Piterlo qırğını

Piterlo qırğını.

Piterlo qırğını və ya Piterlo müharibəsi16 avqust 1819-cu ildə İngiltərənin Mançester şəhərindəki Müqəddəs Piter meydanında toplaşan parlament islahatları tərəfdarı olan minlərlə şəxsə atlıların hücumu nəticəsində baş verən hadisələrə deyilir.

1815-ci ildə başa çatan Napoleon müharibələrindən sonra ordunun tərxis edilməsi səbəbindən İngiltərədə işsizlik artmağa başladı. Yoxsulluğun artmasına baxmayaraq qüvvəyə minən Qarğıdalı qanunları xüsusən də işçi sinfinin vəziyyətini daha da çıxılmaz hala saldı. 1819-cu ildə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı səsvermə haqqının təkcə mülkiyyətə sahib olanlara verilməsi siyasi radikallıq hərəkatlarını gücləndirdi. Mançesterdəki Yurdsevər Birlik adlı parlament islahatlarını müdafiə edən qrup məşhur radikal natiq olan Henri Hantı danışması üçün şəhərə dəvət etdi.

Kütləvi şəkildə iştirakın olduğu və sayları 60000-80000 arasında dəyişən insanların etirazı başlayan kimi yerli idarəçilər təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırdı. Henri Hantı həbs etmək bəhanəsi ilə kütlənin içinə qılıncla hücum edən atlılar 15 nəfəri öldürdü və 400-700 arası etirazçı da yaralandı. Baş verən hadisələrə dörd il əvvəl Napoleon üzərində qazanılan Vaterlo döyüşünü xatırladacaq şəkildə Piterlo adı verildi.

Piterlo qırğını dövrün ən önəmli ictimai hadisələrindən biri hesab olunur. Hadisədən sonra etirazçıların islahat tələbləri yerinə yetirilmədi, əksinə olaraq islahat tələb edənlərə qarşı təzyiqlər artırıldı. Bundan başqa hadisələrdən sonra təsis olunan The Manchester Guardian qəzeti hələ də fəaliyyətini davam etdirir.[1] Qırğının baş verdiyi yerdə yerləşən lövhə qərəzli olması səbəbindən mübahisə mövzusuna çevrilmiş və hadisələri daha doğru şəkildə göstərən başqa lövhə ilə əvəzlənmişdir.

Mançester şəhərinin tabeliyində olduğu Lankaşir parlamentdə iki millət vəkili ilə təmsil olunurdu. Millət vəkili seçimində səsvermə səlahiyyətləri məhdudlaşdırırlmışdı. Ancaq kişilər səs verə bilirdi və bunun üçün ən azı 40 şillinq dəyərindəki əraziyə sahib olmaqlarına ehtiyac vardı. Bundan başqa səsvermə gizli keçirilmirdi. Səsvermə haqqından istifadə edən seçici Lankaşirin mərkəzinə gedərək kimə səs verdiyini sözlü şəkildə bildirməli idi. Seçkilərdə iştirak edənlər də bu qanunsuzluğu anlaşılmaz hesab edirdi. Seçki bölgəsini təmsil edən millət vəkili sayında bölgə əhalisinə sayına uyğun tənzimləmə aparılmamışdı. Uiltşirdəki Old Sarum adlı seçki bölgəsində bir seçici iki millək vəkili seçdiyi halda,[2] Suffolkdakı Dunuiç bölgəsi isə tamamilə suyun altında qalmışdı.[3] Mançester, Salford, Blakbörn, Rokdeyl, Eşton-ander-Layn, Oldhem, Stokport kimi əhalisi milyonlarla ifadə olunan inkişaf etməkdə olan şəhər mərkəzləri Lankaşirdəki iki və ya Çeşirdəki iki millət vəkili ilə təmsil olunurdu. Bu şəhərlərdəki millət vəkilləri isə ümumilikdə 154 seçici tərəfindən müəyyən olunurdu.[2] Seçki sistemindəki buna bənzər bərabərsizliklər səbəbindən ictimaiyyətdə islahat istəyi vardı.

