Plovdağ

Plovdağ abidələri Araz çayından 2, 0–2, 5 km şimalda, Gilançayın sol sahilində, eyni adlı dağın ətəklərində yerləşir. Gilançayın mənsəbini şərqdən və qərbdən əhatə edən dağlar lay-lay vulkanik daşlardan və boz rəngli gilli torpaqdan ibarətdir. Plovdağın daşlan yumşaq tərkibli tufit daşlar olduğundan həm orta əsrlərdə (qəbirüstü qoç heykəllər hazırlanarkən), həm də sonralar (Aza körpüsü tikilərkən) bu daşlardan istifadə olunmuşdur. Nəticədə, qədim dövrə aid siklopik tikililərin bir hissəsi dağıdılmışdır. Plovdağın zirvəsindən qopub tökülmüş. bir neçə tonluq nəhəng daşlar isə yaşayış yerinin dağa yaxın olan tərəflərini dağıtmışdır.

Plovdağ və onun ətrafında aparılan arxeoloji kəşfiyyat işləri göstərmişdir ki, dağın hər tərəfində qədim dövrə aid qəbirlər və yaşayış yerlərinin qalıqları vardır. Plovdağda hələlik iki yaşayış yerinin yerüstü konturları müəyyən edilmişdir. Bunlardan birincisi dağın cənub ətəyində, dağarası çökəklikdə, ikincisi isə dağın qərb ətəyində yerləşir. İkinci yaşayış yerinin divarları iri həcmli dağ daşlarından (siklopik) hörülmüşdür. Bu yaşayış yeri Gilançaya və əkin sahələrinə yaxın olduğundan dağıntıya daha çox məruz qalmışdır. Yaşayış yerlərinin dağın döşünə yaxın olan hissələri isə XX əsrin 60-cı illərində Dəstə arxı çəkilərkən müasir texnikanın köməyi ilə dağıdılmışdır. Plovdağda aşkar edilmiş bu iki yaşayış yerindən başqa nekropolların yerləşdiyi ərazilərdə də yaşayış yerinin əlamətləri izlənilir. Xüsusən, ikinci Plovdağ nekropolunun mərkəzi hissəsində, qəbirlərdən altdakı təbəqədə əmək alətlərinin, ocaq qalıqlarının və qəbirlər üçün xarakterik olmayan keramika nümunələrinin və Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan qulpların aşkar edilməsi burada ilk tunc dövrünə aid yaşayış yerinin olduğunu ehtimal etməyə əsas verir.

1987–1989-cu illərdə birinci Plovdağ yaşayış yerində bu çoxtəbəqəli abidənin axırıncı tikinti dövrünə aid yaşayış evi kompleksinin bir neçə otağı təmizlənmişdir (1, s 5–12). Yaşayış yerinin yerləşdiyi ərazidə külli miqdarda dən daşlarına, sürtkəclərə, əl capacaqlarına və daş baltalara rast gəlinir. Çay daşından hazırlanmış iri həcmli daş baltalara ən çox yaşayış yerindən cənub-qərb tərəfdə, nisbətən düzənlik ərazidə təsadüf edilir. Ehtimal ki, bura qədim xırman yeri olmuşdur. Yaşayış yeri şərq tərəfdən 80 sm-ə qədər eni olan daş divarla əhatələnmişdir. Divarın yanı ilə şimal-cənub istiqamətində 2, 5–3 m eni və 2 m dərinliyi olan yarğan vardır. Otaqların döşəməsi yer səthindən 2 −2, 10 m dərinlikdə yerləşir. Divarlar müxtəlif həcmli dağ daşlarından gil məhlulu ilə (palçıqla) işlənmişdir. Bir neçə yerdə qədim bərpa izləri açıq-aydın görünür.

