Produsent

Produsent

Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir.

Produsent və onun becərilmə şəraitinin seçilməsi. Ferment istehsalının ilk mərhələsi çoxlu miqdarda istənilən fermenti sintez edən produsentin seleksiya yolu ilə seçilməsidir. Produsent aşağıdakı tələbləri ödəməlidir:

– ferment hüceyrədən xaricə sintez edilməlidir. Hüceyrəxarici fermentlərin alınması hüceyrə divarının parçalanmasını tələb etmir, çox asan və ucuz başa gəlir;

– az müddət ərzində çoxlu ferment sintez etməlidir;

– əmələgələn fermentin ayrılması asan getməlidir. Deməli, produsent əlavə ferment və zülallar sintez etməməli və ya az miqdarda sintez etməlidir, belə olduqda fermenti asanlıqla ayırırlar;

– ştamm antibiotik və toksin əmələ gətirməməlidir.

Fermentin sintezinə ciddi genetik nəzarət edildiyi və bu nəzarətin hüceyrəyə lazım olan miqdardan çox ferment sintez olunmasına imkan verilmədiyindən təbii ştammlar çoxlu miqdarda ferment əmələ gətirə bilmirlər. Lakin bəzi konstitutiv fermentlər mikrob hüceyrələri tərəfindən çoxlu miqdarda sintez olunur. Sənayedə istifadə olunan fermentlərin əksəriyyəti indusibel fermentlərdir. İndusibel fermentləri almaq üçün produsent induktor olan mühitdə yetişdirilir, məsələn, amilaza fermentinin alınmasında nişasta induktor kimi qida mühitində daxil edilir.

Produsentlərin çoxlu miqdarda ferment sintez etməsi üçün genetik nəzarətin pozulması tələb olunur, yəni mutant ştammlar alınır. Hətta elə mutantlar almaq mümkündür ki, onlarda induktor olmadan xeyli miqdarda indusibel fermentlər sintez olunur. Belə mutantlara requlyator mutantlar deyilir. Fermentlərin biosintezi adətən onların təsirindən alınan son məhsul tərəfindən tormozlanır (repressiya olunur). Repressiyanı aradan qaldırmaq məqsədilə son məhsulu mühitdən tez-tez ayırmaq və toplanmasına imkan verməmək lazımdır. Son məhsulu ferment biosintezini tormozlayan mutantlar almaqla da repressiyanı aradan qaldırmaq olur. Belə mutant ştammlar konstitutiv mutantlar adlanır.

Produsentlər elə qida mühitində yetişdirilməlidir ki, həm çoxlu miqdarda ferment sintez olunsun, həm də fermentlər fəallığını saxlasın.

  • Frank A. Klötzli: Ökosysteme, Spektrum, Gustav Fischer, Stuttgart - Jena, 1993, ISBN 3-8274-0734-6