İqtisadi vəziyyət

[redaktə | mənbəni redaktə et]

1815-ci ildə Napoleon müharibələrinin başa çatmasını nəticəsində toxuculuq sektorundə qısamüddətli yüksəliş yaşansa da, bu yüksəliş öz yerini tez-tez təkrarlanan iqtisadi böhranlara buraxdı. İqtisadi sıxıntılardan ən çox əziyyət çəkənlər isə toxuculuq sektorundakı toxucu və əyiricilərdi.[4] 1803-cü ildə 6 günlük iş həftəsində 15 şillinq qazanan toxucular 1818-ci ildə eyni iş şəraitində qazanclarının 5 şillinqdən daha aşağı olduğunu gördülər.[5] Mənfəətlərinin azalmasının qarşısını almaq üçün işçilərin əmək haqlarını azaldan fabrik sahibləri Napoleon müharibələrindən sonra bazarı qeyri-müəyyən olmaqda günahlandırırdı. İqtisadi vəziyyəti ağırlaşdıran başqa bir səbəb isə ingilis taxıl xərclərini qorumaq üçün idxal olunan taxıla vergi tətbiq edən Qarğıdalı qanunları idi. İngilis işçilərlə yoxsul xalq keyfiyyətsiz və bahalı olan ingilis taxıl məhsullarına pul çatdıra bilməyəcək vəziyyətdə idi. Yoxsulluqla birlikdə aclıq, qarşısıalınmaz vəziyyətdə olan işsizlik səbəbi ilə Lankaşir bölgəsində artıq islahat tələb olunurdu.[6]

1819-cu ildə daha da ağırlaşan iqtisadi vəziyyətə siyasi təşkilatlar müdaxilə etməyə başladılar. Seçki haqqının olmamasını da iqtisadi çətinliklərlə birləşdirən Mançester Yurdsevərlər birliyi parlament islahatı tələbi ilə bir nümayiş keçirməyi qərarlaşdırdı. Birliyin idarəçilərindən olan Cozef Conson dövrün çox yaxşı tanınan radikal müxalif natiqlərdən olan Henri Hantı nümayişdə çıxış etməsi üçün dəvət etdi. Londonda olan Henri Hanta göndərilən məktub ingilis kəşfiyyatının əlinə keçdi və nümayişin planlandığı 2 avqust 1819-cu il kütləvi üsyanın təşkil olunacağı qorxusu ilə 15-ci Yüngül Atlı Alayı Mançesterə göndərildi.[2] 2 avqusta planlaşdırılan nümayiş parlamentin Mançester əhalisinin tələblərini yerinə yetirə bilməsi üçün addımlar ata biləcəyi nəzərə alınaraq 9 avqust gününə təxirə salındı.[2] Buna baxmayaraq Daxili İşlər Naziri Henri Habhaus yerli idarəçilərlə əlaqə saxlayaraq belə bir tələbin yerinə yetirilməsinin mümkün olmadığını dedikdən sonra, keçiriləcək nümayişi də qanunsuz elan etdi.[7]

9 avqust nümayişinin qanunsuz elan edilməsi radikalları bu işdən əl çəkməyə istiqamətlənmiş olsa da məqsədinə çatmadı. Hant və dostları yeni nümayiş təşkil etməyə başladılar və bu dəfə tarix olaraq 16 avqust seçildi. İngilis mətbuatı daha əvvəl işçilərin və yoxsul xalqın haqqını axtarmasını tez-tez lağa qoymuş, pis geyimlərini ələ salmış və təşkilatsız olmalarını tənqid etmişdi. Bu səbəbdən də nümayişi təşkil edənlər xalqdan yaxşı geyinmələrini və nizamlı davranmalarını istəmişdi.[2] Nümayiş zamanı sıxlığın yaşanmaması üçün komitələr təşkil olunmuş, hər kəsin özünü məsuliyyətli aparması təmin olunmuşdu.[4] Nümayişin keçirilməsi üçün qabaqcadan şəhərin boş ərazilərində məşqlərin keçirilməsi hökumət nümayəndələri tərəfindən hərbi hazırlıq olaraq qiymətləndirilmişdi.[7] Mançester divarlarına yapışdırılan bildirişlərdə hərbi nizama bənzər yerişlərin keçirilməsi qadağan edilmişdi.[2]

Müqəddəs Piter meydanının xəritəsi.
Etirazçı kütlə qırmızı, atlı birliklər isə göy rəngdə göstərilib.

