Gerb zalı (rus. Гербовый зал) — Sankt-Peterburqdakı Qış sarayında rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş zaldır. Zal Hərbi qalereya ilə saray bağının arasında yerləşir.
XVIII əsrin sonlarında indiki Gerb zalının yerində, memar Yuri Feltenin layihəsi əsasında inşa edilmiş Ağ qalereya mövcud idi. İmperatriçə II Yekaterinanın hakimiyyəti dövründə bu qalereyada dəbdəbəli saray balları keçirilərdi. 1796-cı ildə imperator I Pavelin göstərişi ilə, hələ 1762-ci ildə çevriliş nəticəsində öldürülmüş III Pyotrla vida mərasiminin keçirildiyi "Matəm zalı"nda, II Yekaterina üçün xüsusi matəm mərasimi təşkil edilmişdi. XIX əsrin əvvəllərindən başlayaraq, "Ağ qalereya" yenidən təyinatı üzrə istifadə olunmağa başlamışdı. Bu zaldan yenidən saray maskaradları, təntənəli qəbullar və balların sasləri gəlirdi. Lakin, 1830-cu ildə Çar I Nikolay bu zala fərqli bir məna vermək qərarına gəldi. Yeni layihənin əsas məqsədi güclü Rusiya imperiyasının qüdrətinin öyülməsi idi.
Oktyabr inqlabından sonra zal, Mariff komissarı Anatoli Lunaçarskinin göstərişi ilə 2000 nəfərlik tutumu olan konsert zalı kimi istifadə olunmuşdur. Hazırda Ermitaj muzeyinin tərkibində olan zal əvvəlki görünüşündə bərpa edilmişdir.
Hazırkı görünüşündə zal, 1837-ci ildə sarayda baş vermiş yanğından sonra, memar Vasili Stasovun layihəsi əsasında rus klassisizmi stilində bərpa edilmişdir. Zalın giriş qapısının iki tərəfində qədim rus döyüşçülərini təsvir edən heykəllər qoyulmuşdur ki, heykəllərdə təsvir edilmiş döyüşçülərin qalxanlarında da Rusiya quberniyalarının gerbləri vardır. Bundan başqa, quberniyaların gerbləri qızıl suyuna çəkilmiş nəhəng tunc çilçıraqlarda da vardır.[1]
Ümumilikdə zal kolonnada (sütunlar sırası) ilə əhatə olunmuşdur ki, bu da zalı eyvan xarakterli hissəyə bölür. Zalın mərkəzində XIX əsr Yekaterinburq daş ustalarının əl işi olan iri daş kuzə vardır. Gerb zalının dəbdəbəli görünüşü, qızılı sütunlar arasında düzülmüş fransız stilli pəncərələrlə xüsusi vurğulanmışdır.