Kompleksin şərq tərəfində yerləşən 1№-li otağın cənub küncləri düzbucaqlı planda, şimal bucaqları isə əyrimçə (qövsvari) işlənmişdir. Otağın təqribən, ortasından, cənub divarından başlayaraq şimal istiqamətində arakəsmə divar işlənmiş və otaq iki hissəyə bölünmüşdür. Divar axıradək işlənməmiş, onun qurtaracağı ilə otağın şimal divarı arasında qapı yeri qoyulmuşdur. Bu qapı yerindən başqa otağın şimal-qərb küncünə qədər pilləkən işlənmiş və bununla da otağa yarımzirzəmi görkəm verilmişdir. Qədim bərpaya qədər otağın qərb divarında, pilləkənlə yanaşı eni 70 sm olan qapı yeri olmuş, lakin otaq dağıntıya məruz qaldıqdan sonra təkrar istifadə zamanı bu qapı yeri daşla işlənərək örtülmüş və otağa giriş yuxarıda qeyd etdiyimiz pilləkən vasitəsilə olmuşdur. Pilləkən iri həcmli daşlarla işlənmişdir. Döşəməyə yaxın pillələrin bəzi daşları sökülmüşdür. Pilləkənin hündürlüyü 1, −1, 2 m, eni isə 60–65 sm-dir.

1№-li otağın şimal divarından cənub divarına qədər şərq divarına bitişik 60 sm enində və 40–50 sm hündürlüyündə daşla işlənmiş və üstündə yanı üstə qoyularaq gillə möhkəm bərkidilmiş sal daşlarla taxçalar düzəldilmişdir. Taxçaların yanlarına qoyulan sal daşlar gillə o dərəcədə möhkəm bərkidilmişdir ki, uçqun və dağıntı zamanı onlar yerlərindən belə tərpənməmiş, hətta taxçalara qoyulmuş bir neçə saxsı qab salamat qalmışdır. Taxçaların hamısının qabağı 8–10 sm hündürlüyü və 5–6 sm eni olan möhkəm gil qatı ilə tutulmuşdur. Şimaldan başlayaraq birinci və ikinci taxçalardan qazan fraqmentləri, üçüncü taxçadan isə tək qulplu, ağzı axırımlı miniatür boyalı qab aşkar edilmişdi. Dördüncü taxçanın bir neçə daşı sökülmüşdür. Ondan cənuba tərəf yerləşən beşinci taxçanın içərisindən və ətrafından iri həcmli qazana məxsus fraqmentlər aşkar edilmişdi. Ətrafa səpələnmiş qazan fraqmentlərinin vəziyyətinə əsasən, qazanın otaq dağıntıya məruz qaldıqdan sonra taxçadan qazılıb çıxarıldığını güman etmək olar. Qeyd etmək lazımdır ki, otağın bir neçə yerində sonrakı dövrlərdə qazılmış çala izləri vardır. Otağın cənub küncündə yerləşən taxçanın yan daşına söykənmiş vəziyyətdə təkqulplu, geniş oturacağa malik bir gil qab aşkar edilmişdir. Üç yerdən sınaraq ağzı üstə düşməsinə baxmayaraq qabın içərisindəki dən tökülməmişdir. Ehtimal ki, qab yıxılan zaman ağzı dəri və ya parça ilə bağlı olmuşdur.

Taxçaya yaxın otağın döşəməsindən bir ədəd üçayaq fraqmentləri aşkar edilmişdi. Üçayaq fraqmentlərindən qərbə tərəf otağın cənub-qərb küncünə yaxın çəhrayı rəngli iri həcmli küpün ağız və çiyin hissəsindən fraqmentlər tapılmışdı.