Müqəddəs Piter meydanı və Maunt prospekti geniş ərazi idi. Meydanın sonunda tikinti işlərinin getməsindən başqa digər bütün istiqamətlər boşdu. 16 avqust 1819-cu il buludsuz yay günü idi. Havanın yaxşı keçməsinin nümayişdə iştirak edənlərin sayını artıracağı gözlənilirdi. Mançesterin yerli idarəçiləri səhər saat 9-da meydana gələrək Henri Hantın bura gəlməsi şəraitində hansı tədbirlərin həyata keçiriləcəyini müzakirə etmişdi. 10:30-da ortaq məxrəcə gələ bilməyən yerli idarəçilər vəziyyətdən asılı olaraq hərəkət etməyi qərarlaşdırdılar.[2] Nümayişin qarət və üsyana çevriləcəyindən əmin olan idarəçilər bölgəyə çox sayda piyada və atlı birliklər toplamışdı. Bölgədəki birliklər 15-ci Yüngül Atlı Alayına məxsus olan 600 atlı, bir neçə yüz piyada, 2 top, Çeşir Yüngül Atlı Alayının 400 atlı, 400 xüsusi polis, Mançester və Salford Yüngül Atlı Alaylarından 120 atlı və yerli əhalinin arasından seçilmiş polis nəzarətindəki qrupdan ibarətdi.[2] Xüsusilə yeomanri olaraq adlandırılan yüngül atlı alayları varlı təbəqənin övladlarından təşkil olunmuşdu və radikal düşüncələrə nifrət edirdilər.[8] Bölgədəki Böyük Britaniya ordularının komandanı General Ser Con Baynq həmin gün Yorkda keçirilən at yarışlarında iştirak etdiyindən komandanlıq vəzifəsini köməkçisi olan polkovnik leytenant Qay Lestrencə həvalə etmişdi.[2]

Müqəddəs Piter meydanındakı nümayiş üçün gələn çoxsaylı əhali nizamlı və təşkilatlanmış şəkildə meydana daxil oldu. Hər kənd və qəsəbədən gələnlər üçün ayrı yer nəzərdə tutulmuş və görüşmə yerləri qərarlaşdırılmışdı. Mançesterə gələn ən çoxsaylı qrup 10 min nəfərdən ibarət olan Oldhemdən gələnlərdi.[9] Çox hissəsi qadınlardan ibarət olan Oldhemlilərdən sonra Middeton və Rokdeyllilərdən ibarət 6 min nəfərlik qrup vardı.[9] Meydana toplaşanların sayı fərqli mənbələrdə 30-150 min nəfər arası göstərilsə də, hal hazırda bu rəqəmin 60-80 min nəfər arasında dəyişdiyi ehtimal olunur.[9] Bu rəqəm Böyük Britaniya üçün dövrün ən böyük etiraz aksiyası mənasına gəlirdi və Mançester ətrafındakı bölgə əhalisinin yarısı orada idi.

Nümayişi təşkil edənlər nümayişin sülhsevər olacağını elan etmişdi və gələnlərdən özləri ilə təkcə vicdanlarını gətirmələrini istəmişdi. Meydana girən nümayişçilər özləri ilə çeşidli plakatlar daşıyırdı. Bunlardan bəzilərində yazılmışdı: "Qarğıdalı qanunlarına yox", "İllik parlament" və "Bərabər səsvermə haqqı". Etirazlardan bu günə qalan yeganə plakat Midlton Xalq Kitabxanasında nümayiş olunur. Atlıların hücumu nəticəsində yaralanan Tomas Redfordun apardığı plakatın bir tərəfində "Azadlıq və Qardaşlıq" digər tərəfində isə "Birlik və Qüvvət" yazılmışdı.[9]

Günortaya yaxınlaşdıqca bir neçə yüz polis nəfəri bir-birindən bir neçə metr məsafədə iki ayrı xətdə düzülmüşdü. Şəhərin idarəçiləri tərəfindən nümayişin təşkilatçılarını ələ keçirmək məqsədi ilə həyata keçirildiyi güman olunan bu düzülüşün qarşısı nümayişçilər tərəfindən alınır.[2]

Henri Hant saat 1-ə yaxın meydana gəlir. Dərhal çıxış ediləcək platformaya gedən Hantın yanında toxucu Con Nayt, nümayişi təşkil edən Cozef Conson, Mançester Observer qəzetinin yazı işləri başçısı Con Teker Saxton, nəşriyyatçı Riçard Çarli və ayaqqabı işçisi Corc Svift vardı. Meydanda həmçinin The Times müxbiri Con SmitLids Merkuri qəzetinin yazı işləri başçısının oğlu Eduard Baynes Cunior da vardı.[2] Bu mərhələdə təqribən 11000 m2 əraziyə sahib olan meydan adamla dolmuşdu. Mançesterin digər prospekt və küçələri bomboşdu.[9]

Hadisələri təsvir edən rəsm əsəri.
(27 avqust 1819).

