Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür.[1]
Piss Christ | ||
---|---|---|
| ||
Rəssam | Andres Serrano | |
Tarixi | 1987 | |
Üslubu | Transqressiv sənəti | |
Ölçüləri | 1,5 m × 1 m |
Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir.[2][3] Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir.[4] Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir.[5][6] 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir. Serranonun mayenin sidik olması haqqında açıqlaması və buna işarə edən əsərin ikinci adı olmasa idi təsvirdəki mayeni kəhrəba və ya poliuretandan fərqləndirmək çətin olardı.[7]
Serrano Piss Christ əsəri və onunla əlaqəli digər əsərlərin heç bir siyasi anlam daşımadığını bildirmişdir. O, eyni zamanda qeyd etmişdir, baxmayaraq ki, bu əsər xristianlığın tənqidi üçün nəzərdə tutulmamışdır, əsər, müasir mədəniyyətdə xristian simvollarının biznes məqsədi ilə istifadəsinə diqqət çəkmişdir.[8]
Sənət tənqidçisi Lüsi R. Lippard Serranonun “Piss Christ” əsərinin formal anlamına müsbət yanaşaraq, onu sirrli və gözəl adlandırır.[7] O, yazır ki, əsər “qaranlıq gözəlliyə malik olan foto təsvirdir...kiçik taxta və plastik çarmıx üzərkən monumental görünüş alır, fotografik genişlənmə əldə edir, dərin çəhrayı çalarlarda həm məşum, həm də izzətli görüntü alır." Lippard bildirir ki, "əsərin formal anlamına digər anlamlardan fərqli baxmaq olar."[9]
1987-ci ildə Serranonun “Piss Christ” əsəri Nyu-Yorkdakı Stuks Qalereyasında sərgilənmiş və müsbət qəbul edilmişdir.[10] 1989-cu ildə əsərin sərgilənməsi zamanı ABŞ Senatorları Al D’Amato və Cessi Helmsin əsərə Milli Sənət Fondundan həmin il $15,000, 1986-cı ildə isə $5,000 qiymət verilməsinə etiraz etmələrindən sonra qalmaqal yaranmışdır.[11] Serrano ölüm təhdidləri və nifrət məktubları almış, qazancını isə mübahisələr zamanı itirmişdir.[12] Digərləri bildirmişlər ki, “Piss Christ”in dövlət tərəfindən maliyyələşdirilməsi kilsə və dövlətin ayrılığı prinsipini pozur.[13][14] Avstraliyanın Viktoriya Milli Qalereyasında sərgilənməsi zamanı əsərə qarşı vandalizm aktı törədilmiş, qalereya rəsmiləri ölüm təhdidləri aldıqlarını elan etmişlər.[15] Əsəri dəstəkləyənlər isə bildirmişlər ki, “Piss Christ” ətrafındakı mübahisələrin əsas mövzusu “sənətkarların müstəqilliyi” və “azad söz” mövzularıdır.[15]
Katolik monaxinyası və sənət tənqidçisi Vendi Bekket, Bill Moyerslə olan televiziya müsahibəsində qeyd edir ki, o, əsəri küfrlü hesab etmir, lakin, vurğulayır ki, məsələ “biz Məsihə neynəmişik” və müasir cəmiyyətin Məsih və onun təbliğ etdiyi nəyərlərə necə baxması ilə bağlıdır.[16]
1997-ci ildə Viktoriya Milli Qalereyasında Serranonun sərgisinin keçirilməsi zamanı o zaman Melbörn Katolik Arxiyepiskopu olan Corc Pell Viktoriya Ali Məhkəməsinə müraciət edərək qalereyanı “Piss Christ”i yayımlamaqdan çəkindirməyə çalışmış, lakin istəyinə nail ola bilməmişdir. Bundan bir neçə gün sonra əsərin qalereya divarından yığışdırılmasına cəhd edilmiş, daha sonra isə iki gənc çəkic ilə əsərə hücum etmişdir. VMQ direktoru paralel olaraq muzeydə keçirilən Rembrant sərgisinə maneə törətməsini əsas gətirərək sərgini yarımçıq dayandırmışdır.[13]
2006-cı ildə Vitni Biennalisi zamanı “Piss Christ” "Down by Law" şousunun tərkibinə daxil edilmişdir. Böyük Britaniyanın “Channel 4” telekanalında yayımlanmış “ABŞ-da lənətlənmiş” (Damned in the USA ) adlı sənədli filmdə “Piss Christ” əsəri ətrafında yaranmış qalmaqallardan bəhs edilmişdir.
17 aprel 2011-ci ildə Fransanın Avinyon şəhərindəki İvon Lambert Qalereyasında təşkil olunmuş “Je crois aux miracles ” (Mən möcüzələrə inanıram) sərgisində nümayişi zamanı “Piss Christ”in nəşri xristian etirazçılar tərəfindən boyanılaraq vandalizm aktı ilə üzləşmişdir.[17][18] Həmin sərgisə Serranonun “The Church” (Kilsə) əsəri də vandalistlərin hədəfi olmuşdur.
27 sentyabr 2012-ci ildə Nyu-Yorkun Neyhem Qalereyasında Andres Serranonun “Bədən və Ruh” adlı sərgisinə start verilmiş və “Piss Christ” əsəri də bu sərgidə nümayiş olunmuşdur.[19] Dini qruplar və bəzi hüquq müdafiəçiləri ABŞ Prezidenti Barak Obamanı əsəri pisləməyə çağıraraq, həmin ayın əvvəllərində Ağ Evin qadağan etdiyi İslama qarşı olan “Müsəlmanların məsumiyyəti” filmi ilə müqayisə etmişlər.[20]