Qızılgül vadisi — Bolqarıstanın Stara-Planina dağlarından cənubda və Sredna-Qora massivindən şimalda yerləşən bölgə. Qızılgül vadisi daxilində Kazanlıq şəhəri yerləşir. Vadinin adı XIX əsrin ortalarında bölgədə inkişaf etmiş ənənəvi qızılgül yağı istehsalı ilə bağlıdır.
Vadi iki çay vadisinin birləşməsi nəticəsində formalaşıb. Stryama və Tunca çayları qərbdə Karlov, şərqdə isə Kazanlıq vadilərini əmələ gətirir. Bölgənin şərq hissəsinin sahəsi 1895 км2 -dir və 350 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Ərazinin uzunluğu 95 km, eni isə 10–12 km-dir. Kazanlıq şəhəri məhz şərq hissədə yerləşir. Qərb hissəsi isə 1387 км2 sahəyə, 55 km uzunluğa və 16 km enə maikdir. Bu bölgədə Karlova və Kalofer şəhərləri yerləşir.[1]. Vadi mülayim kontinental iqlimə malikdir. Ərazi üçün mülayim yaz və mülayim isti yay xarakterikdir. Qış və payız ayları da mülayim-soyuq keçir. Qar örtüyü uzun çəkmir. Mümbüt torpaq və yumşaq su ehtiyatlarına malik vadidə günəşli saatların miqdarı yüksəkdir. May və iyun ayları yetərincə rütubətli keçir və bu cəhtlərə əsasən bölgədə qızılgül yetişdirilməsi məqsədəuyğundur.[2][3]
Kazanlıq Qızılgül vadisinin paytaxtı hesab olunur. Şəhərdə tarixi-etnoqrafik "Başniya" kompleksi var. Turistlər bu kompleksdə qızılgül bişirilməsini və emalını müşahidə edə bilir. Kompleksdə xüsusi Qızılgül muzeyi var. Yayın əvvəlində bölgədə qızılgül festivalı keçirilir. Şəhərdə efir yağları və dərmanlar üzrə ixtisaslaşan institut fəaliyyət göstərir.[4]
Vadi daha çox sənaye əhəmiyyətli itburnu çiçəyi yetişdirilməsi ilə məşhurdur. Bu ölkənin simvollarından biri hesab olunur. Bölgədə əsrlər boyu Dəməşq qızılgülü (Rosa damascena) yetişdirilmiş və emal nəticəsində ondan qızılgül yağı əldə olunur. Bu yağ daha çox farmasevtikada və ətir istehsalında geniş istifadə olunur.
Cənubi Şetland adalarına məxsus Livinqston adasında olan buzlaq vadinin şərəfinə Qızılgül vadisi buzlağı adlandırılmışdır.[5]