Procter&Gamble

Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam ProkterCeyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir.

Procter & Gamble
Procter & Gamble
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı
Təsis tarixi 1837
Baş qərargahın yeri Sinsinnati, Ohayo
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 127.136.000.000 $ (30 iyun 2016)[1]
Ümumi gəliri $ 70.95 milyard (2020)
Xalis mənfəəti $ 13.03 milyard (2020)
Əməliyyat mənfəəti $ 16.39 milyard (2020)
Struktur
İşçi sayı 99.000 (2020)
Tərəfdaşlar Gillette[d], Wella[2]
Rəhbərlik
Təsisçilər Vilyam Prokter
Ceyms Qembl
İdarə heyəti Meq Vaytman[3], Meq Vaytman[3][4]
www.pg.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1837-ci il ABŞ-də yeni bir iş qurmaq üçün heç də münasib zaman hesab olunmurdu. Ohayo ştatının Sinsinnati şəhəri yeni formalaşan bir iş mərkəzi olsa da ölkənin ümumi mənzərəsi yeni bir böhranın hər an başlana biləcəyini göstəriridi. Həmin dönəmdə onlarla bankın iflas etməsi mütəxəssislərin bu barədə olan ehtimallarını daha da gücləndirdi. 1837-ci ildə Vilyam ProkterCeyms Qemblın planlarına Sinsinnati şəhərinə köçüb burada yaşamaq daxil deyildi. Şəhər hələ XIX əsrin əvvəllərində sürətlə inkişaf edən və böyüyən bir mərkəz olsa da İngiltərədən gələn Vilyamın və İrlandiyadan gələn Ceymsin niyyəti qərb ştatlarına doğru irəliləmək idi. Ancaq bu istək hər iki şəxsin eyni şəhərdə rastlaşmasından sonra təxirə salındı.

Vilyam Prokter şəhərdə parafin istehsalına başladı. Ceyms Qembl isə sabun istehsalı ilə məşğul olurdu. Hər iki şəxsin tanışlığı Oliviya və Yelizaveta Norris bacıları ilə evlənməsi ilə baş tutdu. Qızların atası kürəkənlərinin birlikdə iş görəcəkləri halda uğur əldə edəcəklərinə inanırdı və bu səbəbdən onların şərikli fəaliyyət göstərməsi üçün hər iki şəxsi dilə tutmağa çalışırdı. Beləliklə Aleksandr Norrisin təklifi ilə yeni bir ortaqlıq yaradılmış oldu və şirkət Procter & Gamble adlandırıldı.

Procter & Gamble şirkətinin ilk brendi hesab olunan İvory sabunların reklam edildiyi afişa Sizin bir tək sabuna ehtiyacınız var — İvory sabunlarına başlığı altında bazara çıxarılmışdı. (1898)

1837-ci ilin 12 aprel tarixində Vilyam ProkterCeyms Qembl birlikdə parafindən alınan şam və sabun istehsalına başladılar. Həmin ilin 22 avqust tarixində isə adam başına 3596.47 dollar sərmayə ilə bu ortaq fəaliyyətlərini rəsmiləşdirdilər. 1858–1859-cu illər ərzində satışdan 1 milyon dollar əldə edildi. Artıq şirkətin 80 nəfər işçisi vardı. 1861-ci ildə başlayan ABŞ Vətəndaş müharibəsi zamanı şirkət Amerika Konfederativ Ştatlarına qarşı mübarizə aparan ABŞ ordusu üçün şamsabun istehsalını öz üzərinə götürdü. 1879-cu ildə şirkətin yeri markası olan və suyun səthində qala bilən İvory sabunları istehsal olunmağa başlandı.