1№-li otağın şərq yarısının təqribən ortasında 70 sm diametri olan bir təsərrüfat quyusu vardır. Quyunun divarlarında ağzının eni 12 sm olan küt bir alətin izləri qalmışdır. Tunc dövründə bir qayda olaraq torpaqda qazılmış quyunun divarları isladılaraq üstü hamar daş alətlə döyəclənir və içərisində od qalanaraq bişirilərək möhkəmləndirilirdi. Lakin nə səbəbdənsə bu təsərrüfat quyusu qazıldıqdan sonra divarları döyülərək möhkəmləndirilməmiş və odda bişirilərək bərkidilməmişdir. Quyunun ağzı örtülü olmadığından içərisi 30 sm-ə qədər torpaq və küllə dolmuşdu. Torpaq və kül qatı götürüldükdən sonra altdan (5 kq-dək) dən daşında üyüdülmüş darı qalıqları aşkar edildi. Maraqlıdır ki, quyunun ağzı örtülü deyildi və ətrafda da quyunun ağzını örtmək üçün istifadə edilən sal daş tapılmadı. Qazıntı zamanı otağın döşəməsində quyudan qapıyadək bir neçə yerdə tala-tala dən qalıqları izlənirdi. Otağın tavanı uçaraq bu dən komalarının üstünə töküldüyündən yanğın onlara təsir etməmişdir. Bu mənzərədən belə nəticəyə gəlmək olur ki, yanğın və uçqundan bir qədər əyvəl və elə həmin vaxt bu otaqdan bəzi şeyləri çıxarmağa çalışmışlar. Quyudakı dənin bir hissəsi də məhz həmin vaxt tələm-tələsik quyudan çıxarılmışdır.

Təsərrüfat quyusu ilə 1№-li otağı iki hissəyə ayıran divar arasında, döşəmədə iri həcmli qazan fraqmentləri aşkar edildi. Düz oturacaqlı, dar gövdəli və ağzı azca kənara əyilmiş bu qazanın oturacaq hissəsi əhənglə təmir olunmuşdur. Belə ki, bəzi fraqmentlərin üzərində 2–3 sm qalınlığında əhəng qatı saxlanmışdır. Otağın divarlarındayanğın izləri çox azdır. Yanan, əsasən otağın tavanı olmuşdur. Otağınüstünü örtən tirlərin tam yanmamış qalıqları torpaqla, çırpı və küllə birlikdə döşəmədə 20–30 sm qalınlığında qat təşkil edirdi. 1№-li otağın qərb yarısına tərəf olan qapının ağzında boz rəngli küpün fraqmentləri aşkar edilmişdi. Bu fraqmentlərlə otağın döşəməsi arasında 30 sm-lik torpaq qarışıq kül qatı vardı. Kül qatının içərisindən saxsı qab sınıqları və düz oturacaqlı, düz divarlı manqal qırıqları tapılmışdır. Manqalın bir tərəfi rütubətdən çürüyüb ovulmuşdur.

1№-li otağın qərb yarısının daxili quruluşu şərq yarısınından fərqlənir. Qərb yarısının ortasında dirək yeri vardır. Dirək aşağıdakı üsulla basdırılmışdır: otağın döşəməsində çuxur qazılaraq dirək oraya qoyulmuş və yanları daşla, palçıqla bərkidilmişdir. Dirək yerindən 28–30 sm cənub-qərbə tərəf kiçik həcmli çölməyin bir hissəsi tapıldı. Çölməkdən bir qədər cənub-şərq tərəfdə üzəri qırmızı boya ilə naxışlanmış, düz oturacaqlı, qoşa qulplu bir qabın qırıqları aşkar edildi. Qırıqların çox hissəsi 65×75 sm ölçülərində bir sal daşın üstündə idi. Sal daşa yaxın daha bir təsərrüfat quyusu vardı. Çox güman ki, sal daşdan təsərrüfat quyusunun ağzını örtmək üçün istifadə olunmuşdur. Təsərrüfat quyusunun diametri 50–70 sm, dərinliyi 80 sm idi. Quyu təmizlənərkən içərisindən iri həcmli küp qırıqları, yanmış səbət hissələri, bir ədəd diametri 18 sm olan yumru formada yonulmuş dağ daşı və iri buynuzlu heyvanın bud sümüklərinin hissələri aşkar edildi. Təsərrüfat quyusunun yanındakı küpün fraqmentləri otağın müxtəlif yerlərində tapılır. Quyunun içərisində kül, torpaq və saxsı qab qırıqları bir-birinə qarışmışdır. Müəyyən edilib ki, quyunun ağzını örtən sal daş evin üstünün uçmasından bir az qabaq kənara çəkilmişdir, belə ki, əgər sal daş sonradan quyunun ağzından götürülsəydi bir başa döşəmənin üstündə üfüqi vəziyyətdə olmazdı. Bütün bu əlamətlər onu göstərir ki, sakinlər evin tavanı uçmamışdan bir az əvvəl təsərrüfat quyusundan dəni götürməyə cəhd etmiş, lakin uçqun, yanğın və ya bizə məlum olmayan başqa bir səbəbdən buna imkan tapmamışlar.

