Psixika (qədim yunan dilində ψῡχικός "mənəvi, həyati") — psixologiyada və tibbdə bilik və elm sahələrindən asılı olaraq aşağıdakı kimi müəyyən edilən mürəkkəb bir anlayışdır:
Psixika insanların və heyvanların subyektiv aləmi olub, subyektiv şəkildə yaşanan proseslərin və halların bütün kompleksini əhatə edir: qavrayış, yaddaş, təfəkkür, niyyət, yuxu və s.
Psixika bütövlük, fəallıq, inkişaf, özünütənzimləmə, ünsiyyət, uyğunlaşma və s. kimi keyfiyyətlərlə xarakterizə olunur; somatik proseslərlə əlaqələndirilir. Bioloji təkamülün müəyyən mərhələsində meydana gəlmişdir. İ.P.Pavlov psixi fəaliyyəti ali sinir fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etmişdir[3]. Psixologiya elmi psixikanın öyrənilməsi ilə məşğul olur. 1970-ci illərdə psixologiya, nevrologiya və fiziologiyanın qovşağında psixi proseslərin beyin mexanizmlərini öyrənən psixologiyanın bir qolu olan neyropsixologiya inkişaf etmişdir.
Psixikanın əmələ gəlməsi materiyanın bioloji təşəkkülü ilə bağlıdır. Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, intellektual və həyatda qazanılan davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə belə özünü göstərir və onlar cavab reaksiyası verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmasının xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin bir sıra növləri vardır:
Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır.
Ali heyvanlarda instinktiv davranış formaları ilə yanaşı dəyişkən formalı davranış – vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əls etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.