Şəhərdəki mülki komandirlərdən olan Uilyam Halton meydana baxan bir evdən hadisələri izləyərkən Hantın meydana daxil olması zamanı kütlənin coşmasını görüb qorxuya düşdü və həmin dəqiqə hərəkətə başlanmasını əmr verdi. Həmin an Henri Hant, Cozef Conson, Con Nayt və Ceyms Morhaus üçün həbs əmri verdi. Əmri qəbul edən Təhlükəsizlik Müdiri Conatan Endrius əmrin yerinə yetirilməsi üçün ordunun köməyinə ehtiyacın olduğunu bildirdi. Bundan sonra Uilyam Halton iki ayrı məktub yazdı. Mançester və Salford Yüngül Atlı Alayları komandanı mayor Tomas Trafford və Mançester Qarnizon komandanının köməkçisi polkovnik leytenant Qay Lestrencə Maunt prospekti 6-cı evdəki mülki komandirin yanına gəlmələri, bölgədə iqtidarın təhlükədə olduğunu və sabitliyin təmin olunması üçün dərhal müdaxilə edilməsinin vacib olduğunu göstərən əmri göndərdi.[2]

Əmri ilk olaraq bilən Mançester və Salford Yüngül Atlı Alaylarının birlikləri qılınclarını sıyıraraq meydana daxil oldu. Həm də fabrik sahibi olan kapitan Haq Hörnbi Birlinin komandanlıq etdiyi 60 atlı mülki komandirlərin olduğu yerə gəldi. Birli danışanların dərhal həbs olunması əmrini alanda saat təqribən 13:40 idi.[2]

Dar keçiddən meydana daxil olub çıxış edilən platformaya çatmağa çalışan atlılar hücumdan qorunmaq üçün qaçmağa cəhd göstərən kütləni sıxışdırması nəticəsində çaxmaşma artdı və atlılar yolu açmaq üçün qılıncları ilə onlara hücum etdi.[10] Atlıların açdığı yoldan hərəkət edən təhlükəsizlik işçisi Cozef Nedin platformada olan Hant, Conson və daha bir neçə nəfəri həbs etdi.[2] Bu mərhələdə atlılara müqavimət göstərməyə başlayan əhali onlara kərpic və daş atmağa başladıqdan sonra atlılar nəzarətdən çıxdı.[2]

Dayandığı yerdən atlılara qarşı hücumların miqyasının artdığını görən Uilyam Halton nümayişin tamamilə dağıdılmasını əmr etdi. 15-ci Yüngül Atlı Alayı bu mərhələdə nümayişçilərə hücuma başladı.[2] Kütlənin istiqamətlənə biləcəyi yerlər süngülü əskərlər tərəfindən tutulduğundan nümayişçilərin bir hissəsi burada öldü.

Hücumdan 10 dəqiqə sonra meydan boşaldı. Təkcə ölülər, yaralılar və onlara qulluq edənlər qalmışdı. Kütlənin istiqamətləndiyi yerlərdə hadisələr kiçikmiqyaslı olaraq davam etmiş, ara küçələrdə əhaliyə atəş açılmışdı. Həmin gün Oldhemdə, növbəti gün isə Stokport və Maklesfilddə qarət və hücumlar baş verdi. Mançesterdə isə sabaha qədər vəziyyət durğunlaşdı.

