Pokefuta (ポケふた?) və ya pokeqapaq – Yaponiyada üzərində Pokemon personajlarının təsviri olan kanalizasiya qapaqları. 2018-ci ildən etibarən "The Pokémon Company" tərəfindən Yaponiyanın 35 prefekturasında 356 pokefuta quraşdırılmışdır. Pokefutalar Yaponiyanın nisbətən daha az tanınan yerlərinə diqqət cəlb etmək məqsədi daşıyır.
Yaponiyada kanalizasiya qapaqları tez-tez bədii təsvirlərlə bəzədilir. Bu praktika 1980-ci illərdə kanalizasiya sisteminin inkişaf etdirilməsini hədəfləyən kampaniya kimi başlamışdır. Yaponiyada bir çox şəhər və qəsəbənin öz yerli kimliyini əks etdirən kanalizasiya qapağı dizaynı olur, hətta kanalizasiya qapaqları üçün illik sərgilər təşkil olunur.[1]
"The Pokémon Company" 2018-ci ildən etibarən Yaponiyanın yerli bələdiyyələri ilə əməkdaşlıq edərək "Pokémon Local Acts" layihəsi çərçivəsində pokemonların təsvirləri olan kanalizasiya qapaqları quraşdırır. Bu layihə həm kiçik qəsəbələrə turist cəlb etmək, həm də təbii fəlakətlərdən əziyyət çəkmiş yerlərin canlanmasına kömək etməyi hədəfləyir.[2] Pokemon İvinin təsviri olan ilk belə kanalizasiya qapağı 20 dekabr 2018-ci ildə Kaqoşima prefekturasının İbusuki şəhərində quraşdırılmışdır.[3]
2024-cü ilin statistikasına əsasən Yaponiyanın 35 prefekturasında 356 pokefuta quraşdırılmışdır. Ən çox pokefuta Hokkaydo prefekturasında yerləşir. Burada 42 pokefuta quraşdırılmışdır. Miyaqi prefekturasında 35, İvate prefekturasında 28, Fukuşima və Miyazaki prefekturalarının hər birində 26 pokefuta yerləşir. İşikava prefekturasında cəmi 1 pokefuta quraşdırılmışdır. Pokefutaların quraşdırıldığı diqqətəlayiq yerlərdən biri Tokiodan 1000 kilometr uzaqlıqdakı adalarda yerləşən Oqasavara kəndidir.[4]
Hər bir pokefutanın özünəməxsus dizaynı var, bir və ya bir neçə pokemonu təsvir edir. Bəzi hallarda pokemon seçimi yerlə bağlı olur. Məsələn, İbasuki şəhəri üçün İvi pokemonunun seçilməsinin səbəbi "İbusuki" (いぶすき, ibusuki?) sözünün "Mən İvini sevirəm" (イーブイ好き, İbui suki?) ifadəsinə oxşarlığıdır.[3] Hokkaydo, Tottori və Fukuşima prefekturasındakı bütün pokefutalarda müvafiq olaraq Vulpiks, Sendşru və Çensi pokemonlarının təsviri var. Belə ki, bu pokemonlar həmin prefekturaların "pokemon səfirləri" seçiliblər.[5][6][7] Bir çox pokefutada yerli görməli yerlərin təsvirləri olur.[5] Pokefutalar "Pokemon Go" oyunu üçün pokedayanacaq funksiyası da yerinə yetirir.[8] Şirkət tərəfindən pokefuta təsviri olan rəsmi məhdullar da buraxılır.[9]