Pirican Cəbiyev

Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991).

Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov Pirican Cəbiyevə fəxri fərman təqdim edərkən.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov Pirican Cəbiyevə fəxri fərman təqdim edərkən.
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (71 yaşında)
Uşağı Nərgiz Cəbiyeva-Rzayeva
Atası Ağahüseyn Cəbiyev
Anası Mənsurə Cəbiyeva
Fəaliyyəti Operator
Mükafatları Əməkdar incəsənət xadimi (1991)

Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır.

Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür. Bu görüş Pirican Cəbiyevin həyatında mühüm rol oynayır. Ənvər Əlibəyli 1956-cı ilin fevral ayında onu Radio və Televiziya Verilişləri Komitəsinin televiziya studiyasına kinomexanik vəzifəsinə qəbul edir. 1 iyun 1956-cı ildə bir kamera ilə canlı olaraq yayımlanmış, Nəriman Nərimanovun «Şamdan bəy» pyesi əsasında rejissor Rauf Kazımovskinin quruluş verdiyi ilk teletamaşanın quruluşçu operatoru olmuşdur. İyul ayında televiziyanın operatoru vəzifəsinə yiyələnmiş Pirican Cəbiyev 35 il müddətində adi operatordan ali dərəcəli operator vəzifəsinə kimi yüksəlmiş və televiziya operatorlarına başçılıq etmişdir.

Pirican Cəbiyev Arif Babayev və Rauf Kazımovski kimi rejissorlar, Natəvan Hacıyeva, Roza Tağıyeva, Tamilla Ələkbərova kimi diktorlar, İsa Qasımov, Sabir Rəsulov kimi redaktorlarla birlikdə Mehdi Hüseyn küçəsində televiziya studiyasının açılmasının ilk iştirakçılarından və milli televiziyamızın canlı tarixinin yaradıcılarından biri olmuşdur. 1956-cı il fevral ayının 14-də televiziya vasitəsilə nümayiş etdirdiyi ilk film «Bəxtiyar» olmuşdur.

Pirican Cəbiyevi yüksək ixtisaslı mütəxəssis kimi dəfələrlə keçmiş SSRİ-nin başqa televiziya studiyalarına dəvət etmişlər. Onun arxivində bu gün də Simferopol, Uxta və başqa şəhərlərdən alınmış dəvətlər saxlanılır.

Pirican Cəbiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və SSRİ Televiziya və Radio Verilişləri Komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür.

Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 4 may 1991-ci il tarixli Fərmanı ilə Pirican Cəbiyevə əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.

Pirican Cəbiyev 17 mart 2000-ci ildə vəfat etmişdir.

  • Oqtay Qasımovun "Bizim və sizin Balaxanı" kitabı, səh. 108-109.