Hadisələr vaxtı neçə nəfərin öldüyü və yaralandığını dəqiq müəyyənləşdirmək mümkün deyil.[9] Müxtəlif mənbələr ölü sayını 11-15, yaralı sayını isə 500-700 arası göstərmişdi. Xüsusilə də yaralananların sayını dəqiq müəyyənləşdirmək mümkün deyil. Çünki yaralananların çoxu yaralı oldu bilinərsə dövlət tərəfindən təqibə məruz qalmaqdan qorxub yaralı olduqlarını gizlətmişdi.[2] Buna oxşar bir örnək Uilyam Marşın ailəsinin başına gəlmiş, Mançester Yüngül Atlı Alayında komandan olan kapitan Haq Birlinin fabrikində işləyən Marşın üç oğlu atalarının mitinqdə iştirakı səbəb göstərilərək işdən qovulmuşdu.[11] Bundan başqa Mançester xəstəxanasına gətirilən yaralı Ceyms Lis həkimin təkid etməsinə baxmayaraq gələcəkdə bu cür nümayişlərə qatılmayacağını demədiyinə görə başındakı qılınc yarası müalicə olunmadan geri qaytarılmışdı.[11]

Nümayişin ən fərqləndirici xüsusiyyətlərindən biri də meydanda qadınların sayının çox olması idi. O dövrdə Şimali İngiltərədə qadın haqları dərnəkləri qurulmuşdu. Bəzi dərnəklər ağappaq paltarlar geyinmiş, ayrı bayraq və plakatlar hazırlamışdılar.[11] Qeydiyyat alınan 654 yaralıdan 168-i qadındı. Bundan başqa 4 qadın da hadisələr vaxtı ölmüşdü.

Ölümlərin 11-i Müqəddəs Piter meydanında baş vermişdi. Bundan başqa yaralananların ölməsi, hadisədən sonra yaşanan kiçikmiqyaslı toqquşmalarda da ölənlər olmuşdu.

Hadisələrdə həyatını itirənlər aşağıdakılardır:

  • Con Eşton
  • Con Eşuort
  • Uilyam Bredşou
  • Tomas Bakli
  • Robert Kempbell
  • Ceyms Krompton
  • Edmund Deuson
  • Uilyam Deuson
  • Marqaret Dounes
  • Uilyam Fildis
  • Meri Hiys
  • Sarah Cons
  • Con Lis
  • Artur Nil
  • Marta Partinqton
  • Con Rodis
  • Coşua Vituort

İctimai reaksiyalar

[redaktə | mənbəni redaktə et]

Piterlo qırğını dövrün ən önəmli hadisələrindən biridir. Qırğın vaxtı orada olanlar silahsız əhaliyə qarşı edilənlərdən dəhşətə gəlmişdir. Hadisələr vaxtı ağır yaralanaraq ölən toxucu və keçmiş əskər olan Con Lis əskər kimi iştirak etdiyi Vaterlo döyüşü ilə qırğını müqayisə edərək demişdir: Vaterloda sadəcə qarşınızdakı düşmənlə döyüşürdüz, Piterloda isə birbaşa cinayət baş verdi.[2] Qırğın xəbəri yayıldıqca bölgə əhalisi təəccüb və hiddətini gizlətmədi. Hadisə yerində müxbirlər də olduğundan baş verənlər qısa müddət ərzində London, Lids və Liverpul kimi şəhərlərdə əhaliyə çatdı.[12] Piterlo adı ilk dəfə Mançester Observer tərəfindən istifadə olundu və sonradan hadisələri bildirmək üçün bu ad mənimsənildi.

Hadisələr baş verdiyi müddətdə İtaliyada olan şair Persi Biş Şelli qırğından 5 sentyabrda xəbər tutdu və dərhal hadisə ilə bağlı Anarxiyanın maskası (ing. The Masque of Anarchy) şeirini yazdı. Şeiri dərc etməsi üçün müxalifət qəzeti olan The Examiner-ə göndərsə də, tətbiq olunan senzura nəticəsində şeir illər sonra, 1832-ci ildə dərc olundu.[13]

Siyasi reaksiyalar

[redaktə | mənbəni redaktə et]

Piterlo qırğınının birbaşa təsiri hökumətin islahat tələb edənlərə tətbiq etdiyi təzyiqin daha da artması oldu. Hant və digər 8 nəfər York məhkəmələrində xalqı üsyana təşviq etmələri əsas gətirilərək mühakimə olundular. 16 mart 1820-ci ildə başlayan və iki həftə davam edən mühakimə nəticəsində aralarında Hantın da olduğu 5 nəfər günahkar hesab olundu. Hant 30 ay, Bemford, Conson və Hili 1 il, Nayt isə 2 il həbsə məhkum olundu. Hadisələrdəki məsuliyyətlərindən dolayı Lankaşir məhkəmələrində mühakimə olunan kapitan Birli və Uithinqtonla sıravi əskərlər olan Miqher və Oliver qanunsuz bir nümayişi dağıtdıqları əsas gətirilərək 4 aprel 1822-ci ildə günahsız hesab olundular.[2]

