Suksessiya

İkinci suksessiya — meşələrin çölləri zəbt etməsi

Suksessiya (lat. succesio- varislik) — mühitin müəyyən hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. Suksessiya ilkin və ikincili olur. Qumluqları, qayalıqları tədricən bitki basması ilkin suksessiya, istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən salması ikincili suksessiyadır. Suksessiya prosesi inkişaf etdikcə növlərin miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır.[1]

Pozulan tarazlığın ekosistem tərəfindən bərpa prosesi mütəşəkkil surətdə müəyyən mərhələlərlə gedir. Ekosistemi tarazlıq halından bir çox üsullarla çıxarmaq olur. Bu adətən yanğın, quraqlıq və ya daşqınlar zamanı baş verir. Belə pozulmalar zamanı tarazlığı yeni ekosistem öz-özünü bərpa edir və bu proses müntəzəm xarakter daşıyır, müxtəlif vəziyyətlərdə təkrar olunur.

Pozulan yerlərdə müəyyən növlər və ümumiyyətlə bütün ekosistem elə surətlə inkişaf edir ki, bu növlərin meydana çıxma qaydası oxşar pozulmalar və oxşar areallar üçün eyni olur. Eyni bir növün digər növlə əvəz olunmasının bu ardıcıllığı ekoloji suksessiyanın mahiyyətini göstərir. Məsələn, vaxtı ilə XVIII əsrdə Yer üzünün bəzi ərazilərində meşələr qırılmış, onların yerində fermalar tikilmişdi, XIX əsrdə bu yerlərin işlənməsi davam etdirilmiş, XX əsrdə isə həmin fermalar dağıdılmış və onların tutduqları ərazilər yenidən meşələrə çevrilmişdir. Vaxt keçdikcə əkin sahələrində bitkilər müəyyən, artıq məlum və ciddi təkrar olunan ardıcıllıqla meydana çıxmağa başlayır. Birinci il birillik alaq otları və tək-tək toxmacar (toxumdan cücərən bitki) ağaclar böyüməyə başladı. Sonrakı bir neçə il ərzində müəyyən növlərin ("pioner növləri" və ya daha elmi dildə deyilərsə, erkən suksessiyalı növlər) məskan salması baş verir ki, onlar da üstünlük təşkil etməyə başlayırlar. Tipik "pioner növləri" — Veysmutov şam ağacıdır. O, çox tez böyüyür və onun toxumları böyük ərazilərdə yayılır. Bir neçə onilliklər müddətində "pioner növləri" qalın meşəliklər əmələ gətirirlər. Sonrakı mərhələ — "pioner növləri"nin kölgəsində yaxşı böyüyən, məsələn, ağcaqayın ağaclarının meydana gəlməsidir. Yarım əsrdən sonra "pioner növləri"nə aid olan ağaclar yetişirlər və sonra da tədricən məhv olmağa başlayırlar. Onların toxumları artıq meşə örtüyü altında böyüyə bilmirlər və ağacların populyasiya tərkibi yavaş böyüyən, təzə — gecikmiş suksessiyalı növlərin əmələ gəlməsi istiqamətinə doğru dəyişirlər. Nəhayət, bütün meşə sahəsi bu növ ağaclarla tutulmuş olur. Belə misallar bir çox ekosistemlərdə müşahidə olunur.

Suksessiya fazası

[redaktə | mənbəni redaktə et]

Suksessiya fazası ekosistemin inkişaf prosesidir, adətən ekosistemə daxil olan yarımsistemlərin (populyasiya, sinuziya və s.) və onun əsas strukturlarının (bitki mərtəbəliliyi, onun sıxlığı və s.) dəyişilməsi ilə seçilir. Hər suksessiya fazası özündən sonra gələn fazanın keçməsi üçün kompleks şərait hazırlayır.[1]

Suksessiya mərhələləri

[redaktə | mənbəni redaktə et]
Suksessiya ardıcıllığı — A: inkişaf etməkdə olan bitki həyatı → B: Çöküntü → C: inkişaf etməkdə olan bitkilər böyüyür, çöküntülər artır → D: inkişaf etməkdə olan və yerüstü bitkilər → E: Çöküntü gölməçəni doldurur, yerüstü bitkilər ərazini ələ keçirir → F: Ağaclar böyüyür

Suksessiya mərhələləri ekosistemin inkişaf dövrləridir. F.Y.Klements (1928) altı suksessiya mərhələsi ayırır:[2]

  • Denudasiya
  • Pionerlik (immiqrasiya)
  • Kolonizasiya
  • Növarası rəqabət
  • Biosenotik reaksiya
  • Stabilləşmə (klimaks)

Biosenozun pionerlikdən stabilliyə qədər inkişafı seriyanı təşkil edir. Hər suksessiya mərhələsi biosenozun inkişaf vahidi olub, biotopun xüsusi (spesifik) fiziki, kimyəvi, iqlim və biotik şəraitlərilə xarakterizə olunur.

