Qızılhacılı məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Məhəllədə 1877-ci ildə məhəllə sakinləri tərəfindən tikilmiş Qızılhacılı məscidi yerləşir.[1]
Qızılhacılı məhəlləsi şimaldan Quru Qobu, Tapqışlaq, şərqdən Bayan, Qazaxlar, cənubdan Qırıqlı, qərbdən Xəlfəli, Qara Məmmədli, Daş Körpü məhəllələri ilə əhatələnib. Məhəllə 6 bəylikdən ibarətdir. Bunlar Məmmədbəyli, Yanalılar, Xödəkli, Daşdəmirli, Mahmudlu, Sarıəhmədli bəylikləridir. 1916-cı ilin siyahıyaalınmasında burada 316 nəfər qeydə alınıb.[2] XVII əsrdə məhəlləyə Qızılhacılı arxı çəkilib və burada əsasən suvarma üçün istifadə olunub.[3] 1877-ci ildə məhəllə camaatının hesabına Qızılhacılı məscidi tikilib.[4]
Məhəllənin formalaşması haqqında məhəllə ağsaqqalları arasında yekdil bir fikir yoxdur. Onların bir qismi özlərini Kürəkbasanlı, digər qismi isə Borçalıdan gəlmə hesab edirlər. Fərrux Əhmədova görə XIX əsrdə Gəncəyə Borçalıdan güclü axın olur. Və güman ki, bu məhəllə də məhz həmin dövrdə Borçalının Qızılhacılı kəndindən[5] gələn insanlar tərəfindən salınıb.