Polonezköy Təbiət Parkı (türk. Polonezköy Tabiat Parkı) ― Türkiyənin İstanbul ilindəki Polonezköy kəndində yerləşən təbiət parkı.
Polonezköy Təbiət Parkı | |
---|---|
Sahəsi | 3 004 ha |
Yaradılma tarixi | 1994[1] |
Yerləşməsi | |
41°06′52″ şm. e. 29°12′51″ ş. u. | |
Ölkə | Türkiyə |
Yerləşməsi | Polonezköy, Beykoz, İstanbul ili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Polonezköy kəndi İstanbul ilinin Beykoz ilçəsində yerləşir. Ərazi 1994-cü ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 3 004 hektar ərazini əhatə edir.[2] Bura İstanbul ilinin ilk və ərazi baxımından ən böyük təbiət parkıdır. Qorunan ərazi uğursuz Noyabr qiyamından sonra 1842-ci ildə Polşa mühacirləri tərəfindən məskunlaşılan Polonezköy kəndinin adını daşıyır. Yaşayış məntəqəsi əvvəlcə Adam Yeji Çartorıyskinin şərəfinə "Adamköy" və ya "Adampol" olaraq adlandırılmış, lakin daha sonra "Polonez Karyesi" olaraq dəyişdirilmişdir. Kənd mövcud rəsmi adını 1923-cü ildə almışdır.[3]
Təbiət parkı piknik, düşərgə, gəzinti və orientirinq kimi açıq hava fəaliyyətləri təklif edir.[2] Parkda bir neçə restoran mövcuddur.[2] Yaşayış kənddəki pansionatlarda və otellərdə mümkündür.[3]
Təbiət parkı çox zəngin bitki örtüyünə malikdir. Ərazidəki bitkilərə Avstriya şamı (lat. Pinus nigra), türk şamı (lat. Pinus brutia), adi şam (lat. Pinus sylvestris), yay palıdı (lat. Quercus robur), Quercus petraea, Avstriya palıdı (lat. Quercus cerris), Quercus frainetto, adi atşabalıdı (lat. Aesculus hippocastanum), əkin şabalıdı (lat. Castanea sativa), adi küknar (lat. Picea abies), Şərq çinarı (lat. Platanus orientalis), həmişəyaşıl sərv (lat. Cupressus sempervirens), Carpinus betulus, nahamar qarağacaq (lat. Ulmus glabra), qızılağac (lat. Alnus orientalis), Şərq fıstığı (lat. Fagus orientalis), tüklü cökə (lat. Tilia tomentosa), tuya (lat. Platycladus orientalis), mərəvcə (lat. Smilax excelsa), nəcib dəfnə (lat. Laurus nobilis), çiyələk ağacı (lat. Arbutus unedo), Laurocerasus officinalis, Cotoneaster horizontalis, birdişicikli yemişan (lat. Crataegus monogyna), qırmızı pirakanta (lat. Pyracantha coccinea), Erica arborea və adi başınağacı (lat. Viburnum opulus) daxildir.[2][3]
Təbiət parkında qırqovul və maral təsərrüfatı var. Mühafizə olunan ərazidə müşahidə edilən vəhşi heyvanlar nəcib maral, cüyür, çöldonuzu, çaqqal, sincab, dələ, gəlincik kimi məməlilər və qırqovul, kəklik, şahin, sar, qızılquş, qara qaratoyuq, alabaxta, bayquş və sərçə kimi quşlardır.[2][3]