Şirkətin təməlini qoymuş Vilyam ProkterCeyms Qembl
  • 1850-ci ildə Ay və Ulduz loqosu şirkətin qeyri-rəsmi loqosu olaraq istesahal olunan məhsulların qablaşdırmalarında yer almağa başladı. 1860-cı ilin əvvəllərində isə artıq həmin loqo şirkət tərəfindən istehsal olunan bütün növ məhsulların üzərinə vurulurdu. Bir zamanlar şirkətin əsas istehsal sahələrindən biri olan şam istehsalı elektrik lampasının kəşfindən sonra öz əhəmiyyətini itirdi. Şirkət 1920-ci ildə şam istehsalını tamamilə dayandırdı.
  • 1859-cu ildə şərikliyin yaradılmasından 22 il sonra şirkətin satışları bir milyon dollara çatdı. Procter & Gamble-da artıq 80 nəfər çalışırdı.
  • 1862-ci ildə ABŞ Vətəndaş müharibəsinin başlaması ölkədə fəaliyyət göstərən bir çox şirkətlərin işinə önəmli təsir etməyə başladı. ABŞ dövləti tərəfindən ordunun şam və sabun ehtiyaclarını ödəmək üçün elan etdiyi tenderdə Procter & Gamble qalib çıxdı. Şirkət tenderə göndərdiyi layihələrdə ordu üçün nəzərdə tutulmuş şam və sabun məmulatlarının hazırlanması üçün fabrikalarında fasiləsiz rejimdə işləməyə hazır olduğunu göstərmişdi.
  • 1879-cu ildə Ceyms Qemblın oğlu Ceyms Norris Qembl tərəfindən ağ rəngli suyun səthində qala bilən İvory sabunları istehsal olunmağa başlandı. Bu sabunların istehsalı şirkətin daha sürətli inkişaf etməsi və böyüməsi ilə nəticələndi.
  • 1882-ci ildə Vilyam Prokterin oğlu Harli Prokter İvory sabunlarının beynəlxalq arenada reklamının təşkil edilməsi üçün şəriklərini 11 min dollarlıq reklam yatırımına razı sala bildi. Beləliklə dönəminin həftəlik qəzetlərindən olan Independent qəzetində İvory sabunlarının reklamı yer almağa başladı. Reklamlarda sabunların saflığı və suda batmaması xüsusi vurğulanırdı.
Procter & Gamble şirkəti tərəfindən istehsal olunmuş Crisco bitki yağlarının reklam afişası (1912)
  • 1890-cı ildə Procter & Gamble artıq İvory sabunlarınında daxil olduğu 30-dan çox məhsulun istehsalı ilə məşğul olurdu. Beynəlxalq jurnallarda verilən rəngli məhsul elanlarının və marketinq strategiyasının düzgün qurulmasının ardından şirkətə gələn tələblər durmadan artırdı. Müştəri tələblərinin çoxalmasının ardından şirkət həcmini genişləndirmək istiqamətində bir sıra işlər görməyə başladı. Əsas mərkəz Sinsinnati şəhərindən Kanzas Siti şəhərinə köçürüldü və daha sonra Kanadanın Ontario əyalətində yeni bir mərkəz açıldı. Açılan hər yeni bir mərkəz qısa zamanda bir başqasının açılması ilə nəticələnirdi. Araşdırma laboratoriyaları istehsal mərkəzləri qədər gərgin iş rejimində fəaliyyət göstərirdilər. Yeni məhsulları bir-birinin ardınca bazara çıxarılır və yüksək alıcı marağına səbəb olurdu. Paltar və qab-qaçaq təmizlənməsi üçün nəzərdə tutulmuş toz şəkilli Ivory Flakes , paltaryuyan maşın üçün istehsal olunan ilk sabun Chipso, İlk sintetik ev yuyucu tozu Dreft və Amerikanın mətbəx aksesuarlarına bir yenilik gətirmiş Crisco istehsal olunan məhsuallardan bəziləri idi.
  • 1896-cı ildə Procter & Gamble-ın ilk rəngli jurnal reklamı Kosmopolitan jurnalında yer aldı. Həmin reklam İvory sabunları üçün edilmişdi.
  • 1915-ci ildə Şirkət ABŞ sərhədlərindən kənarada ilk istehsalat mərkəzinin Kanadanın Ontario əyalətində yaratdı. Toplamda 75 nəfərin çalışdığı Kanadada yerləşən fabrikada İvory sabunları və Crisco məhsulları istehsal olunurdu.
  • 1917–1918-ci illərdə Yeni araşdırma metodları yaratmaq və ümumi keyfiyyəti yüksəltmək üçün şirkətin nəznində Kimya bölümü təşkil edildi. Şirkətdə aktiv olaraq tədqiqatçı ekspertlər işləməyə başladı.
  • 1919-cu ildə Şirkətin varislərindən olan Vilyam Koper Prokter işçi-rəhbərlik münasibətlərinin daha da möhkəmləndirilməsi yönündə bir sıra addımlar atdı. Şirkətin daxili nizamnaməsinə bir sıra əlavə və dəyişikliklər edildi və həmin nizamnamədə belə bir bənd göstərildi: şirkətin və işçilərin maraqları ayrılmaz bir prosesin ümumi tərkib hissəsidir Bununla da şirkətin işçilərinə verdiyi yüksək dəyər bir daha göstərilmiş oldu.
  • 1923-cü ildə Crisco brendinin radiolarda yayımlanan yemək proqramlarına sponsor olması Procter & Gamble şirkətinin dönəmin ən çox reklam verən şirkətlərindən biri halına gətirdi.
  • 1924-cü ildə Şirkətdə bazar araşdırmaları bölümü yaradıldı. Burada əsasən alıcıların fikirləri öyrənilir və onların hansı məhsullara daha çox üstünlük vermələrinin səbəbləri araşdırılırdı. Sonralar bir çox şirkətlərdə oxşar mərkəzlər yaradılsada ilk belə mərkəzlərdən biri Procter & Gamble şirkətində yaradılmışdı.