Təsir mexanizmləri

[redaktə | mənbəni redaktə et]

Ekosistemlərdə suksessiyanı tədqiq edərkən ekoloqlar onun 3 təsir mexanizmini göstərmişlər: 

  1. Təsir etmə. Yeni ekosistemlərdə meydana gələn "pioner növləri" digər sonrakı növlərin məskən salmasını asanlaşdırır. Məsələn, buzlaqların geri çəkilməsindən sonra ilk öncə şibyələr və bir sıra səth köklü bitkilər – məhsul verməyən, tərkibində qida elementləri çox az olan torpaqlarda yaşaya bilən növlər meydana gəlir. Bu bitkilərin ölüb getmə dərəcəsindən asılı olaraq torpaq layının artması prosesi də baş verir ki, bu da gecikmiş suksessiyalı növlərin kök başlayaraq möhkəmləşməsinə imkan yaradır. Analoji olaraq ibtidai ağaclar kölgə yaradaraq gecikmiş suksessiyalı bitki növlərinin yetişməsi üçün imkan yaradırlar.
  2. Saxlanma – bəzən "pioner növləri" gecikmiş suksessiyalı bitkilərin əmələ gəlməsini çətinləşdirən və ya mümkün etməyən şəraitin yaranmasına səbəb olur. Nə vaxt ki, okean yaxınlığında yeni səthlər yaranır (məsələn, beton pirs (körpü) və ya dalğaqıranların (portu dalğa təsirindən qorumaq üçün bənd tikilməsi nəticəsində), onlar tezliklə yosunların "pioner növləri"ni əmələ gətirirlər və bitkilərin digər növləri sıxışdırılıb çıxarılır. Digər bitki növlərinin sıxışdırılıb çıxarılması çox asanca baş verir, çünki "pioner növlər"i çox tez yenidən əmələ gəlir və sonrakı növlərə imkan vermədən tezliklə bütün etibarlı səthləri tamamilə tutur.
  3. Mövcud olma. Nəhayət, "pioner növləri" sonrakı növ bitkilərin əmələ gəlməsinə heç bir nə xeyirli, nə də ziyanlı təsir göstərmir. Adətən, bu hal o zaman baş verir ki, əgər müxtəlif növlər müxtəlif ehtiyatlardan istifadə edərək bir-birlərindən asılı olmadan inkişaf edirlər. Qum təpələri və ya meşələrin son halının ekoloji dəyişkən olduğunu bilmək vacibdir. Yetişmiş meşələr adətən üzvi maddələrin cəmi sıfır artım dərəcəsi ilə xarakterizə olunur. Bu onu göstərir ki, vaxt keçdikcə eroziya kimi bəzi proseslərin təsirindən maddələrin itməsi nəticəsində meşələr tədricən məhv olmağa başlayırlar. Əksəriyyət meşələr suksessiya tsiklinin birinci yarısında maksimal məhsuldarlığa malik olur.[3]

Suksessiyalı ləngimə qanunu

[redaktə | mənbəni redaktə et]

Suksessiyalı ləngimə qanunu" –belə ki, dayanıqlı vəziyyətdə olan yetkin (klimakslı) ekosistemlərdə gedən proseslər ləngiməyə meyl göstərirlər. Ot qarışığının əkilməsi və yaxud da gübrələrdən istifadə etməklə suksessiyanı sürətləndirmək olar. Hər bir ekosistem xarici mühitin dəyişməsinə uyğunlaşmaq üçün daima dinamiki vəziyyətdə olur. Təbii ekosistemlər insanların təsiri olmadan dinamik inkişaf edirlər. Bu dinamiki vəziyyət ekosistemin ayrı-ayrı bölmələrinə və yaxud bütünlükdə sistemin özünə aid edilə bilər. Bu zaman dinamika ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin yaranmasına təsir edən amillərə uyğunlaşma ilə əlaqədar ola bilər.[4]

Suksessiya və ekoloji suksessiya

[redaktə | mənbəni redaktə et]

Ekosistemin inkişafına təsir edən dinamika istiqamətlənmiş dinamika və ya ekosistemin inkişaf dinamikası adlandırılır. Bu dinamika ekosistemin və ya biosenozun dəyişməsilə nəticələnir ki, bu prosesə də "suksessiya" deyilir.

Eyni bir ərazidə təbii amillərin və ya insanların təsiri ilə bəzi biosenozların başqaları ilə tədricən, dönməyən, istiqamətli əvəz olunması prosesinə ekoloji suksessiya deyilir.

  1. 1 2 Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı: Elm, 2008.
  2. Qərib Məmmədov, Mahmud Xəlilov. Ekoloqlarin məlumat kitabi. Bakı: Elm, 2003.
  3. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev. Mühəndis geologiyası. Bakı: 2012
  4. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev, Mühəndis geologiyası, Bakı-2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]