1№-li otağın şımal-şərq küncündə, qapı yerinə yaxın geniş ağızlı, üzəri qırmızı boya ilə naxışlanmış qab qırıqları, yanmış noxud, arpa, buğda və üzüm dənələri aşkar edildi. Qeyd etmək lazımdır ki, 1№-li otağının hər iki yarısının şimal tərəflərində yanğın izləri daha çox izlənilir. Yanğın nəticəsində əmələ gəlmiş kül qatı da otağın şimal tərəfində 30 sm-ə qədər, cənub yarısında isə 8–10 sm qalınlığındadır.

1№-li otaqdan qərbə tərəf, bu otağa bitişik daha bir tikili aşkar edilmişdir. Bu tikilidə yanğın əlamətləri yoxdur. Bu tikilinin şimal tərəfi 2 m enində və 3. 4 m uzunluğunda işlənmişdir. Qərb tərəfdə döşəmə səviyyəsindən başlayan bu hörgü şərqə tərəf maili şəkildə 1, 3 m-ə qədər yüksələrək 1№-li otağın pilləkəniilə birləşir. Hörgünün qərb tərəfində, şimal-cənub istiqamətində dağ daşları ilə 30 sm enində "kanalcıq" işlənmişdir. Hər iki tərəfdən bağlı olan bu "kanalcığın" hansı məqsədlə işləndiyini müəyyən etmək çətindir. Bu "kanalcıqla" 1№-li otağın qərb divarı arasındakı sahəyə daş döşənmişdir. Qazıntı zamanı burada saxsı qazan fraqmentləri və daş alətlər aşkar edilmişdi. Yanğın əlamətlərinin olmaması və tikilinin daxili planı qədim bərpadan sonra buradan məişət və ya təsərrüfat xarakterli tikili kimi, xüsusən həyət kimi istifadə olunduğunu ehtimal etməyə əsas verir.

Plovdağ abidəsində yaşayış evi kompleksinin qazıntısı tunc dövrünə aid evlərin planı və interyeri haqqında müəyyən fikirlər söyləməyə imkan verir. Yaşayış evi kompleksinin qədim bərpadan sonrakı dövrü haqqında daha ətraflı mühakimə yürütmək olar. Arxeoloji tapıntılar və otağın daxili quruluşu göstərir ki, iki hissəyə bölünmüş 1№-li otaqdan ərzaq saxlamaq üçün, ondan qərbə tərəf olan tikilidən isə həyət kimi istifadə edilmişdir. ət cənubdan və qərbdən daş divarla əhatə olunmuşdur. Burada daşla işlənmiş "kanalcığın" (bəlkə do bu axur olmuşdur) olması və yerə daş döşənməsi burada ev heyvanlarının saxlandığını ehtimal etməyə əsas verir. Həyətin şimal tərəfində pilləkəni əvəz edən maili hÖrgü nə vaxtsa ikinci mərtəbənin də olduğunu göstərir. İkinci mərtəbədəki otaqdan yataq otağı kimi isifadə edilmişdir. 1№-li otağa-yəni ərzaq anbarına giriş ikinci mərtəbədən, yataq otağının şimal-qərb küncündə, döşəmədə olmuşdur. 1№-li otaqdakı kül qatının üstündə aşkar edilmiş saxsı qab fraqmentləri və başqa əşyalar da uçqun zamanı ikinci mərtəbədən buraya tökülmüşdür. Yaşayış evi kompleksinin demək olar ki, hər yerində rast gəlinən qədim bərpa izləri tikilinin bir neçə dəfə güclü dağıntıya məruz qaldığını göstərir. Yanğınla müşayət olunan axırıncı dağıntıdan sonra sakinlər bir daha binanı bərpa etməyə cəhd göstərməmişlər. Axırıncı dağıntının səbəblərini müəyyən etmək çətin olsa da bəzi arqumentlər bunun zəlzələ və ya başqa bir təbii fəlakət nəticəsində baş vermədiyini söyləməyə əsas verir.