Yeni bazarlara çıxış

[redaktə | mənbəni redaktə et]
Procter & Gamble şirkətinin indiki rəhbəri Alan Corc Lafley.
P&G-nin Ohayo ştatının Sinsinnati şəhərində yerləşən mənzil qərargahı.

1945-ci ildə P&G-nin bazar qiyməti 350 milyon dollara yaxın idi. İstehsal edilən məhsullar ABŞKanada bazarlarında yaxşı satılırdı. Şirkət tərəfindən qarşıya qoyulan əsas hədəflərdən biri də Şimali Amerika bölgəsindən çıxaraq məhsulların bütün dünyanı əhatə etməsi idi. Bu yolda atılan mühüm addımlardan biridə İngiltərədə olan Thomas Hedley&Co. Ltd şirkətinin satın alınması oldu. 108 illik şanlı tarixin ardından P&G yeni bir dönəminin başlanğıcında idi.

1879-cu ildən istehsal olunan İvory sabunlarından sonra şirkətin digər bir səs gətirəcək brendi Tide 1946-cı ildə bazara çıxarıldı. Yuyucu toz olan Tide qısa zamanda bazarda mövcud olan digər yuyucu toz markalarını üstələyə bildi və alıcılar tərəfindən ən çox tərcih edilən markaya çevrildi. Tide markasından gələn uğur o qədər yüksək olmuşdu ki, şirkət Şimali Amerikadan bu markanın satışından əldə edilən gəlirlə mövcud markanın digər qitələrdə yerləşən ölkələrdə də qısa zamanda yaymağı bacardı.

Tide markasının bazara çıxarılmasının ardından keçən illər ərzində şirkət özünü bir çox yeni sahədə sınamağa başladı. İlk floridli diş məcunu olan Crest Amerikan Diş Həkimləri Birliyindən müsbət rəy aldı və bazarda öz sahəsi üzrə lider oldu. P&G yumuşaq kağız məmulatlarının və uşaq bezlərinin istehsalı sahəsində ixtisaslaşmağa başlaması 1961-ci ildə yeni markanın Pampers-in yaranması ilə nəticələndi. Pampers yumşaq, tək istifadəli uşaq bezləri idi və ilk dəfə olaraq uşaq bezi markası P&G tərəfindən dünya bazarına çıxarılmış oldu. Yeni yaradılan marka və məhsullar istehlakçılar tərəfindən böyük maraqla qarşılanırdı.

Ancaq ən önəmlisi şirkətin daim yeniləşən və dəyişən beynəlxalq bazara uyğunlaşması idi. Fəaliyyət çoğrafiyasını genişləndirmək üçün bir-birinin ardınca Meksika, Avropa ölkələrində və Yaponiyada yeni mərkəzlər yaradıldı. 1980-ci ildə P&G dünyanın 23 ölkəsində fəaliyyət göstərirdi və satışlardan əldə edilən gəlir 1945-ci illə müqayisədə 35 dəfə artaraq 11 milyard dollara yaxınlaşmışdı.

Yaxın tarix və mövcud durum

[redaktə | mənbəni redaktə et]
Şirkətin İngiltərənin Esseks əyalətində yerləşən istehsalat fabrikası.

Procter & Gamble 1980-ci ildə 150 yaşını qeyd etməyə hazırlaşarkən tarixinin ən böyük qloballaşma layihələrindən birinə hazırlaşırdı. Şərq sahillərinə yaxın ərazilərdə iki nəfər gəncin ortaqlıq şirkəti kimi qurulan P&G 80-ci illərdə ABŞ-nin ən böyük şirkətlərinin birinə çevrilmişdi. Qarşıda iki mühüm hədəfi yerinə yetirmək kimi mühüm məsələ dayanırdı. Bunlardan birincisi şirkətin səhiyyə sahəsinə addım atması ilə baş verdi.

