar, ucu elastikdir. Toxumları yumru-üçbucaq, tünd-qonur, uzun qanadlıdır, uzunluğu 6 mm-dir. Toxum verməyə tez başlayır, çox miqdarda qoza verir, təbii əkinlərdə yaxşı bərpa olunur, çox davamlıdır. Toxumlarla çoxalır. Oduncağı möhkəm, kobud, lifli, açıq-qonur olub, tikinti işlərində istifadə edilir. Qumlu dəniz sahillərinin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. Abşeron yarmadası nda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  1. Деревья и кустарники СССР. т.3.1954;
  2. Флора Азербайджана. т.5. 1954;
  3. Azərbaycanın ağac və kolları. III cild. 1970;
  4. Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  5. Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  6. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.