Böyük Britaniya hökuməti hadisələrdə göstərdiyi mövqelərinə görə ordu və yerli idarəçiləri təbrik etdi. The Manchester Times qəzeti yazı işləri müdürü Arçibeld Printisi tərəfindən hadisələrə etiraz edən mətn üçün imza toplama kampaniyasında 4800 imza toplansa da, tələblər səlahiyyətli şəxslər tərəfindən diqqətə alınmadı.[2] 27 avqust 1819-cu il o dövrdə kralın naibi olan IV Georqun yerli idarəçilərə müraciətlə yazdığı təbrikin mətni ictimaiyyət tərəfindən bilinəndən sonra narazılıqlar artdı.

Piterlo qırğınından sonrakı aylarda ölkədə vəziyyət silahlı üsyana doğru irəliləyirdi. Buna baxmayaraq Haddersfayld və Börnlidə uğursuz olan üsyan təşəbbüslərindən sonra bütün kabinet üzvlərinin öldürülməsini özündə əks etdirən Kato Prospekti Sui-qəsdinin aşkar olmasından sonra ilin sonuna doğru hökumətin təzyiqləri artdı. Qəbul olunan altı yeni qanunla bütün islahat tərəfdarı nümayişlər və nəşrlər qadağan olunmuş, 1820-ci ilin sonunda isə bütün radikal liderlər həbs olunmuşdu. Qəbul olunan qanunlar nəticəsində ictimai həyatdakı təzyiq həddini aşmışdır. Bu qanunlar aşağıdakılar idi:

  • The Training Prevention Act — bu qanunla hərbi nizamla yeriş və buna bənzər təlim keçənlər həbs olunurdu.
  • The Seizure of Arms Act — bu qanunla yerli səlahiyyətli şəxslər şəxsi mülki silah daşıyanları axtarmağa icazəlidir. Məkanda silah olması halında məkanın sahibi dərhal həbs olunurdu.
  • The Misdemeanors Act — bu qanunla məhkəmə prosesləri sürətlənmiş və zamin qarşılığında azad edilmə çətinləşdirilmişdi.
  • The Seditious Meetings Prevention Act — bu qanunla kilsə və dövlət məsələləri ilə bağlı 50 nəfərdən çox şəxsin iştirakı ilə həyata keçən yığıncaqlar üçün icazə alınması qanuniləşdirilmişdi. Bundan başqa nümayişdə bölgə əhalisindən başqa şəxslərin iştirakı qadağan olunmuşdu.
  • The Blasphemous and Seditious Libels Act — bu qanunla mətbuatda işlənən cinayətlərin cəza müddəti artırılmış və ən ağır cəza 14 il sürgün olmuşdu.
  • The Newspaper and Stamp Duties Act — bu qanunla xüsusən də rəy bildirilən qəzetlərin verdikləri vergilər ağırlaşdırılmış və yazı işindən məsul olan şəxslərin maddi öhdəlikləri artırılmışdır.

Piterlo qırğınından sonra mətbuatda baş verən inkişaf hal hazırda da varlığını davam etdirən bir qəzetin yaranmasına səbəb olmuşdur. Qırğının şahidi olan Con Eduard Teylor adlı bir biznesmenin rəhbərliyində yaradılan The Manchester Guardian qəzeti müxalif məzmunu ilə mətbuata qədəm qoydu.

Hadisələrdən bəhs edən keçmiş lövhə.
Hadisələrdən bəhs edən yeni lövhə.

2007-ci ildə qırğının həyata keçirildiyi meydana ən yaxın divarda hadisələrdən bəhs edən lövhə vardı. Ancaq lövhədəki mətn hadisələrdən tam şəkildə bəhs etmirdi. Nümayişin sadəcə dağıdıldığı qeyd olunmaqla ölülərdən bəhs olunmurdu.[14] 2006-cı ildə The Guardian qəzetinin başlatdığı təbliğat nəticəsində Mançester tarixi üçün çox önəmli olan bu hadisənin düzgün göstərilməsi istənir. 2007-ci ildə Mançester Şəhər Şurası köhnə lövhənin yeni və hadisələri daha düzgün əks etdirənlə əvəz olunmasını təmin edir.[15]

Mədəniyyətə təsiri

[redaktə | mənbəni redaktə et]

1968-ci ildə ingilis bəstəkarı Ser Malkolm Arnold qırğının xatirəsi üçün Piterlo Üvertürasını yazmışdı.