1982-ci ildə Norwich Eaton Pharmaceuticals və 1985-ci ildə Richardson-Vicks şirkətləri satın alındı. Kosmetika və ətiryyat sahəsində isə şirkət öz nüfuzunu 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Noxell, Max FactorEllen Betrix kimi brendləri satın alaraq ortaya qoymuş oldu. P&G-yə qoşulan yeni markalar şirkətin böyümə yolunda atdığı addımları daha da sürətləndirdi və mövcud nüfuzun bir qədərdə yüksəlməsi ilə nəticələndi. Xüsusəndə Richardson-VicksMax Factorun satın alınması şirkətə əlavə güc qatdı. P&G şəbəkəsinin sürətlə genişlənməsini nəzərə alan rəhbərlik ABŞ, Avropa, Latın AmerikasıYaponiya kimi ərazilərdə yeni P&G araşdırma mərkəzləri yaratdı.

Mövcud inkişaf prosesi nəticəsində Pampers, Always, Pantene, Tide, Ariel, Blend-a-Med, Vicks və Oil of Olaz kimi brendlər dünya bazarında liderliyi ələ keçirməyi bacardı. P&G 2001-ci ildə Bristol-Myers Squibb Co şirkətindən saç boyaları və saç qulluğu üzrə dünya lideri olan Clairol brendini aldı. 2002-ci ildə yaradılmasının 165-ci ilini qeyd edən şirkətin idarə heyətinə, hələdə bu vəzifədə çalışan Alan Corc Lafley gətirildi.

Məhsul platformasında Pampers, Tide, Ariel, Always, PanteneBlend-a-Med kimi dünya markalarını toplayan şirkət 2003-cü ildə Wella AG-ni, 2005-ci ildə isə Gillette markasını şirkətə birləşdirdi. P&G bu gündə uğurlu strategiyası nəticəsində sürətlə böyüməyə və inkişaf etməyə davam edir. 2014-cü ildə şirkətin 70-dən çox ölkədə fəaliyyət göstərən nümayəndəlikləri 180 ölkədə məhsul satışının təşkil edilməsi ilə məşğuldur. Dünya üzrə aparılan araşdırmalar nəticəsinə görə gündəlik şəkildə 4.8 milyard insan P&G tərəfindən istehsal edilmiş məhsullardan istifadə edir və ya alır.

P&G Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Procter & Gamble şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət məhsulların istehsalı və satışı ilə yanaşı bir sıra sosial layihələrdə də aktiv iştirak etmişdir.[5][6] Ümumdünya Uşaqların Müdafiəsi Günü ərəfəsində şirkət tərəfindən Pampers Ekspertlər Heyəti layihəsi keçirilmişdir. Bu layihə ana və ana olacaq xanımların hamiləlik və körpənin böyüməsi dönəmində yaşadıqları təcrübəni paylaşmağa, onları maraqlandıran suallara cavab tapmağa və həkimlərin məsləhətlərindən faydalanmağa hesablanmışdır.[7] Şirkət hər bir ölkədə olduğu kimi Azərbaycanda da işçilərinin peşəkar fəaliyyət göstərməsi üçün lazım olan şəraiti yaradır.

P&G məhsulları ölkənin paytaxtı başda olmaqla hər bir bölgəsində istifadə edilir. Aparılan araşdırmalara əsasən, Azərbaycanda 7 milyon insan gündəlik olaraq P&G-nin hər hansı bir məhsulunu alır və ya istifadə edir. Bu günə qədər şirkət tərəfindən həyata keçirilən gigiyena, özünə və uşağa qulluq sahəsində maarifləndirici proqramlar ölkədə 1.2 milyon insanı əhatə edib. Bu günə qədər Azərbaycan Milli Olimpiya Komitəsi, UNICEF ofisi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycanda Amerikanın Ticarət PalatasıMüəllim və Valideynlər Assosiasiyası kimi təşkilat və qurumlar Procter & Gamble şirkəti ilə səmərəli tərəfdaşlıq əlaqələri qurublar.

  1. İllik hesabat. 2016.
  2. https://news.pg.com/press-release/pg-corporate-announcements/procter-gamble-completes-transfer-specialty-beauty-business.
  3. 1 2 https://drugstorenews.com/news/meg-whitman-rejoins-pgs-board.
  4. https://kenyanwallstreet.com/new-us-ambassador-meg-whitman-arrives-in-kenya-to-assume-role/.
  5. "Procter & Gamble bu yay uşaqlar üçün idman sevinci bəxş etdi". 2013-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-03.
  6. Savab Dünyası xeyriyyə cəmiyyəti və Procter&Gamble şirkəti Universitetlərdə qanvermə aksiyası həyata keçirir
  7. "«Procter & Gamble Azerbaijan» şirkəti yeni layihənin icrasına başlayır". 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]