Birinci, dağıntı zəlzələ nəticəsində baş versəydi sakinlər tələm-tələsik təsərrüfat quyularından ərzağı götürməyə cəhd etməzdilər: əvvəl canlarını qurtarar, zəlzələdən sonra isə gəlib lazım olan avadanlığı və ərzağı qazıb çıxarar, evi isə təmir edərdilər. İkinci, arxeoloji tədqiqatlar göstərdi ki, dağıntıdan sonra buraya bir daha heç kim yaxın düşməmiş, burada heç kim yaşamamışdır. Üçüncü, yaşayış evinin divarlarında zəlzələdən çat əlamətləri yoxdur. Beləliklə, yaşayış yerinin axırıncı dəfə zəlzələ nəticəsində dağılması ehtimalı olduqca azdır. Əksinə, Plovdağ yaşayış yerinin axırıncı dəfə düşmən hücumu nəticəsində dağıdılması və əhalisinin əsir aparılması ehtimalı isə daha ağlabatandır.

Son tunc dövründə baş vermiş yanğınla müşayət olunan bu dağıntıdan sonra Plovdağda yaşayış olmamışdır.Naxçıvan ərazisində aşkar edilmiş ilk və orta tunc dövrünə aid yaşayış yerlərinin böyük əksəriyyəti çaylara yaxın dağ ətəklərində və ya çox da hündür olmayan təpələrin üzərindədir. Son tunc və ilk dəmir dövründə bu vəziyyət dəyişməyə başlayır: yaşayış məntəqələri təbii müdafiəyə malik yerlərdə tikilir və ətrafı daş hasarla möhkəmləndirilirdi ki, bu hal Cənubi Qafqazın sinxron abidələrində də müşahidə olunur.

Yaşayış məntəqələrinin daxili quruluşuna gəldikdə, hələlik onların əvvəlcədən düşünülmüş plan əsasında salındığını söyləmək çətindir. Yaşayış evlərinin çox sıx yerləşdiyi və dar küçələri olan (əgər küçə demək mümkünsə) bu yaşayış məntəqələri təbii fəlakət və düşmən hücumları nəticəsində dəfələrlə dağıntıya məruz qalmış və hər dəfə yenidən bərpa olunmuşdur. Naxçıvanın orta və son tunc dövrünə aid yaşayış evləri, əsasən dördbucaqlı planda olmuşdur. Plovdağ yaşayış yerinin arxeoloji tədqiqi Naxçıvanın tunc dövrü yaşayış yerləri haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcəkdir.

  • Azərbaycan SSR EA Tarix İnstitutu Xaraba-Gilan arxeoloji ekspedisiyasının 1987-ci il hesabatı, . inv. N 503
  • Сеидов М. М. Особенности поселений эпохи поздней бронзы и раннего железа на территории Нахичевани. Археологические и Этнографические изыскания в Азербайджане (1985)
  • Сеидов А. Г. Памятники Куро-Аракской культуры Нахичевани. Баку, "Билик", 1993
  • Абибуллаев О. А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, "Элм", 1982