İngilis folk rok qrupu Stiliyi Span 2006-cı ildə buraxdıqları Qanlı kişilər (ing. Bloody Men) adlı musiqi albomlarının Ned Ludd Part 5 adlı musiqisində hadisələrdən bəhs edir.

Bernard Kornuellin Şarpın ədaləti (ing. Sharpe's Justice) adlı filmində Piterlo qırğını ətraflı olaraq göstərilir. Filmdə Yarımada müharibəsinin qələbə ilə başa çatmasından sonra İngiltərəyə geri dönən Riçard Şarp əmrindəki yüngül atlıların onun əmri olmadan sılahsız əhaliyə hücum etməsi səbəbi ilə günahlandırılır.

  • Bush, Michael, The Casualties of Peterloo, Carnegie Publishing, 2005 ISBN 1-85936-125-0
  • Frangopulo, N. J., Tradition in Action: The Historical Evolution of the Greater Manchester County, EP Publishing, Wakefield, 1977 ISBN 0-7158-1203-3
  • Frow, Edmund & Ruth, Radical Salford: Episodes in Labour History, Radcliffe: Neil Richardson, 1984 ISBN 0-907511-49-X
  • Hernon, Ian, Riot!: Civil Insurrection from Peterloo to the Present Day, Pluto Press, 2006 ISBN 0-7453-2538-6
  • Marlow, Joyce, The Peterloo Massacre, Rapp & Whiting, 1969 ISBN 0-85391-122-3
  • McPhillips, K., Oldham: The Formative Years, Neil Richardson, 1977 ISBN 1-85216-119-1
  • Poole, Robert, By the Law or the Sword: Peterloo Revisited, History 91: 254–276, 2006
  • Prentice, Archibald, History of the Anti-corn-law League, W. & F. G. Cash, 1853
  • Reid, Robert, The Peterloo Massacre, William Heinemann Ltd, 1989 ISBN 0-434-62901-4
  1. Qəzet hal hazırda The Guardian adı ilə fəaliyyət göstərir
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Reid, Robert, The Peterloo Massacre, William Heinemann Ltd, 1989 ISBN 0-434-62901-4
  3. "The first steps toward democracy". 2006-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
  4. 1 2 Frangopulo, N. J., Tradition in Action: The Historical Evolution of the Greater Manchester County, EP Publishing, Wakefield, 1977 ISBN 0-7158-1203-3
  5. Hernon, Ian, Riot!: Civil Insurrection from Peterloo to the Present Day, Pluto Press, 2006 ISBN 0-7453-2538-6
  6. "The city and parish of Manchester: Introduction". 2010-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
  7. 1 2 McPhillips, K., Oldham: The Formative Years, Neil Richardson, 1977 ISBN 1-85216-119-1
  8. Prentice, Archibald, History of the Anti-corn-law League, W. & F. G. Cash, 1853
  9. 1 2 3 4 5 6 Marlow, Joyce, The Peterloo Massacre, Rapp & Whiting, 1969 ISBN 0-85391-122-3
  10. Poole, Robert, By the Law or the Sword: Peterloo Revisited, History 91: 254–276, 2006
  11. 1 2 3 Bush, Michael, The Casualties of Peterloo, Carnegie Publishing, 2005 ISBN 1-85936-125-0
  12. Frow, Edmund & Ruth, Radical Salford: Episodes in Labour History, Radcliffe: Neil Richardson, 1984 ISBN 0-907511-49-X
  13. "Percy Bysshe Shelley: The Mask of Anarchy". 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
  14. The site of St.Peter’s Fields where on 16th August 1819 Henry Hunt radical orator addressed an assembly of about 60.000 people their subsequent dispersal by the military is remembered as Peterloo
  15. On 16 August 1819 a peaceful rally of 60,000 pro-democracy reformers, men, women and children, was attacked by armed cavalry resulting in 15 deaths and over 600 injuries